Furqan
Bir neçə gün öncə Kulis.az-da bir sorğu yayınlanmışdı: Hansı yazıçılarımız gözəl əsərlər yazdıqlarına baxmayaraq kifayət qədər tanınmayıblar? Əsasən iki ad səsləndi: Rahim Dünyamalı və Əli Həsənli. Rahim Dünyamalı haqda Ayxan Ayvaz yazdı. Çox gözəl. Amma Əli Həsənli haqda yazılmadı və qərara gəldim ki, onun haqqında da mən yazım…
Təxminən üç-dörd il əvvəl Azadlıq Radiosunun Oxu Zalının keçirdiyi hekayə müsabiqəsində Əli Həsənlinin “Şırran” hekayəsi 20-liyə düşmüşdü, amma heç kimi maraqlanmadı ki, bu Əli Həsənli kimdi?! Bu il Kulis.az-ın keçirdiyi digər bir sorğuda 100 ən yaxşı hekayəmiz arasında Əli Həsənlinin “Qayıq” hekayəsi də vardı. Amma yenə heç kim sorub-soruşdurmadı “Əli Həsənli kimdi?” deyə…
Və mən heç də təəccüblənmədim, çünki 74 yaşlı belə bir yazıçımız haqda beş-üç nəfərdən başqa heç kim heç nə bilmirsə, Əli Həsənli adlı bir yazıçını tənqidçilər 74 yaşına qədər görməyiblərsə, haqqında yazmayıblarsa, indən belə də yazmamaqları təəccüblü deyil. Yenə sağ olsun Azər Abdulla ki, tez-tez Əli Həsənli haqda yazır və ən azından belə sorğularda adını çəkir, bəlkə tənqidçilərimiz görələr. Amma görürlərmi? Görmürlər. Bəlkə də görürlər, görməməzliyə vururlar, öz işləridi.
Kimdi Əli Həsənli? Mən Əli Həsənlinin şəxsi həyatı haqqında çox az şey bilirəm. Onu bilirəm ki, hal-hazırda 74 yaşı var. Onu bilirəm ki, vaxtilə müəllim işləyib. Onu bilirəm ki, vaxtilə nəşriyyatda da işləyib və onu bilirəm ki, Binə qəsəbəsində yaşayır. Vəssalam…
Keçirəm yazdıqlarına:
“Xınalı yarpaqlar” – 1985
“Qohumlar” – 1989
“Güman” – 1991
“Çağ” – 2010
“İlğım” – 2011
5 nəsr kitabı çap olunub və çox qəribədi ki, heç bir tənqidçi Əli Həsənlinin adını çəkmir. Bu, “əsərləri o qədər zəifdi ki, tənqidçilər onun haqqında susublar, onu görmürlər” anlamına gəlmir. Bu, çox güman ki, Əli Həsənlinin özünü gözə soxmamağından, bir qırağa çəkilib sadəcə və sadəcə yazmağından irəli gəlir. Çünki 100 ən yaxşı hekayədən birinin müəllifi o zaman diqqətdən kənarda qala bilər. Ahaa, görün Ramiz Rövşən Əli Həsənli haqqında nə deyir:
“Mən bilən, Əli heç vaxt generallıq iddiasına düşməyib. Bir qələm sahibi kimi, bəlkə də onun eybidi. Amma hər halda, ən böyük hörmətə layiq olan əsgər ordular məğlub olandan, generallar təslimçilik aktını imzalayandan sonra da öz silahını atmayan, səngərini tərk etməyən əsgərdi.”
Məmməd Oruc Əli Həsənli haqqında:
“Mənə elə gəlir ki, Əli özünəməxsus nəsri ilə ziddiyyətlər burulğanı yaradır və oxucusunu (həm də qəhrəmanını) bu burulğanda batırmaqdan həzz alır. Sonra da bu həzz ən böyük mənəvi ağrıya çevrilir.”
Vaqif Bayatlı Odər Əli Həsənli haqqında:
“İlahi hamının layiq olduğu yeri insanların ədalət çərçivəsində, insanların gözündə yox, öz yanında, öz ətəyində hazırlayır. Əslində bu insani, anti-insani həqiqət həm də Azərbaycan ədəbi mühitinin amansız şəklidir. Çünki bu mühitlə bir çox ədibləri şişirdilmiş, özlərinə və ədəbiyyata layiq olmadığı şəkildə görürəm və əksinə, neçə-neçə istedadlı adamları - ədibləri incidilmiş, küsdürülmüş, unudulmuş, istedadların istedadsızlardan qat-qat aşağıda tutulduğunu görürəm. Əli Həsənli də belə unudulanlardan, bəlkə də ən çox unudulanlardandı.”
Xanəmir Əli Həsənli haqqında:
“Məndən soruşsanız Əli Həsənli kimdi, səmimiyyətlə cavab verərəm: O, Azərbaycan nəsrinin Ernest Heminqueyidir. Əgər söylədiklərimə şübhə edən varsa təcili Əli müəllimin “Qayıq” hekayəsini tapıb oxusun. Təəssüf edirəm, mükəmməl yazıçı istedadına sahib olan belə bir adam (Azər Abdullanı çıxmaq şərtilə) heç vaxt nə yada salınır, nə anılır, nə qayğı göstərilir. Mən bilən Əli müəllimin şəxsiyyəti heç buna yol verməz. Ən əsası odur, Əli müəllimin “Qayıq” hekayəsini oxuyan ciddi qələm əhli heyrətlər içərisində vurnuxacaq. Məncə, belə əsərlərlə dünya ədəbiyyatıyla üz-üzə, döş-döşə gəlib kimliyimizi təsdiqləmiş olarıq.”
Məncə, bu qədər bəs edər. Əli Həsənlinin povestlərini, hekayələrini oxuyub, haqqında məqalələr yazmaq hörmətli tənqidçilərimizin işidir…
Son olaraq, Əli Həsənlinin 1970-ci ildə yazdığı bir şeiri əlavə etmək istəyirəm.
***
Araqlar dırmaşdı vitrinlərə
salxım-salxım asıldı meynələrdən
Kisə-kisə buğdamız qaçdı pəncərədən
göyərməyə getdi tarlaya
Od vurduq sobaya
alovu qonşu qızın gözündə parıldadı
Çaylar şimşək kimi çaxdı, qarradı
Bir dəstə uşaq yüyürdü qabağımıza
böyüməkdən gəlirdilər
Ağaclar lütləndilər
dərzixanaların önündə
Al-əlvan paltarları asılmışdı vitrində
Ağaclar insanların
insanlar ağacların paltarını geyinəcəkdi
Ağaclar insanlara
insanlar ağaclara dönəcəkdi
Döydük sonuncu yumurtanın qapısını
tüksüz bir cücə açdı
Nə isə danışdı öz dilində
İtlərimiz qurda döndü meşələrdə
Bir qurd ilində
boylu bir qadın dayanmışdı tində
Bətnindəki körpə atasını çağırırdı
Atalar dönüb suçlu-suçlu baxırdı
Davam edirdi yenə yollarına
körpə yeriyirdi ataların ayaqlarıyla
yapışırdı ataların qollarıyla
Ataların əliylə bir-bir ataları boğurdu
Orkestr də iri bir çəkici alıb əlinə
tabut mıxlayırdı yenə
Bu gecə intihar edəcəkdi göylər
ağır yüklü buludları
ağır yüklü qumbaralar kimi
sıxıb köksünə
intihar edəcəkdi göylər
Mələklər hüzn içində
qapayacaqdı gözlərini sonuncu insanlığın
İşıq-işıq buz bağlayacaqdı günəşin qızılı telləri
odlu qoynundan ulu bir ocağın
azadyazi.com