Kulis.az “Yeni imza” layihəsindən Orxan Saffarinin şeirlərini təqdim edir.
Allahın xəbəri yox
Bir də gördün bir axşam
Çətinləşir yaşamaq.
Gəlir sol tərəfindən
Adama bir darıxmaq.
Qıvrılırsan yerində,
Bir az için sökülür.
Ağrıların əlindən
Qucaq-qucaq tökülür.
Nə gələn var, nə gedən,
Bomboş şəhərdi evim.
Dərddən boğaz quruyur,
Sanki zəhərdi dilim.
Çəkdiyim ağrıların,
Deyəsən, qədəri yox.
Mən ki çoxdan ölmüşəm,
Allahın xəbəri yox...
Deyirəm ki
Deyirəm ki, dodağın
Sərçə ayaqlarıdır
Deyirəm ki, qolların
Tanrı qanadlarıdır
Deyirəm dodağından
Öpənlər uça bilər
Sarıldığın adamlar
Tab gətirməz tanrıya
Göz yumub qaça bilər
Deyirəm ki saçının
Uclarında ölüm var
Deyirəm ovcunun
İçində bir özüm var.
Deyirəm gülüşündən
Günəş özün göstərir
Sən gözünü yumanda
Göydə ay bədirlənir.
Xərçəng
içimdəki səssizliyin
sənsizlik bağırması qədər mənasızam hərdən...
əslində daha çox mənasız
gedənlərə aludə olmuşam
özündə yaxşı bilirsən,
adamlar belə getməz axı
bir az ürək verəndə nə olar?
adam adamı belə sevməz axı...!
amma,
sən gəl, boş ver bunları
sözdü də deyirəm
dindirsən saç toxumalarından tutmuş
beyin neyronlarına qədər darıxmışam sənə
içimdə sevgim həsrətimi yeyir,
axı gör neçə müddətdi yoluxmuşam sənə!!!.......
həkimlər də ürək kapillyarlarımda
genişlənmə var deyirlər hələ
təsəvvür et,
kimlər keçib ordan
məncə bu, genişlənmənin bir səbəbi var
axı sən boyda adam gedib ordan....
Tanrı ilə qonşu
Bu gün gecə bir əlimlə Ayı qucaqlayıb
O biri əlimlə bir ulduzu bağrıma basdım.
Çox tənha idim, bir az da üşüyürdüm...
Qaranlığı yorğantək üzümə çəkib
“Heç nəyi” seyr elədim səhərə qədər...
Anladım ki, mən sənsiz ulduz tozuyam,
Sən olmasan, Ayın ləkə tərəfiyəm.
İndi isə uzanmışam, səhərə tələsirəm,
Tələsirəm ki, səhər ilk gördüyüm adama deyim,
Tanrı ilə qonşu idik gecə.
Məndə bir az "sən" yox idi,
Üzüm də gəlmədi deyim ki,
Mənə bir az "o"nu ver...
Ən darıxqan şeir
Şeirlər də kömək olmaz bəzən
Nə yaza bilərsən,
Nə də ki, poza
Baxarsan olub keçənlərə
Elə hey kimisə axtararsan,
Səbəbin özün də bilmədən
Bəzən sadəcə darıxarsan
Darıxarsan olub keçənlər üçün,
Hərdən gəlib gedənlər üçün,
Ölülər də yadına düşməz,
Darıxarsan dirilər üçün....
faydası da olmaz bu darıxmağın
Boşu-boşuna darıxarsan,
Hərdən də darıxmadığın
günlər üçün
Özünü günahlandırarsan.
Qəribə deyilmi bütün olanlar?
Bəzən bütün darıxanlar
Darıxmağ hissini də
söyərlər
"Və bir vaxt dilindən düşməyən insanlar
Vaxt gələr gözündən də düşərlər".......
Sense sadecə darıxarsan
Bəzən unutduğun
adamlar üçün
Bəzən də bilmədən
darıxarsan
Hansısa darıxmayan bir qadın üçün.....
Hərdən saysız-hesabsız darıxarsan
Heçkim darıxmaz sən qədər
Bəzən həddini də aşarsan
Darıxarsan "n" qədər
Bəzən gecə üçün
Bəzən gündüz üçün
Bəzən ay üçün
Bəzən günəş üçün
Bəzən də arzu tutduğun
Ulduz üçün darıxarsan.......
Bəzən də fikirləşərsən,
Nə qədər darıxmağ olar
Bir insan üçün?
Heç saatın əqrəbləri də darıxmaz
Axı getdiyi zaman üçün........
Bəzən günlərcə
Bəzən aylarca,
Bəzən də illərcə
Hərdən çox kobud-kobud
Hərdən də darıxarsan incə-incə...