Eyv Devidson
Atəş
Bizim ölkəmizdə bir yer var, buralarda axşam “günortadan sonra” başlar. Buralarda atəşfəşanlıq ildə bir dəfə olar, 25 dekabrda. Buralarda əyalət dairə mərkəzi var. Bu əyalət dairə mərkəzinin binası ağ rəngə boyanmış böyük tikilidir. Tikilinin fasadında belə sözlər yazılıb:
CEYMS KALVİN “CEYSİ” UİLYAM
NAĞD PULLA ƏRZAQ MALLARI TİCARƏTİ
Şəhərdə iki pambıq təmizləyən maşından ən böyüyü Uilyama məxsusdur. Bu adamın avtomobil agentliyi, yaxşı bir mehmanxanası, ərzaq birjası, bir çox ticarət müəssisələri, bəzi mülkləri də var. Ancaq “bütün şəhərin bir adamın şəxsi mülkü” olduğunu güman etmək yanlış olardı. Bu şəhər, orda yaşayan bütün sakinlərə məxsusdur. Onlar isə məğrur və azad insanlardır. Ceyms Uilyamı şəhər meri seçən insanlar, indi də onun ya ştat senatorluğuna, ya da dairə məhkəməsi postuna namizədliyini irəli sürmək niyyətindədirlər. Bu iki vəzifədən birini seçməyi şəhər sakinləri Ceyms Uilyamın öhdəsinə buraxırlar. Ona görə yox ki, əksəriyyəti Uilyamın müəssisələrində işləyir, ona görə ki, şəhər sakinləri Uilyamı sevir və ona hörmət edirlər. Heç kim Uilyamın uğurlarına paxıllıq etmir. Çünki Uilyamın bu zirvələrə öz ağır zəhməti sayəsində çatmasını hamı bilir.
Cənab Uilyamın evi fəaliyyət göstərdiyi ofisin yaxınlığında yerləşir. Arvadı, iki qızı və aşpaz isə günorta yeməyinə yaxın onun üçün bir fincan qəhvə hazırlamaqdan həmişə məmnundurlar. Bununla belə, cənab Uilyam qəhvə içmək üçün adətən küçənin o biri başında yerləşən Terbifulla kafesinə gəlirdi. O səhər cənab Uilyam kafe sahibiylə söhbətləşmək üçün bir az qapının ağzında dayandı. Cənab Uilyam handan-hana kətildə əyləşdikdə, xidmətçi onun üçün qəhvə süzdü. Uilyam qəhvənin dadına baxdı, qəhvə zövqünü oxşadı.
- Belə görürəm, sənə artıq xəbər veriblər ki, mən nəyi xoşlayıram, - cənab Uilyam xidmətçiyə dedi.
- Elədir, cənab, həqiqətən bu barədə mənə deyiblər, - kişi xəfifcə gülümsünərək cavab verdi. Onun əzgin qırmızı bənizi və xeyli əyri təbəssümü vardı.
Uilyamın yanında üzündən biclik yağan və çal saçlı bir ziyarətçi əyləşdi.
- Ceysi, nə qərara gəldin, “senator” Uilyam olacaqsan, yoxsa “hakim” Uilyam?
Bu sualı verən şəxs şerif Tom Uiller idi. O yaxşı kişiydi, di gəl, təbiətcə çərənçiydi.
- Söz verirəm, bu barədə elə birinci sən biləcəksən... – Uilyam qəhvədən qurtumladı. – Amma məsələ burasındadır ki, ştat paytaxtında girələnmək istəmirəm. Axı mən köhnə kənd zəhmətkeşiyəm.
Şerif şirin süd və piroq sifariş verdi.
- Qanunvericilər iki ildən bir toplanırlar, - şerif dedi. Sonra cənab Uilyam və şerif bu məsələni müzakirə etdilər, ta o vaxta qədər ki, səhər yeməyini və içkini qurtardılar.
Uilyam qapıdan çıxdığında addımlarını yavaşıdıb, şerifdən və kafe sahibindən soruşdu:
- Bu yeni xidmətçi kimdir belə? Deyəsən, hardasa görmüşəm.
Kafe sahibi və şerif başlarını yellədilər. Kafenin o biri başında xidmətçi pendiri doğraya-doğraya oxuyurdu:
Göydə var Tanrı gözləri,
görür hər bir kəsin içini...
Kişilər gülümsədilər. Terbifull əliylə çənəsini ovuşdurdu və burnunun altında dedi:
- Məncə, bu xidmətçi bir az sadə adamdır. Ancaq yaxşı işləyir. Adı Cemmidir. Onu dünən bizim vaizimiz gətirdi.
- O, himnləri əsl mömin kimi ifa edir, - Uilyam işarə etdi. – Nəysə, hələlik.
Cənab Uilyam küçəni keçərkən həmən xidmətçiylə haradasa qarşılaşması fikrini beynindən azad edə bilmirdi.
Cənab Ceysi - hamı, o cümlədən arvadı da onu belə adlandırırdı - Kalxoun şəhərinin (daha dəqiq, qəsəbəsinin) sakini deyildi. O, bu şəhərə, yəni Kalxouna otuz il əvvəl ştatın digər bir hissəsindən, üstündə cəmi beş min dollar pulla gəlmişdi. Ceysi traktor ticarətiylə bağlı lisenziya və balaca ferma aldı. Yerli fermerlər o zamanlar hələ də qatırlardan istifadə edirdilər, ancaq Ceysi Uilyamın uğuru çoxlarını traktordan istifadə etməyə inandırdı. Uğur Ceysidən üz döndərmədi, amma böyük depressiya illərində maddi vəziyyəti çox da yaxşı deyildi.
Amma bütün bunlar keçmişdə olmuşdu, Ceysi isə nadir hallarda keçmişdən danışırdı. Kalxoun sakinlərinə Ceysinin keçmiş həyatından məlum olan o idi ki, Ceysi fermada böyüyüb və birinci dünya müharibəsində iştirak edib, hərçənd Ceysi okeanı keçənə kimi, birinci dünya müharibəsi artıq bitmişdi.
İttifaq qoşunlarının xatirəsini anma günündə təşkil edilmiş paradda Ceysi yerli veteran təşkilatının formasında cilvələnirdi. Uilyamın yeganə doğma qardaşı bir neçə il əvvəl ölmüşdü, buna görə də Uilyam onun dəfn mərasiminə getmişdi. Amma belə götürəndə, Ceysi nadir hallarda dairəni tərk edirdi.
Səhərlər Terbifullda bir fincan qəhvə içib, xidmətçiyə baxarkən, xidmətçinin mahnı oxumasını dinlərkən, xatirələrinin zəif, amma inadlı əks-sədaları onu narahat edirdi. Xidmətçi oxuyurdu:
İlahi, yeganə rahibim mənim,
Evə dönməyimə xeyir-dua ver.
Yaşıl vadilərə götür sən məni,
Orda ürəyimə rahatlıq gələr...
Bir dəfə həmin xidmətçi Cemmi özünə xas əyri-üyrü gülüşüylə qəhvə dəmləyərkən, Ceysiyə müraciət etdi.
- Cənab Uilyam, sizin qızlarınız bu gün səhər mənə mələk kimi göründülər, Üçbulağa gedən avtobusa əyləşərkən. Yəqin qızlarınız sizinlə çox fəxr edirlər. Axı onların atasını hökmən böyük rəis təyin edəcəklər.
Ceysi belə qərara gəlmişdi ki, cənab Uilyam dairə hakimi vəzifəsinə namizəd olacaq. Ceysinin dostları da yarızarafat-yarıciddi deyirdilər ki, Harri Trumen də senator olmamışdan əvvəl dairə hakimi idi, hələ onun yüksək nailiyyətlər əldə etməsi barədə heç danışmırıq.
- Mən də onlarla fəxr edirəm, - Ceysi gülümsünərək razılaşdı, gözlərini utanaraq yerə dikmiş xidmətçini baxışlarıyla nəzərdən keçirib, soruşdu: - Cemmi, sən boksla məşğul deyilsən?
Xidmətçi öskürdü və cənab Uilyamın sualına şirin süd stəkanını masaya qoyan şerif Uiler cavab verdi.
- Cemminin üzündəki izlər boksçulardan qalmayıb, - şerif məsələyə aydınlıq gətirdi. – Bunu ştat türməsində çalışan mühafizəçilər ediblər, düzdürmü?
Xidmətçi razılıq əlaməti olaraq, başını əydi. Üzündəki təbəssüm dəyişməmişdi.
- O zamanlar özümü “ağır oğlan” kimi göstərirdim, amma heç demə, polislər məndən də “ağırmışlar”, - Cemmi bunları deyib gülümsədi, sanki yaxşı bir zarafatı xatırladı.
- Cemmini vaxtından əvvəl azad edən qoca qobernator Anstruter olub, - şerif sözünə davam etdi. – İşdən çıxarma səbəbi kimi isə Cemminin türmədəki böyük yanğının söndürülməsinə yardım etməsi göstərilib...
Ceysi başıyla işarə edərək, həmin böyük yanğını xatırladığını bildirdi.
- Demək, Cemmi həm türmədəki böyük yanğının söndürülməsinə yardım etdiyinə görə, həm də tüstünün təsirindən yaddaşını itirmiş üç mühafizəçini yanğının cəngindən xilas etdiyinə görə azadlığa buraxılıb, - şerif fikrini yekunlaşdırdı.
Uilyam yenə razılıq əlaməti olaraq başını tərpətdi.
- Elə yəqin buna görə sənin sifətin mənə tanışdır, - cənab Uilyam, nəhayət, Cemmiyə dedi. – Ola bilsin, yanğın barədə qəzet səhifələrində yazılanları oxuyarkən, fotonu görmüşəm.
- Cavanlıqda mən çox şuluq idim, - keçmiş məhbus laqeyd-laqeyd dedi və gözlərində qəribə bir qığılcım sezildi. – Əgər o zamanlar evlənsəydim, həyata ciddi yanaşsaydım, indi mənim lap elə sizin ailəniz kimi ailəm olardı, cənab Ceysi.
Xidmətçi ilə Ceysinin baxışları toqquşdu və keçmişdə məhbus olmuş xidmətçi fikirlərinə davam etdi:
- Əlbəttə, əgər mən əvvəl evlənsəydim, sonra isə bədbəxtliyə düçar olsaydım, övladlarım məndən utanardılar… Ancaq, cənab Ceysi, sizin övladlarınızın sizə görə utanmalarına heç bir səbəb yoxdur.
Küçəylə gedərkən, Ceysi Uilyam anlaşılmaz maraqla şerifdən soruşdu ki, Cemmi məhz nəyə görə türməyə düşdü.
Şerif bir anlıq fikrə dalıb dedi:
- Cemmi mənə deyirdi ki, türmədən qaçmağa çalışıb, elə buna görə də təzədən iş alıb... Uilyam, sən əvvəllər nədən türməyə düşməsini soruşursan? Səhv etmirəmsə, kimisə güllələmişdi. - Şerif başını Uilyama tərəf çevirdi. – Sənin əslin-kökün Krukşenk dairəsindəndir, deyilmi? – Uilyam razılıq əlaməti olaraq başını yellədi. – Bax, bu güllələnmə hadisəsi də elə Krukşenkdə olub. İyirminci illərin əvvəllərində. Onun tam adı... Hə, yadıma düşdü, Ceyms Bakston, dəqiq beləydi adı. Onun barəsində nəsə eşitmisən?
Cənab Ceysinin arvadı xanım Lizzi heç zaman ərinə evdə spirtli içki şüşəsi saxlamağa qadağa qoymurdu. “Qoy heç olmasa içdiyinin bir qədərini mənim gözlərim qarşısında içsin”, - xanım Lizzi deyirdi. Söhbət ondan getmir ki, cənab Uilyam evdə və ya başqa bir yerdə daha çox içirdi. Amma Lizzi hər şeyi şişirtməyə meylli idi. Həmin axşam, bir adət olaraq ailənin başçısı cənab Uilyam yatmazdan yarım saat əvvəl su ilə qarışdıraraq bir stəkan viski içmişdi. Öz sevimli kreslosunda oturaraq, yavaş-yavaş qurtumlayırdı.
Krukşenk dairəsi. Fermer diyarı? Yox, otda torpaq tükənir artıq, yağış suları yuyub aparır. Bəlkə ağac tədarükləri diyarı? Ancaq bütün ağaclar, demək olar, kəsilib-doğranmışdı, yeni ağaclar isə əkilməmişdi. Kasıb yer idi. Kasadlıq dövrüydü. Ceyms Bakston? Hə, Uilyam bu adamı xatırlayırdı. Bakston yol idarəsini soyaraq maaşları götürmüşdü. Bakstonu təqib etmişdilər, o, isə onu təqib edənlərdən birini yaralamışdı. Amma ölümcül yox. Sonra cinayətkar yox oldu və dedi-qodular yayıldı. Belə şayiələr dolaşırdı ki, Bakston yerli banklara basqın edənlərlə əlbirdir və digər soyğunlarda da əli var. Şayiələrdən biri də, yeri gəlmişkən, şəhərdə fəaliyyət göstərən yeganə taxta zavoduna aid idi. Bütün bu şayiələr sonradan yalan çıxsa da, amma öz işini gördü. Bakstonun tutulması müqabilində beş min dollar pul vəd olundu. Və belə oldu ki, bu pulu alan Ceyms K. Uilyam oldu.
Toddi şərabından bir stəkan da içən Ceysi özüyçün yeni porsiya qarışdırdı, bu dəfə az su qatdı. Üstündən otuz il ötməsinə baxmayaraq, bir nəfər də olsun heç zaman Ceysinin yanında Bakstonun işindən bəhs etməmişdi. Heç kim Bakstonun işindən məlumatlı deyildi, çünki hadisə ştatın ucqarında olmuşdu. Heç kim də təsəvvürünə gətirə bilməzdi ki, Ceysi Uilyamın “uğur”unun səbəbi, Bakstonun hakimiyyət orqanlarına təhvil verilməsi müqabilində aldığı pul olub. Amma indi belə bir təhlükə, hətta təhdid vardı ki, tezliklə hamı bu barədə xəbər tuta bilər.
Ceysi otuz il əvvəlki cavan oğlanın üz cizgilərini xatırlayaraq, Terbifulla kafesinin xidmətçisinin simasıyla tutuşdurmağa çalışdı. Amma zəifləmiş yaddaşı Ceysiyə yalnız onu deyirdi ki, bu xidmətçini bir zamanlar haradasa görüb. Son dəfə Ceyms Bakstonu nə zaman yada saldığını da xatırlaya bilmirdi. Elə hərəkətlər olur ki, vicdan adamı daima həmin hərəkətə dair xatirələrə qapılmağa vadar edir. Amma bu hərəkət belə deyildi axı. Ceysi mükafat aldı, pullanıb Kalxouna gəldi, sonra səylə işlədi, evləndi, ailə sahibi oldu... Heç başını qaşımağa da vaxtı yox idi, o ki ola olub-keçənləri xatırlamaq...
“Yəqin qızlarınız sizinlə çox fəxr edirlər...” Bakston cənab Uilyama belə demişdi. “Amma, cənab Ceysi, sizin övladlarınızın isə atalarına görə utanmalarına heç bir səbəb yoxdur”. Bu sözləri deyərkən, Bakstonun necə qəribə gözləri vardı. Cənab Uilyam fikrə daldı. Qorxudan üşəndi.
Bakstonun fikri nədir? Niyə məhz bura gəldi? Bu təsadüfə bənzəmir. Bəlkə məndən pul tələb etmək istəyir? Bəlkə türmədə itirdiyi illərə görə, orda döyülməsinə görə, uzun illər dəmir barmaqlıqlar arasında heyvan kimi yaşadığına görə məni şantaj etmək istəyir? Bəlkə onun qisası müəyyən formada olacaq? Zorakılıq. Qaranlıq gecədə atəş. Ceysinin ağlına gələn fikirdən stəkana yapışmış barmaqları əsdi. Bakston ona qızlarını xatırlatdı. Özü də iki dəfə xatırlatdı. Bəlkə qızlarına nəsə etmək istəyir? Bəs yaxşı, əgər etmək istəyirsə, nə edə bilər, məsələn? Ümumiyyətlə, necə cavab verə bilər? Cənab Uilyam düşündü ki, bu barədə şerifə məlumat verməlidir. Hakimiyyətdən kömək istəməlidir. Kreslodan qalxdı. Elə qalxdığı kimi də yenə əyləşdi.
Əgər şeriflə bu barədə söhbət etsə, onda bütün olub-keçənləri danışmalı olacaq. Bakston şərti azadlıqda deyil, amnistiya ilə azadlığa çıxıb. Heç kimi açıq-açığına hədələməyib, qanunu da pozmayıb. Şerif də elə buna görə təəccüblənib deyəcək ki: “Anlamıram, Ceysi, nədən Bakston səninlə və ya sənin qızlarınla hesablaşmaq istəsin ki?!”
Cənab Uilyam da məcbur qalıb şerifə deyəcək ki, otuz il əvvəl Krukşenk dairəsinin şerifiylə səninlə indi danışdığım kimi danışdım və ona dedim ki, Ceyms öz dayısının anbarında gizlənib. Bunu xəbər edəndən sonra, şerif Lonstof üç köməkçisi ilə birlikdə həmin anbara getdilər və Bakstonu heç bir müqavimətsiz-filansız həbs etdilər, sonra isə mühakimə edib iş verdilər, mənsə qanunla nəzərdə tutulmuş beş min dollarımı aldım.
Əgər bu barədə cənab Uilyam şerif Tom Uilerə xəbər versə, onda öz təhlükəsizliyini təmin edə bilər. Bununla da qorxmasına gərək qalmaz. Həm də siyasi karyerasına və şəhərdə hörmətli adam olmasına da zərbə gəlməz.
Axı Ceysi eyni şəhərdə yaşadığı adamları tanıyırdı. Heç kim onun üzünə günahkar olduğunu deməyəcək, heç kim onu ittiham edib, üzünə tüpürməyəcək. Ancaq bundan belə heç kim onun əlini sıxmayacaq, onun üzünə gülümsəməyəcək, onunla kəlmə də kəsməyəcək, ondan nəsə ummayacaq və məsləhət-filan da istəməyəcək.
Bir də şəhər sakinləri çox güman, Ceysiyə heç vaxt səs verməyəcəklər . Cənab Uilyam şəhər sakinlərinin mühakiməsini xəyalında canlandırırdı. Şəhər sakinlərinin ona nələri söyləyəcəklərini gözünün qabağına gətirirdi.
Ceyms Kalvin Uilyam kimisə qətlə yetirsəydi və ya arvadına xəyanət etsəydi, bəlkə də şəhər sakinləri onu bağışlayardılar və ya sadəcə görməzliyə vurardılar.
Əgər dərinə gedəsi olsaq, hamımız günahkarıq.
Ancaq adamlar biləndə ki, Ceyms Uilyam çuğulluq müqabilində pul alıb, bağışlama olmayacaq. Heç ola da bilməz.
Mən sadə adamam. Bu, belədir. Amma heç zaman yaxınımı pula satmamışam.
Ceysi gözlərini divar saatına zillədi və beynində dolaşan qarmaqarışıq fikirlər qeybə çəkildi. Arvadını çağırdı. Belə vaxtlarda arvadı mətbəxdə özünə bir stəkan isti şirin süd hazırlayırdı ki, hər axşam “İncil”də özünə lazım ayələri oxuyarkən qurtumlasın.
- Lizzi! – cənab Uilyam arvadını səslədi. – Qızlarımız hardadır? Məgər indiyədək gəlməyiblər?
Xanım Lizzi nəsə cavab verdi, amma cənab Uilyam arvadının nə dediklərini eşitmədi. Sonra cənab Uilyam qapıya yaxınlaşdı. Lizzi gecə köynəyində idi. Saçlarında biqudi vardı.
- ...qızlarımız gec gələcəklər, - xanım Lizzi ərinə dedi.
Uilyam əlindəki stəkanı taqqıltıyla masaya endirib, ayağa qalxdı.
- Necə yəni “gec gələcəklər”? – Uilyam inadla arvadından soruşdu.
Xanım Lizzi dodaqlarını zarafatyana tənəylə sıxıb, ərinə baxdı və başını yellədi.
- Ceysi, bilmirəm, evə gələndən sonra sənin fikirlərin haralarda dolaşır. Məncə, dediklərimdən heç nə anlamadın, buna görə də məcburam təkrarlayam: qızlarımız Üçbulağa yola düşdülər. Orda məktəblilərin payız bayramı keçiriləcək. Özü də şəhərimizin çoxlu sayda oğlanları və qızlarıyla birlikdə gediblər. – Xanım Lizzi qaşqabağını salladı. – Niyə acıqlandığını anlaya bilmirəm. Narahatlığa heç bir əsas yoxdur. Bizim keşişimiz, müqəddəs Pauell...
“Keşiş” kəlməsi Ceysinin beynində həyəcan siqnalı kimi səsləndi və nəyə görə həyəcanlandığını qeyri-ixtiyari olaraq özünə sual elədi. Nəyə görə pambıqtəmizləyən maşının yanında yerləşən rəngsiz balaca kilsə keşişin xatırladılması onun qorxusuna səbəb oldu?
Cənab Uilyamın fikrə daldığı zaman kəsiyində xanım Lizzi ərinə diqqətlə baxaraq fikrinə davam edirdi:
- Keşiş gecə vaxtı cavanlarla birgə dairənin yarısını kəsib keçməyə qarşıydı. Pauell bunu nalayiq və təhlükəsiz hesab edir, axı uşaqlardan bəziləri musiqi avtomatı olan restorana və ya bir Allah bilir, hara gedib çıxarlar. Düzdür, mən eşitmişdim ki, oğlanların çoxu bundan çox da razı deyildilər, amma...
Ceysinin beyninə nəsə toxundu. Onda nəyəsə əminlik hissi və qorxu hiss onu bürüdü.
- Lizzi, de görüm avtobus sürücüsü kimdir? – Həm Ceysi, həm də arvadı yaxşı bilirdilər ki, məktəb sürücüsü yerli elektrik stansiyasında saat altıdan gecə yarısınadək qısa növbədə işləyirlər.
- Nə olub ki? – Lizzi acıqlı-acıqlı soruşdu.
- Avtobus sürücüsü kimdir? – Uilyam təkidlə soruşdu.
Lizzi heyrət dolu baxışlarla başını yırğaladı, dodaqlarını yaladı.
- Həmin o qırmızısifət oğlandır sürücü. Adı necəydi onun? Keşiş deyirdin... özün demişdin axı, de görüm adı nəydi onun. Sən tanımalısan axı onu, Terbifullada çalışır. Sifətində çapıq izləri var...
Ər-arvad şerifin ofisində idilər, bir-birinin üzünə baxırdılar, gah üzlərini çevirirdilər, gah Mərkəzi Kəşfiyyat İdarəsinin masa üzərindəki vərəqlərini gözdən keçirirdilər, ləğv edilmə barədə rəsmi xəbərdarlıq olmadığından şerif bu vərəqləri atmamışdı.
- Lənət şeytana, - onuncu cəhddən sonra şerif üz ifadəsini xeyli dərəcədə yumşaldıb xanım Uilyama və müqəddəs Pauellə hörmət əlaməti olaraq dedi.
Uzun illər şeytanla mübarizədən yorulmuş və insanın şeytan üzərində qələbəsinə əmin olan arıq keşiş dediklərini dəfələrlə təkrar-təkrar söyləyirdi.
- Qardaşım Uilyam və bacım Uilyam. Sizin yerinizdə olsaydım, belə narahatlıq keçirməzdim. Mən qətiyyən şübhə etmirəm ki, qardaş Bakston, keçmişdə olub-keçənlərə baxmayaraq....
Ceysi qəflətən arxaya dönüb, pəncərəyə yaxınlaşdı və günəşin parlaq şəfəqlərindən qorunmaq üçün əllərinin ardını şüşəyə sıxdı, küçəyə baxdı.
- ...indi o, əsl xristiandır. Mən narahat olmazdım buna görə.
- Özü də qızlarımız tək deyil axı, - Lizzi əlavə etdi. – Yuxarı siniflərdən olan şagirdlər ona imkan verməzlər pis hərəkət etsin, o şagirdlər...
- Şagirdlər macal tapa bilməzlər qabağını almağa, - cənab Uilyam qəflətən arvadına tərəf çevrilib dedi.
Rəngi qaçmışdı, amma özünü ələ aldı və sözünə davam etdi: - Oğlan aradan çıxa da bilər. – Gözlənilmədən Uilyam arvadını qucaqladı. – Aman Tanrım, qoy o, mənimlə nə edir etsin, bircə qızlarımıza toxunmasın!
- Sizin əməkdaşlarınıza nə qədər vaxt lazımdır ki, avtobusa çatsınlar və əməkdaşlardan biri avtobusa keçə bilsin? – keşiş şerifdən soruşdu.
Saata baxan şerif ağzını açıb keşişin sualını cavablandırmaq istəyirdi ki, birdən telefon zəng çaldı. O, telefon dəstəyini qulağına dayadı, əlləri üzündə qaldı. Uilyama baxaraq, qəflətən, çox cəld bir şəkildə çevrildi. Sonra sakit səslə nəsə soruşdu və dedi ki, bu dəqiqə gəlir.
Hamı şerifi mühasirəyə alıb, sualları yağdırdılar, şerif isə başını yelləyərək, onu sual atəşinə tutanları ofisdən çıxararaq söz verdi ki, yolda hər şeyi danışacaq.
Qaranlıq gecəydi. Yolda demək olar ki maşın gözə dəymirdi. Buna görə də şerifin avtomobili yolda heç bir əngəllə üzləşmədən rahat gedirdi.
- Zəng edən adam “qız” dedi, yoxsa “qızlar”? – Ceysi narahat halda soruşdu. Arvadı başını ərinin çiyini üstünə qoyub ağlayırdı.
- Deyəsən, bir qız barədə dedilər, - şerid Tom Uiler cavab verdi. – Mən sual-cavaba vaxt sərf etmək istəmədim. O, dedi ki, məktəb avtobusu onun yanacaqdoldurma stansiyasında dayanıb və hamı onun üstünə qışqırıb-bağırıb, guya qızlardan biri güllələnib, sürücü isə oğlanlardan biri ilə dalaşıb, - vəssalam.
Keşiş dərindən köksünü ötürdü.
- Mən yenə də onun barəsində pis düşünə bilmərəm. İnanmıram o edib.
- İmkan verin, bu barədə mən danışım. Mənim günahlarım qabağıma çıxdı,
- Uilyam asta səslə dedi. – Qaçağı satma – İncildə belə deyilir, elə deyilmi? Səninlə işim yoxdur, Tom. Sən öz işini görməlisən. Mənsə puldan ötrü müqəddəs qanunu pozdum. Elə sanırdım ki, uğur qazanmışam. Mən həmin şəxsin harda gizləndiyini bilirdim, onu da bilirdim ki, beş min dollar pulu başqa yerdən heç vaxt qazanmaq imkanım olmayacaq. Elə satqınlıq edib, onu tutdurandan sonra, belə bir adamın dünyada olmasını tamamilə unutdum. Heç onun türmədə hansı əzabları yaşamasını, hansı iztirablara dözməsini, türmədə çürüməsini də düşünmürdüm...
Nəhayət, onlar hadisə yerinə çatdılar.
Şagirdlər məktəb avtobusunun başına toplaşmışdılar. Sakitcə durub, biri-biriləriylə söhbət edirdilər. Üçbulaqdan gələn köməkçilərdən biri tələsik maşından çıxan adamlara tərəf yönəldi.
- Xoşbəxtlikdən, ciddi bir şey olmayıb, - o, dedi. – Güllə azacıq sıyırıb çiynini. Ancaq qız, demək olar ki, şokdaydı, çılğındı, buna görə də...
- Hansı qız? – Ceysi baxışlarıyla şagirdləri nəzərdən keçirərək soruşdu
- Qreys, yoxsa Ellen? – xanım Lizzi səsi titrəyərək soruşdu.
Şerif köməkçisinin üzü heyrətdən qırışdı.
- Yox, əşi, deyəsən adı Nensidir. Nensi Fenşou. Mən onu geriyə, Üçbulağa qaytardım həkimin maşınında... Gedək stansiyaya, şerif.
Şerif öz köməkçiləriylə birliklə getdi. Keşiş onların da ardınca düşdü.
- Ata! Sən burda nə gəzirsən?
- Bir bax, Qreys! Anan da burdadır!
Elə buradaca Ceysi təmkinini qoruyub saxlaya bilmədi, qızlarını sinəsinə sıxdı, hıçqırdı, Lizzi isə tələm-tələsik onlara vəziyyəti başa saldı. Qapıda köməkçi peyda oldu və Ceysini içəriyə dəvət etdi.
Balaca ofisdə Bakston, şerif və keşiş, iki yuxarı sinif şagirdi, yanacaqdoldurma məntəqəsinin sahibi və Uilyamın köməkçisi vardı. Bakstonun əzgin siması olduğu kimiydi. Bakston gözlərini qaldırarkən Uilyamı gördü. Başıyla işarə etdi yavaşca.
- Mən onu yaralamaq istəmirdim, - uşaqlardan biri izah etdi. – Sadəcə. özümlə tapança götürmüşdüm. – Uşaq fişəng raketləri qutusundakı silaha işarə etdi. Bu, görüşüncə revolverə bənzəyən balaca oyuncaq idi. Sədəfli lövhənin bir tərəfi çatlaq-çatlaq olmuşdu.
Mən onu elə-belə, pəncərədən atəş açmaq üçün götürmüşdüm... - Gözlənilmədən oğlan nəsə xatırladı. – O, mənim atama məxsusdur. Əgər atam bundan xəbər tutsa, məni döyəcək. – Şagird başını aşağı saldı və ağladı.
Keşiş ürəksizcəsinə yaxınlaşdı, ovcunu oğlanın başına çəkdi və onun qulağına nəsə pıçıldamaq üçün əyildi. Birdən solğun bənizli, dodaqları ağappaq ağarmış və üzünü “tapançanı elə-belə götürmüş” şagirddən çəkməyən başqa oğlan danışdı.
- Əgər Nensinin başına bir iş gəlsə... – O, irəli yeridi, Cemmi Bakston əlini dəfedici şəkildə onun sinəsinə dayadı. – Əgər o, ağır yaralıdırsa...
- Heç bir narahatlıq yoxdur, - Bakston onu sakitləşdirdi.
- Əgər o, ölsə...
- Boş şeydir, səhər tezdən səhər yeməyinə bir neçə yumurta yeyəcək, - Bakston dedi.
- Əgər Nensinin başına bir iş gəlsə, səni öldürəcəm. And içirəm, öldürəcəm. Lap əgər buna on il vaxt sərf edəsi olsam belə.
- Mən sadəcə əylənmək üçün onları qorxutmaq istəyirdim. Öz tapançamı çıxartdım, qəflətən avtobusun təkərləri çalaya düşdü və tapançadan atəş açıldı...
- Qoy məni assınlar və ya ömürlük türməyə salsınlar, mən səni tapacam, bunu bil...
Bakston çevrildi, Nensinin dostuyla üz-üzə durdu. Barmaqlarıyla onun çiyninə toxundu. Gənc oğlan səksəndi, hədələdiyi oğlandan gözlərini çəkdi və Bakstona gözlərini zillədi.
- Bax, sən türmədən danışırsan, - Bakston dedi. – Deyirsən, kimisə tapacaqsan. Ancaq sən heç vaxt türmədə olmamısan, mənsə olmuşam. Mən iki türmədə və üç türmə fermasında olmuşam. Mən səndən yaşca bir az böyük olanda pis hərəkət etmişdim və etdiyim hərəkətin cəzası olaraq türməyə düşmüşdüm.
Oğlan susdu. Bayırdan şagirdlərin səsləri eşidilirdi, amma otaqda susqunluq hökm sürürdü. Bakston davam etdi:
- Ancaq bir fikir mənə həmişə əzab verirdi. Hətta məni dəli edirdi. Niyə məni tutdular? Mənim elə də yaxşı tanımadığım, ancaq uşaqlıq illərindən tanış olduğumuz birisi məni mükafata görə hakimiyyət orqanlarına təslim etdi. Puldan ötrü satdı məni.
Ceysi şeirifin baxışlarını tutdu və öskürdü.
- Cemmi...
Keçmiş məhbus Uilyama fikir vermədi və barmaqlarını yumşaltmadı. Oğlan büzüşdü, amma etiraz etmədi.
- Hər dəfə məni türmədə döyəndə - özü də məni, atasını döyəcəyi bu uşaq kimi döymürdülər, latun pərçimlənmiş böyük dəri qayışla döyürdülər – mən elə həmin anlarda da məni işverənlik edib türməyə salan o adam barəsində düşünürdüm. Gecə-gündüz o çuğulun haqqında düşünürdüm. Sən elə indicə o oğlana “çatmaq” istəyirsən, ancaq ilbəil qisas hissiylə yaşamağın nə olduğunu bilmirsən. Mən türmədən qaçmaq istəyirdim. Məni tutdular. Yenə iş verdilər. Gecə-gündüz məni satan adama eyni cür cavab vermək barədə düşünürdüm. Bu ağır əzablardan usanırdım. Günlərin birində anladım ki, dözə bilməyəcəm. Onda mən bu yükü çiynimdən atdım. Mən dinə-imana gələndə bəzi məhbuslar mənə gülürdülər. Qoy gülsünlər. Mən məhbəsdə qalsam da, özümü azad sayırdım. Məni satan adamı bağışladım və ağrı dərhal məni tərk etdi.
Gözlənilmədən Bakston sanki oyandı. Gülümsədi və barmaqlarını boşaltdı. Oğlan rahat nəfəs aldı. Yanaqları çəhrayılaşdı və qarşılığında gülümsədi. Bakston digərlərinə çevrildi.
- Mən kimi görürəm! Keşiş... şerif... cənab Ceysi...
- Uşaqları təzədən şəhərə aparmaq lazımdır, - şerif dedi. – Valideynlərinin yəqin axtarmadıqları yer qalmayıb.
- Cemmi, - Uilyam dedi.
- Bəli, cənab Ceysi?
- Səni türməyə saldıran adamın...
- Onun adı nəydi? – oğlan çiynini ova-ova qəflətən cənab Ceysinin əvəzindən onun sözünü tamamladı. Bakstonun simasında karıxmış ifadə yarandı, sonra yenə gülümsədi.
- Bilmirəm, - keşiş şən səslə cavab verdi. – Adını xatırlamıram. – Baxışları dolaşdı. – Mən qisas hissini içimdən çıxarıb atmışam, bir daha o hisslərə qayıtmaq istəməzdim. – Bakston bu sözləri deyib qaranlığa qarışdı. – Hamı avtobusa! – bayırdan onun səsi eşidildi. – Hamı cəld avtobusa!
- Gedək, - şerif Ceysiyə baxmaqdan çəkinirmiş kimi dedi. Oğlanlar otağı tərk etdilər. – Deyəsən, siz, cənab Uilyam və missis Lizzi, qızlarınızla birlikdə avtobusa əyləşmək istəyirsiniz – Uiler əlavə etdi. – Lütfən... mənim maşınımda yer yoxdur artıq.
Hamı ofisi tərk etdi.
- Nə demişdimsə, hamısını unut getsin, bu axmaq bir zarafat idi, - uşaqlardan biri digərinə dedi.
Otağı ən son tərk edən şəxs Uilyam oldu. Onun çiyinlərini sallanmışdı. O, çox yorğun görünürdü, sanki çiynində ağır bir yük daşıyırmış kimi asta-asta gedirdi...