Kulis.Az Vilayət Hacıyevin tərcüməsində Nobel mükafatı laureatı Haynrix Böllün “Yolçu, yolun düşsə Spar...” hekayəsini təqdim edir.
Maşın dayanandan sonra da mühərrik xeyli uğuldadı. Bayırda bir darvaza açıldı. Sınıq pəncərələrdən maşının içinə işıq düşdü və mən indi gördüm ki, tavandakı lampa da çilik-çilik olub, yalnız kökü, bir də şüşə qırıqlarının arasından titrəyə-titrəyə közərən telləri qalıb. Sonra mühərrikin uğultusu da kəsildi və bayırdan səs eşidildi:
- Ölənləri bu tərəfə! Ölən var?
- Lənət şeytana, - sürücü cavab verdi, - işıqları daha tutmursunuz?
- Bütün şəhər od tutub yanan yerdə işığı tutmağın nə mənası?! – Yenə həmin yad səs eşidildi. – Sizdən soruşdum ki, ölən var?
- Bilmirəm...
- Ölənləri bu tərəfə! Eşidirsən? Qalanları da pilləkənlə yuxarı – rəsm zalına! Aydın oldu?
- Oldu... Oldu...
Ancaq mən hələ ölməmişdim, “qalanlara” aid idim və ona görə də yuxarı qaldırdılar.
Əvvəlcə uzun, alaqaranlıq, divarlarına yaşıl rəngli yağlı boya çəkilmiş dəhlizdən keçdik. Bu divarlara əyri-üyrü, qara, qədimi asılqanlar vurulmuşdu və qapılardan da V1a, V1b yazılmış minalı lövhələr asılmışdı. Həmin qapıların arasında Foyerbaxın qara çərçivəyə salınmış şüşənin altından parıldayan “Medeya”sı (Tanınmış alman rəssamı Anselm Foyerbaxın (1829-1880) “Medeya” əsəri nəzərdə tutulur) gözünü uzaqlara zilləmişdi. Sonra üstünə Va, Vb yazılmış qapılar gəldi və onların arasında da “Tikançıxaran oğlan”ın (Eramızdan əvvəl V əsrdə qədim romalıların düzəltdiyi tunc büstdə ayağına batmış tikanı çıxaran oğlan təsvir olunur) qəhvəyi çərçivədə qırmızımtıl rəngə çalan qəşəng şəkli göründü.
Pilləkənin başlanğıcında, özü də tən ortada ucalan böyük sütun, onun arxasında Parfenonun sarımtıl rəngə çalan gipsdən tökülmüş, əslinə tam uyğun olan surəti də tanış gəlirdi və bundan sonra gələnlər də başqa cür ola bilməzdi: təpədən-dırnağacan silahlanmış, qorxunc, lələkləri qoparılmış xoruza oxşayan yunan əsgəri və pilləkən xanasının sarı rəngli yağlı boya çəkilmiş divarlarında sıralanmış portretlər... Böyük Kurfürstdən (Fridrix Vilhelm fon Brandenburq (1620-1688), Brandenburq- Prussiya dövlətinin əsasını qoymuşdur) tutmuş Hitlerə qədər...
Və o balaca yerdə, bir-iki addımlığa olsa da, xərəkdə düz uzana biləndə, Qoca Fritsin (Prussiya kralı II Fridrix nəzərdə tutulur) çox gözəl, çox böyük, al-əlvan portreti göründü: əynində gömgöy hərbi mundir, alışıb-yanan gözlər, döşündə də par-par yanan iri qızıl ulduz.
Xərəkdə yenə də çəpinə uzandım və məni müxtəlif irqləri nümayiş etdirən sifətlərin yanından apardılar: bax, qartal baxışlı, üz-gözündən səfehlik yağan skandinaviyalı kapitan, Qərbi Mozeldən olan arıq qadının ifadəli sifəti, dinar (Mərkəzi və cənubi Avropada yaşayan insan tipi. Dinara dağının adından götürülmüşdür) irqli oğlanın donqar burnu, uzunsov profili... Sonra yenə dəhlizə girdik və mən yenə də bir-iki addımlığa xərəkdə düzünə uzandım, ikinci pilləkənə çatanda lap yuxarıda iri, qızılı “Dəmir Xaç” ordenli döyüşçünün heykəlini, daşdan düzəldilmiş “Şöhrət Çələngi”ni gördüm.
Sonra hər şey tez oldu: mən ağır deyiləm, ona görə də sanitarlar yel kimi uçurdular. Bəs bunlar? Yox, bəlkə də yanılırdım. Hərarətim çox yüksək idi, hər yerim ağrıyırdı. Başım da, qollarım da, ayaqlarım da... Ürəyim az qalırdı köksümdən çıxsın. Hərarət yüksək olanda, adamın gözü də alacalanır!
İrqləri nümayiş etdirən sifətləri keçəndən sonra o biriləri gəldi: Sezarın, Siseronun, Mark Aurelin büstləri... Üçü də məğrur görkəmdə yanaşı dayanmışdı. Sapsarı rəngdə olan bu büstlərin surətlərini çox gözəl düzəltmişdilər, lap antik dövrdəki əsillərinə oxşayırdılar və üz-gözlərindən ləyaqət yağırdı. Tini burulan kimi Hermes Sütunu göründü və dəhlizin lap sonunda – burda divarlara tünd çəhrayı rəng çəkilmişdi - bəli, lap qurtaracağında, rəsm zalının qapısının üstündə Zevsin böyük maskası göründü. Ancaq Zevsin maskasına hələ çox qalmışdı. Sağ tərəfdəki pəncərədən bayıra baxanda alov dilimləri göründü. Səma gah qara, gah da qırmızı rəngə çalırdı, qalın bulud layları sürünə-sürünə harasa gedirdilər... Təzədən sola çevriləndə, üstünə X1a, X1b yazılmış lövhəciklər, onların asıldığı qəhvəyi rəngə çalan sınıq-salxaq qapıların arasında isə qızılı çərçivədə Nitsşenin yalnız bığları, biz burnu göründü, çünki şəklin alt tərəfinə kağız yapışdırılmış və üstünə də “Yüngül cərrahiyə” sözləri yazılmışdı.
“Əgər indi..., - deyə gizlincə ürəyimdən keçirdim, - əgər indi...” Və doğrudan da elə oldu! Toqonun (Almaniyanın müstəmləkəsi olmuş Afrika ölkəsi) böyük, əlvan, qədimi qravürlərə oxşayan yastı tablosu - möhtəşəm bir oleoqrafiya! Hər şeydən əvvəl də evlərin, zəncilərin, əlində silah mənasız yerə orda dayanan əsgərin ön planında təsvir olunan banan dəstələri... Elə bil özləri orda dayanmışdı... Bir dəstə sağda, biri də solda... Sağdakı dəstənin ortasındakı bananın üstünə nəsə yazılmışdı. Deyəsən, onu elə mən özüm cızmışdım...
Ancaq həmin anda rəsm zalının qapısı taybatay açıldı və məni Zevsin maskasının altından içəri saldılar. Gözlərimi yumdum. Daha heç nəyi görmək istəmirdim. Rəsm zalından yod, üfunət, tənzif, tütün qoxusu gəlirdi və səs-küylü idi. Məni yerə qoydular və sanitarlardan birinə dedim:
- Damağıma bir siqaret qoy... Sol tərəfdə döş cibimdədir...
Hiss etdim ki, kiminsə əli cibimdə gəzdi, sonra kibrit çırtıltısı eşidildi və yanan siqaret artıq damağımdaydı. Tüstünü içimə çəkib dedim:
- Təşəkkür edirəm!
Fikirləşdim ki, bütün bunlar hələ heç nəyi sübut etmir. Axı bütün gimnaziyalarda rəsm zalı, yaşıl, sarı rəngli divarlarına əyri-üyrü, köhnə-köşkül asılqanlar vurulmuş dəhlizlər var. V1a və V1b siniflərinin arasında Medeyanın şəklinin asılması, X1a ilə X1b siniflərinin arasında Nitsşenen bığlarının görünməsi hələ o demək deyildi ki, mən öz məktəbimdəyəm...
Yəqin elə bir qayda var ki, ona əsasən də həmin şəkillər həmin yerlərdən asılmalıdır. Yəni Prussiyanın humanitar gimnaziyalarında belə bir qayda mövcud ola bilərdi: “ Medya” V1a ilə V1 b siniflərinin arasında, “Tikançıxaran” da yanlarında asılmalıdır, dəhlizə Sezarın, Mark Aurelinin, Siseronun büstləri qoyulmalıdır, Nitsşe isə üst mərtəbədə olmalıdır, çünki fəlsəfə yuxarı siniflərdə keçilir. Sonra Parfenonun büstü, Toqonun əlvan şəkili... Axı Parfenonun büstü ilə “Tikaçıxaran” lap qədim, illərin, nəsillərin sınağından çıxan gözəl məktəb rekvizitləri idi və mən də yəqin ki, bananın üstünə nəsə yazan yeganə şagird deyildim. “Yaşasın Toqo!” – yazmışdım. Hətta bu məktəblərdə şagirdlərin şuluqçu əməlləri də çox vaxt eyni olur. Bu da ola bilərdi ki, hərarətim vardı, məni qara basırdı...
Daha ağrımırdım. Maşında halım indikindən pis idi, çala-çuxura düşdükcə qışqırırdım. Bombaların “qazdığı” dərin quyulara düşmək bundan yaxşı idi, maşın onda dalğalar qoynunda atılıb-düşən gəmi kimi olurdu. Deyəsən, qaranlıqda imkan tapıb qoluma vurduqları iynə öz təsirini göstərirdi. Onda iynənin ətimə necə batdığını hiss etdim, ayaqlarımın altından elə bil od çıxdı.
“Yox, bu ola bilməz, - deyə ürəyimdən keçirdim, - maşın belə uzun yolu gələ bilməzdi... Otuz kilometrə yaxın yolu...” Bundan əlavə də heç nə hiss eləmirsən... Duyum sənə heç nə demir, yalnız gözlər görür. Duyum sənə demir ki, öz məktəbindəsən. Üçcə ay bundan əvvəl qoyub getdiyin məktəbində... Səkkiz il az vaxt deyil və bu səkkiz ildən sonra sən yalnız gözlərinə inanmalısan?!
Qapanmış kirpiklərim arasından hər şeyi təzədən gördüm. Elə bil kino lenti idi: aşağıdakı yaşıl rəngli dəhliz... Sürahisinə sarı rəng vurulmuş pilləkənlə yuxarı qalxırsan... Döyüşçü heykəli, dəhliz... Pilləkənlə bir də qalxırsan... Sezar, Siseron, Mark Aureli... Hermes Sütunu, Nitsşenin bığı, Toqo, Zevsin maskası...
Damağımdakı siqareti yerə tüpürdüm və qışqırdım. Qışqırmaq yaxşı şeydir. Özü də ucadan qışqırmaq lazımdır. Adama ləzzət verirdi və mən də dəli kimi qışqırırdım. Hətta kiminsə mənə tərəf əyildiyini hiss edəndə də gözlərimi açmadım. Üzümdə yad, ilıq bir nəfəs hiss etdim, tütün, soğan iyi məni vurdu, kimsə sakitcə soruşdu:
- Nə olub?
- İçməyə bir şey..., - dedim, - bir də siqaret... Döş cibimdədir...
Yenə də cibimdə yad bir əl gəzdi, yenə də kibrit çırtıltısı eşidildi və kimsə yanan siqareti damağıma qoydu.
- Biz hardayıq? – deyə soruşdum.
- Bendorfda.
- Təşəkkür edirəm, - deyib tüstünü içimə çəkdim.
Deyəsən, doğrudan da Bendorfda – doğma yurdumda idim və belə yüksək hərarətim olmasaydı, dəqiq bilərdim ki, hansısa bir humanitar gimnaziyadayam. Ancaq məktəb olduğu dəqiq idi. Axı aşağıda da kimsə qışqırdı: “ Qalanlarlı rəsm zalına!” Mən də “qalanlar”dan idim, yaşayırdım. Yəqin ki, hələ yaşayanlara “qalanlar” deyirdilər. Deməli, bura rəsm zalı idi. Əgər eşitdiklərim düz çıxırdısa, onda gördüklərim niyə düz olmamalı idi?! Deməli, belə çıxır ki, Sezarı, Siseronu, Mark Aurelini düz tanımışam və bütün bunlar da humanitar gimnaziyada ola bilərdilər. İnanmıram ki, bu qoçaqların şəkli adi bir məktəbin dəhlizində divardan asılmış olalar.
Nəhayət bayaqkı kişi su gətirdi. Yenə də tütün, soğan iyi məni vurdu və istər-istəməz gözlərimi açmalı oldum, əynində yanğınsöndürən geyimi olan bir kişinin yorğun, qocalmış, tük basmış sifətini gördüm. Qartlaşmış bir səs eşidildi:
- İç, kamerad!
İçdim. Su idi. Su gözəl şeydir və dodaqlarımda metal qazancanın dadını hiss etdim. Ordan ağzıma çoxlu-çoxlu suyun axdığını hiss etmək də gözəl idi, ancaq kişi onu dodaqlarımdan qoparıb apardı. Qışqırsam da geri dönmədi, yalnız yorğun halda çiyinlərini çəkdi, yoluna davam etdi. Böyrümdə uzanan kişi yavaşdan dedi:
- Belə böyürməyin mənası yoxdur, onsuz da su qalmayıb... Özün də görürsən ki, şəhər od tutub yanır.
Tutulmuş pəncərədən çölə baxdım. Qara pərdələrin arxasında gah qırmızı, gah da qara rəngə çalan alov dilimləri görünürdü, elə bil sobadakı alovun üstünə kömür tökürdün. Gördüm ki, şəhər doğrudan da tutub yanır.
- Bu hansı şəhərdir? – deyə yanımda uzanan kişidən soruşdum.
- Bendorfdur, - dedi.
- Təşəkkür edirəm.
Qarşımdakı pəncərələrə, hərdən də tavana baxırdım. Tavan hələ salamat qalmışdı, dümağ, hamar idi və klassik üslubda haşiyələnmişdi. Ancaq bütün məktəblərin rəsm zallarının tavanları belə haşiyələnmiş olurdu. Ən azı, sayılıb-seçilən məktəblərdə, qədim humanitar gimnaziyalarda belə olurdu.
İndi dəqiq bilirdim ki, Bendorfun humanitar gimnaziyalarından birinin rəsm zalında uzanmışam. Bendorfda da üç humanitar gimnaziya vardı: “Böyük Fridrix gimnaziyası”, “Albert gimnaziyası” və bir də - bəlkə onun adını çəkməsəm daha yaxşı olardı - “Adolf Hitler gimnaziyası”... Məgər “Böyük Fridrix gimnaziyası”nın pilləkən xanasında Qoca Fritsin belə gözəl, belə əlvan, belə böyük şəkli asıla bilməzdi? Mən burda olmuşdum, mən burda düz səkkiz il oxumuşdum, ancaq niyə başqa məktəblərdə də həmin şəkil həmin gözəllikdə həmin yerdə - yuxarı qalxarkən diqqəti cəlb edən, o dəqiqə adamın gözünə sataşan pilləkən xanasında asıla bilməzdi?
Bayırda toplar guruldadı. Bu gurultu səsləri eşidilməsəydi, tam sakitlik olardı. Hərdən də pəncərədən alov dilimləri içəri “soxulurdu”. Qaranlıqda bir bina uçdu... Toplar isə aram-aram, fasilələrlə atəş açırdılar və mən ürəyimdən keçirdim: “ Gözəl toplar”! Bilirəm, belə düşünmək alçaqlıqdır, ancaq buna baxmayaraq ürəyimdən keçirdim. İlahi, bu top səsləri adamı necə də sakitləşdirirdi! Elə bil gurultu yox, qəlboxşayan həzin orqan musiqisi idi... Onda nəsə bir nəciblik də vardı... Mənə elə gəlir ki, lap atəş açsalar da, toplarda nəsə bir nəciblik əlaməti var. Onlarda şəkilli kitablardan haqqında oxuduğumuz müharibələrin ləyaqətli səsi eşidilir... Fikirləşdim ki, “Döyüşçü” heykəlinin bundan da böyük qızılı “Dəmir Xaç”la, bundan da böyük daş “Şöhrət Çələngi” ilə yenidən açılışı keçiriləndə, onun üstünə hələ nə qədər təzə adlar həkk olunacaq! Və qəflətən bildim: əgər doğrudan da öz keçmiş məktəbimdəyəmsə, mənim də adım orda olacaq, daşın üstündə oyulacaq və məktəb təqvimində də adımın qarşısında yazılacaq: “Məktəbdən birbaşa cəbhəyə getdi və canını fəda etdi ki...”
Ancaq hələ də canımı kimin, nəyin yolunda fəda etdiyimi bilmirdim və bir də onu dəqiq bilmirdim ki, doğrudan öz keçmiş məktəbimdəyəm ya yox... İndi bunu mütləq bilmək istəyirdim. Ancaq “Döyüşçü”Ⅶ heykəli də hələ heç nə demirdi, çünki beləsi hər yerdə vardı, sanki hansı fabrikdəsə bir ucdan hazırlanırdı, hamı da gedib ordan alırdı...
Zalı gözdən keçirdim: şəkilləri divardan qoparmışdılar. Künc tərəfdə üst-üstə yığılmış bir neçə parta, bütün rəsm zallarında olduğu kimi yan-yana dayanmış ensiz hündür pəncərələr adama nə deyə bilərdilər ki?! Qəlbim də mənə heç nə demirdi. Axı necə ola bilərdi ki, səkkiz il dalbadal bir otaqda güldan şəkli çəkəsən, xəttatlıq öyrənəsən və indi oraya gələndə, ürəyin sənə heç nə deməsin?! Rəsm müəllimi çox böyük ustalıqla surəti düzəldilmiş həmin o güldanları öndəki dayağın üstünə qoyardı... Bir də bütün yazı növləri: rondo, düzünə olan latın şriftləri, Roma, italyan hərfləri... Məktəbdə ən zəhləm getdiyi dərslər idi və onlarda oturanda darıxırdım. Heç vaxt da güldan şəkli çəkə bilmədim, heç vaxt da o hərfləri yazmağı bacarmadım. Bəs onda cansıxıcı divarlarına hopub qalan lənətlərim, nifrətim niyə dilə gəlmirdilər?! İçimdən heç bir səs eşidilmədi və dinməzcə başımı buladım. Axı burda həmişə nəyisə pozmuşdum, karandaşın ucunu yonmuşdum, yenə pozmuşdum... İndi heç biri...
Harada yaralandığımı da dəqiq bilmirdim. Bicə onu bilirdim ki, qollarım, sağ qıçım tərpənmir. Sol qıçımı isə azacıq tərpədə bilirdim. Mənə elə gəlirdi ki, qollarımı bərk-bərk bədənimə sarıyıblar, ona görə də tərpədə bilmirəm.
İkinci siqareti də dəhlizdəki saman döşəklərin arasına tüpürdüm və qollarımı tərpətməyə çalışdım, ancaq elə ağrıdı ki, qışqırmalı oldum. Qışqırmağa ara vermədim. Qışqırmaq hələ də ləzzətli idi. Həm də qəzəblənmişdim, çünki qollarım tərpənmirdi.
Sonra həkim gəlib qarşımda durdu. Eynəyini çıxarmışdı və gözlərini qırpa-qırpa mənə baxırdı. Arxa tərəfində mənə bayaq su verən kişi dayanmışdı. O, həkimin qulağına nəsə pıçıldadı, həkim də eynəyini taxdı və mən eynəyin qalın şüşələri arxasında onun bəbəklərinin necə titrədiyini aydınca gördüm. Xeyli üzümə baxdı. Elə çox baxdı ki, mən gözlərimi başqa səmtə yönəltməli oldum. O, yavaşca dedi:
- Bir az da döz, indi növbən çatar...
Sonra yanımda uzanmış kişini götürüb lövhənin arxasına apardılar. Onların ardınca baxdım: qoşa yazı taxtasını bir-birindən ayırıb çəpinə baş-başa qoymuş, divarla aralarında qalan yerə isə mələfə çəkmişdilər. Onun arxasında gur işıq görünürdü...
Onlar mələfəni yana çəkib bayaq yanımda uzanmış kişini təzədən geri gətirənə qədər sakitlik oldu. Yorğun, biganə sanitarlar onu qapıya tərəf apardılar.
Gözlərimi yumaraq öz-özümə dedim: yox, sən necə yaralandığını, öz keçmiş məktəbində olub-olmadığını mütləq öyrənməlisən!
Hər şey birdə-birə elə soyuqlaşdı, elə biganələşdi ki, deyərdin məni buraya ölmüş bir şəhərin muzeyi ilə gətirmişdilər. Elə bir dünya ilə gətirmişdilər ki, hər şey gözlərimə tanış gəlsə də, biganə olduqları qədər də yad görünürdülər. Yox, ola bilməzdi ki, mən üç ay bundan qabaq burda güldan şəkli çəkmişdim, tənəffüslərdə əlimdə marmeladlı buterbrod aşağı düşmüşdüm, Nitsşenin, Hermesin, Toqonun, Sezarın, Mark Aurelinin yanından keçmişdim, yavaş-yavaş aşağıdakı dəhlizə çatmışdım, “Medeya”nın qarşısından ötüb, süd içmək üçün dalandar Birqelerin yanına getmişdim... Bu balaca, yarıqaranlıq otaqda, yasaq edilsə də özlərində siqaret çəkməyə cəsarət tapanlar da olurdu. Yəqin ki, bayaq yanımda uzanmış kişini aşağı – ölüləri yığdıqları yerə apardılar. Bəlkə də elə meyitləri bişmiş süd, toz və bir də Birqelerin çəkdiyi o pis tütünün qoxusu gələn həmin o bomboz balaca otağa yığmışdılar...
Nəhayət sanitarlar qayıtdılar və məni də götürüb lövhənin arxasına apardılar. Qapının yanından süzə-süzə keçdim və elə süzə-süzə də gördüm ki, ağlıma gələn burda da düz çıxdı: bura hələ “Tomas məktəbi” olanda, qapının baş tərəfində xaç təsvir olunmuşdu. Sonralar həmin xaçı pozdular, ancaq divarda aydınca seçilən tünd sarı rəngli, xaçşəkilli böyük bir ləkə qaldı. Bu ləkə əvvəlki balaca, güclə sezilən xaçın özünə nisbətən daha aydın bilinirdi. Özü də divarın solğun rəngi fonunda çox təmiz, gözəl görünürdü.
O vaxt əsəbiləşərək bütün divarı təzədən rənglədilər, ancaq xeyri olmadı, çünki rəngsaz rəngi düz seçməmişdi və ona görə də başdan-başa çəhrayı rəngdə olan divarda qəhvəyi rəngə çalan xaç aydınca seçilirdi. Çox deyindilər, ancaq xeyri olmadı, çəhrayı rəngli divarda qəhvəyi rəngə çalan xaçın yeri qaldı və mənə elə gəlir ki, onda rəng üçün ayrılmış pullar xərclənib qurtardı, ona görə də heç nə eləyə bilmədilər. Xaç yerində qaldı və diqqətlə baxanda, hələ məktəblərdə xaç asılmasına icazə verildiyi vaxtlarda Birgelerin oradan asdığı cökə budağının çəpinə qalmış izi də çərçivənin baş tərəfində görünürdü.
Bütün bunları sanitarlar məni qapının yanından keçirib lövhənin
arxasına – gur işıq gələn yerə apardıqları bir neçə saniyə ərzində xatırladım...
Cərrahiyyə stolunda uzanmışdım və yuxarıdan sallanan lampanın parlaq şüşəsində özümü aydınca görürdüm: büzüşmüşdüm, lap balacalaşmışdım, dümağ tənzif yumağına dönmüşdüm, zərifdən də zərif bir embriona oxşayırdım. Bəli, bu onların yuxarı qaldırdıqları mən idim...
Həkim arxasını mənə çevirmişdi və qarşısındakı stolun üstünə düzülmüş alətlərin içindən lazım olanları seçirdi. Əynində yanğınsöndürən paltarı olan enlikürək kişi isə yazı taxtasının qarşısında dayanıb təbəssümlə mənə baxırdı. Onun təbəssümündən yorğunluq, kədər yağırdı və tüklü, kirli sifəti yuxulu adamların sifətinə oxşayırdı. Kişinin çiyinləri üzərindən lövhənin yazı olan hissəsində elə bir şey gördüm ki, bu meyitxanaya düşdüyüm andan bəri ilk dəfə ürəyim yerindən oynadı.
Qəlbimin hansı bir gizli guşəsindəsə dəhşətli qorxu hiss elədim və o bərk-bərk döyünməyə başladı: lövhədəki mənim xəttim idi! Özü də lap başda yazılmış sətir! Əslində bu, güzgüdə özünü görüb tanımaq kimi oldu, mənim xəttim olduğuna zərrə qədər də şübhə yeri qoymadı! Qalanların heç biri – nə Medeya, nə Nitsşe, nə dinar irqindən olan oğlanın profili, nə Toqo bananı və nə də qapının baş tərəfindəki xaç əsil sübut ola bilməzdi, çünki bunların hamısı bütün məktəblərdə eyni idi.
Ancaq inanmıram ki, kimsə başqa bir məktəbdə mənim xəttimlə lövhəyə nəsə yaza biləydi! Bəli, üç ay bundan əvvəlki fani dünyada yazmalı olduğumuz həmin hikmətli cümlə idi: Yolçu, yolun düşsə Spar... (Məşhur Thermopylen (Mərkəzi Yunanstan) yazısından yarımçıq cümlə. Burada eramızdan əvvəl 480-ci ildə Leonidis başda olmaqla 300 Spartalı son damla qanlarına kimi farslara qarşı vuruşmuşlar. Həmin yazıda bütöv cümlə belədir: Yolçu, yolun düşsə Spartaya, ordakılara deyərsən ki, bizi Qanunda göstərildiyi kimi özümüzü fəda etmiş gördün)
Ah, yadıma düşdü ki, lövhə çox balaca idi və rəsm müəllimimiz deyindi ki, onu düz bölməmişəm, hərfləri çox iri yazmışam. Sonra başını bulayaraq özü də eyni ölçülü hərflərlə mən yazdığımın altından yazdı: Yolçu, yolun düşsə Spar...
Cümlə yeddi dəfə yazılmışdı. Hamısı da mənim xəttimlə. Düz xəttli latın, qot, Roma, italyan, rondo şriftləri ilə, kursivlə... Düz yeddi dəfə aydınca yazılmışdı: Yolçu, yolun düşsə Spar...
Həkim onu astadan səslədiyi üçün yanğınsöndürən bir az kənara çəkilmişdi və mən o hikmətli cümləni tam şəkildə görə bilirdim. Sözlər bir az əyri-üyrü çıxmışdı, çünki hərfləri iri götürmüşdüm.
Sol buduma nəsə batanda diksindim, dikəlmək istədim, ancaq bacarmadım. Bədənimə, ayaqlarıma baxdım və hər şeyi gördüm: məni əməlli-başlı “daramışdılar”, daha qollarım, sağ qıçım yox idi və qəflətən geri yıxıldım, çünki özümü saxlaya bilmədim. Qışqırdım.
Həkim də, yanğınsöndürən də dəhşət içində mənə baxdılar, yalnız həkim çiyinlərini çəkdi, sonra sakitcə iynədəki dərmanı yavaş-yavaş ətimə yeritdi. Yenidən lövhəyə baxmaq istədim, amma yanğınsöndürən düz qarşımda dayandığı üçün onun qabağını kəsmişdi. O, çiyinlərimdən bərk-bərk yapışmışdı və mən yalnız onun əynindəki çirkli uniformadan gələn yanıq iyini hiss edir, bir də yorğun, kədərli sifətini görürdüm. Birdən onu tanıdım: Birqeler idi! Və:
- Süd, - deyə pıçıldadım...