Hərənin öz günəşi - HEKAYƏ

Hərənin öz günəşi - HEKAYƏ
12 iyul 2016
# 12:33

Hisslər.... Birinə qarşı nəsə hiss edirik, qarşılıqlı olanda daha gözəl olur. Bəzən isə çox ötəri… Hərdən hiss etdiklərimizin məhəbbət olduğunu düşünürük. Ancaq çox təəssüf ki, bütün hisslər ötəri olduğu kimi, çox zaman məhəbbətin də ömrü qısa olur. Çox zaman bir həftə keçməmiş yeni məhəbbət axtarışına başlayırıq. Tapa bilməyəndə ürəyimiz sıxılır, həyat sanki maraqsız olur. Qarşılıqsız olanda arxası ilə sürünürük, bu zaman ömrü uzanır məhəbbətin. Əldə etməyə can atırıq, çalışırıq, əldə etdikdən sonra isə adiləşir… Bu da həyatın təzadlarındandır… Bəlkə də Leyli ilə Məcnun da qovuşsaydılar onların məhəbbəti adi, sıradan və ötəri bir hiss olacaqdı…

Axşamüstüdür. Ətraf insanlarla doludur. Kimisi işdən, kimisi əyləncədən, kimisi də görüşdən gəlir. Sıxıntılarını çiyinlərinə, problemlərini alnının qırışlarına yükləyib dalğın-dalğın getdiyi istiqamətin fərqinə varmayanların da vəziyyətini aydın sezmək olur. Avtomobil sürə-sürə ətrafı seyr edirəm. Yaşadığım yerə yaxın, demək olar ki, hər gün keçdiyim bir məhəllədən keçirəm. Bir cavan gəlin əlində qarpız məhəllədəki mağazadan çıxıb evlərinə doğru addımlayır. Adı Günəşdir. Adı kimi özü də işıq saçır, yanından keçəndə istiliyini hiss etməmək olmur. Toy günlərini xatırlayıram. Üç il əvvəl evlənmişdilər Azərlə. Günəşin 19, Azərin isə 21 yaşı var idi. İndi iki uşaqları var. O zaman mağazada satıcı işləyirdi Azər, indi isə taksi sürür. Qaraşın, bir o qədər də yaraşıqlı olmayan oğlandır. Halal zəhməti ilə dolanır. Hər dəfə mağazaya gedəndə məni çox gözəl qarşılayardı, ədəb-ərkanla salam verərdi. İndi çox nadir hallarda rastlaşırıq. Həyətdə-bacada görünmür. Ev, ailə, uşaq, məişət qayğıları birdən-birə üzərinə gəlib, həyatını zəbt edib bu gəncin. Hamı kimi ailəsinə bir parça çörək aparmaq üçün dəridən-qabıqdan çıxır. Ancaq bütün bunlar onun adam arasında görünməməsi üçün əsas səbəb deyil bəlkə də. Yoxsa, alnına vurulmuş XƏYANƏT damğası onun insanlardan qaçmağa vadar edir?! Əlqərəz… Günlərin birində eşitdim ki, Azərlə Günəş möhkəm dava edib. Bütün məhəllə onlardan danışır. Sən demə, Günəş Azərə xəyanət edib, özü də qonşu məhəllədə yaşayan Cavid adlı subay bir oğlanla. Gecə yarı evdəkiləri yuxuya verib Cavidlə görüşməyə çıxırmış Günəş. Belə oğlanlar çoxdur cəmiyyətimizdə. Söhbət düşəndə öz aralarında bir-birlərinə “gəlinlərin sevimlisi”, “gəlinlərin qənimi” deyirlər. Bir balaca da yaraşıqlı oldularsa, məsələ daha asan olur. Kiməsə “padxod” etməyə gərək qalmır. Qonşumuz Elçin kimi. Yaraşıqlı oğlandır, həm də idmanla məşğul olur. Ən böyük arzusu hərbçi olmaqdı. Hərbi xidmətdən bir ildi qayıdıb. Elə də imkanlı ailənin övladı deyil. Uşaqlıqdan tanıyıram, demək olar, gözümün qabağında böyüyüb. Üç gün əvvəl görüşdük. Hal-əhval tutduqdan sonra işləyib-işləmədiyini soruşdum. İşləmirəm- deyə cavab verdi. Söhbətin davamı başımı dumanlandırır:

- Bəs nə ilə məşğulsan?

- Ancaq idman, məşq, məşq, məşq…

- Harada idman edirsən?

Aylıq ödənişi kifayət qədər çox olan idman zallarından birinin adını çəkir.

Ora çox bahalı yerdi, işləmirsən, bəs aylıq pulunu necə ödəyirsən?

- Fanatlarım sağ olsun!

- Fanatlar kimdi?

- Gəlinlər, xalalar,…- gülərək cavab verir.

- Necə yəni? O necə olur?

- Ərlərini qoyub gəlib mənimlə görüşürlər.

- Necə tanış olursan ki?

- Özləri tanış olur, küçədə, yolda, toyda, mağazada, sosial şəbəkələrdə, harda olsa…

- Dodağına nə olub?

Gəlin qoparıb, gəlinlərin qənimiyəm də, - deyib gülür. – Bir “xala” var, ərinin yaxşı imkanı var, özü də yaxşı yerdə işləyir. Ev tutub, məni maddi tərəfdən təmin edir və lazım olanda çağırır, görüşürük- deyir.

Eşitdiklərimdən yerimdə donub qalıram. Beləcə Günəş kimi qızmış gəlinlər özləri onları caynağına keçirir. Azərlə Günəşin də hekayəsi buna bənzəyirdi. Və söz-söhbət bütün məhəlləyə yayılmışdı. Sonrakı talelərindən xəbərim olmadı. İndi mağazadan çıxan həmin Günəş idi. Əlində qarpız, qulağında qulaqcıq telefonla danışa-danışa gedirdi. Uşaqlara görə Azər onu boşamayıb, beləcə taleləri ilə barışıb həyatlarına davam edirlər. Qarşıdakı dalanı dönməliyəm. Təxminən 18-19 yaşlarında ağbəniz bir oğlan uşağı gəlir, əlində telefon, qulağında qulaqcıq. Hiss edirəm ki, bütün diqqəti telefondadır. Düz maşının üzərinə addımlayır. Siqnal vermədən maşını saxlayıb gözləyirəm. Bir addım irəli atsa, artıq maşına dəyəcək. Birdən “oyyyyyyy!”- deyərək diksinir. Elə bilir ki, maşın onu vurur. Musiqi dinləyə-dinləyə kiminləsə yazışırdı. Uzaqdan gələndən fikir verirdim, ara-sıra üzündə təbəssüm də yaranırdı. “Sevdiyi qızla yazışır, ya da kiminsə arvadı ilə gizlincə danışır” deyə düşünə-düşünə yoluma davam edirəm. Bir neçə gün əvvəl eyni hadisəni öz məhəlləmizdə yaşamışdım. Qonşumuz Gülzar nənənin nəvəsi Aysunun 14 yaşı var. Qulağında qulaqcıq düz maşının üzərinə şığıyırdı. Maşını saxladəm. Aysu gəlib maşına dəydi. Birdən ayıldı. Əsəbi halda “hərdən yola da bax”- deyib məhəllədən uzaqlaşdım.

Hava qaralıb, irəlidə bir cavan oğlan evlərinin qarşısındakı skamyada tək əyləşib telefonla danışır. Hər gün mən işdən çıxarkən təxminən saat 22:00 radələrində bu məhəllədən keçdiyimdə bu oğlanı skamyada oturub telefonla danışan görürəm. Tənbəllik etməyib bir qədər aralıda maşını saxlayıram. Məhəllə sakit olduğundan səslər aydın eşidilir. Kiminləsə xısın-xısın eşqdən-məhəbbətdən danışır. “Aşkım”, “həyatım”, “canım”, “mən səni çox sevirəm”, deyir. “Ürəyim partlayır, gəlim görüşək”, “darıxmışam sənin üçün”, “neçə gündür ki, görüşmürük”, “axı mən 10 günü necə gözləyim?”, “bəs ərin dənizə nə vaxt gedəcək?” və s. Xülasə... Yoluma davam edirəm.

Yoluma davam edirəm. Yaşlı, zarafatcıl bir Qədim dayı var. Mənim işçimdir. Avtoservisimizdə usta işləyir. Oğlanları var. Əzab-əziyyətlə oxudub, iş-güc sahibi edib. Özlərinə görə maddi imkanları da pis deyil. Amma Qədim dayı elə qədim kişilərdən olduğu üçün peşəsindən əl çəkmir. Deyir, işsiz qala bilmirəm, balalarımı da bu sənətlə oxutdurub adam eləmişəm. Yaşlı olsa da, gümrahdır. Dünyagörmüş kişidir. İndiki nəsillə keçmiş nəsil haqqında söhbət düşəndə çox gözəl şərhlər verir. Məntiqi əsasları insanı heyran edir. Deyir, nəsillər on ildən bir dəyişir. Soruşuram, ay Qədim dayı, bu necə olur? Deyir, ay bala, bizim vaxtımızda abır var idi, həya var idi. İndi nə abır qalıb, nə də həya! İndi gənclər daha sərbəstdirlər. Kim həyatını necə gəldi, necə istədi yaşayır. Bu “Dabbe” də çıxandan sonra insanlar lap xarab olub. İnterneti (www), telefonları nəzərdə tutur. Tək bizim cəmiyyət belə deyil. Bütün dünya belədir. Kiməsə söz demək olmur. Hamı hər şeyi görür, sadəcə görməzdən gəlir. Sanki belə də olmalıdır. Nəvəmin sinif yoldaşı vardı. Nəvəm xaricdə təhsil alır, tətilə gəlib. Görürəm ki, telefonla danışır, təəccüblənir və gülür. Soruşuram, ay bala nə olub? Deyir ki, baba, sinif yoldaşım Taleh plastik əməliyyatla cinsini dəyişdirib, adını da Kristina qoyub. Rəfiqələrim deyir ki, indi də Türkiyəyə getməyə hazırlaşır ki, səsini də dəyişdirsin. Sinif yoldaşı Qaçay da Kristinaya vurulub, onu sevir. Əlində təsbeh, “brat, brat” deyib az qala özünü kişilik simvolu kimi təsəvvür edən tiplərdəndir Qaçay. Şəhərdə brend sac salonu var. Oranı işlədir. .Bizim vaxtımızda belə şeylər eşitməzdik, ay bala! Bu dünya hara gedir??? O gün bura bir oğlan gəlmişdi. O da ailəsindən ayrılıb, toylarında iştirak etmişdim, - deyə Qədim dayı əlavə edir. Daimi müştərilərimdəndir, maşının yağını bizim servisdə dəyişir, ailəsini tanıyıram. Məhəllə adamıdır. Özünə görə yaxşı imkanı da var. Xaricdə təhsil alıb, iş-güc sahibidir. Qonşu kimi mən də toya dəvətli idim, həm də ustasıyam. Adını deməyəcəm, ay bala, üz üzdən utanar. Bir il evli qaldılar, boşandılar. Sən demə Kristina kimi oğlan sevgilisi var imiş. Yoldaşı tələbə idi, oxuyurdu. Bir dəfə dərs olmayıb, qız evə tez gəlib, qəfildən qapını açıb, yataq otağında ərini oğlanla sevişən yerdə tutub. Yazıq qız bunu qəbul edə bilmədi, ayrıldılar. Depressiyaya düşdü, psixoloqa müraciət etdi, uzun müddət müalicə aldı. Bir qızları da olmuşdu, gül kimi bala idi. İndi heç nə olmamış kimi, hər şey öz yolunda gedir. Maşallah, oğlanın da hörməti öz yerində. Heç kimdən asılı deyil, özünə görə işi, gücü, imkanı...

Xadiməmiz Xədicə xala söhbətə müdaxilə edir:

- Ay Qədim kişi, o gün mühasibimiz Ceyran xanım danışır ki, ərə gedə bilmirəm. Deyirəm niyə? O qədər boylu-buxunlu, yarlı-yaraşıqlı oğlanlar var ki. Sən də, Maşallah, savadlı, gözəl-göyçək qızsan. Kimə istəsən gedə bilərsən. Deyir, ay Xədicə xala, qızlara baxan var ki? O gün qrup yoldaşlarımızla görüşmüşdük. Səki ilə gedirdik, bizdən qabaqda isə çəlimsiz, incə bir oğlan gedirdi. Bir Range Rover oğlanın yanında saxladı, nə isə dedi, o isə cavabında “indi işim var”- dedi. Yaxınlaşanda gördük ki, sürücü öz vizit kartını oğlana təqdim etdi və “zəngini gözləyəcəm” dedi. Belə şeyləri görəndən sonra necə və kimə ərə gedəsən, necə evlənəsən?! Rəfiqəmin biri ağlaya-ağlaya mənə danışır ki, Ceyran, yoldaşımın dostunun əlindən cana gəlmişəm. Bilmirəm necə edim, mənə yol göstər. Qaynanam rəhmətə gedəndə gəlmişdi, yoldaşımı tək qoymadı, o gündən sonra münasibətlər daha da yaxınlaşdı. Ailəvi dost olduq. İndi yoldaşımın dostu məndən əl çəkmir. Deyirəm, ayıbdır, çörək kəsmişik. Bu söhbətin yeri yoxdur. Deyir ki, səndən xoşum gəlir. Deyirəm, ailəli adamsan, məndə xoşagəlimli nə var ki?! Deyir ki, tanıdığım insanların, dostların xanımları ilə görüşməkdən xoşum gəlir. Mənim elə tanıdığım ailə var ki, üçümüz birlikdə görüşürük. Cəmiyyətdə belə tiplər də var.

Hər gün müxtəlif hadisələrlə qarşılaşırıq, izdihamın, olanların, eşitdiklərimizin, gördüklərimizin içərisində heyrətlənirik. Heyrətlənmək də elə bir duyğudur ki, tez-tez baş verəndə o da adiləşir. Elə məhəbbət kimi... Bəzən səssizliyə qapılırıq. Bəzən isə ürəyimizdə bir hayqırtı yaranır. Hisslərmi, ya ürəkmi, nədir onlara təkan verən? Ya bu həyat özümüzündür, necə istəyiriksə, elə də yaşamağa haqqımız var? Və var deyərək yaşamalımı? Ya necə??? Suallar məni tükəndirir. Bəs mənim gələcəyim? Mən necə evlənim bu burulğanların içində? Bu məqamda yeganə təsəllim toy günlərində bədbəxt bir hadisə yaşayan yeni ailə qurmuş gənclər olur. Dostları toyun sonuna yaxın bəyi bir neçə dəfə yuxarı atıb-tutublar. Sonuncu dəfə isə tutmadıqları üçün betona dəyib bel fəqərəsi sınmışdı. Gənc oğlan dörd ildir ki, yataq xəstəsidir. Və ailə həyatının şirinliyini, layiq olduğu xoşbəxtliyini dadmağa macal tapmamış həyat yoldaşı ona sədaqətlə qulluq edir.

Qədim dayı düz deyir. Bu “dabbe” çıxandan insanlar xarab olub. Belə bir misal eşitmişdim, “dabbe” hər evə soxulacaq. Sonra öyrəndim ki, “Qurani- Kərim”də adı keçən Dabbe`tül Arz`dır dabbe. İslam dininə görə, qiyamət öncəsi ortaya çıxacaq bir varlıqdır. “Dabbe”nin qiyamət əlaməti olduğu bildirilir. Digər islam şərhçiləri isə dabbenin mövcudluğunu bəyan edirlər. Artıq hər evdə var, mobil telefonlar, kompüter vasitəsilə hər hansı bir sayta www yazıb daxil oluruq. Elə bu hekayəni də “dabbe” ilə paylaşıram sizinlə. Əgər paylaşmaq varsa, bu faydalı tərəfidir “dabbe”nin. Amma əgər “dabbe” insanların pis istiqamətlərə yön almasına səbəb olursa, o “dabbe” heç kimə lazım deyil. “Dabbe” həyatımıza elə soxulub ki, ondan imtina edə bilmirik, hamımıza lazım olur. Həyatımızın bir parçasına çevrilib. Həm də çox təhlükəli bir parçasına. Rastlaşdığım faktları, gördüyüm hadisələri sadalamaq sarsıdıcı ola bilər, düşünürəm. Səmimi vurğulamaq lazımdır ki, www ilə başlayan bir sıra sayt ünvanları var ki, yaradıcıları tərəfindən məhəllələrdə, küçələrdə, yol kənarlarında yazılır. Məqsəd isə onlayn gəlir əldə etməkdir. Ancaq bu gəlir insanların mənəviyyatının alçalması, psixologiyasının pozulması hesabına əldə edilir. Neçə-neçə gəlinlər ərlərindən gizli o saytlarda tanış olub evdən qaçmışdı. Bax beləcə hisslərinin quluna çevrilir insanlar. Mətbuatdan izləyib şahidi olmuşuq. Hələ o gəlinləri yoldan çıxaran “kişilik simvolu” olan tiplərə toxunmuram. Hər şeyi qadınların üzərinə yıxmaq haqsızlıq olar. Hər şey ikiyə bölünür. Gecə-gündüz, cənnət-cəhənnəm, qadın-kişi və s. bərabər olanda balans pozulmur. Ruhun özü də. Anima, animus... Kimsəni ittiham etməyə heç kimin haqqı yoxdur. Ən böyük hakim Allahdır.

Bütün bu qarmaqarışıqlıqlar içərisində saf, təmiz qalanlar da var. Onları sözün əsl mənasında “MƏLƏK” adlandırmaq olar. Yaxud da “GÜNƏŞ” demək olar onlara, axı əsl Günəş ləkə götürməz! Bu, Azərin Günəşindən fərqli bir günəşdir. Hər zaman fərqli bir günəşi görək! Öz günəşimizi axtaraq. Ləkələri yandıraq! Günəş kimi dünyaya işıq saçaq, cəmiyyətə fayda verməyə çalışaq. Mələk olaq! Bir-birimizi qoruyaq! Mələyi iblisə çevirmək asandır, iblisləri mələyə çevirək! Dünyanı məhv etməyək! Xilas olaq, xilas edək!

Ruslan Həsənov

P.S. Hekayə real faktlar əsasında yazılıb. Adlar şərtidir.

# 1775 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #