Onun “Məhəbbət yuvası”nda gördükləri

Onun “Məhəbbət yuvası”nda gördükləri
20 avqust 2013
# 14:35

Alman yazıçı, dramaturqu. 1926-clı ildə anadan olub. 12 roman və bir çox hekayə müəllifidir. Kulis.Az Vialyət Hacıyevin tərcüməsində Ziqfrid Lentsin “Məhəbbət yuvası” hekayəsini təqdim edir

Onlar təzə sifariş almışdılar və məni çay kənarındakı qəsəbəyə göndərdilər. Çox tez gəlmişdim, ona görə də evin yan-yörəsində bir xeyli dolaşdım, kəmər yerinə çatan hasar uzunu qumlu küçədə gəzişdim. Hər yan sükuta qərq olmuşdu. Heç çaydakı gəmilərin uzun, boğuq fit səsləri də eşidilmirdi və mən gəzişə-gəzişə evə baxırdım.

Təzə, qamış damlı bir ev idi, küçəyə baxan balaca pəncərələrinə tor çəkilmişdi, lap top lülələri çıxan qala deşiklərinə bənzəyirdilər və heç birindən də işıq gəlmirdi. Evin başına bir dəfə də dolandım, hasarın dibində gəzişdim və qəflətən eşitdiyim xışıltıdan diskindim. Böyük eyvana işıq düşdü, evin cənub tərəfi tamam işıqlandı, həyətdə iki projektor birdən yandı və onların gur işığı çökə ağaclarının yarpaqları arasından ətrafa süzüldü. Ev indi çökə ağaclarından süzülən qırmızımtıl işığa bələnərək uyuyurdu...

Elə sakitlik idi ki, düyməni basanda, zəngin səsini özüm də eşitdim. Sonra mikrofon xırıldadı və qəflətən eşidilən sakit, mehriban bir səs məni diskindirdi: “Gəlin! – bunu həmin mehriban səs dedi. – Gəlin, sizi gözləyirik.”

Alaqapıdan keçib evə tərəf getdim. İstədim onun da zəngini basam, ancaq qapı yavaşca öz-özünə açıldı, həmin mehriban səs pıçıltı ilə məni salamladı. İçəri girdim və ikimiz də asta addımlarla qonaq otağına keçdik.

- Buyurun əyləşin, - mehriban səsli kişi dilləndi, - utanmayın, elə bilin öz evinizdir....

Bəstəboy, kök bir kişi idi. Üz-gözü şişmişdi. Mehribanlıqla gülümsədi, paltomu, içində kitab-dəftər olan çantamı aparıb asdı. Geri qayıdanda da qısa, ətli barmaqlarını ovuşdura - ovuşdura şirin bir təbəssümlə başını yırğaladı:

- Bizim üçün çətindir, - dedi, - elə çətindir ki, hətta “yox” demək istədim. Axşam çağı uşaqları tək qoymağa ürək eləmirik. Ancaq bu dəfə “yox” deyə bilmədim.

- Mən onlara göz olaram, - dedim.

- Əlbəttə.... Mən sizə arxayınam.

- Birinci dəfə deyil...

- Bilirəm.... Yaxşı bilirəm... Tələbə Cəmiyyəti də elə sizi məsləhət gördü. Çox təriflədilər...

O, iki qədəh şərab süzdü. İçdik və mən qədəhi yerə qoyanda üşərgələndim, ancaq bunun nədən olduğunu bilmədim. Kişinin üzündəki mehribanlıq ifadəsi hələ də çəkilməmişdi və gülümsəyib dedi:

- Bəlkə tez qayıtdım. Yubileyə gedirik. Baxaram, çalışıb tez qayıdaram...... Bu nigarançılıq məni çox oturmağa qoymaz.

- Bir-iki saat nədir ki! - dedim.

- Yox, çoxdur! Sadəcə olaraq, uşaqlardan ayrı dura bilmirəm, ürəyim onların yanında qalır. Fabrikdə də elə onları düşünürəm... Biz uşaqlarımız üçün yaşayırıq, başqa şey bilmərik.... Arvadım da, mən də... Ancaq siz onlara yaxşı baxacaqsınız.... Sizə inanıram.... Bəlkə də özüm tez qayıtdım....

- Hər şeyi nəzərə almışam, - dedim, - hətta kitab-dəftərimi də özümlə gətirmişəm, nə qədər istəsəniz, qala bilərsiniz.

O qalxıb şərabın qalanını bir dəfəyə atdı, saata baxıb, əlinin arxası ilə ağzını sildi.

- Onlar artıq öz balaca ağ çarpayılarında yatıblar, - dedi. – Mariya birinci yatıb...

Onun hamıdan tez yatması lap möcüzədir. Ancaq indi oraya girmək olmaz. Getsəm, ayrıla bilmərəm. Görürsünüzmü, sizə kimi ümid olub gedirik?! Onu da bilin ki, bizim məhəbbətimizə göz olursunuz....

Əlini mənə uzatdı. Koppuş əli isti idi və birdən mənə elə gəldi ki, əlimi nəvazişlə sıxan həmin əldən ayrılığın kədərini, onu bürüyən iztirabı duydum. Üzü də, gözləri də, kədərli təbəssümü də titrədi, sifətindəki şiş, səsindəki mehribanlıq səyridi. Bu vaxt arxadan xırda addım səsləri eşidildi. Həmin addım səsi bir pillə də endi, bizə yaxınlaşdı, sonra kəsildi və kəsilən kimi də kişinin qırışığı açıldı, yumşaldı, sakitləşdi.

- Sizə arxayınam, - dedi.

İkimiz də eyni vaxtda geri döndük və mən qadını görən təki bildim ki, hardansa tanıyıram, ya da ona çox oxşayan bir adama rast gəlmişəm. Yumrusifət, sarışın, cavan qadın idi. Ən çox da enli, boyalı dodaqları və bir də boynundakı qara rəngli xaç yadımda qalmışdı. O, gözucu mənə baxıb başını tərpətdi: yəni çox sağ ol ki, gəldin. Hiss olunurdu ki, səbri tükənib. Kişi paltosunu götürüb mənə əl elədi. Elə bil əli ilə öz qayğısını, inamını yellətdi.

Gənc qadın çiyinlərini ona tərəf çevirdi, kişi bu səssiz-sözsüz əmri başa düşdü, mantonu onun çiyninə saldı və bayaqkı sərt addım səsləri təzədən eşidildi, uzaqlaşdı, daş döşənmiş eyvandan keçəndə təzədən eşidildi, sonra qumlu yola qarışıb yox oldu.

Motor uğultusu eşidildi. Pəncərədən baxanda, maşının hasara düşən işıqlarını gördüm. İşıq hasarın üstündə “gəzişməyə” başladı, elə bil çıxmağa yol axtardı və birdən dayandı. Kişi düşüb geri qayıtdı, bayaqkı mehriban təbəssümü ilə üzr istədi, təqvimin üstünə bir telefon nömrəsi yazdı, vərəqi cırıb qabağıma qoydu.

- Əgər bir şey olsa, - dedi, - işdir, olsa... Əlbəttə, onlar indi şirin yuxuya gediblər, durmazlar... Ancaq hər təsadüfə qarşı... Bu nömrəyə zəng edərsiniz.... Görün sizə kimi ümid olub gedirik... - O yenə üzr istədi, pilləkəni dinşəyib çölə çıxdı.

Oturub gözləməyə başladım. Gözləyirdim ki, yenə qayıdacaq. Ancaq maşın işığı bir daha görünmədi. İndi qarşımda bir telefon nömrəsi vardı. Özünün də altından xətt çəkilib dairəyə alınmışdı...

Gözümü ona zilləmişdim: -.... əgər bir şey olsa.... əgər... Vərəqi bir kənara qoydum, dəftər-kitabımı çantadan çıxarıb stolun üstünə yığdım.- “... özünüz bilirsiniz, kimi ümid olmuşuq...” Dəftərdəki qeydlərə baxdım. Yalnız qeydlər, tələsik yazılmış illər, bir-birilə əlaqəsi olmayan sözlərdi. Hərəsindən sonra da bir nida işarəsi! Görəsən bunlar nə demək idi? İlk dəfə anladım ki, mühazirədə qeyd götürmək havayı şeydir. Dəftəri boş sözlərlə doldurmuşdum...

Pəncərənin qabağındakı telefon səsləndi. Diksinib yerimdən dik atıldım, dəstəyi götürüb yavaş-yavaş qulağıma apardım, nəfəsimi içimə çəkib gözlədim. Kişi səsi eşidildi. Ancaq bayaqkı mehriban səs deyildi. Kəskin, kinayə dolu bir kişi səsiydi:

- Milli, hardasan, Milli? Niyə zəng eləmədin? Eşidirsən, Milli? - Və səs kəsildi. İndi növbə mənimkiydi. Təkcə “bağışlayın” deyə bildim, ancaq elə bu da bəs elədi, şıqqıltı eşidildi və telefon susdu. Dəstəyi asdım. İndi qadının adını bilirdim və harda gördüyümü xatırladım: bərbərxanada qalın, əldən-ələ gəzdiyi üçün didik – didik olmuş şəkilli bir jurnalda, xoş ətir iyindən məst ola-ola görmüşdüm. Sağlam, sarışın, yumrusifət bu qadın Milli idi və sanki deyirdi: kinoya təzə ulduz gəlir....

Sobadakı çökə odunu çırtıldadı və onun açıq yerlərindən süzülən titrək alov dilimləri ağac karnizlərin ucunda yonulmuş İsa Peyğəmbər və onun həvarilərinin üstünə düşdü. Ümidsizlik içində əlləri yanına düşmüş həmin əzabkeşlər mənalı-mənalı bu dünyaya baxırdılar...

Siqaret yandırıb kitab-dəftərin yanına qayıtdım. Onları üst-üstə yığıb, gözümü telefona zillədim. Fikirləşdim ki, indicə zəng eşidiləcək, mehriban səsli kişi mehriban qayğı ilə uşaqlarını - özünün ciyər-paralarını soruşacaq. Elə bilirdim, qonaqlıq yerinə çatan kimi zəng eləyəcək. Və mən bunları fikirləşərkən kimsə məhəccərin baş tərəfindəki qapını çırmaqladı, sonra səs kəsildi, dəstək tərpəndi, aşağı-yuxarı buruldu. Sanki qapını zorla açmaq istəyirdilər. Ancaq, deyəsən, qıfıllı idi, çünki dəstək nə qədər zərblə burulsa da, qapı açılmadı.

Siqareti söndürmüşdüm və dayanıb yuxarıdakı qapıya baxırdım. Birdən qulağıma inilti səsi gəldi. Elə bil kimsə yalvarır, nəsə anlaşılmaz sözlər deyirdi və yenə sakitlik çökdü, sanki qapının arxasındakı adam öz inilti-sızıltısının əks-sədasına qulaq asdı. Kiminsə onu eşidəcəyinə ümid edirdi. Mən isə səssiz-səmirsiz dayanıb gözləyirdim. Həmin sızıltının mənə dəxli yox idi, çünki buraya uşaqlara baxmaq üçün gəlmişdim. Ancaq qapı qəfildən bərk-bərk döyülməyə başladı, kimsə özünü ona çırpdı, ufuldadı, inildədi, dəli kimi özünü bir də ona çırpdı. Dik pillələrlə asta-asta qapıya tərəf qalxdım, bir xeyli ordaca dayandım və gördüm ki, açar üstündədir. O biri üzdəki adamın ciddi-cəhdini dinşədim. Deyəsən, ümidini tamam üzmüşdü. Hiss olunurdu ki, heydən düşüb, tövşüyür, geri çəkilir. Elə həmin anda açarı burdum, ancaq qapını açmadım. Gözüm dəstəkdə idi və o tərpənənə kimi xeyli keçdi. Sonra burulanda da lap ehtiyatla buruldu, sanki yoxlayırdı, açılacağına inanmırdı. Mən bir az geri çəkildim, qapı açıldı, qoca bir kişinin başı göründü. Üzü tüklü idi, gözləri qızarmışdı, qeyri-müəyyən, mənasız bir təbəssümlə - əsil sərxoş təbəssümu ilə gülümsəyirdi. Qapının açıldığına heyrətləndi, sevindi, çölə baxıb qırıq-qırıq güldü, qollarını geniş açaraq mənə tərəf gəldi.

- Sağ ol, - dedi, - çox sağ ol!

Əynindəki qalın kətan köynəyin ucunu şalvarın altına qoydu, uşaqlar yatan otağı dinşədi, sakitləşdi:

- Yatırlar, - dedi, - hələ oyanmayıblar...

Sonra qabağa düşüb pillələri bircə-bircə endi, əllərini sobaya tutdu, onları geniş açdı. Elə açdı ki, biləyinə tuşla döyülmüş yelkənli gəmini gördüm. Sonra da əllərini ovuşdura-ovuşdura dedi:

- Sahilə çıxdılar.... İkisi də getdi.... Pəncərədən gördüm...

Dikəlib diqqətlə yan-yörəsinə baxdı, sanki axırıncı dəfə burda olduğu vaxtdan nəyin dəyişdiyini müəyyənləşdirmək istəyirdi. Pərdələri, sobanı, çırağı yoxladı və nəhayət, balaca stolun üstündəki şərab şüşəsini, qədəhləri gördü. İçindəkinin nə olduğuna fikir verməyib şüşənin ağzını açdı, qədəhləri doldurdu.

- Ayrı qədəh gətirim? - deyə soruşdum.

- Lazım deyil, bu qədəh yaxşıdır. Bundan oğlum içib, başqası lazım deyil.

Məni də özünə yoldaş eləmək istədi, qədəhini bircə dəfəyə boşaltdı və o dəqiqə də təzədən doldurdu.

- İndi mən də sahilə çıxmışam, - dedi, - ikisi də gedib. Ona görə də sahilə çıxmaq olar... Onlar burda olanda, heç göyərtəyə də çıxmaq olmaz! İç, oğul, iç.....

İkinci qədəhi də başına çəkdi, yenə doldurdu, gülümsəyə-gülümsəyə mənə tərəf gəldi:

- Bu azadlıq üçün sağ ol, - dedi, - yoxsa məni buraya buraxan kim idi?! Nə oğlum, nə də arvadı... heç biri çölə çıxmağa qoymur... Çox diribaş oğlum var, məndən fərasətli çıxdı, fabrik sahibi oldu... Mən isə adicə matros olmuşam.... Ona görə də çölə buraxmırlar, oğul, ona görə də quruya çıxmağı mənə yasaq eləyiblər. Qorxurlar... Yaman qorxurlar ki, görən olar.... Qonaqlar gələndə, orda bir şüşə ilə başımı qatırlar. Daha içə də bilmirəm...

- Bəlkə siqaret götürəsiniz? - dedim.

Əlini yellətdi:

- Lazım deyil.

Qoca oturdu, başı sinəsinə düşdü, əlləri əsə-əsə qədəhi döşünə sıxdı, sonra onu azacıq yuxarı qaldırıb, içində çalxanan şəraba baxdı, nəsə mızıldadı. Sonra başını qaldırıb, dalğın nəzərlərlə məni süzdü, “iç, oğul, iç...” – dedi və başını geri ataraq qədəhi bir dəfəyə boşaltdı. Elə qanrıldı ki, mən dedim, daha o dünyalıq oldu. Ancaq yenə dikəldi, oturduğu yerdə ləngər vurdu, təzədən qəddini düzəltdi.

Telefon zəngi ikimizi də səksəndirdi. Sıçrayıb qalxdıq. Çox qorxmuş qoca səndirləyə-səndirləyə qapıya tərəf qaçdı, özünü məhəccərə güclə çatdırdı, ondan yapışıb dayandı.

Dəstəyi götürdüm. Elə bilirdim bu dəfə yanılmaram, kişi zəng eləyib. Ancaq yenə səhv eləmişdim, zəng vuran Milli idi. Çox sakit danışırdı və sözgəlişi soruşdu:

- Ərim gəlib çıxdı?

- Xeyr, - dedim, - hələ gəlməyib.

- İndi çatar, yoldadır. Mənə zəng vuran oldu?

- Bəli.

- Sağ ol.

Yenə nəsə demək istədim, ancaq dəstəyi asmışdı və mən də əlimdəki dəstəyə baxanda, bir cüt fənər işığı pəncərədən süzülüb tavana düşdü, havada qövs cızaraq divarlarda “gəzişdi”. Bunu qoca da görmüş və deyəsən, bayaq telefonla deyilənləri də anlamışdı. Ona tərəf dönəndə, kişi artıq qapıya çatmışdı, əl-qolunu ölçə-ölçə nəyəsə işarə eləyirdi. Oraya cumdum və bildim ki, bunu yalnız onun xətrinə elədim.

- Bağla, - dedi, - ağzımı bağla!

Və əlimi sıxdı. Bu, sidq-ürəkdən “sağ ol” demək idi....

Qapını bağlayıb aşağı düşdüm, stolun arxasına keçdim. Dəftərlərdən birini yenicə açmışdım ki, artırmadan addım səsləri eşidildi. Kişi vaxtından əvvəl, mən gözlədiyimdən də tez qayıtmışdı. Uşaqlara olan məhəbbəti oturmağa qoymamışdı! Elə qapıdanca onun mehriban səsi eşidildi:

- Səni incitmədilər ki?

Cavab gözləməyib, elə paltolu-ayaqqabılı yuxarı qalxdı. Cəftə şıqqıldadı. Azacıq sonra bir də şıqqıldadı və gördüm ki, aşağı düşür. Üz-gözündən sevinc yağırdı və qoca olan otağın yanından keçərək mənə tərəf gəldi. Xırda, ətli əlini çiynimi qoydu, dərindən nəfəs aldı, “yatırlar” - dedi və hörmət əlaməti olaraq bir də soruşdu:

- Mənim can-ciyərlərim sizi incitmədilər ki?

- Xeyr, - dedim, - incitmədilər....

# 2046 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
#
#
# # #