Kişini anlayan sonuncu insan arvadıdı

Kişini anlayan sonuncu insan arvadıdı
16 avqust 2013
# 09:27

Kulis.Az Azad Yaşarın tərcüməsində Çarlz Bukovskinin iki şeirini təqdim edir.

Sonuncu insan

arvadım

məni başa düşmür.

maşın sürərkən

qarşı tərəfdən gələn

birisiylə baxışdığımızda

başımı tərpədib ona salam verir

və ya əl yelləyirəm.

ürəyim belə istəyir.

arvadım mənə:

«əcəb qəribə adamsan!» deyir.

ya da supermarketdə kassirə

gülərək və əl-qol ölçərək

nələrsə danışmağa başlayıram.

bayıra çıxanda arvadım

«danışdıqlarından

o kişi

bircə kəlmə də

anlamadı!» deyir.

ya da arvadıma

bir lətifə danışıram.

sözümü bitirəndə

«nə düşükləyirsən belə?!»

soruşur məndən.

«bir lətifə idi bu».

«bu idi lətifən?!

bunun lətifə olduğunu təsdiqləyəcək

bircə nəfər də tapmazsan dünyada!»

sonra başını geri əyib

qəhqəhə çəkir, gülür mənə.

poçtamt və ya kafe kimi

ictimai yerlərdə

insanlara ötəri əl və

baş hərəkətləriylə

bizə göstərilən xidmətin

ləng və ya yarıtmaz olduğunu,

ya dünyanın

nifrətlə dolub-daşdığını,

ya da bunlara bənzər

fikirlərimi him-cimlə

anlatmağa can atıram.

arvadım xəbər alır:

«neyləyirsən axı elə?!»

«mumla, görüm!

səninlə heç hara çıxa bilmirəm artıq!»

sizə «bir kişi xeylağını

ən yaxşı anlayan sonuncu insan

arvadıdır» desəm

yəqin nəyi nəzərdə tutduğumu

anlayarsınız heç şübhəsiz.

sanki qadın qarşısındakı aynaya baxır

ancaq ona elə yaxın dayanıb ki

(burnu şüşəyə yapışdığından)

nə isə görməsi

imkansızdır.

bax, bunu lətifə sanmayın əsla.

Yalqızlıq məkanıdır cəhənnəm

kişi 65 yaşındaydı,

arvadı 66 və Alçheymer xəstəsiydi.

kişinin ağız boşluğunu

xərçəng şişi bürümüşdü

şüa müalicəsi və

girdiyi əməliyyatlar ucbatından

çənə sümüyü əridiyindən

çənəsini

məftillə bərkitmişdilər yerinə.

bir çağanın

altını dəyişdirirmiş kimi

hər gün o

yeniləyərdi

arvadının altındakı mələfəni.

bu vəziyyətdə

maşın sürə bilmədiyindən

xəstəxanaya

taksiylə gedirdi

danışmaqda çətinlik çəkdiyi üçün

gedəcəyi ünvanı

əvvəlcədən kağıza yazırdı.

son yoxlama zamanı

bir kərə daha

əməliyyata girəcəyini söylədilər ona.

sol yanağıyla dilinin

qismən təmizlənməsinə ehtiyac duyulurmuş.

evə dönüb

arvadının altını dəyişdirdi.

dondurulmuş hazır qidalardan

qoydu sobanın üstünə

axşam xəbərlərinə

baxandan sonra

yataq otağına yollandı

oradakı silahı arvadının gicgahına

söykəyib, tətiyə basdı.

qadın sol böyrü üstə düşəndə

kişi divana çöküb

tapançanın lüləsini

öz ağzına alıb tətiyi çəkdi.

atəş səslərinə qonşularının

heç tükü də tərpənmədi.

ancaq az sonra

sobada külə dönən yeməyin

yanıq qoxusuna tez reaksiya verdilər.

birisi gəlib qapını çiyin vurmaqla açdı

və gördü içəridə olub-bitəni.

az sonra

polislər gəlib

durumu araşdırınca

bəzi məqamlar su üzünə çıxdı.

ər-arvadın xərclər dəftərinin arasında

cəmi bir dollar on dörd sent qalıbmış.

ölüm səbəbi şübhə doğurmurdu:

intihar.

üç həftədən sonra

iki təzə kirayənişin

köçdü o mənzilə

bilgisayar mühəndisi Ross ilə

balet dərsləri alan

arvadı

Anatana.

gələcəkləri parlaq

bir cütlüyə

bənzəyirdi bunlar.

https://www.facebook.com/azadyasharofficial

# 2374 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #