Kulis ElSevərin şeirlərini təqdim edir.
çiçəklər öləndən sonra doğulur meyvələr
hər gecə
yatmamışdan öncə
dua edib
öpücük göndərirlər sənə
bilirəm
bu öpücüklərdən ulduz düzəldib asırsan göy üzündən...
səni tanımayanda çox böyük idim,
indi qızlarım səni tanıyaraq böyüyürlər...
bərk qorxuram ölümdən
amma kölgəmi öldürən qaranlıq da
boynumdakı kəndir də
qolumdakı qandal da
heç vaxt ölməyəcəksən deyir mənə
amma bərk qorxuram ölümdən, Tanrım
özüm ölüm...
qızım incə barmaqları ilə saçımı qarışdırır
mənsə...
eh, nə var e yaşamağa
o qədər bəhanə uydurum sənə
Tanrı olsaydım,
daha ədalətsiz olardım
bütün günahkarları əfv edərdim...
***
hər kölgədən o yana bir varlıq yaşayır
hər varlıqdan o yana bir ürək...
hər ömürdən o yana bir pəncərə var,
hər pəncərədən o yana qaranlıq...
gələcəyi keçmiş məmləkətdə bu günü yaşayıram,
bütün sədlər üzərindən aşanda kiçilir,
bir ömür yaşamadıqca bitir
xatirələrdən qurtulmağa nə var axı
xatırlamırsan heç nəyi
qaranlıqları, kölgələri, dənizləri...
adınız nəydi,
yazdığım şeirə sənin adini qoyacağam, qıvırcaq...
***
otel otağında
daşı ölmüş divar saatından kədərli
nə var həyatda, qadınım.
yaxşı ki, susa bilir hər şey
ağaclar susur,
yarpaqlar susur
çiçəklər, çaylar,
torpaqlar susur...
insan da susur, qadınım...
qapılar taqqıldayaraq susur...
gəl bir tas nərd ataq
qorxma, uduzmayacam...