Mən, Cəfərin ayrı-ayrı əsərləri: “Almaz”, “1905-ci ildə”, “Sevil”, “Dönüş” və “Yaşar” pyesləri üzərində işləyərkən müşahidə etdiyim bəzi cəhətlərdən danışmaq istəyirəm. Xatirə xarakteri daşıyan bu kiçik qeydlər, şübhəsiz ki, dramaturqun öz əsərlərini necə yazdığı haqqında geniş, hərtərəfli məlumat verə bilməz. Mən yalnız, Cəfərin həmin pyesləri yazarkən əhval-ruhiyyədən danışacağam.
***
Cəfərin belə bir xasiyyəti var idi: bir pyes yazmağı düşünəndə əvvəl onun qəhrəmanlarından birinin mahnısını fikirləşirdi. Bəzən bunu xalq mahnılarından götürür, bəzən də özü yeni bir mahnı yaradardı. Sözlərini yazır, hətta musiqisini də özü bəstələyirdi. Bu mahnını uzun zaman dodaqaltı oxuyur, pianoda çalırdı, sonra pyesi yazmağa başlayırdı. Məsələn: “Od gəlini”ndə Solmazın “Mən bir solmaz yarpağam ki”, “1905-ci ildə” Sonanın “Azad bir quşdum”, “Almaz”da Yaxşının “Gərək günəş dağları aşıb sönməyəydi”, “Yaşar”da Yaqutun “Küçələrə su səpmişəm”, “Sevil”də Sevilin “Sənə nə olub, zalım yar?” mahnıları belə yaranmışdır.
Cəfər “Sevil” əsərini yazmamışdan bir-iki ay qabaq belə bir mahnı oxuyardı:
Sənə nə olub zalım yar,
Qadan-balan alım yar.
Sən ki, belə deyildin,
Səni bir öyrədən var.
Cəfər işdən gələndə, oturanda, yatanda, işləyəndə həmişə bu mahnını oxuyardı. Bir dəfə mən Cəfərdən soruşdum ki, bir mahnını oxuyarlar bir dəfə, iki dəfə, üç dəfə, yoxsa səhər-axşam, axşam-səhər dilindən düşmür, bu nədir? Cəfər dedi ki, Sonası, sən bilmirsən, bir əsər yazacağam ki, onun mahnılarını bütün xalq oxusun. Onda bilərsən ki, bu mahnı nə deməkdir. Amma Cəfər nədən, nə mövzüda əsər yazacağını demədi.
1927-ci ilin yay fəsli idi. Havalar bərk isti keçirdi. Biz Bakının bürküsündən qaçıb yaylaqlara pənah apardıq. Mən Cəfərin qardaşı qızı Mələklə Xızıya getdik. Oğlum Aydın o zaman üç yaşında idi. Xızıda bir neçə gün qalandan sonra bizi Yarımca kəndinə qonaq çağırdılar. Yarımcaya gedən günün axşamı Cəfər də anamla birlikdə oraya gəldi. Bir-iki gün Yarımcada qaldıqdan sonra biz Altıağac kəndinə getdik.
Altıağac Cəfərin çox xoşuna gəldiyindən dedi ki, bir ev tutub burada istirahət edək. Altıağacın “Xoxollar” deyilən yuxarı hissəsində mənzərəli bir yerdə ev tutduq. Bir az istirahət edəndən sonra Cəfər işləməyə başladı. O, hər gün səhər saat altıda qalxıb ta biz yuxudan durana qədər yazırdı. Çaydan sonra bəzən biz gəzməyə gedir, ev işləri ilə məşğul olurduq.
Cəfər evdə mənə və Mələkə tapşırmışdı ki, məbadə mənim yazılarımı oxuyasınız. Lakin buna baxmayaraq, mən Mələklə bir-birimiz üçün pusquda durub Cəfər evdən çıxan kimi növbə ilə əsəri oxuyurduq. Axırda Cəfər bizim onun təzə yazdığı əsəri oxuduğumuzu başa düşdü. Belə ki, bir gün biz əsəri oxuyanda o, hər ikimizi tutdu. Cəfər dedi:
- Balam, mən sizə deməmişdim ki, mənim dəftərimi oxumayın?
Biz utandığımızdan cavab verməyərək, müqəssir adamlar kimi başımızı aşağı dikdik. Cəfər bir qədər sonra nə isə fikirləşib dedi:
- Bu dəfə sizi bağışlayıram. Ancaq, deyin görüm necədir? Əsər xoşunuza gəlirmi? Yadınızda bir şey qalır, yoxsa hələ oxuyub qurtaran kimi yaddan çıxır?
- Qiyamət əsərdir, ay Cəfər əmi, lap əntiqə yazmısan. Daha bundan olmaz! – deyə Mələk sevincək cavab verdi.
- Ay Cəfər, özün də bilirsən ki, sən yaxşı yazırsan da! – deyə mən də əlavə etdim.
Cəfər gülümsəyərək dedi:
- Daha durub üzümə deməyəcəksiniz ki, pisdir. Birinizin əmisiyəm, birinizin də ki...
Cəfər bizi tez-tez Altıağac meşələrinə gəzməyə aparardı. Meşədə “Sevil”dəki mahnıların havalarını tarda Mələkə çaldırar, özü də oxuyardı.
Cəfər “Sevil”i qurtarmaq üzrə idi. Bir gün mənə dedi:
- Sonası, bilirsən nə var? Gəl səninlə şərt kəsək. Bu gün səhərdən axşama kimi nə evə girin, nə də məni çağırın, heç kimi də otağıma buraxmayın!
Biz buna söz verdik. Saat beşə kimi nə evə girdik, nə də qapını döydük. Saat altıya yaxın mən həyətdə oturmuşdum, Aydın küçədə uşaqlar ilə oynayırdi. Bir də gördüm ki, bir nəfər evimizə sarı gəlir, ancaq tanış adama oxşayır. Ürəyim gupp elədi, fikirləşdim: əgər bizə gəlsə nə edəcəyəm? Mən bu fikirdə ikən yaxın qohumlarımızdan biri Şəmsəddin qabağımda dayandı. Mən özümü itirdim. O, Bakıdan gəlmişdi. Nə edəcəyimi bilmirdim. Cəfərdən də qorxurdum ki, gedib qapını döyüm. Məəttəl qaldığımdan Şəmsəddinlə heç ağıllı-başlı görüşə də bilmədim. Özümə gəldikdə bir qədər ürəklənərək ayağa durdum və:
- Xoş gəlmisən, ay Şəmsəddin, keç evə, - deyə onu otağa dəvət elədim.
Pilləkənləri çıxanda ayaqlarım dalımca gəlmirdi. Nəhayət ürəyim döyünə-döyünə qapını taqqıldatdım, cavab gəlmədi, bir də döydüm.
- Ay Cəfər, Şəmsəddin gəlib, qapını aç!
Elə bu kəlmələri deyib qaçdım. Heç nədən xəbəri olmayan Şəmsəddin içəri girdi. Daha bundan sonra Cəfərin Şəmsəddinlə necə görüşdüyünü və Şəmsəddini necə yola saldığını bilmədim. Şəmsəddin təcili işi olduğu üçün Cəfərlə görüşüb başqa kəndə getdi. Cəfər eyvana çıxıb dedi:
- Üç dəqiqə gecikə bilməzdin, fikrimi dağıtdın! Əsəri qurtarmağa az qalmışdım. İndi mən üç dəqiqəlik işim üçün bir neçə gün oturmalıyam.
Sonradan “Sevil” tamaşaya qoyulanda Cəfər həmişə deyərdi ki, Sonası, öz aramızdır, “Sevil”in axırını Şəmsəddin korladı.
Altıağacdan qayıdandan sonra Cəfər əsəri tamaşaya qoymaq üçün dram teatrına verdi. “Sevil” pyesi tamaşaya qoyulanda çadra əleyhinə bir kampaniya aparıldı. Cəfər mənə dedi ki, Sonası, çadranı atmaq lazımdır. Mən cavab verdim ki, yox, atmaram; məhəlləmiz yaxşı deyil, hərə bir söz deyər. Cəfər isə mənimlə mübahisə aparıb belə dedi:
- Ay Sonası, əvvəl-axır çadranı atacaqsan. Sonradan atınca, məhəlləmizdə hamıdan əvvəl atsan yaxşıdır.
Bizə qəzet və məktub gətirən poçtalyon bir gün mənə qəzet verərkən dedi:
- Sona bacı, şəklin qəzetdə çıxıb.
Mən qəzetpaylayan kişinin sözünə təəcübləndim:
- Ola bilməz! – dedim.
- Ay Sona bacı, məgər səni tanımayıram, mənə nə düşüb yalan danışım, - deyə poçtalyon cavab verdi.
Cəfər söhbətimizə qarışdı.
- Balam, kişi düz deyir də, çadranı atmısan, özü də bu barədə qəzet yazın çıxıb. Hələ özündən başqa qonşuları da çadralarını atmağa çağırırsan. Daha bu kişi ilə höcət niyə edirsən?
Poçtalyon gedəndən sonra Cəfərlə davaya başladım ki, mənim şəklimi qəzetə niyə vermisən? (O zaman Cəfər “Kommunist” qəzeti redaksiyasında işləyirdi.) Mən nə vaxt çadramı atmaq haqqında məqalə yazmışam? Hətta ağladım da.
Cəfər dedi:
- Sonası, çadranı atmırsan atma, daha niyə ağlayırsan. Sənin özün üçün yaxşı deyil, deyərlər özü məqalə yazıb, hay-küy qaldırıb ki, çadramı atıram, amma yenə də çadrada gəzir. Elə mənim özüm üçün də yaxşı deyil, mən çadra əleyhinə əsər yazım, sən çadrada gəz. Yaramaz axı!...
Beləliklə, mən və Cəfərin qardaşı qızları çadranı atdıq.
“Sevil” əsərini tamaşaya qoymaq üçün teatrda qızğın məşqlər gedirdi. Əsərin quruluşunu rejissor Aleksandr Tuqanova tapşırmışdılar. “Sevil” tamaşaya qoyulandan sonra tamaşaçılar tərəfindən müvəffəqiyyətlə qarşılandı. Yüzlərlə qadın “Sevil”ə baxandan sonra çadralarını atıb, fabriklərə, zavodlara axışırdılar. Lakin buna baxmayaraq, əsər ətrafında böyük mübahisələr gedirdi. Bəziləri “Sevil”i əxlaqsız adlandırır, bu əsərin tamaşa üçün yararlı olmadığını söyləyirdilər. Bakıda çıxan bütün qəzetlərdə dalbadal “Sevil” haqqında böyük məqalələr dərc olunurdu. Bir dəfə mən Cəfərdən soruşdum:
- Ay Cəfər, nə olub ki, bütün qəzetlər “Sevil”dən yazır, mübahisə gedir.
Cəfər dedi:
- Sonası, demək əsərdə belə bir şey var ki, mübahisə gedir, yoxsa belə olmaz. Deyəsən məsələ ciddi məsələdir.
“Sevil”in axırıncı pərdəsinə Cəfər bir cümləni sonradan artırdı. Sevillə Balaşın söhbətində Sevil Balaşı acıqlandırmaq üçün Moskvada oxuyarkən, özünün yad kişilərlə görüşdüyünü söyləyir. Bəzi adamlar deyirdilər ki, bu sözlər Sevili tamaşaçıların qarşısında alçaldır. Bunu – Sevilin yalandan deməsini tamaşaçılara çatdırmaq üçün bir şey əlavə etmək lazımdır. Buna görə də Cəfər çox inaddan sonra nəhayət könülsüz olaraq, axırıncı pərdədə Gülüşün: “Sevil, özünə niyə böhtan atırsan?” cümləsini əlavə etdi.
Cəfər tamaşa gedən zaman həmişə salonu gəzir, müxtəlif yerlərdə oturur, əsərin tamaşaçılara necə təsir etdiyini, əsər haqqında tamaşaçıların rəyini öyrənirdi.
1927-ci ildə birdən-birə Cəfərin ürəyi sancmağa başladı. Onunla birlikdə Yüzbaşıyev adlı həkimin yanına getdik. Həkim Cəfəri müayinə edib dedi:
- Cəfər, birinci növbədə sənə deməliyəm ki, papiros çəkməməlisən, içki də ki, heç olmaz.
Həkimlə xudahafizləşib küçəyə çıxandan sonra Cəfər cibindən papiros qutusunu çıxarıb atdı:
“Daha səni çəkməyəcəm.” – dedi. Papirosla bərabər içkini də 1930-cu ilə qədər tərgitdi. Ancaq, papirosu atmaq onun üçün çətin idi. Tütün çəkmədiyi üç ildə o, bir pyes də yazmadı. Cəfər deyirdi ki, ay Sonası, işləmək istəyirəm, ancaq bacarmıram. Fikrimi bir yerə toplaya bilmirəm.
1930-cu ilin əvvəlində Cəfərin cibində tütün qırıntıları görünməyə başladı.
- Cəfər, xeyir olsun, bu nədi? Yenə cibində tütün qırıntıları görünür? Papiros çəkirsən? Məgər, bilmirsən ki, sənə olmaz? – deyə ondan soruşdum.
- Sən mənim canım, üstünü vurma, - dedi. – Təzə bir əsər yazmaq istəyirəm, papiros çəkməsəm onu başlaya bilməyəcəm. Bu əsəri yazıb qurtarandan sonra tərgidəcəyəm.
1930-cu ilin yayında Şurabad (Qızılı) bağlarına köçmüşdük. Cəfər 1929-cu ildən yazmaq istədiyi “Almaz” pyesini burada başladı. Bu pyesin bəzi yerlərini Cəfər onda Şurabadda baş verən bir hadisədən götürmüşdü. 1929-cu ildə Şurabad kənd məktəbinə yenicə təyin olunmuş bir müəllimənin başına buna bənzər bir əhvalat gəlmişdi. Əsərdə olan obrazların da çoxu Şurabad kəndində yaşayan adamların həyatından alınmışdı. Məsələn: Hacı Əhməd Şurabadda yaşayan Hacı Əşrəfdir. Hacı Əşrəf kəndin varlılarından idi. Təzə təşkil olunmağa başlayan kolxoza girmək istəmirdi. Hacı Əhmədin danışığı, hərəkəti, ləhcəsi o qədər Hacı Əşrəfə bənzəyir ki, hər dəfə mən əsəri görəndə, yaxud oxuyanda istər-istəməz Hacı Əşrəf gəlib gözlərimin qarşısında durur.
“Almaz”dakı Fatmanisə də həmçinin. Bizim qonşuluğumuzda Şərəbanı adlı bir qarı olurdu. O, həm mama, həm də camaat arasında “şöhrət” qazanmış ara həkimi idi. Əri ilə yola getməzdi, gündə kişini döyüb evdən qovardı. Yaxşı yadımdadır. Bir gün axşam üstü evin qabağında, əncir ağacının altında oturub çay içirdik. Cəfərin qardaşı qızı Törə bağımıza gəldi. (Onların da bağı bizim qonşuluqda idi.) O, gülə-gülə dedi:
- Eh, siz də burda oturmusuz, kənddən xəbəriniz yoxdur. Şərəbanı arvad Ramazanın gəlini üçün bir həkimlik elədi ki, gəl görəsən.
- Nə olub, bir danış görək? – deyə mən ondan soruşdum.
Törə həvəslə danışmağa başladı:
- Ramazanın gəlininin uşağı çox çətin olurdu. Oraya yığışan arvadlar məsləhət gördülər ki, Şərəbanını köməyə çağırsınlar. Şərəbanı içəri girən kimi bir gəlinə, bir arvadlara baxdı, tez gəlinin kürəyinə bir təpik vurub dedi:
- Güc vur, köpək oğlunun qızı!
Axır ki, uşaq oldu. Şərəbanı işindən çox razı qalıb, öz məharətindən danışmağa başladı.
Diqqətlə Törə xanımın söhbətini dinləyən Cəfər ondan xahiş etdi ki, Şərəbanını bizə gətirsin.
Törə xanım Şərəbanını bizə gətirdi. Cəfər onunla xeyli söhbət etdi. ”Almaz”ın finalında Fatmanisənin komissiya qarşısında söylədiyi sözlərin bəziləri Şərəbanının həmin söhbətindən götürülmüşdür. Sonradan mən “Almaz”ı oxuyanda Cəfərdən soruşdum ki, deyəsən, Şərəbanın sözlərini Fatmanisənin dili ilə vermisən?
Cəfər dedi:
- O cür adamı mən göydə gəzirdim, əlimə yerdə keçdi.
İndi həmişə “Almaz”a baxanda Şərəbanı arvadı xatırlayıram.
“Almaz” əsəri səhnəyə qoyulanda quruluşçu rejissorun başqası olmasına baxmayaraq rolları ifa edən artistlərlə Cəfər özü işləyirdi. Hətta rolların paltarlarını da Cəfər özü seçirdi. Yaxşı, gecə uşağı əmizdirməyə gələndə geydiyi tuman anamın tumanı idi. Cəfər mənə dedi ki, bu tuman Yaxşının əsil malıdır. Anan bilməsin, qoy onu aparım geydirim Yaxşıya. Mən razılıq verdim. İndiyədək anam tumanının haraya aparıldığını bilmir.
Cəfər “Almaz” əsərindəki Sürmə rolu haqqında deyirdi: “Gülarə böyüyən kimi aparacağam onu səhnəyə, Sürməni oynasın”.
Lakin Cəfərin vaxtsız ölümü, Gülarəni səhnədə görməyə ona imkan vermədi. Mən Cəfərin ölümündən səkkiz il sonra 1943-cü ildə, onun arzusunu yerinə yetirmək üçün qızımı Əzizbəyov adına teatra apardım. Balaca Gülarə bir neçə dəfə Sürmə rolunda çıxış etdi.
Cəfər “1905-ci ildə” əsərini “Almaz”dan sonra, 1931-ci ildə yazmışdır. O, həmişəki kimi, bu pyesi də yazmadan əvvəl bu haqda çoxlu ədəbiyyat oxuyur, 1905-ci il hadisələrinin iştrakçısı olan qoca kişilərlə söhbət edirdi. Adını unutduğum bir inqilabçı fəhlənin öldürülməsini görən adamlardan ətraflı məlumat almışdı. Həmin adamlar Cəfərə inqilabçının necə, harada, nə vaxt öldürülməsini söyləmişdilər.
Cəfər kitablardan əldə etdiyi məlumat və adamlarla apardığı söhbətlər əsasında əsərin planını tərtib etmişdi. Əsərin planı 5-6 səhifəlik dəftər vərəqində idi. Mən həmin planı özüm bilmədən Cəfərin bəzi kağızları arasında haraya isə qoymuşdum. Cəfər bir gün mənə dedi ki, ay Sonası, mənim bir planım var idi, axtarıram, tapa bilmirəm. Orda, fəhlələrin danışıqları və mənim bəzi qeydlərim yazılmışdı. Bəlkə sənə rast gəlib?
Mən üç gündən sonra Cəfərin dediyi planı tapıb ona verdim. Cəfər o gündən “1905-ci ildə” əsəri üzərində işləməyə başladı. Cəfər deyirdi ki, bu çox çətin mövzudur. Erməni-azərbaycanlı qırğınının səbəblərini camaata başa salmaq lazımdır. Cəfər həmin əsər üzərində bir ildən artıq işləyərək, onu teatr kollektivinə təqdim etdi.
“1905-ci ildə” əsəri teatr kollektivi tərəfindən oxunub müzakirə olundu. Pyes hələ tamaşaya qoyulmazdan əvvəl böyük mübahisələrə səbəb oldu. Bir çoxları əsərin müvəffəqiyyət qazanmayacağını və pyesin siyasi xəttinin düzgün olmadığını iddia edirdilər.
Tamaşanın quruluşu o zaman Moskvadan Bakıya dəvət olunmuş Lutse familiyalı bir rejissora tapşırılmışdı. Cəfər də Lutse ilə birlikdə işləyirdi. Cəfər yayda bağa göndərdiyi məktubların birində yazırdı: “Öz işlərim o qədər yaxşı deyil. Lutse pyesi yaxşı başa düşmür. Biraz üzümü o yana çevirirəm, bir də görürəm ki, vurub aləmi qarışdırıb bir-birinə, göndərib şuluq-bazara. İndi gəl çalış, düzəlt. Lap əldən düşmüşəm. Qorxuram ki, pyes adi tərcümə əsərlərinin birinin kökünə düşsün. Hər halda nə olursa-olsun, bütün qüvvəsilə gedə bilməyəcəkdir. Bir qədər zəifləyəcəkdir. Mən əlimdən gələn qədər o nöqsanları yumşaltmağa çalışacağam. İndi bilmirəm nə olacaqdır. Bir dəqiqə evdə rahat dura bilmirəm, ayaqüstü bir parça çörək yeyib qaçıram. Görək bəlkə bir təhər etdik. Bağa da ona görə gələ bilmirəm. Müdiriyyət özü də bir az pyesin korlanmasından qorxur. Ona görə də getməyin adını çəkmək olmur”.
Sonradan, “1905-ci ildə” pyesi yeni quruluşda ikinci dəfə tamaşaya qoyulduğu zaman rejissorluğu Cəfərin özünə tapşırmışdılar. Cəfər məktublarının birində bu haqda yazırdı: “Azərbaycan teatrında “1905-ci ildə” pyesini yeni quruluşda verməliyəm. Rus teatrında “1905-ci ildə” gedir. Mayorov deyir ki, gərək mütləq ikimiz işləyək, tək bacarmaram. Operadan da deyirlər ki, gərək “Səfa”nın quruluşunu sən verəsən. Bizim teatrda da “Otello”nu təzələmək mənim boynuma qalmışdır. Hamısı da bir vaxtda. Xülasə aləm qarışıb bir-birinə. Hə, “Od gəlini”ni də gərək Mayorovla mən işləyəm. Budur, mənim təxmini işlərim”.
Cəfər “Dönüş”ü 1932-ci ildə Fatmayı bağlarında Azərbaycan Dövlət Dram Teatrının Sovet hakimiyyəti illərində yenidən açılmasının 10 illiyi münasibətilə yazmışdır. Biz bağa köçəndə bu yubileyə böyük hazırlıq gedirdi.
Cəfər şəhərdən bağa göndərdiyi bir məktubda mənə yazırdı: “Sonası, bu saat heç bir qruşum da yoxdur, lat-lüt, züvar imam Rza. Çox güman ki, sabah pul alaram, ancaq tramvay altında-zadda qalmasam. Yazı işlərim yaman deyil, yeriyir. Yenə işləmir xod kimi görünür. Ancaq çətini bir-iki gündür, ondan sonra deyəsən nizama düşəcəkdir. 3-4 gündən sonra balaca bir pyes yazmağa başlayacağam. Burada qurtarmasam, gətirib bağda yazaram. Məzmununu sən bilirsən, istəyirsən yadına salım.
Hicrinlə zarəm,
Biixtiyarəm.
Dərdindən ey gül,
Mən biqərarəm,
Mən bir bağa girmişəm,
Gözəl bir gül görmüşəm,
Ona könül vermişəm,
Biixtiyarəm”
Bir neçə gündən sonra o, özü də bağa gəldi. Ancaq istirahət üçün yox, işləmək üçün. Bağa gələn kimi Cəfər mənə dedi:
- Sonası, teatrın yubileyi münasibətilə artistlərin həyatından bir əsər yazaram. Mənim üçün burda şərait yarat ki, işləyə bilim.
Bağda bir otağımız var idi. Ona görə də biz günümüzü əsasən kölgəliklərdə keçirir, otağı Cəfərin ixtiyarına verirdik. Bir gün səhər Cəfər qan-tər içində otaqdan çıxdı. Bərk həyəcanlı idi. Səbəbini soruşdum. Dedi:
- “Dönüş”ün bir yerini – Gülərin səhnəyə gəldiyi yerini nə qədər düzəldirəm olmur, “Oqtay”dakına oxşayır.
O gün Cəfər səhərdən axşama kimi əlini ağdan-qaraya vurmayaraq, hey fikirləşirdi. Bir-iki gündən sonra mən ondan soruşdum ki, ay Cəfər, nə oldu, Gülərin səhnəyə gəlməsi yerini düzəldə bildinmi, daha “Oqtaya” oxşamır ki? O, gülüb dedi:
- Əlbəttə, düzəltdim, daha heç bənzəmir.
“Dönüş”ü yazarkən baş verən bir hadisə də bugünkü kimi yadımdadı. Cəfər həmişə işləyəndə çoxlu çay içərdi. Bu onun ürəyinə zərər idi. Bir dəfə ona dedim ki, ay Cəfər, çayı az iç, bağ yeridir, qəndimiz azdır. Bir az sonra mən Cəfər üçün ikinci stəkanı gətirəndə o, mənə bir kağız uzatdı. Kağızda belə yazılmışdı:
“Ay Sonası, çay gətir mənimçün,
Qələndərəm pay gətir mənimçün.
Bağ yeridir, qəndi çox işlətmərəm,
İstəyirsən say gətir mənimçün”.
Cəfər bağda “Dönüş”ü yazıb qurtardı və Bakıya apardı. Oradan göndərdiyi başqa bir məktubunda yazırdı:
“Pyesi artistlərə oxudum. Bəyəndilər. İndi o yanını, bu yanını düzəltməklə məşğulam, bir də “1905-ci il”i məşq eləyirik. Məndən nigaran qalma, burada bir təhər dolanıram. Ürəyim ağrıyırdı. Soyuq dəymişdi, sonra da isti idi. İndi babatdır, yəni yaxşıdır. Sabah bizim vıxodnoydur. Çox çalışdım, bugün gəlim, mümkün olmadı, pyes gecikər. Ayağımı bir addım bir yana atmağa qoymurlar. Güman ki, gələn vıxodnoy gələrəm. Uşaqları yerimə öp. Baqi salam”.
“Dönüş”də Cəfər teatrın, demək olar ki, bütün işlərinin hərəkətlərindən, davranışından istifadə etmişdi. O, özü deyərdi ki, mən bu əsərdə dram teatrının qapıçısından tutmuş, direktoruna kimi hamını təsvir etmişəm, hamının xasiyyətini, hərəkətlərini, davranışlarını nəzərə almışam.
Təsadüfü deyildi ki, pyes tamaşaya qoyulandan sonra artistlər arasında dedi-qodu başlanmışdı. Bəziləri narazılıq edirdilər. Hətta bir dəfə teatrın qocaman artistlərindən Bağır Cabbarzadə mağazada mənə rast gəlib dedi:
- Sona bacı, Cəfər qardaş məni təzə əsərinə niyə yazıb?
- Səni? Hansı əsərinə? – deyə ondan soruşdum.
- Bəs sən bilmirsən, Sona bacı? O, “Dönüş”dəki Xosməmməd mənəm də. Sən uşaqlarının canı, Cəfərə deyinən o rolu pyesdən çıxartsın.
Mən Bağırın şikayətini Cəfərə dedim. Cəfər cavab verdi ki, Bağır niyə inciyir? Orada bir o yox, bütün artistlər, rejissorlar, bəzi yazıçılar da var. Hətta mən özüm də varam. Burada inciməli bir şey yoxdur ki? Nə var, onu yazmışam. Eləməsinlər, yazmayım.
“Dönüş” əsəri 1932-ci ildə tamaşaya qoyuldu. Əsər tamaşaçılar tərəfindən yaxşı qarşılandı.
***
“Dönüş”dən sonra Cəfər “Yaşar”ı yazdı. Bu pyes Cəfərin son dram əsəridir. Cəfər bu əsərin üzərində çox inadla işləyirdi. O, “Yaşar”ı bir həftəyə yazmışdır. Səhər tezdən gecə yarıyadək otağa çəkilib çölə çıxmırdı. Çay-çörəyini də orada yeyib-içirdi.
Bir dəfə Cəfər evdə işlərkən nə üçünsə mən otağa getdim. Cəfər otaqda gəzişib əlləri alnında nə isə fikirləşir, bəzən ayrı-ayrı cümlələri də bərkdən təkrar edirdi. O, məni otaqda görüb, incidi, dedi ki, niyə otağa gəldin, fikrimi dağıtdın, daha işləyə bilmirəm. Həqiqətən, o gün Cəfər yazmadı. Bir az bizimlə söhbət etdikdən sonra, qalxıb işə getdi. Evə gələndən sonra yenidən işə başladı.
“Yaşar” pyesi yazılıb qurtarmışdı. O günlərdə Cəfərin yaxın dostu, bəstəkar Asəf Zeynallı vəfat etmişdi. Asəf Zeynallını dəfn etdikdən sonra Cəfər, o zaman redaksiyada işləyən bir yoldaşla evə gəldi. Çörək yeyəndən sonra , ikilikdə əsərin bəzi yerlərini oxudular. Durub işə gedəndə əsəri də özləri ilə apardılar.
Cəfər evə gələndə gördüm ki, şalvarının dizləri gedib, əli-qolu sıyrılıb. Səbəbini soruşduqda belə cavab verdi:
- Sonası, soruşma, evdən çıxıb hər ikimiz tramvaya mindik. Tramvaydan düşüb bir qədər getmişdik ki, gördük, portfel yoxdu. Sən demə, o elə bilib ki, portfeli mən götürmüşəm, mən də elə bilmişəm ki, o götürüb. Düşdük, bu tramvayların dalınca. O tramvaydan bu tramvaya mindik. Hətta Karl Marks meydançasının yanında az qalmışdı ki, tramvayın altına düşüm. Tramvay sürənlərdən portfeli soruşdum, gördüm deyən olmadı. Axır ki, öz mindiyimiz tramvayı bir təhər tapdıq. Tramvay sürən dedi:
“Cəfər, portfelinizdən tanıdıq ki, sizinkidir, verdik Baksovetin qabağındakı tramvay məntəqəsinə. Oraya yüyürdük, portfelimi həmin məntəqədən tapdıq. Yaxşıdır ki, tapdıq. Əgər tapmasaydım, bəzi “dostlarım” deyəcəkdilər ki, Cəfər əsəri bilə-bilə itirib. İkinci dəfə də mən onu yenidən, o cür yaza bilməzdim...
“Yaşar” oxunub teatr tərəfindən bəyənildi və tamaşaya qoyulması qərara alındı. Tamaşanın quruluşunu rejissor Varşavskiyə tapşırmışdılar. Səftər Turabov da quruluşçu rejissorun laborantı idi. Cəfər özü ilə Səftəri götürüb mağazaları gəzir, müxtəlif kimyəvi maddələr alır, təcrübələr keçirirdi. Əsərin laboratoriya səhnəsidəki partlayışların hamısını Cəfər özü düzəltmişdi.
Nəhayət, “Yaşar” tamaşaya qoyuldu və böyük müvəffəqiyyət qazandı.
Sona xanım Cabbarlı
Kultura.az