Ölən sevgililər və ölməyən sevgilər haqda

Ölən sevgililər və ölməyən sevgilər haqda
5 yanvar 2013
# 15:32

Sevgidən Ölümədək

«Milanda ölüm» kitabının müəllifi Vahid Məmmədli ixtisasca hüquqşünasdır, beynəlxalq cinayət hüququ üzrə fəlsəfə doktorudur. Doğrusu, elə bu səbəbdən də kitabda toplanan povest və hekayələrin detektiv olacağını, hansısa müəmmalı cinayət işi və onun açılması üstündə qurulan ənənəvi süjet oxuyacağımı zənn edirdim. Yanılmışdım.

İlk povest – «Buddanın qayıdışı» müəllifin dünyagörüşü və düşüncələrinin sərhədləri haqqında «detektiv»in sərhədlərindən daha böyük təsəvvür imkanları yaradır.

Əlbəttə, hər fərdin həyata baxış, həyatı görmə bucağı var və yazar öz ixtisasından – onu gündəlik əhatə edən aləmdən kənara çıxmadan, dünyaya bu bucaqdan da baxa bilər. Bu baxımdan, mən hüquqşünasların rastlaşdıqları qəribə, müəmmalı ölüm, qətl, qarət epizodlarını nəsrə gətirmələrinə adi ədəbi nümunə kimi yanaşanlardanam.

Vahid Məmmədlinin povest və hekayələrində isə təbii olaraq daha yaxından tanıdığı peşə sahiblərinin ümumiləşmiş obrazları da var, ancaq bu obrazlar onun dünyagörüşünün bir parçası olmaqdan o tərəfə keçmir.

«Milanda ölüm» kitabındakı ilk povest - «Buddanın qayıdışı» platonik sevgi üstündə qurulub. Yeri gəlmişkən, qədim fəlsəfi baxışlar, xüsusilə Şərq və hind təsəvvürləri müəllifin yaradıcılığında özünü qabarıq göstərir və bəzən obrazların dünyagörüşünün əsasını təşkil edir.

V.Məmmədlinin nəsrində realist boyalar var. Məsələn, «Milanda ölüm» povestində Bakı, köhnə məhəllələr, mənzərələr heç bir artıq sözə ehtiyac duyulmadan, artıq epitetlərdən, bənzətmələrdən istifadə edilmədən, tablo kimi gözlər önünə sərilir (heç nə təsadüfü deyil: müəllif həm də rəssamdır və lütfən, onun rəssam olduğunu təkcə kitabın girişindən oxumayın, əsərlərində bunu tam mənası ilə görəcəksiniz): mürəkkəb kompozisiya, reallıqdan alınan informasiyanın alt şüurda tam ayrı biçimdə şəkillənməsi, qəlbinə yığılan məsum sevginin (Pakizə) İtaliyada, Milanda, «La Vita» kafesində görüşünə tələsən Monikanın simasında «Ferrari»nin təkərləri altında can verməsini və Monikanın can verən bədəni önündə nəvə Nadirin - Qarabalanın alt şüurdakı sevgiylə «Pakizə» deyə fəryad qoparmasında da, şəhid dostunun namusunu qorumaq üçün adam öldürən, ancaq sonra bunun şayiə olduğunu və öldürdüyü adamın heç bir günahının olmadığını anlayan Arifin həqiqəti öyrənəndən sonra qeyri-adi, mistik qəza (bəlkə də mistik qisas) ilə ömrünü tamamlamasında da, ölümünü əvvəlcədən duyan baba Nadirin «Quran» avazı altında canını tapşırmasında da həyat həqiqətlərini axtarma istəyi, dünyaya yanaşma, «baxış bucağı» dayanır.

Fərqli baxış, fərqli münasibətdir və ilk baxışda Göy məsciddə Allaha nəzir verməklə müsəlmanlıq, sahə müvəkkilinə «nəzir» verməklə vətəndaşlıq borcunu yerinə yetirən sadə, halal və dünyanın gərdişini bu cür anlayan azərbaycanlı obrazının arxasında heç də sadə dünyagörüş dayanmır. V.Məmmədli Sözün ən adi – bu dünyanın müvəqqəti olması barədə xəbərdarlıq missiyasını bilir, bunu bütün obrazlarında sınaqdan keçirir və ən mürəkkəb həqiqətə – Ölümə qədər olan məsafəni bir mətndə dəfələrlə xatırladır. Bəzən bir kiçik povestə üç nəsillik dövr (Nadir-Zakir-Nadir), üç mənzərə (Bakı-Quba-Milan), üç süjet (Arif; Nadir(lər); Monika), üç əsas obraz… daxil edilsə də, bu dövrlərin, süjetlərin, mənzərələrin sürətli təsviri haqqında düşünmək olmur, əksinə, hər süjetin, mənzərənin, nəslin daha da şaxələnməsini tam təbii qəbul edirsən: bir-birinin içində gizlənən və açıldıqca-açılan sandıqçalar, mücrülər kimi…

V.Məmmədlinin süjetləri də elədir: bitmir, tükənmir, tamamlanmır… Povesti, hekayəni oxuyub sona çatandan sonra oxucunun düşüncəsi işə düşür: həqiqətə gedən yol qədər, bu mətnlərin də hər bir fərdin təfəkküründə inkişaf dinamikası var.

Ən əsası – Vahid Məmmədlini, onun yazılarını mənə doğma edən bir məqamı deməliyəm: onun bütün yaradıcılığı Sevgi və Ölümə münasibətdən yoğrulub.

Sevgi – «uzaqdadır»: Bakıdan Hindistana (Kauşariyə), Milana (Monika); Milandan Qubaya (Pakizəyə) köklənir və hər dəfə də ölümlə üzləşir. Ancaq ölən «sevgililərdir»; sövq-təbii uzaqlara köklənən, əslində Ölüm qədər yaxın olan Sevgi isə əbədidir…

# 3637 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #