“Anar Zaura oxşayır, Sabir Əhmədli Laçına”

“Anar Zaura oxşayır, Sabir Əhmədli Laçına”
10 yanvar 2013
# 14:37

Yaqut Sabirqızı

Bu gün Azərbaycanda hər sahədə - siyasi, iqtisadi, hərbi sahədə böyük inkişaf var. Lakin bir sahə axsayır. Mənəvi sahə. Bu gün Azərbaycan insanının mənəvi dünyası - Azərbaycan xalqının əsrlərlə ürəyinin dərinliklərində qoruyub saxladığı mənəvi dəyərlər pozulmaq üzrədir. Çox təəssüf ki, bütövlükdə mədəniyyətimizə böyük diqqət yetirildiyi halda, Azərbaycan insanının, vətəndaşının daxili, ruhi-mənəvi aləminə fikir verilmir və bu dəyərlər aşınmaq üzrədir. Bu sahəyə məsul olan insanlar isə bu prosesi uzaqdan bir seyrçi kimi izləyir, bu barədə barmağı-barmağın üstünə belə qoymaq istəmirlər...

Bu günlərdə Xalq yazıçısı Anarın Kulis.az saytının baş redaktoru Qan Turalıya verdiyi müsahibəni mən də oxudum. Və o yazıda bir sıra razılaşdığım və yaxud da razılaşmadığım məqamlarla yanaşı, Anarın Xalq yazıçısı Sabir Əhmədli haqqında dediyi fikirlərlə də tanış oldum. Və düşündüm. Uzun illərdən bəri gənc yazarların və Azərbaycan ədəbi mühitinin böyük bir hissəsinin Anarı qəbul etməməyinin səbəbi nədir?...

Elə onun bu müsahibəsində Xalq yazıçısı Sabir Əhmədli haqqında dediyi sözlərə nəzər salaq. O deyir ki, Sabir Əhmədlini “Ədəbiyyat qəzeti”nə redaktor mən təyin etdim. Bu, bir qədər yuxarıdan və mənəm-mənəmliklə deyilmiş ifadələr deyilmi? Sabir Əhmədli “Ədəbiyyat qəzeti”nə təyin olunanda 30 yaşı vardı ki, siz onu “Ədəbiyyat qəzeti”nə baş redaktor təyin edirdiniz?

Sabir Əhmədli “Ədəbiyyat qəzeti”nə baş redaktor təyin olunanda Anardan fərqli olaraq Xalq yazıçısı idi. Otuz altı il idi ki, “Ədəbiyyat qəzeti”ndə çalışırdı. Və siz onu Xalq şairi Cabir Novruzdan sonra əlacsız qalıb, qəzetə baş redaktor təyin etmişdiniz. Çünki bir dəfə o vaxtlar, yəni Cabir Novruzun redaktorluğundan əvvəl Mərkəzi Komitənin şöbə müdiri vəzifəsində çalışan və Sabir Əhmədlinin yaxın dostu və tərcüməçisi olan Azər Mustafazadənin yanında Sabir Əhmədlinin redaktor olmaq məsələsi müzakirə ediləndə, ilk növbədə Azər Mustafazadə bu məsələyə etiraz etmiş, Sabir Əhmədlinin xaraktercə mürəkkəb adam olduğunu və başqa sözlə desək, şəxsiyyət olduğunu bildiyi üçün, onun bu qəzetə başçılıq etməsinə razılıq verməmişdi və hətta, demişdi: “ Bir də gördün Sabir etiraz əlaməti olaraq, qəzetin bir nömrəsini ağ buraxdı”.

Bütün bunları, bu mühiti siz də gözəl bilirdiniz. Sizin isə Sabir Əhmədlinin qəzetə redaktor olmasına razılıq vermənizin bir neçə səbəbi var idi. Qəzet dövlət büdcəsindən maliyyələşmirdi. Qəzeti Sabir Əhmədli şəxsi nüfuzu və Yazıçılar Birliyinin verdiyi qəpik-quruş hesabına çap etdirməli idi. Bununla da siz ilk baxışda guya Sabir Əhmədliyə jest edir, əslində isə onu mürəkkəb problemlərlə üz-üzə qoyurdunuz. Ən əsası isə o dövrdə siz qəzetin başında müəyyən dairələrdə böyük hörmətə malik olan və güclü bir şəxsiyyətin olmasını istəyirdiniz... Bütün bunlar idi Sabir Əhmədlini 1993-1996-cı illərdə “Ədəbiyyat qəzeti”nin baş redaktorluğuna gətirib çıxaran amillər.

İndi isə siz bunu, bütün bu amilləri öz adınıza yazaraq, sanki bir gənc yazıçını vəzifəyə təyin edər kimi danışır və öz təşəbbüsünüz kimi qələmə verib, Xalq yazıçısının boynuna minnət qoyursunuz. Siz Sabir Əhmədlini qəzetə redaktor təyin edərkən, bəlkə də, Sabir Əhmədlini də idarə edəcəyinizi düşünmüşdünüz. Lakin bu alınmadı. Siz və sizin kimi bir çoxları öz təsəvvürlərində yanıldılar. Sabir Əhmədli ən yüksək səviyyələrdə gələn bütün sifarişlərə baxmayaraq, kiminsə atası, anası və özü haqqında səhifə-səhifə yazılar çap etmədi. 1993-1996-cı illərdə Sabir Əhmədlinin baş redaktorluğuyla çap olunan “Ədəbiyyat qəzeti” əsl döyüşkən ədəbi orqana, ədəbiyyat qəzetinə çevrildi. Çünki bu illərdə Qarabağ mövzusu, cəmiyyətin ictimai-siyasi ab-havası məhz bu qəzetdə öz bədii əksini tapırdı. Bütün bunlar isə artıq sizə və bəzi dairələrə sərf etmir və Sabir Əhmədlinin baş redaktorluqdan getməsi üçün səbəbə çevrilirdi. Belə bir nəticə üçün isə kollektivdən istifadə etmək ən sadə yol idi. “Ədəbiyyat qəzeti”nin kollektivi isə öz ideal və amallarında Sabir Əhmədli qədər mübariz deyildilər.

Bu baxımdan, Sabir Əhmədli də daha çox cavanlara söykənir, onların istedadlarından istifadə etməyə çalışırdı. Siz isə bütün bunları qısqanclıqla qarşılayır, gənclərin Sabir Əhmədlinin ətrafında toplanmasını həzm edə bilmirdiniz. Bu mənada, sizin Sabir Əhmədli haqqında dediyiniz “vəzifə insanı dəyişir” ifadəniz olduqca gülüncdür. Çünki vəzifə Sabir Əhmədlini dəyişə bilmədi. Sabir Əhmədli isə vəzifəni dəyişib, onun əslində nə olduğunu ictimaiyyətə başa saldı. Bu isə təbii ki, vəzifədən başqa şəkildə istifadə edən insanların xoşuna gəlməzdi.

Mükafatlar komissiyasının sədrliyinə gəldikdə isə, bəli, siz Sabir Əhmədlini Yazıçılar İttifaqında fəaliyyət göstərən M.F.Axundov adına mükafata sədr təyin etdiniz. Bəs, bu mükafatın sonrakı aqibəti necə oldu? Yadınıza salmaq istəyirəm ki, Sabir Əhmədlinin rəhbərliyi ilə bu mükafat yalnız bircə dəfə təqdim olundu. Çünki bu mükafatın təqdim olunma prinsiplərindən danışarkən, Sabir Əhmədli elə mükafatın təsis yığıncağında bu mükafatın idarə heyətinin və Yazıçılar Birliyinin Rəyasət Heyətinin üzvlərindən heç kimə verilməyəcəyini söyləmişdi. Məhz buna görə də, bu mükafatın sonrakı taleyi demək olar ki, baş tutmadı.

Sabir Əhmədlinin Fəxri Xiyabanda dəfn olunmaq məsələsinə gəldikdə isə qeyd etmək istəyirəm ki, axır zamanlar bu məsələ mətbuatda daha çox söz oyununa çevrilib. Ümumiyyətlə, maraqlıdır ki, Sabir Əhmədlinin vəfatından bir neçə il keçməsinə baxmayaraq, kimsə hansı dairələrdənsə narazı düşdükdə, Sabir Əhmədlinin həyatının bu və ya digər məqamlarını üzünə pərdə tutaraq, sözünü deməyə çalışır. Bu isə təbii ki, ailə üzvlərinin və övladlarının o qədər də rəğbətlə qarşılamadığı bir hadisədir. Çünki bu barədə yazı yazan ziyalılarımızın səmimiyyətlə deyil, müxtəlif məqsədlərlə bu məsələlərə toxunduğu açıq-aşkar hiss olunur. Bu mənada, həqiqətən də, siz də Sabir Əhmədlinin Fəxri Xiyabanda dəfn olunması üçün müəyyən səylər göstərdiniz. Lakin bununla belə onun yas məclisində iştirak etməyib, gizli şəkildə məzarı üstünə getdikdən sonra, mətbuatda bu faktı işıqlandırdınız. Bax, budur yazıçılarımızın, ziyalılarımızın mənəvi dünyası.

Bütün bunlardan sonra isə düşünürəm. Doğrudan da bədii yaradıcılıqla yazıçı şəxsiyyəti arasında çox böyük əlaqə vardır. Demək olar ki, hər bir yazıçı öz qəhrəmanına bənzəyir. Kimi Laçına, kimi isə Zaura.

# 4058 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #