Qardaşından qorxa-qorxa yar sevən nənələrimiz

Qardaşından qorxa-qorxa yar sevən nənələrimiz
26 aprel 2019
# 12:11

Kulis.az Sevinc Elsevərin “Şifahi xalq ədəbiyyatımızda qadın izləri” yazısını təqdim edir

Yaradıcılığı adətən kişilərlə əlaqələndirmişlər. Məsələn, Tanrını kişi cinsində görürlər. Tanrıda qadın sifəti axtarmaq qədim sivilizasiyalarda qalmış. Atalar sözü deyiblər çəkilən məsəllərə. Amma əlimin içi kimi bilirəm ki, həmin məsəllərin, deyimlərin böyük əksəriyyətini qadınlar yaradıblar, necə ki, laylaları, oxşamaların, bayatıların çoxunun müəllifləri qadınlardı. Elə məhz ərlərinin başına ağıl qoymaq üçün. Onlara məsləhət eləmək üçün. Əbəs yerə belə məsəl çıxmayıb ortaya: “Arvada qulaq as, ancaq öz bildiyini elə!”

Bəlkə də öz bildiklərini elədiklərindi, qadınları ciddiyə almamağındandı kişilərimizin bütün uğursuzluqları?

Neçə vaxtdı günümü bir kitabla keçirirəm. Şifahi xalq yaradıcılığından nümunələr oxuyuram. Çox vaxt elə gözəl nümunələr, misralarla qarşılaşıram ki, heyrət məni bürüyür. Yazılı ədəbiyyatımızda bu qədər gözəl, bu qədər saf və incə yüklü misralar, deyimlər varmı, xatırlamağa çalışıram. Vallah, belə gözəlləri yadıma düşmür. Xüsusən qadınlar tərəfindən yaradılmış nümunələr mənimçün ikiqat maraqlıdı.

Yüz illər bundan qabaq yaşamış nənələrimizin hissləri, duyğuları, düşüncələri haqqında dəqiq informasiya mənbəyidi bu bayatılar, oxşamalar, laylalar. Həmin nümunələrdə qadınlar gah öz hüquqsuzluqlarından, gah sosial vəziyyətlərindən, qorxularından, sevgilərindən, qəzəblərindən söz açırlar. Həm də olduqca poetik bir dillə.

Bayatıları qadınlar harda deyə bilərdilər? Əlbəttə ki, dara düşəndə, xəstəlikdə, əzizini itirdikdə. Nənəm gecələr bayatı çağırardı. Çoxu da öz sinəsindən süzülüb gələrdi. Dərdini beləcə ovundurardı. O kədərli nəğmələri dinləyə-dinləyə böyümüşəm mən. Bəlkə də bu ehtiyacdandı bayatı axtardığım, soraqladığım.

Mövzularına görə rəngarəngdir, müxtəlifdir bayatılar. Qadınların dediyi bayatıların bəziləri sevgi mövzusundadır:

Əzizim, alma məni

Sevdaya salma məni.

Səndən ev tikən olmaz

Yazığam, alma məni.

Və yaxud:

Su gəlir, dolur arxa

Tökülür bizim çarxa.

Burda bir yar sevmişəm,

Qardaşdan qorxa-qorxa.

Çox gözəldir, deyilmi? Allah bilir, neçənci əsrdə hansı gözəl qızın dilindən deyilib bu bayatı? Amma XXI əsrdə də aktual deyilmi? Gənc qızlarımız bu gün də qardaşdan qorxa-qorxa sevgilərini gizləmirlərmi, təhdid və qorxu altında görüşmürlərmi sevgiliylə?!

Köynəyi yaşıl oğlan,

Geyin, yaraşır, oğlan.

Bizim bağda dolanma

Anam dalaşır, oğlan!

Bu bayatı da yuxarıdakı kimi. Bu gözəl sözlərə qoşulmuş mahnı da var. Səhv elımirəmsə, Brilliant Dadaşova ifa eləyib.

Vətən həsrəti, yurd həsrəti ifadə edən bayatılar da deyib qadınlarımız. Həm də sırf qadın diliylə, qadın baxış bucağından ifadə olunacaq tərzdə:

Dağlarda gəzən mənəm

Əhdim var bəzənmənəm

Ağır elin qızıyam,

Qürbətdə gəzəmmərəm.

Bəzi bayatılarda bacıların qardaşlara sevgisi göstərilib. Bilənlər bilir ki, bizim qızlar qardaşlarına necə düşgündürlər. Bəlkə də dünyanın heç yerində bacılar qardaşaları bizim qadınlar kimi sevmirlər.

Bəxtim qaradır başdan,

Qəlbim qayımdır daşdan

Bir alagöz yar üçün

Keçmək olmaz qardaşdan.

Gəmim gələr, yan gedər,

İçində bir can gedər.

Qardaş gələn yollara

Bacılar qurban deyər.

Dağ döşündə damım var,

Bağımda badamım var.

Gəl qapıdan gir, qardaş

Desinlər adamım var.

Göz yaşım daşa düşər,

Axdıqca daşa düşər.

Bacının ağır gündə

Yükü qardaşa düşər.

Bəzi bayatılarda qadınların, gənc gəlinlərin məişətdə çəkdikləri əziyyətlər təsvir olunur. Min illik qaynana-gəlin problemini görün bu bayatı necə kökündən həll eləyir:

Dağ başında qar olar,

Bağçalarda bar olar.

Qaynana pis olanda

Dərdə qalan yar olar.

Yəni, əsas qadınla-kişi arasındakı münasibətlərdi, kənardan müdaxilə ilə ailə dağılmaz, əgər ki yar yarın tərəfini saxlasa. Bu günlərdə saytlardan birində oxudum ki, alman psixoloqlarını köməyə çağırıblar ki, Azərbaycanda boşanan cütlüklərə barışmağı öyrətsinlər.

Başqa bir bayatının hətta müəllifinin adı da məlumdu. Gülgəz adlı bir qadındı bu bayatını çağıran:

Seyvanın qur ucada,

Kor möhtac quru cada.

Gülgəzin göz yaşından

Qalmadı quru cada.

Cad çörək növüdür. Quru olur, isladılır, yeyilir. Gülgəz o qədər çox göz yaşı tökmüş ki, evdəki bütün çörəkləri göz yaşları ilə islatmış. Necə gözəl metaforadır.

Qohum evliliklərinin təbliğçisi görünə bilər aşağıdakı bayatı. Amma yad yerdə gəlin olan, yaşadığı evdə zülm görən, hüquqları tapdanan məsum və təhsilsiz bir gənc qadın nə bilsin ki, iş qohuma, ya yada ərə getməkdə deyil:

Atdılar bada məni,

Bürüyüb qada məni

Almadı qohum-qardaş

Verdilər yada məni.

Laylalarda, oxşamalarda da eynilə bu cür qadın yaşantıları, duyğuları ifadə olunur. Bəzilərində ictimai-sosial problemlərin kökü görünür.

A dağdağanlar,

Bülbül boğanlar.

Oğlan doğanlar

Balama qurban

Qız övladı olduğu üçün qaynanadan minnət, ərdən töhmət yeyən, balasını sidq-ürəkdən sevən qadının duyğularıdır bu.

Başqa bir ana isə öz duyğularını daha çılpaq, daha açıq şəkildə dilə gətirir. Südü körpəsini doyurmayan, yoxsul bir ananın bağrından qopan sözlərdi bunlar:

Bu görünən Şirazdır,

Şah mənzili Şirazdır.

Tifilim, sənə qurban

Məmə kiçik, şir azdır.

Xan balası olmasa da, kasıb komasında dünyaya göz açan balasını o, təmənnasız, sonsuz sevgiylə sevir:

Çaydır, dənizdir

Quldur, kənizdir

Balam hər nədir

Mənə əzizdir.

Bir el mahnısında isə qadın yaradıcı xəyalən sevgilinin yataq otağınadək gedir və oxuyur:

Təbrizin küçələri dolanbadolan, qaragiləm, dolanbadolan.

Sən ki məni sevmədin, get ayrı dolan, qaragiləm, get ayrı dolan.

Nə sənə qız qəhətdir, nə mənə oğlan, qaragiləm, nə mənə oğlan.

P.S. Nümunələr 2004-cü ildə “XXI – Yeni Nəşrlər Evi” ndə çap olunmuş “Azərbaycan bayatıları” kitabından götürülmüşdür.

# 4008 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #