Bizim roman – “GÜLÜSTAN”

Bizim roman – “GÜLÜSTAN”
14 dekabr 2015
# 14:53

İndiyə qədər ədəbiyyat nəzəriyyələrində “roman”a yazılan istənilən tərifin prizmasından baxsan, “Gülüstan”ı görmək olar. “Gülüstan” heç bir oxucusunu öz bətnində gəzdirdiyi talelərdən nigaran qoymayacaq qədər bütöv, səni dartıb hər bir anın içinə salacaq qədər canlıdır.

Son günlər ədəbiyyatımızda baş verən “roman” tozanağında ehtiyatlanmadan roman deyə biləcəyimiz bu əsərin poetikasından, dilindən, süjet və kompozisiyasından, surətlərindən və başqa nəzəri məziyyətlərindən danışmaq və yazmaq mümkündür. Amma bəri başdan hiss edirəm ki, bu, indi qaraladığım yazının nəfəsi çatmayacaq bir işdir. Təkcə bunu deməklə özümə haqq qazandıra bilərəm, bu romanda bir nəfər də olsun təsadüfi obraz yoxdur, burada hər kəs tipdir. Hətta romanın gözlərim önündə canlanan kütləvi səhnələrində “çəkilən”lərin hər biri tipdir, burada artıq nəzəriyyəçiliyimi yerə qoyub, Azərbaycanı könüllü əsgər tək sevən şəxs kimi, yazıram, bu dəhşətdir. Belə bir səhnəni “Parfümer” filminin sonunda görmüşdüm.

Güzgü məharətlə cilalanıb. Amma müəllif “Gülüstan” bədii əsərdir və bütövlükdə təxəyyül məhsuludur” yazıb qeybə çəkilərkən, bəlkə də, özü də bilmədən “bütövlükdə” sözünü səhv yazıb.

Müharibənin dəhşətini kərpic kəsən kişinin əllərinin cadarında da, babasını şəkildə kor qoyan uşağın xiffətində də, daxmasına atma gəzən kəsin bükülü qəddində də, Səməndərin obasına sığınan ailənin çarəsizliyində də görmüşdüm, amma bütün bunların xatirəyə dönüb rahatlığı yalnız ölüm olan əzaba gətirib çıxaracağını, bununla da çevrənin qapandığını “Gülüstan”da gördüm.

Bu romanda insanlar müharibənin ağrı-acısını yaşamırlar, müharibədən sonra düşdükləri həyatın (jizn) onların boynundan asdığı dəyirman daşını daşıyırlar. Deyir, burada ağlağan arvadların söz ehtiyatı da xeyli zənginləşib, indi qəriblikdən, aranın dözülməz istisindən, qohumların cüda düşməsi kimi ictimai məsələlərdən də bəhs edirdilər.

Özünü deyil, sazını su aparası aşıqlar, təsvirini verməyə söz tapmadığım Kazımlar, dikdirindən İşıqlı günlərinə xəyal yolu salan kepkası kirli Mədətlər, Usta qənbərlər, Umutvar əmilər, İnqilab dadaşovlar, Xudayarovlar, Əmrulla müəllimlər, ağsaqqallar, Qoluyoxlar, Sürəyyalar, Molla dəyanətlər, Məsmələr, Həyatlar, Ehtiramlar, Adillər, sanki, zamanın salıb itirdiyi minlərlə azərbaycanlının tapılaraq bir sapa düzülməsidir. Təkcə xatirələr, yaddaş deyil, bəzən, özünü güzgüdə görmək də əzab verir.

Müəllif məqamında mətnə antik mifi, əfsanəni, lətifəni, “Gülüstan”ları elə hopdurub ki, oxucu xoşbəxtliyin nə vaxt oğurlanıb Süd yolu ilə qaçırıldığının heç fərqinə belə varmır.

“Don Kixot”u bu yaxınlarda bir də oxudum və özümçün Servantesin niyə bu qədər möhtəşəm olduğunun bir səbəbini də müəyyən etdim – Servantes bu romanın istənilən anını yazanda bir kərəm də olsun ərinməyib. “Gülüstan” romanında da istənilən məqamda buna şahid oldum – müəllif ərinmədən yazıb. Hər bir hadisəni, hər bir taleyi əzib “it ununa döndərib”.

Qapısı səadət, baş yolu azadlıq, yurdu “gülüstan” adlanan uşaqları aldadılanların romanıdır “Gülüstan”.

Əl çala bilmir deyə iclaslara çağırılmayan Qoluyox Vəlyəddin kimi Şərif Ağayarı alqışlaya bilməsəm də, ona sonsuz uğur diləyilə.

Anonim.

# 1400 dəfə oxunub

Oxşar xəbərlər

Deyəsən, bu hekayələri yazıçılar yox, beşinci sinif şagirdləri yazıb - "Pişiyə qalib gələn qəhqəhələr" haqqında

Deyəsən, bu hekayələri yazıçılar yox, beşinci sinif şagirdləri yazıb - "Pişiyə qalib gələn qəhqəhələr" haqqında

15:35 9 aprel 2025
Diplomlu taksi sürücüsü və armatur söhbəti - Babək Məmmədlinin hekayəsi haqqında

Diplomlu taksi sürücüsü və armatur söhbəti - Babək Məmmədlinin hekayəsi haqqında

10:00 9 aprel 2025
Bakılı gəncin Rusiyada başına gələnlər - Elnarə Qaragözova

Bakılı gəncin Rusiyada başına gələnlər - Elnarə Qaragözova

11:30 8 aprel 2025
Keçmişlə indinin sərhədində: “Mənim üçün qızılgül”

Keçmişlə indinin sərhədində: “Mənim üçün qızılgül”

14:00 5 aprel 2025
"Məktəb tikdirmək istəyirsə..." - Şərurlu İsfəndiyara cavab

"Məktəb tikdirmək istəyirsə..." - Şərurlu İsfəndiyara cavab

16:18 4 aprel 2025
Pioner şeypuru və Dədə Qorqud sazı - Salam Sarvanın "tarix dərsi"

Pioner şeypuru və Dədə Qorqud sazı - Salam Sarvanın "tarix dərsi"

17:50 2 aprel 2025
# # #