Böyük müharibəni başladan xanım romançı

Böyük müharibəni başladan xanım romançı
14 iyun 2018
# 21:00

Bu gün Amerika yazıçısı Harriet Biçer-Stounun (1811-1896) doğum günüdür. Kulis.az bu münasibətlə Biçer-Stou haqqında məqaləni təqdim edir.

XIX əsrdə Bibliyadan sonra ən çox satılmış əsər “Tom dayının daxması” romanıdır. Kitab 1852-ci ildə çap edilən kimi ABŞ-da geniş əks-səda doğurub. Əsər bir günə 3000, bir ilə 350 000 nüsxə satılmışdı. Bundan sonra Şimal ştatları ilə Cənub ştatları arasındakı uçurum daha da dərinləşdi. Quldarlıq əleyhdarları-abolisionistlər daha mütəşəkkil şəkildə çıxış etməyə başladılar. “Tom dayının daxması”, qəhrəmanı qaradərili olan ilk Amerikan əsəri idi.

Əsərdə Amerikanın Cənub ştatlarının quldarlıq mənzərəsi geniş şəkildə təsvir olunur, quldarların qəddarlığı, onlara bunu etməyə imkan verən qanunlar, qaradərililərin ağır həyatı, onlara edilən zülmlər, məhrumiyyətlər, ayrılıqlar aydın şəkildə təsvir olunur.

Viktor Hüqonun “Büq Jarqal” əsərindəki üsyançı zənci qəhrəmandan fərqli olaraq Biçer-Stounun qəhrəmanı pasifistdir, qatı dindardır. O quldar Leqriyə qarşı belə mərhəmətlidir. Onun davranışları bizə Mahatma Qandinin pasifist hərəkatını, Martin Lüter Kinqi xatırladır. Biçer Stou sanki 100 il əvvəl 1964-cü ildə Nobel Sülh Mükafatı almış, ABŞ-da qaradərililərə qarşı diskriminasiya, seqreqasiya ilə, irqçiliklə sivil mübarizə yolu seçmiş baptist Lüter Kinqin prototipini yaratmışdı. Onu da qeyd edək ki, Lüter Kinq 1968-ci ildə qətlə yetirildi. Romanın sonunda Tomu da ağası Leqri döyüb öldürür.

Aristotelin canlı aləti

Quldarlıq bir insanın digər insanın mülkiyyəti olması anlamına gəlir. Aristotel qulları “canlı alət” adlandırırdı. Qul bütünlükdə sahibinin ixtiyarında olur, sahibin rizası olmadan heç nə edə bilməz. Bunu təsəvvürümüzdə bir az daha geniş canlandıraq: Qul olmaq təkcə ağır əmək şəraitində günün 17-18 saatını çalışmaq demək deyil. Qul olmaq həm də sahibin razılığı olmadan evlənməmək, sahibin mülkiyyətini tərk etməmək, övlada sahib olmamaq deməkdir. Sahib qulun uşaqlarını istədiyi vaxt ondan ayırıb sata bilərdi, onun uşaqları ilə istədiyi kimi davrana bilərdi, qul övladları qul valideynlərindən ayıra bilərdi. Sahib qulunu öldürə də bilərdi. Buna görə onu heç kim mühakimə etməz. Quldarın qulunu öldürməsi, bir adamın sahib olduğu mobil telefonu yerə çırpıb sındırması kimi adi bir şey sayılırdı.

XIX əsrdə, artıq humanizmin bütün dünyada, o cümlədən ABŞ-ın şimal ştatlarında da təşəkkül tapdığı bir dövrdə qul əməyi Cənub ştatlarında qədim dövrdəki kimi norma hesab edilirdi. Nəinki ABŞı, Avropanın bir sıra dövlətlərini də kənd təsərrüfatı məhsulları ilə təmin edən Cənub ştatlarında qul əməyi olmadan fəaliyyət göstərmək çətin idi. Buna görə də Şimal ştatları Cənubda qulların istismarına göz yummalı olurdu.

1850-ci ildə “Qaçqın qullar haqqında qanun” qəbul olundu. Həmin qanuna əsasən kapitalizmin mövcud olduğu azad şimal ştatlarına qaçmış qullara sığınacaq vermək, qaçmalarına yardım etmək, qadağan olunurdu, bu qadağanı pozanlar isə cəzalandırılacaqdı.

Qullara qarşı amansız qanunun qəbul olunmasına baxmayaraq onlar yenə də öz sahiblərindən qaçıb Kanadaya üz tuturdular. Kanadada qullar azad insan kimi yaşayırdılar. Bu işdə onlara Şimal ştatlarının insanları da kömək edirdilər. Körpə uşağı qucağında sürətlə axan çayda iri buz parçalarının üzərindən cəsarətlə atlaması bir çoxlarında, hətta Elizanın təqibçilərində belə ona qarşı rəğbət hissi oyadır. Kvakerlər (xristian məzhəbinin nümayəndələri-red.) isə ona ağasından qaçmış əri Corca qovuşmaqda və birgə Kanadaya keçməkdə yardım edirlər.

“Tom dayı” müharibə başlatdı

Quldarlıq əleyhdarlarını daha da qəzəbləndirən bu qanundan sonra 1854-cü ildə Respublikaçılar Partiyası yaranır. Tezliklə respublikaçıların namizədi Avraam Linkoln prezident seçilir və 1861-1865-ci illərdə Şimal ştatlarının Cənub ştatlarına qarşı müharibəsi baş verir. Bu müharibədə ABŞ mövcud olduğu bütün dövr ərzində ən çox canlı qüvvə itirmişdi. ABŞ-da Vətəndaş müharibəsinin baş verməsində “Tom dayının daxması”nın rolunun olmasını söyləyirlər. Britaniyalıları İngiltərənin ABŞ-ın cənub ştatlarına yardımına qarşı çıxmasına təhrik edən səbəb “Tom dayınının daxması”nı oxumaları olmuşdu.

Deyilənə görə bir dəfə Vətəndaş müharibəsinin əvvələrində Biçer-Stou ilə görüşən prezident Linkoln “Bu böyük müharibəni başladan, bax bu kiçik xanımdır” deyibmiş. Amma 1896-cı ilə qədər olan mənbələrdə bu fakt qeyd edilməyib.

“Tom dayının daxması” xristian əxlaqı üzərində qurulmuş əsərdir. Əsər boyu tez-tez Bibliyadan sitatlar gətirilir, qəhrəmanların dini dünyagörüşləri mütəmadi büruzə verilir.

Tomu sahibi borcları üzündən qul alverçisi Heyliyə satır, amma Tom bundan xəbər tutanda sahibindən qaçmağı düşünmür. Leqri onu döyür. Amma Tom zalım Leqrinin bağışlanması üçün də dua edir. O filmlərdə olduğu kimi bu əsərdə də məsum qızcığaz Eva var. Tanrı bu balaca mələyi yanına aparanda Sen-Klerin malikanəsində hamı matəmə qərq olur.

Tomun gözəl əxlaqı onun dindar olmasından irəli gəlir. O, xristian fədakarlığı hamının günahının bağışlanmasını istəyir, bunun üçün dua edir. Bir dəfə seçmə adamların məclisinə getmiş ağasını gecəyarı evə çox kefli vəziyyətdə gətirirlər. Tom isə bütün gecəni dua oxuyub Allahdan cavan ağasının günahlarının bağışlanmasını xahiş eləyir. Səhəri ağa ilə qaşqabağını sallamış Tom arasında qısa bir dialoq olur və Tom dünən gecə evə kefli dönmüş ağasını sanki danlayır. Sen-Kler isə hirslənib onu işlərinə müdaxilədə günahlandırmaq yerinə ağasına qarşı “qırmızılıq” edən quluna söz verir ki, bir daha bu cür hallar təkrar olunmayacaq.

Tom ailəsindən ayrı düşür, Heylinin yolda aldığı Liza gəmidə xəbər tutur ki, ağa onun on aylıq körpəsini satıb. Corcu uşaq olanda ailəsindən ayırıblar. İnadkar, cəsur qadın Kassinin övladlarını zorla alıb başqalarına satıblar. Qul hərracında sahibkar Leqri anası qoca olduğu üçün yalnız cavan və gözəl Emmelinanı alır, anayla bala ayrı düşürlər. Amma Emmelina əksər qəhrəmanlar kimi Tanrıdan ümidini üzmür, İsanın onu xilas edəcəyinə inanır. Əsərdə təkcə Corc və Kassi Tanrıdan kömək ummurlar, bu da onları üsyankar edir, onlar öz səadətləri uğrunda vuruşur və azad olurlar.

Əsər XIX əsr quldarlıq Amerikasının gerçək mənzərəsini bütün çılpaqlığı ilə açır. Kitabın çapından sonra Biçer-Stounu hadisələri uydurmaqda günahlandıranlara cavab olaraq “Tom dayının daxmasının açarı” kitabını yazdı. O bu kitabda “Tom dayının daxması”nda keçən hadisələrin heç də uydurma olmadığını, həqiqətən baş verdiyini faktlarla sübut elədi.

O illərdə cənub ştatlarında plantatorların, varlı ağaların pulları ilə ağzı sulanmış “kölə ruhlu” yazarlar Biçer-Stouya cavab romanları yazırlar. Bu “Anti-Tom” romanlarda bir qayda olaraq Biçer-Stounu təsvir etdiyi mühit, qara dərilərin yaşadıqları acınacaqlı vəziyyət təhrif olunur, qara dərililər özlərini idarə edə bilməyən heyvanlara bənzədilirlər. Vətəndaş müharibəsinə qədər Amerikada 30-a yaxın belə roman yazıldı. Lakin ədalətin yanında dayanmayan bütün əsərlər kimi o romanlar da məhv oldu, tarixin zibilliklərinə gömüldü, “Tom dayının daxması” isə qaldı.

# 2411 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #