Çinli yazıçı Mo Yannın Nobel mükafatı alması böyük müzakirəyə səbəb olub. Yazıçı bu yaxınlarda “Şpigel” dərgisinə müsahibə verərək Çin Kommunist Partiyasına (ÇKP) olan yaxınlığı, hökumətin siyasəti haqda susması və senzuranın vacibliyi haqqında danışıb və diqqətləri öz üzərinə çəkib. Nobel mükafatı münsiflərinə görə Mo Yan bu mükafata “realizm ilə xalq nağılları, keçmişlə müasirliyi birləşdirdiyi üçün” layiq görülmüşdü.
Kulis.az Mo Yanın “Şpigel”-ə verdiyi həmin müsahibəni təqdim edir.
“Məni qısqandıqlarını bilirəm”
Şpigel: Çinli yazıçı Liao Yivu Frankfurt “Şpigel”də sizi “dövlət yazıçısı” olmaqda ittiham etdi.
Mo: Liaonun müsahibəsini oxudum. Müsahibəsində Çin dövlətinin bölünməsi üçün çağırış edib. Yivunun fikirlərini bölüşmürəm. Məncə, Sincan (Uyğur Muxtar bölgəsi – Liaonun doğulduğu yer) bölgəsinin əhalisi də Çinlə olan əlaqələrini qopartmaq istəməzdi. Əminəm ki, Liaonun valideynləri də əsla bu fikrə şərik olmazdılar. Zənnimcə, özü də qəlbinin dərinliklərində dediyi şeylə razı deyil. Nobel mükafatı üçün məni qısqandıqlarını bilirəm və bunu başa düşürəm. Lakin tənqidləri yersizdir.
Şpigel: Konkret olaraq hansı tənqidləri nəzərdə tutursunuz?
Mo: Hər şeyi bir qırağa qoysaq, məni Bo Xilaini (ÇKP-nin katibi, Sincanın Çongçinq əyalətinə nəzarət edir –red.) tərifləməklə günahlandırır.
Şpigel: Çongçinqin biabır olan keçmiş partiya müdiri Xilai...
Mo: Əslində, məsələ başqa cür idi. Bir şeir yazmışdım. İcazə verin, sizin üçün bir daha yazım, oxuyun.
(Dəftərini çıxarıb yazmağa başlayır)
“Ölkə üzünü Çonqçinqə çevirir
Ağ hörümçək həşəratları tutmaq üçün həqiqi bir tor hörərkən,
İshal olmuş qara at qəzəbli bir gənclik deyil.
Yazıçı nə sağçıdan, nə də solçudan qorxmalıdır,
Səlahiyyətli şəxs həm ölümündən əvvəl, həm ölümündən sonra yaxşı anılacaq ada sahib olmalıdır”
2011-ci ilin payızında Çonqçinqli məndən bir yazı istədi. Ona bu şeiri göndərdim və mənə “bununla bağlı gülməliyəm, yoxsa ağlamalıyam bilmirəm” dedi. Həmin günlərdə bir çoxları Bo Xilaini dəstəkləmişdi. Hətta bəzi yazıçılardan onu tərifləyən yazı yazmaları istənmişdi. Bu şeirdəki “ağ hörümçək” Çində kompüter qarşısında oturub korrupsiya ilə məşğul olan rəhbərləri ilə həqiqi günahkarları üzə çıxarmaq üçün tor hörən gənclərdir. “Qara at” isə xalq arasında intellektual təqlidi edənlərdir. Şeirin axrında yazıçı dostlarımı sağda ya da solda deyil, xalqın yanında olmağa çağırmışam.
“Lupa ilə səhvlərimi axtarırlar”
Şpigel: Deyirsiniz ki, sizi tənqid edənlər sizi Bo Xilainin dostu kimi göstərərək səhv ediblər...
Mo: Mənə qarşı çıxanların çoxu yazıçılardır və bu şeirin iynələmə olduğunu yaxşı bilirlər. Ancaq Nobel mükafatını alandan bəri lupa ilə səhvlərimi axtarır və şeirlərimin mənalarını başqa cür təqdim etməyə çalışırlar.
Şpigel: Sizi tənqid edənlərin başqa bir arqumenti də Maonun 1942-ci ildəki çinli yazıçıların yazılarına senzuranın tətbiq olunmasını nəzərə alan bəyanatı dəstəkləməyinizdir...
Mo: Həmin bəyanat tarixi bir sənəddir. Mən və mənim nəslimin yazıçıları işə başlayanda bu sərhədləri addım-addım böyütdük və aşdıq. Mənim o vaxtkı yazılarımı oxuyan biri tənqid ediləsi olmadığımı deyə bilməz.
Şpigel: Bəs niyə bu layihədə iştirak edirsiniz?
Mo: Düzünə qalsa, bu, ticari bir layihə idi. Bir nəşriyyata rəhbərlik edən dostumun fikriydi. Əvvəlcə 100-ə yaxın yazıçını razı salmışdı və bir konfransda birlikdə iştirak edəndə qələmlvə kitab gətirib Maonun nitqindən bir abzası köçürməyimi istədi. “Nə yazmalıyam?” soruşanda “Sənin üçün bu abzası seçmişəm” dedi. Onda da xəttatlıq bacarığımı göstərmək üçün yetəri qədər təkəbbürlü idim.
Şpigel: “Həyat və Ölüm məni yorur” adlı romanınızda qəhrəmanlardan biri təsadüfən Mao döş nişanını ayaqyoluna salır. Avtobioqrafik kitabınız “Dəyişim”də Mao heykəlciklərini siçanları qorxutmaq üçün necə istifadə etdiyinizi təsvir edirsiniz. Niyə kitablarınızda bu qədər cəsarətli, amma real həyatdakı danışığınızda çəkingənsiniz?
Mo: Çəkingən olduğumu düşünürsünüz? Əgər belə olsaydım, bu müsahibəni qəbul etməzdim. Mən yazıçıyam, aktyor yox. Dolayısı ilə bu səhnələri yazanda “hansısa bütü qıracağammı” deyə fikirləşməmişəm. Əgər bunlarla Maonun Tanrı deyil, bir insan olduğunu göstərmişəmsə, qoyun belə də olsun. Uşaq vaxtı Maonun Tanrı olduğunu düşünürdüm.
Şpigel: İndi Çin Yazıçılar Birliyinin katibisiniz. Çində hökumətə yaxın olmayan birinin bu vəzifəyə yüksəlməsi mümkündürmü?
Mo: Bu, mən “Nobel”i almamışdan əvvəl heç kimin şikayətlənmədiyi fəxri bir vəzifəmdir. “Nobel”in ancaq hökumətə qarşı olanlara verilməsinə inanan bir qrup insan var. Budurmu məgər? Nobel Ədəbiyyat Mükafatı ədəbiyyat üçün yox, başqa bir şey üçünmü verilməlidir?
“Danışmaq istəsəm, heç kim məni dayandıra bilməz”
Şpigel: Ancaq Çində yazdıqlarına görə həbs olunan, təqibə məruz qalan yazıçılar var. Onlar üçün mükafatınızı, məşhurluğunuzu və hörmətinizi istifadə etmək məsuliyyətini hiss etmirsinizmi?
Mo: Liu Xiablonun tezliklə azadlığına qovuşmasına ümid edirəm. Bunu dəfələrlə demişəm, ancaq yenə tənqid olunuram.
Şpigel: Liu 2010-cu ildə Nobel Sülh Mükafatını qazanıb. Verəcəyiniz müsahibələr adi bir sözdən daha təsirli olardı.
Mo: Danışmaq istəsəm, heç kim məni dayandıra bilməz. Danışmamağa qərar versəm, boynumdakı bıçaq belə məni danışdıra bilməz.
Şpigel: Sizi tənqid edənlərdən biri də Ai Veiveidir. Xüsusilə Almaniyada tanınan sənətçidir.
Mo: Məndən nə danışa bilər?
Şpigel: O da sizi dövlətə yaxın olmağınızla günahlandırır. Reallıqdan uzaqlaşdığınızı və hazırkı Çini təsvir etmədiyinizi deyir.
Mo: Çindəki bir çox sənətçi dövlət sənətçisi deyilmi? Yaxşı, bəs universitetdəki professorlar? Yaxud dövlət qəzetləri üçün yazanlar? Axı hansı intellektual Çini təmsil etmək iddiasında olacaq? Mənim belə iddiam yoxdur. Ai Veivei belədirmi? Çini həqiqətən təmsil edəcək insanlar zibil daşıyır, yalın əllə yolları döşəyirlər.
Şpigel: Siz təkcə partiya üzvü deyilsiniz, təkrar-təkrar dediyiniz kimi kommunizmin utopik görüntüsünü də mühafizə edirsiniz. Ancaq kitablarınız addım-addım bu utopiyanın həmişə həqiqətə çevrilmədiyini göstərmirmi? Dolayısı ilə bəlkə bu utopiyanı tamamilə buraxmalısınız?
Mo: Marksın “Kommunist Partiyasının manifesti”ndə yazdıqları olduqca gözəl idi. Lakin bu xəyalı reallaşdırmaq çox çətindir. Ancaq Avropaya, xüsusilə də Şimal Avropa dövlət və cəmiyyətlərinə baxanda düşünürəm: Bu rifah içindəki dövlətlər Markssız düşünülə bilərdimi? Marksın ideologiyasından ən çox yararlananlar elə Qərbdir. Biz çinlilər, ruslar və şərqi avropalılar görünür Marksizmi səhv başa düşmüşük.
Şpigel: Ən böyük pərəstişkarlarınızdan biri alman yazıçı Martin Uolserdir. Sizin romanlarınıza “həssaslıq, qəddarlıq və gözəllikdən ibarət eyş-işrət ziyafətləri” deyir.
Mo: Martin Uolserə böyük hörmətim var. Çincəyə tərcümə edilmiş bütün kitablarını oxumuşam. Almanların II Dünya Müharibəsindən sonrakı mentalitetini yaxşı əks etdirib. Onun əsərlərimi belə qiymətləndirməsi məni qürurlandırır. Məncə, Uolser Nobelə ən çox layiq olan alman yazıçılardandır. Əsərlərinə böyük dəyər verdiyim Günter Grass hazırda “Nobel” sahibidir. Başqa bir “Nobel” sahibi Herta Müllerin çincəyə tərcümə edilmiş əsərlərinin bir qismini oxumuşam və mükəmməl hesab edirəm.
Şpigel: Sizdən fərqli olaraq Grass hökuməti ilə münaqişənin dadını çıxardır.
Mo: Bəli, onu və başqa yazıçıları ictimai müzakirələrə bu cür qoşulma bacarıqlarına görə təqdir edirəm. Lakin mənim belə bir bacarığım yoxdur. Əvvəldə də dediyim kimi, çox insanın qarşısında danışmağı sevmirəm.
Şpigel: Onda Stokholmdakı bütün o dəbdəbə sizin üçün o qədər də ürəkaçan olmayıb.
Mo: Vaxtın çoxunu ovcumdakı bir parça taxtadan yapışdım.