Qərb Adonisə nəyi bağışlamır? - POLEMİK

Qərb Adonisə nəyi bağışlamır? - POLEMİK
17 iyun 2017
# 16:00

Kulis.Az Azad Qaradərəlinin “Adonis və Əli Əhməd Səid Əşbər” yazısını təqdim edir.

(“Şərq dəftəri” silsiləsindən)

Son vaxtlar Adonis yaradıcılığı məni daha çox özünə çəkir. Ona görə yox ki, “Yazı” dərgisi üçün şeirlərini çevirmişəm. (Hə, bir amil bu ola bilər.) Ona görə ki, o 2016-cı ildə Nobel ödülünə ən real namizədlərdən ola-ola bir gitaraçı rokçuya qismət oldu o mükafat – Bob Dilan özü də şaşırmışdı... Və bir də ona görə ki, son illərdə ərəb dünyasını yer üzündən silməyə hesablanmış bir ayaqlanma var. Əvvəl İraq, sonra Liviya, ardınca Misir, Suriya, indi də Qətər...

(Bəri başdan deyim ki, bu ölkələrdəki aftafası belə qızıldan olan diktatorların devrilməsinin, nəsillərinin yer üzündən silinməsinin tərəfdarıyam. Amma buna görə günahsız xalqın əzablara düçar olmasını həzm edə bilmirəm... Zira o xalqların günahsız olması da hələ sual altındadır. Nədən ki, diktaturanı bəsləyən xalq onun acılarına da dözməlidir... Bir yandan da tanrı qəzəbi: guya Şərq xalqlarını çox sevdiyindən onların yaşadığı ərazilərə yükləyib karbohidrogen ehtiyatlarını... Nə yazıqlar ki, Şərqə neft-qazı bir mehriyyə kimi düşünən tanrı, bunların həm də gec partlayan mina olduğunun fərqində deyilmiş sanki...)

Nəysə, qayıdaq Adonisə...

Bu mütəfəkkir şair sanki millətinin gələcəyini – Suriyanın əzablarını qabaqcadan duymuşdu:

ölmək istədim, olmadı

yaşamaq istədim

nəyə yarayası

söyləyin dostlar

yaşamağın nə anlamı var?

Bu gün bütün ərəb dünyasında, eləcə də Qərbdə yaşayan şairlərin öncüllərindən sayılan Adonis bir modernist, bir novator kimi qəbul edilir. Nədir Adonis şeirinin gücü?

Məncə, bunu anlamaq üçün Adonisin kimliyinə baş vurmaq lazım.

Əsl adı Əli Əhməd Səid Əşbər olan şair, 1930-cu ildə Suriyanın Lazkiyyə rayonunun Qəssablar kəndində doğulub. Sonra Tartuşda bir fransız liseyində oxuyub. Daha sonra Lazkiyyədə dövlət məktəbini bitirərək 1950-ci ildə Şam universitetinə daxil olub. Suriyadakı fransız qüvvələrinə qarşı çıxışlar edib. Ölkənin müstəqillik dövründə ilk şeirlərini çap etdirən şair, universitetdə ədəbiyyatdan dərs deyib. Beyrut universitetində doktorantura keçərkən burada Bodler və Rilkenin şeirləri ilə tanış olub. “Şeir” adlı dərgi buraxmağa başlayan şair, elə bu dövrdən Livan vətəndaşlığı alıb. Və bu vaxt artıq o Adonis təxəllüsünü qəbul edib.

Orta Şərqdən Liviyayacan ərəb şeirinə təsir edən Adonis, ərəb şeirinin keçmişindən qoparaq şeiri özününküləşdirdi. Ərəb şeirinin dünya şeiri ilə əlaqə qurmasına çalışdı. Beyrutdakı vətəndaş müharibəsindən sonra Parisə köçdü. Fəlsəfə və mistizmlə maraqlandı.

1971-ci ildə “Suriya-Livan ən yaxşı şeir” mükafatını, 1986-cı ildə Brüsseldə “Beynəlxalq Şeir Bienalı” (iki ildən bir keçirilən) mükafatını qazandı. 1983-cü ildə Parisdə Mallarme Akademiyasının üzvü seçildi. Həmin il “Le Grand des Poise” (Brüssel) mükafatını və “Nazim Hikmət Şeir Mükafatını” aldı.

Adonis şeiri ənənəvi şeirin üstündən keçən bir qatar timsalıdır. Bu şeirin energetikası bütün ərəb dünyasının karbohidrogen yataqlarından daha energetikdir:

...tanıdınmı məni? yorğanımdır bədənim

ölüm bir şərqi kimi və tamı dəftərlərimin

mürəkkəbli məzar mənə yan otağım

qədərin yollara ayırdığı göyləri yaşıl

bu dünya xəritəsi

ağrıları və acıları çəkən qara xizək

gələrmisən arxamca? bədənim səmamdır mənim

aldım bütün keçidlərini kosmosun sonunacan

ardıma yazdım kirpiklərimi

əski bir bütə aparan yoldur o

gələrmisən ardımcan? canım yolumdur mənim.

Əcəba, başlığa fikir verdinizmi? Nəymiş bu ikili, fərqli şair dünyası? Başlığa sanki iki isim çıxarmışıq və müqayisəli yazı yazacağıq? Bəli, bu həqiqətən belədir. Adonisin içində bir Əli Əhməd Səid Əşbər var ki, onu ötən ilin Nobel ödülündən məhrum edən də odur! Adonis Cəbran Xəlil Cəbranın tökdüklərini yığışdıran bir dahidir, fəqət Qərb bu dahilərin Şərqdən çıxdığını onlara bağışlaya bilmir. Baxmayaraq ki, hazırda Parisdə yaşayır və ərəb dünyasındakı diktatura rejimlərinə qarşıdır, Adonisi bir Əli Əhməd Səid Əşbər sanır Qərb....

Adonis kəşflər və gözlənilməzliklər şairidir. Onun qəhrəmanı olan qadınlar rahimini (uşaqlığını) xəyalən torpağa əkib məhsul gözləyir:

Uşaqlığını xəyal torpağına

Əkən qadınlar vardı

Biçini allaha buraxardı

Aralarında bəzisi vardı

Axşam ölüb səhər dirilərdi...

Adonis şeirində mistik bir güc var. O, sanki qırx il qabağı görə bilirdi. “Çöl. Mühasirə altında Beyrut gündəliyi, 1982” şeirində təsvir edilənlər, sanki bugünkü Suriyanın eynisidir.

Evinə gedən yol qalmadı - mühasirə,

Bulvarlar artıq məzarlıqdır;

Göy üzündə dayanılmaz bir ay

Evinin üzərinə

Çökmüş bir toz dumanı çatılmış qaşlarıyla...

Lakin şair yenə də haqqın və həqiqətin yanındadır. Onunçün həqiqət deyilən bir nəsnənin açılışı “rədd etmək” bacarığından keçir.

“Gələcəyin şeiri rədd edənlərin ölkəsidir” demişdiniz. Əcəba, qeyri-sabit Beyrut torpağı şeiriniz üçün gərəklidirmi? – sualına şair belə cavab vermişdi: “Beyrutda düşüncələrim daha aydınlaşdı, açıqlıq qazandı... və şeirlə ilgili düşüncələrim, qənaətlərim bir önəm, bir bütövlük qazandı. Bizim mədəniyyətdə iki sistem var: siyasi, dini, ya da ictimai qurumlarla qarışan sistem və rəsmi basqılar üzündən gizlənən, içinə qapanan sistem... Mənim üçün önəmli olan yasaq və gizli olandır. “Gələcəyin şeiri rədd edənlərin ölkəsidir” dediyim zaman insanı və onun gerçək yaşamını daha yaxşı anlamaq üçün mövcud qurumları rədd etməyin gərəkli olduğunu qeyd edirəm.”

Adonis şeiri Şərqi çulğamış ölüm və qana qarşıdır. Bu müdhiş insan qırğınına, qəssablar dünyasına (şairin Qəssablar kəndində doğulması da mistik deyilmi? – A.Q.), rəzalətlər məngənəsinə alov püskürür sanki. Və birdən göy üzündəki bir dəhşətli mənzərəni yer üzü ilə müqayisə edibən görün haralara gedib çıxır Adonis:

Ayaqlarında corabı buludlar:

Birinin başı yoxdu

Birinin dili ya da əlləri

Biri iplə boğulmuş

Qalanlarının nə şəkli var, nə adı

Dəlimi oldunuz? Lütfən

Belə şeylər yazmayın

Bəşərin ən müdafiəsiz üzvü uşaqlar onun şeirlərində az-az görünər. Amma elə görünər ki, ayağının altında yer durmaz. Səni sanki lava vurar. Yadınızdamı, dəniz sularının vurub sahilə çıxardığı qırmızı paltarlı uşaq meyiti?! Adonis şeirinin balaca qəhrəmanı yerin törətdiyi rəzaləti göyə köçürür elə bil. Onunçün göydəkilər ulduz deyil, güllələrin açdığı dəliklərdir:


Yollar dolusu qan

Bir uşaq

Dostlarına pıçıldayır:

“Yalnız ulduz deyilən dəliklər

Qaldı göy üzündə.”

Adonis şeiri Şərq müdrikliyi ilə Qərb çevikliyinin birləşməsidir. Bu şeirdə hiss məntiqdən güclü görünə bilər, amma deyil. Bu şeirin doğurduğu duyğu bəşəriyyətin xilasına köklənib. İnsan bu dünyanı tikdikcə, qurduqca həm də uçurduğunun fərqində olmur. Hər kəsilən ağacın yerində tikilən, hər sökülən dağın yerində qurulan, hər öldürülən insanın yerində yapılan onların eynisi deyil. Bu söküntü, bu dağıntı bəşəriyyətin məhvinə aparan yoldur, bəlkə yolsuzluqdur. Görün şair ölümü harda axtarır və necə tapır:

Nədir ölüm?
qadının rahmiylə
yerin rahimi arasında
sürət maşını...

S.A. (Söz ardı)

1.

Mən bilən Əli Əhməd Səid Əşbər tam Adonisə çevrilə bilməyib. Çün onun poeziyasında müdriklik daha bol. Halbuki indi müdrik havaya qulaq verən az olur. Bir qədər çevik olmaq lazım. Onun qol götürəni daha çoxdur. 87 yaşlı şairin yüngül havaya oynayacağı inanılası deyil, amma onda gərək Nobeldən gözünü birdəfəlik çəksin.

2.

Finikiya mifologiyasına görə, Adonis bahar allahının adıdır. Ərəblərə həqiqi baharın gələcəyi, Adonisə isə Nobel ödülünün veriləcəyi ümidilə bitiririk bu yazını.

# 1844 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #