Sabirin yazmadığı şeir necə onun olur?

Sabirin yazmadığı şeir necə onun olur?
23 may 2013
# 09:33

Qan Turalının məqaləsinə söz ardı

Azərbaycan ədəbiyyatı ilə maraqlananlar “Nə işim var” satirik şeirini bilməmiş deyillər. Ədəbiyyatşünaslığımızda satira bir qayda olaraq M.Ə.Sabirə şamil olunur. Ancaq Qan Turalı kulis.Az saytında “Bizə yalan söylədilər” layihəsi ilə xoş bir presedentin əsasını qoydu. Mövzuya bir daha can verdi.

Qeyd etmək lazımdır ki, satiranın kimə məxsus olması hələ XX əsrin əvvəllərində də mübahisə obyekti olmuşdur. Öncə Cəlil Məmmədquluzadədən başlayaq. C.Məmmədquluzadə 1929-cu ildə qələmə aldığı “Sabir barəsində xatiratım”da yazırdı: “Lazım bilirəm iqrar edəm ki, məcmuəmizin dördüncü bölməsində dərc olunan və hər “Hophopnamə”yə daxil olan “Millət necə tarac olur-olsun, nə işim var?” adlı mənzuməni ki, bu saat camaatımız onu Sabirə istinad verir, Sabirin olduğunu mən inkar edirəm: əvvəla o səbəbə ki, həmin mənzumənin əl yazısı Sabirin əl xətti ilə yazılmamışdır; ikinci dəlilim budur ki, şeir özü necə ki, şeir ustaları mülahizə edə bilər,- bir qədər zəifdir və bəhər surət Sabirə yapışmır. Burada Sabir şivəsi və Sabir ruhu görünmür. Mənim haman nəzəriyyəmin əksini bircə şeirin dəsti-xətti təsdiq edə bilər, əgər bir kəsdə varsa, zühura çıxmağı arzu olunur.”

İlk olaraq onu qeyd edək ki, C.Məmmədquluzadənin yazdıqlarını Sabir əleyhinə hər hansısa subyektiv amillə qiymətləndirmək yersizdir. Zatən onun və Sabirin müasirlərinin xatirələrində hər iki şəxsin münasibətləri müsbət tonlarla müşayiət olunur. Bircə Sabir xəstə ikən Tiflisə gəlməsi, C.Məmmədquluzadə və həyat yoldaşı H.Məmmədquluzadənin şairə necə qayğı ilə yanaşmaları faktı onların münasibətlərinin qaydasında olmasına sübutdur. Qan Turalının da qeyd etdiyi kimi C.Məmmədquluzadənin 6 cildlik külliyyatında ona məxsus 25 şeir var. Üstəlik o ilk əsəri- “Çay dəstgahı”nı nəzmlə yazmışdır. Onda ortaya başqa sual çıxır: əgər şeirin müəllifi C.Məmmədquluzadə özü idisə, bunu niyə gizli saxlayırdı?

Ancaq həm C.Məmmədquluzadənin, həm də Sabirin müasiri olmuş yazıçı Seyid Hüseyn yuxarıdakı fikrin əleyhinədir. Yazıçı 1936 –cı ildə Sabirin vəfatının 25-ci ildönümü münasibətilə qələmə aldığı “Hophopnamənin nəşri”ndə yazırdı: “Son zamanlarda belə bir düşüncə hasil olmuşdur ki, vaxtilə “Molla Nəsrəddin” məcmuəsinin dördüncü nömrəsində nəşr olunan

“Millət necə tarac olur-olsun, nə işim var

Düşmənlərə möhtac olur-olsun, nə işim var”-

Şeiri Sabirin deyilmiş. Sabirin guya birinci şeiri məcmuənin 6 və yaxud 7-ci nömrəsində çıxmışdı. Məncə bu iddianın əsası yoxdur. Çünki bu şeir Sabirin öz əli ilə məcmuədən kəsilmiş, başqa əsərləri ilə bir yerdə yaşıl kağızlı papkaya qoyulmuşdu.”

Məlumat üçün deyək ki, S.Hüseyn sözünü etdiyi papkanı görmüşdür. Yazıçının xatirələrində bu barədə oxuyuruq: “O (Sabir-müəl.) üzü yaşıl kağız bir papkanı mənim qarşıma qoydu. Mən papkanı açdım. Burada qəzet və məcmuələrdən kəsilmiş şeirlər ilə bərabər karandaş və çernil ilə yazılmış əl yazıları da vardı. Bu əl yazılarının bir qismi məktəb dəftərində, bir qismi də sadəcə kağız parçalarında yazılmışdı. Sabir papkaya özünün Beşinci il (1905-ci il-müəl.) inqilabından əvvəlki əsərlərinin də bir qismini toplamışdı.”

Şairin müasiri olmuş digər ədib Abdulla Şaiq də şeirin müəllifi kimi Sabirin adını çəkir. Şairin 1956-cı ildə yazdığı “İki dost” xatirəsində deyilir: “Şeir böyük məharətlə yazılmışdı. Ancaq bu gözəl satiranın müəllifini tanıya bilmədim. Şeirin altında “Hophop” imzası qoyulmuşdu. Bir gün müəllimlərdən “Hophop” kimdir?”, - deyə soruşdum. Sabirin ən yaxın dostu, müəllim Mahmudbəy Məhmudbəyli gülümsəyərək: “Sənin dostun Sabirdir”,-dedi.

Amma A.Şaiqin özü də yanılırdı. Çünki satira “Molla Nəsrəddin” jurnalının 1906-ci il 28 apreldə çapdan çıxmış 4-cü sayında C.Məmmədquluzadənin “Niyə məni döyürsünüz?” fleytonunun altında imzasız getmişdir.

Göründüyü üzrə problemin ciddi elmi araşdırmaya ehtiyacı var. Bu məqalə isə sadəcə problemə təvazökar bir qatqıdır.

PS. Məqalə yazılarkən “ Müasirləri Sabir haqqında”(Bakı, 1962) və “Sabir xatirələrdə”(Bakı, 1982) kitablarından istifadə olunmuşdur.

Aqşin Kərimli

# 3489 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər