Kulis.Az məşhur amerikan şairi Alan Ginzberqin "Amerika" şeirini təqdim edir.
Amerika, hər şeyimi sənə verdim, indi heç nəyəm.
Amerika, iki dollar iyirmi yeddi sent, 17 yanvar 1956.
Başım üstümdə deyil.
İnsanlarla müharibəni nə vaxt kəsəcəyik, Amerika ?
Amerika, atom bombanı da götür, bas bayıra.
Başım xarab olub, Amerika, əl çək yaxamdan.
Özümə gələnəcən şeir-zad yazan deyiləm.
Amerika, sən nə vaxt mələk olacaqsan ?
Nə vaxt lüt- anadangəlmə olacaqsan ?
Nə vaxt məzarlıqdan boylanacaqsan, Amerika ?
Nə vaxt milyonlarla trotskiçiyə layiq olacaqsan ?
Amerika, kitabların niyə göz yaşıyla doludur ?
Amerika, nə vaxt Hindistana öz yumurtalarını göndərəcəksən ?
Amerika, sənin düşük tələblərin məni əsəbləşdirir.
Nə vaxt supermarketə gedib gözəlliyimə uyğun
nəsə ala biləcəm ?
Amerika, hər şey bir qırağa, axı bu bizik, axı biz dəqiq hələ çezməmişik.
Bu dəzgahlar da əsəblərimi korlayır, xəbərin olsun.
Məndə övliya olmaq arzusu yaradırsan, Amerika.
Axı hələ mümkündür, axı hələ var bu mübahisəni həll etməyin başqa yolu.
Berrouz indi Tanjerdədi, inanmıram qayıtsın,
inanmıram bu ondakı şəri diriltsin.
Sən də şərsən, Amerika, yoxsa artistlik edirsən ?
Fikrimdən dönəcəyimi düşünürsən, səhv eləyirsən
Yaxamdan əl çək, Amerika, mən neylədiyimi bilirəm.
Amerika, əriklər çiçəklərini tökür.
Neçə aydı qəzet oxumuram, hər gün
kimsə kimisə öldürüb "içəri" düşür.
Amerika, Uobliləri (1) hiss eləyirəm.
Balaca olanda kommunist idim, Amerika, üzr-zad da istəmirəm
imkan düşən kimi nəşə çəkirəm.
Günlərlə evdə, unitazda oturub güllərə baxıram, guya işdi də.
Çin məhəlləsinə gedib yaxşı mıxlayıram dibinə kimi,
amma heç kimi qayıra bilmirəm.
Mənim ağlım uyub, bu işdə nəsə bir zibil var.
Ax ! Sən məni Marksı oxuyanda görməliydin, Amerika.
Psixiatrım deyir ki, heç nə olmayıb sənə.
Heç nə olmayıb doğrudan da
Mistik hallüsinasiyalarım və kosmik titrəmələrim var ancaq.
Amerika, hələ mən sənə Maks əmi Rusiyadan qayıdandan sonra
ona elədiklərimdən danışmamışam.
Sənə səslənirəm, Amerika.
Həyəcanlarının "Taym" jurnalı ilə idarə olunmasına
nə qədər dözəcəksən ?
Mən "Taym"a aşiqəm, Amerika.
Hər həftə alıb oxuyuram.
Küçənin tinindəki şirniyyatçının yanından keçəndə
üz qabığı mənə hırtıldayır həmişə.
Onu Berkli Xalq kitabxanasının zirzəmisində oxuyuram.
O həmişə məsuliyyətdən danışır. Deyir alverçilər ciddidir.
Film çəkənlər ciddi. Hamı ciddidir, məndən başqa.
Amerika, bəzən düşünürəm ki, mən elə - Amerikayam.
Yenə öz-özümə danışmağa başladım.
Asiya mənə qarşı üsyan eləyir, Amerika.
Bir qəpiklik də bəxtim yoxdur.
Ən yaxşısı mən milli ehtiyaclarımı sadalayım.
Milli ehtiyaclarım - iki marixuana zəmisi,
minlərlə cinsiyyət orqanı, saatda 1400 mil sürətlə gedən
özəl, çap olunmayan ədəbiyyat və iyirmi beş min dəlixana.
Türmələrdən və gün işığı altındakı saxsılarda yaşayan
beş min kasıb-kusubdan danışmıram.
Fransadakı qəhbəxanaları yığışdırdım, indi sıra Tanjaredədi.
Katolik olmağına katolik deyiləm, amma mən də prezident olmaq istəyirəm.
Amerika, sənin bu baş-ayaq və çılğın havanda necə
müqəddəs bir yalvarış yaza bilərəm ?
Dördlüklərimə Henri Ford kimi davam edəcəm,
yazdıqlarım onun istehsal etdiyi avtomobillər kimi fərdidi,
üstəlik, hamısı ayrı cinsdi.
Amerika, dördlüklərimi nağdı pula- 2500 dollara sənə sataram,
köhnələri isə 2000 dollardan verərəm.
Amerika, Tom Munini(2) sərbəst burax.
Amerika, ispan loyalistlərini xilas elə.
Amerika, Sakko və Vanzetti (3) ölməməlidi. Amerika, mən Skotsboro(4) uşaqlarıyam.
Amerika, yeddi yaşım olanda anam hücrə yığıncaqlarına aparardı məni
orda bizə noxud satardılar, qiymətlərim yaxşı olsa bir ovuc ləbləbi
beş sent və çıxışlar havayı idi.
Orda hamı mələk idi, Amerika və fəhlələr yaxşı hisslərlə
doluydu, hamı səmimiydi, Amerika, bilmirsən
partiya 1833-cü ildə necə yaxşıydı və Skot Nirinq(5) nə gözəl
bir qocaydı. Blur Ana(6) bir dəfə necə ağlatmışdı məni
bir dəfə İsrail Amteri görmüşdüm orda.
Hamısı casus olmalıydı onların.
Amerika, bilirəm, əslində savaşmaq istəmirsən.
Amerika, onlar rus casuslarıdı bilirəm.
Rusdular onlar. Ruslar və Çinlilər. Və Ruslar. Və Ruslar.
Rusiya bizi diri-diri udmaq istəyir.
Marçıldatmaq istəyir. Gücündən çıldırıb Moskva.
Əlimizdən maşınlarımızı və qarajlarımızı almaq istəyir.
Çikaqonu ələ keçirmək istəyir. Onun qırmızı Rider Daycestə ehtiyacı var.
Bizim avtomobil fabriklərimizi Sibirə daşımaq istəyir.
Benzin stansiyalarımızı o böyük, iyrənc bürokratiya idarə eləsin istəyir.
Yaxşı şey deyil bu.
O hindulara oxumaq-yazmaq öyrətmək istəyir.
Onun güclü-qüvvətli zəncilərə ehtiyacı var.
Bizi gündə 16 saat işlətmək istəyir.
İmdad!
Amerika, bu iş ciddi işdir.
Amerika, mən bunları televizora baxa-baxa öyrənmişəm.
Amerika, bunlar doğrudur mu ?
Tez-bazar işləməyə başlamalıyam, başqa çarə yoxdu.
Amma orduya getmək istəmirəm, fabriklərdə tövsiyə təkəri də fırlatmaq istəmirəm,
gözlərim zəifdi, başım da xarabdı.
Amerika, o yanı bu yanı yoxdur, gərək çarx fırlansın, bu oğlan çiyinlərimizlə fırlatsın onu.
Qeydlər:
1) Vobbli – 20-ci əsrin əvvəlində yaranmış Dünya Sənaye İşçiləri partiyasının üzvləri. Proletariatın maraqlarını müdafiə edirdilər. 1910-15-ci illərdə bir sıra tətillər keçiriblər. Bu tətillərin bəziləri qanlı bitib. Vobblinin radikalizmi onların cəmiyyətin yüksək təbəqələri və orta sinif arasında qeyri-populyar olmasına səbəb olub.
2) Tom Muni – ABŞ-da işçi hərəkatının iştirakçısı. Dünya Sənaye İşçiləri təşkilatının fəaliyyətində aktiv iştirak edib. 1916-cı ildə San-Fransiskodakı militarist nümayiş zamanı (22 iyun 1916) bomba partlayışında günahlandırılaraq həbs edilmişdi. Bu işə aidiyyatı olmasa da, 1917-ci ildə Muniyə edam hökmü verilir; ictimaiyyətin təzyiqi nətivəsində 1918-ci ildə ölüm hökmü ömürlük həbslə əvəzlnir. 1919-cu ildə hakimiyyət Munini azad etməyə məcbur olur.
3) Sakko-Vanzetti – İnqilabçı-işçilər Nikola Sakko və Bartolomeo Vanzettinin Saut-Breyntri şəhərindəki ayaqqabı fabrikinin xəzinədarı və 2 gözətçisinin öldürməsi barədə hakimiyyətin təşkil etdiyi iş nəzərdə tutulur. 14 iyul 1921-ci ildə Sakko və Vanzettiyə ölüm hökmü oxunmuşdu. Məhkəmə və federal məhkəmə orqanları bütün apellyasiyaları rədd etmişdi. Məhkəmə qərarı ABŞ-da və bütün dünyada geniş etiraz dalğasına səbb olmuşdu. Lakin 1927-ci ilin 23 avqustunda Sakko və Vanzetti elektrikli stulda edam edilmişdilər.
4) Skottsborolu oğlanlar – İki qadını zorlayan 13 yaşından 21 yaşınadək doqquz qaradərili oğlan. 25 mart 1931-ci ildə onlardan səkkizinə ölüm hökmü oxunmuşdu, lakin İşçilərin Beynəlxalq Müdafiəsi kommunist təşkilatının müdaxiləsi nəticəsində, hökm yüngülləşdirilmişdi. Bu hadisə Amerikanın kommunist təşkilatlarının böyük səylə “heç bir günahı olmayan”, “ekspluatasiyaya məruz qalmış” qaradərililəri müdafiə edərək, onların aralarında öz fikirlərini yaymağa və gələcəkdə öz məqsədləri üçün istifadə etməyə çalışdıqlarını göstərir.
5) Nirinq Skott (1883-cü ildə doğulub) – amerikalı sosioloq və publisist.
6) Blur Ana (1862-1951) – Amerika Kommunist Partiyasının təsisçisi. Uşaq vaxtı Uolt Uitmenlə - Ginzberqin ən sevdiyi şairlərdən biri – ünsiyyətləri olub..
Tərcümə və qeydlər Qismətindir.