Dörd dəfə evlənən türk şairi – Camal Sürəya

Dörd dəfə evlənən türk şairi – Camal Sürəya
9 dekabr 2015
# 09:00

Şairin uşaqlığı

O, türk ədəbiyyatının ən məşhur, sevilən və şeirləri dillər əzbəri olan şairlərindən biri idi. Əsl adı Cəmaləddin Seber olan Camal Sürəya 1931-ci ildə Ərzincanda dünyaya göz açıb. Ancaq məşhur şairin əmisi Memo 1938-ci ildə Ərzincandan sürgün edilir. Böyük ailəyə bağlı olan atası Hüseyn isə qardaşını tək buraxmaq istəmir və ailə birlikdə getməli olur. Pülümür kəndindən yola çıxan Seber ailəsi Biləcikdə yaşamaq məcburiyyətində olur. O zamanlar ailəyə Biləcikdən başqa şəhərə getmək qadağan idi. Ailə sürgün illərində yoxsulluq içində yaşayır.

Camal Sürəya xatirələrində bu haqda bəhs edir: “Atamla əmim sürgün öncəsi hər şeyimizi satıb pula çevirdilər. Daha sonra əmim İstanbula gedib bu pulları daşınmaz əmlaka yatırıb və bütün sənədlər onun adına olub. Sürgün həyatı bitdikdən sonra əmim İstanbula getdi. Ancaq aldıqlarını atamla bölüşmədi. Və beləcə onlar varlandı, biz kasıb qaldıq”.

Camal Sürəya 7 yaşı olanda anası Gülbəyaz xanımı itirir. Ona və bacılarına nənəsi baxır. Ana sevgisinin yoxluğunu hiss edən şair atasının evlənməyini istəyirdi: “İstəyirdim evdə bir qadın olsun, ana deyək”. Ancaq bu istəyini atasına bildirmir. Bir müddət sonra nənəsi qocaldığı üçün uşaqlara baxa bilmir. Əmisinin vasitəçiliyi ilə atası Əsma adlı xanımla evlənir. Ancaq Əsma Camal Sürəyaya həsrətində olan ana qayğısı yerinə həyatı boyunca unutmayacağı acılar yaşadır. Ögey anasını “dəli” adlandıran Camal Sürəya onun çox pis insan olmasından xatirələrində bəhs edir. Bir gün çörəkçi ilə dalaşan ögey anası itələyərək onu yıxır. Çörəkçinin hərəkətsiz uzandığını görən qadın onun öldüyünü düşünür və Biləcikdən qaçır. Daha sonra atası Rəfiqə adlı xanımla ailə həyatı qurur. Şair bu xanımın yaxşı insan olduğunu və hamısının onu ana kimi gördüklərini deyir.

Camal evin böyük oğlu olduğu üçün ondan sonra dünyaya gələn bacılarına da, hətta əmisi uşaqlarına da o, ad qoyub. Həyatı boyunca ən çox heyran olduğu insanlardan biri əmisi Memo olub. Əmisi də onun hədsiz çox sevib, heç vaxt öz uşaqlarından ayırmayıb. Hətta ölənə qədər portmanatında öz uşaqlarıyla birgə, Camal Sürəyanın da şəklini gəzdirib. Camal Sürəya oğluna əmisinin adını qoyub.

Sürücülüklə məşğul olan şairin atası Hüseyn bəy 1957-ci ildə avtomobil qəzasında həlak olub. O, atasının ölümünü “faciəvi ölüm” adlandırır. Camal Sürəya ikinci həyat yoldaşı Zühal xanıma yazdığı məktubda deyirdi: “Anamla atam Biləcikdə yan-yana olan məzarlarda yatırlar. Anam 1938, atam isə 1957-ci ildə ölüb. Ölümləri arasında 20 ilə yaxın müddət olsa da, məzarları yenə də yan-yanadır”.

Təhsili

Camal Sürəya xəstə olduğu üçün məktəbə bir il gec, 8 yaşında gedib. Ailənin Biləcikdən çıxmağı qadağan olunsa da, o, təhsil almağı üçün İstanbulda yaşayan bibisi Fatma və kiçik əmisi Həsənin yanına göndərilir. Camal məktəbə bir il gec getsə də yazmağı, oxumağı və ilkin riyazi hesablamaları bilirdi. Bütün bunları ona əmisi Memo öyrətmişdi.

Oğlu üçüncü sinfə keçəndə atası Hüseyn ailəsini də götürüb İstanbula gedir. Altı aydan sonra ailənin icazəsiz Biləcikdən çıxdığı məlum olur. 1942-ci ildə onlar yenidən Biləcikə qaytarılır. Camal Sürəya üçüncü sinfin yarısından təhsilini Biləcikdə orta məktəbdə almaq məcburiyyətində qalır. Orta məktəbi 1947-ci ildə bitirdikdən sonra Heydərpaşa Liseyində təhsil alır. 1950-ci ildə oranı fərqlənmə ilə bitirir.

Daha sonra Ankara Universitetinin Siyasi Məsələlər Fakültəsinin “Maliyyə və iqtisad” bölümündə təhsil almağa başlayır və 1954-cü ildə məzun olur. Tələbəlik illərində Camal Sürəya Muzaffər Ərdost, Sezayi Qaraqoç, Nihat Kamal Ərən və Həsən Bəsri ilə çox yaxın dost olur. Camal Sürəya Ankarada ədəbiyyatla, sənətlə daha yaxın olmağa başlayır. Onun təhsil həyatında sonuncu yeri əsgərlik xidməti bitdikdən sonra hüquq diplomu almağı tutur.

Şəxsi həyatı

Camal Sürəya həyatı boyunca 4 dəfə evlənib. Qadınlara olan bağlılığı şeirlərində də özünü büruzə verirdi. Camal Sürəya dəfələrlə qadınlar mövzusunda şeir yazıb.

İlk evliliyi orta məktəbdə sinif yoldaşı olan Seniha Nəmli ilə olub. Atası Hüseyn bəy oğlunun Seniha ilə evlənməsinə qarşı idi. Çünki Senihanın həm ailənin maddi təminatına kömək edəcək işi, həm də ailəsi yoxsul idi. Bunu oğluna deyəndə Camal Sürəya sərt reaksiya verir. “Biz də yoxsul deyilik ki?” deyir və ilk dəfə atasına üsyan edirmiş kimi çəngəlini stolun üstünə çırpıb gedir. O, ilk həyat yoldaşına “Bənzəri olmayan yar” deyirdi. Ancaq bir müddət sonra onlar arasında anlaşılmazlıq yaşanmağa başlayır. 1955-ci ildə cütlüyün Ayçə adlı qızı dünyaya gəlir. Həmin günlərdə Camal Sürəya müfəttiş köməkçisi kimi İstanbulda işə başlayır. Onların evliliyi bir müddət davam etdikdən sonra cütlük tamamilə ayrılır.

Camal Sürəyanın həyatındakı daha bir qadın isə Tomris Uyar olub. O zamanlar Ülkü Tamer adlı adamla evli olan Tomris xanım Camal Sürəyaya aşiq olur. İkisi də evli idi və sevgiləri üçün ikisi də boşanır. Bu gün belə onların sevgisi haqda “Türk ədəbiyyatının ən məhsuldar sevgisi” deyilir. Onlar rəsmi olaraq evlənməsələr də 3 il birlikdə yaşayıblar. Camal Sürəya sevgi və ehtiras dolu ən gözəl şeirlərini Tomris xanım üçün yazıb.

Camal Sürəya 1967-ci ildə ən uzun müddətli evli qaldığı Zühal Təkqanada aşiq olur. Onların tanışlığı isə qeyri-adi olub. Bu barədə müsahibələrində bəhs edən Zühal xanım deyir: “Tanışlığımız ədəbi mühitdə olub. O zamanlar Camal Sürəya “Papirus” jurnalını çıxarırdı, mən isə “Cümhuriyyət” qəzetinin mədəniyyət müxbiri idim. Bir dəfə Türk Ədəbiyyatçılar Dərnəyinin tədbirinə getmişdim. Birdən Camal Sürəya o qədər insanın içində yaxınlaşdı mənə və “Madam, madmazel, mənimlə evlənərsiniz?” dedi. Həm təəccübləndim, həm də həyəcanlandım. Mənimlə zarafat etdiyini düşündüm və “Xeyr, lazım olsa düşünərəm” dedim. Ədəbi mühitdə ona böyük hörmətim olsa da, tip olaraq, görünüş olaraq ürəyimcə biri deyildi. Amma bizimki qismət məsələsi imiş. Altı ay görüşdük. Sonra məni Kapalıçarşıdakı zərgərin yanına apardı, üzük alıb barmağıma taxdı. Orada məşhur çayçıda oturub çay içdik. Mənə göy rəngli, gözəl bir ayaqqabı aldı, yanaqlarımdan öpdü və dedi: “İndi get anana-atana de ki, Camal Sürəya ilə nişanlandım”. ”

Həmin ilə ailə həyatı quran cütlüyün 3 il sonra Memo Əmrah adlı oğlanları dünyaya gəlib. Ancaq ailə maddi sıxıntı içərisində idi. Məmurluq həyatına geri dönən Camal Sürəya Ankaraya gedir. Zühal xanım isə İstanbulda qalır. Bir müddət ayrı yaşadıqdan sonra Zühal xanım da Ankaraya, həyat yoldaşının yanına gedir. Yenidən birgə yaşamağa başlayan ailədə bir müddət sonra narazılıqlar başlayır. Onlar bir-birlərini hədsiz dərəcədə qısqanırdı və bu, onların boşanmağına səbəb olur. Şair 1972-ci ildə Zühal xanıma yazdığı məktubda deyib: “Hər şeyimi sənə borcluyam. Sənə rast gəldiyim zamanlar çox pis idim. Sən düzəltdin məni, tutdun əlimdən, qaldırdın. Mən də səni çörək kimi öpüb alnıma qoydum, müqəddəsləşdirdim”.

1975-ci ildə Camal Sürəya üçüncü dəfə evlənir. “Xanım Nəhayət” adlandırdığı Güngör Dəmirayla evliliyi böyük sevgi ilə başlasa da, cəmi bir il davam edir. Camal Sürəyanın qısqanclığından bezən qadın ondan ayrılır.

Daha sonra Camal Sürəya ikinci həyat yoldaşı Zühal xanımla barışsa da, onlar bir müddət sonra yenidən ayrılırlar. Camal Sürəya dördüncü dəfə isə Birsən Sağnak adlı xanımla ailə həyatı qurub. Birsən xanım, dörd uşağı olan ana, eyni zamanda kitab evinin sahibi idi. Şairin “XanımƏn Nəhayət” adlandırdığı Birsən xanım onun xarakterindəki çətinliklərə rəğmən ona daha çox şəfqətli yanaşırdı.

Bu müddətdə Camal Sürəya bir çox dövlət işlərində müfəttişlik edir və 1982-ci ildə təqaüdə çıxır. Ancaq o, bu tarixdən etibarən sakit həyat tərzinə də əlvida deyir. Evliliyi çox yaxşı gedən zamanlarda Camal Sürəya təqaüdünün az olmağı səbəbindən bankda işə başlayır. Ancaq bank iflasa uğrayır. Mühakimə olunan Camal Sürəya qısa müddət sonra bəraət alır. Siqaret vərdişindən bu illərdə xilas olan Camal Sürəya həyatı boyunca spirtli içkidən uzaqlaşa bilmir.

Ədəbiyyata gəlişi və karyerası

Məktəb həyatından bəhs edən Camal Sürəya ibtidai sinifdə kitab tapmağın çətinliyini bildirirdi. O, ədəbiyyat mövzusunda ilk mükafatını ikinci sinifdə yazdığı yazı ilə Türk dili müəllimindən alıb: “Müəllim dovşanla tısbağanın hekayəsini danışdı bizə. Dedi gələn dərs bunu yazın. Gələn dəfəki dərsdə hamımız bu haqda yazmışdıq, amma mən tək bir fərqlə qazanmışdım. Hamı yazmışdı ki, bir dovşanla tısbağa dost olmuşdu. Mən isə yazmışdım: “Bir dovşanla tısbağa can-ciyər olmuşdu”. Ondan sonra bu söz bir çox yazılarda istifadə olundu. Məsələn, bütün şagirdlərə yazı tapşırılırdı. Orda dostluqdan yazılanda dost oldular əvəzinə, çoxu can-ciyər oldu yazırdılar”.

Camal Sürəya ilk dəfə orta məktəbdə sinif yoldaşı Altanla jurnal çıxarıb. Qiyməti isə 1 qəpik idi. Altanın atası məktəb direktoru olduğu üçün onlara yazı makinasından istifadə etməyə icazə verirdi. Uşaqlar çıxardıqları jurnalı sinifdəki qızlara satırdı.

O, üçüncü sinifdə oxuyan zaman Dostoyevskinin “Cinayət və Cəza” əsərini oxuyur. O qədər təsirlənir ki, təkrar-təkrar oxuyur: ““Karamazov qardaşları”nı 5 dəfə oxudum. Dostoyevskinin əsərləri mənə çox təsir edirdi. Dostoyevski oxuyan gündən rahatlığım yoxdur”.

Onun şeirə yönəlməsinə səbəb olan şair Əhməd Muhip Dranas olub: “Dranasın “Qar” şeirini min dəfə oxumuşam. Əzbərləsinlər deyə başqalarının da dəftərinə yazırdım”.

Cama Sürəya İstanbulu hər zaman çox sevib. Tələbə olduğu zaman, hətta məmur olaraq çalışmaq məcburiyyətində olduğu Ankarada olanda belə İstanbul üçün darıxırdı. “Şair dediyin İstanbulda yaşayar” deyirdi. Ankaranı isə “yaxşı ürəkli ögey ana” adlandırırdı.

Camal Sürəyanın ədəbiyyata marağı orta məktəbdə oxuduğu illərdən başlayıb. O, məktəbdə oxuduğu zaman sevdiyi Seniha xanıma şeirlər yazırdı. Lisey illərində ədəbiyyata daha da bağlanır. O, ədəbi araşdırmalar edirdi. Universitet illərində fərqli adlardan istifadə edərək müxtəlif qəzet və jurnallara yazı yazırdı. Camal Sürəyanın ilk şeiri “Şarkısı Beyaz” 1953-cü ildə “Mülkiyəlilər” jurnalında dərc olunmuşdu. Bu zaman o, universitetdən yeni məzun olmuşdu. Amma sonlara bu şeirini kitablarına salmaq istəmirdi.

Həmin illərdə jurnallarda karikaturaları yayımlanan Camal Sürəya özünü ədəbiyyat dünyasına tam olaraq “Gül” şeiri ilə tanıdır. 1955-ci ildə “Üvercinka”, “Dalga”, “Güzelleme”, “Üçgenler”, “Cigarayı Attım Denize”, “Nehirler Boyunca Kadınlar Gördüm””kimi əsərləri jurnallarda çap edilirdi.

1957-ci ildə atasının ölümündən çox təsirlənən şair “Sizin Hiç Babanız Öldümü?” adlı şeirini yazır. Bir il sonra şair ilk şeir kitabı “Üvercinka”nı çıxarır. Kitab böyük uğur gətirir və 1959-cu ildə “Yeditepe Şiir Armağanı” mükafatını qazanır. “Papirus” adlı jurnal çıxaran şairin həyat yoldaşı Zühal xanım bir müddət ürəyində problem yaşayır. Bu müddətdə Camal Sürəya onun yanından ayrılmır və hər gün üçün bir məktub yazır. Bir müddət sonra şair bu məktubları “Onüç Günün Mektupları” adlı kitab şəklində çıxarır.

Camal Sürəya bir müddət “Politika” qəzetində köşə yazarlığı edir və həmin müddətdə “Şapkam Dolu Çiçəklərlə” adlı kitabını nəşr etdirir. O, şeirdən əlavə nəsrlə də məşğul olur. Camal Sürəya 1977-ci ildə “Emeğin ve Emekçinin Tarihi” əsərini yayımlayır. Bir müddət “Aydınlıq” qəzetində yazılar yazan Camal Sürəya 1984-cü ildə “Sevda Sözleri”ni hazırlayır.

Türk ədəbiyyatının təməl daşlarından olan Camal Sürəyanın karyerasında ən önəmli yer tutan mövzulardan biri də uşaq ədəbiyyatı ilə bağlıdır. “Çocukça” adlı jurnalda “Aritmetik Kuşlar Pekiyi” deyə adlandırdığı köşəsində uşaqlar üçün vacib yazılar yazırdı.

Şeirlərinin forması, məzmun və xüsusiyyətləri ilə qısa müddətdə diqqət çəkən Sürəya, 1950-ci illərin əvvəlində “İkinci Yeni şeir” axınına qatıldı. Qısa müddətdə “İkinci Yeni” hərəkatın ən önəmli şairlərindən biri oldu. O, Şərq və Qərb şeirinin bir-birini tamamladığı deyil, bir-birinə qarşı gəldiyi nöqtədə olmağı seçirdi. Şeirlərində daha çox danışıq dilindən istifadə etməsi onun bir müddət maraqlandığı “Qərib” axınını da xatırladır.

Ölümü

Camal Sürəya 9 yanvar 1990-cı ildə İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Həyatı boyu 4 dəfə evlənib və 29 fərqli evdə yaşayan Sürəyanın bu həyat tərzi şeir və yazılarında da əksini tapırdı.

Şairin 4 noyabr 1989-cu il miras yazısında həyat yoldaşına iki xalı, kitabxana, çiçəklərinin hamısı, böyük güzgü, bütün kitablarının müəllif hüququnun yarısı, bütün qeydlərini buraxdığı qeyd olunub. Ölümündən sonra Camal Sürrəya adına şeir mükafatı verilməyə başlanıb.

Şairin ikinci həyat yoldaşı Zühal xanım onun ölümü ilə bağlı xatirələrində deyir: “İnsulin ürək döyünməsini sürətləndirib, ürək çatışmazlığı olduğu üçün də vəfat edib. Ölüm kağızında səbəb kimi şəkər, ağciyər şişi və ürək çatışmazlığı yazılıb. Ölümünün səhəri günü cənazəsi əvvəl Zincirlikuyu Qəbiristanlığına, sonra isə Qulaqsız Qəbiristanlığına aparıldı. Bütün dostları orda idi. Camal məzara qoyulan zaman bir ağ göyərçin oradan uçub getdi. Bunu heç zaman unutmaram”.

Sürəyanın həyatı ölümündən sonra Feyza Perinçek və Nursel Duruel tərəfindən, 1995-ci ildə, “Camal Sürəya-Şairin Həyatı Şeirə Daxildir” və 1997-ci ildə də “Camal Sürəya Arxivi” adlı iki kitab nəşr olunub.

# 1656 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #