Çingiz Əlioğlunun bekarçılıqdan baş qatmağı

Çingiz Əlioğlunun bekarçılıqdan baş qatmağı
12 iyun 2014
# 10:40

Kulis.az şair Zakir Məmmədin “Tək adamın jurnal buraxması” yazısını təqdim edir.

Tənqidçi Əsəd Cahangir “Ulduz” jurnalının ilk (ilk ha!) sayını bəh-bəhlə camaata sırımaq zorunda qalmalı olub. Mən jurnalın bu nömrəsini oxumamışam və buna heç ehtiyac da görmürəm. Ona görə ki, ekspert qismində çıxış etmiş Əsəd bəy jurnalda yazılanları nöqtəbənöqtə bəyan edibdir. Ə. Cahangirin jurnalın adı gedən sayı haqqında yazdıqlarını Kulis.Az dərgisindən oxuduqdan sonra bir sıra sualların ortaya çıxdığını müəyyən etdim.

Sualın birincisi tənqidçinin bu nömrədə yer almış şair Çingiz Əlioğlunun şeiriyyatını az qala ələ düşməyən bir mətah kimi qələmə vermək istəməsidir. Əvvəla, qoy dəyərli şeir, ədəbiyyat oxucuları desinlər görək bu soxasoxda, bir-iki avam oxucunun göz qoyub oturduğu darmacalda çoxdanın yazarı olan Ç. Əlioğlunu jurnalın “birinci” nömrəsinə salmaq vacib idimi? Öz redaktorluq vəzifəsini yerinə yetirib jurnal nəşr etdiyinə görə Qulu Ağsəsi az qala qaldırıb göyün yeddinci qatına qoyan Cahangirin bu məqaləsində yaxşı bir nümunə kimi təqdim etdiyi şeir parçasına bir anlıq nəzər salaq:

Özümə çox qapandım,

Özümdən çıxmağım gəlir.

Bu qov-qaçdan can qurtarıb

Çəkilib bir kənara

Özümə baxmağım gəlir.

Dırmanıb yad eyvana

Aynanı açmağım gəlir.

O evin qısqanc kişisi

İşdi qəfil dönərsə,

Atılıb qaçmağım gəlir.

Kəndinə dön, toxta bir

Özündən çıxıb özünü

Ha axtarsan tapammassan

Daha göydən sən ulduz

Ölsən də qapammazsan.

Başını sağ aşağı,

İşdən çıxıb dön evinə.

Arvad “qreçka” gətirsin,

Tıx boğula-boğula,

Udqun sevinə-sevinə.

Şeirdən görünür ki, burada hər hansı avanqardizmdən söhbət gedə bilməz. Qeyd edək ki, Ç. Əlioğlu özü də özünü yenilikçi kimi qələmə verir. Burada əks olunan “yaradıcılıq” uzaqbaşı bikarçılıqdan başını qatmaq üçün cızma-qara edən, məsələn, bir sənaye mühəndisinin qələm məhsulu sayılmağa layiq ola bilər. Ən yaxşı halda R. Rzadan sonra belə yazılarla özünü şair adlandıranları və buna “inanları” ən zarafatcıl adam sayıram. Əgər jurnala postmodernist şeir lazımdırsa, Mehman Qaraxanoğlunu çap etsinlər, Narıngül Nadiri, Balayar Sadiqi və s. çap etsinlər. Hələ adına, imzasına az-az təsadüf etdiyimiz, tanımadığımız o qədər istedadlı gənclər var ki…

Hüquq və ədəbiyyatşünaslıq elmində hər hansı bir rəyə gəlməyin əsasında duran mühüm şərt meydanda olan fakt sayılır. Misal gətirilən şeir nümunəsində hər hansı poetik tapıntının olduğundan danışmaq mümkünsüzdür. İlk iki bənddə müəllifin nəyəsə nail olması barədə nəsə demək olsa da, sonra yazılanların müəllifliyini heç kəs özünə rəva bilməz. Şeiri udquna-udquna oxuduqdan sonra yenə suallar yaranır. Görəsən, tükü tükdən seçməyi bacaran Ə. Cahangiri bu işə vadar edən nədir?!

“Ekspertiza”nın nəticələrindən bu da görünür ki, bu jurnalı araya-ərsəyə gətirən bir kişidir ki, o da baş redaktordur. Bəs bu boyda dərgidə çalışan digər əşxas nə ilə məşğuldur? Təkrar edirəm, məlum olur ki, “bir ayda almacıq sümükləri çıxana qədər arıqlayan” Q. Ağsəsdən qeyri jurnalın hazırlanmasında bir adam əlini ağdan-qaraya vurmayıb. Bir şəxsin simasında fədakar obrazı yaratmaq çabasında qalan tənqidçinin məntiqini heç cür anlamaq olmur. Görün Azərbaycan ədibi, ziyalısı, vətəndaşı olaraq biz nəyi təqdir edirik...Yəni bu ölkədə dünyanın gediş-gəlişi birincilərin adıyla bağlıymış – bələdiyyə sədri, icra başçısı, rəis, rəis, yenə rəis. Cənab Ağsəsin bu qədər fetişləşdirilməsi, hətta ona qəzəl ithaf edilməsi bir sual da doğurur. Belə bacarığı ola-ola o, niyə bu vaxtacan, yəni əvvəlki baş redaktorun zamanında öz bildiklərini jurnalın fəaliyyətinə tətbiq etməyib. Görünür, mənim gümanım düzdür, bizdə yalnız birinci şəxslərin hökmü əsas götürülür.

# 4642 dəfə oxunub

Oxşar xəbərlər

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər