Ambroz Birs
ABŞ yazıçı Ambroz Birs (1842-1913?) Ohayo ştatında doğulub. Vətəndaş müharibəsinin iştirakçısı olub. 1864-cü ildə başından ağır yaralanıb.
Müharibədən sonra o, jurnalistlik və yazıçılıq karyerasına start verib. Müharibənin dəhşətlərindən bəhs edən əsərlər qələmə alıb. Ədibin “Çikamaqo” əsəri də müharibə mövzusundadır. Bu, hekayə adama bu günlərdə 21-ci ildönümünü qeyd etdiyimiz Xocalı faciəsini andırır.
Çikamoqa
Günəşli payız səhəriydi. Bir uşaq çəmənlikdə yerləşən, heç kimin görmədiyi, tanımadığı taxta evini tərk edib, meşəyə gəlib çıxdı. Valideynlərinin nəzarətindən qaçıb, özü üçün yenilik olan azadlıq duyğusundan, qarşıda onu gözləyən açılışlardan və macəralardan həzz alırdı. Əcdadlarının uşaqda oyanmış igidlik ruhunu minilliklərlə döyüşlərdə qələbə qazanmış, bir çox nəsil kəşf edənlərin və nəticələrini əsrlərin həll etdiyi döyüşlərdə fatehlərin unudulmaz qəhrəmanlıqları və işğalçılardan azad edilmiş torpaqlarda daşdan salınmış şəhərlər (keltlərin dövründə böyük daş tikintilər nəzərdə tutulur – müəllif qeydi) tərbiyə etmişdi. Onlar öz irqlərinin beşiyindən çıxaraq, iki materikdən keçmiş, okeanı üzüb keçərək, üçüncü materikə adlamış və bu materikdə də öz nəsilləri üçün müharibələrə və fəthlərə ehtirası miras qoymuşdular.
Haqqında bəhs etdiyimiz uşaq kasıb plantatorun altı yaşlı oğluydu. Uşağın atası gənclik illərini əsgərlikdə keçirmiş, vəhşilərlə vuruşmuş və vətən bayrağını uzaq cənuba, mədəni irqin paytaxtına sancmışdı. Plantatorun qan-qadasız həyatı onun döyüşkən ruhunu boğmamışdı: bir kərə alışan mübarizlik şöləsi bir daha sönməz. Plantator müharibə haqqında kitabları, döyüş səhnələrinin əks olunduğu şəkilləri sevirdi. Oğlu taxta qılınc düzəltmək üçün bu şəkillərdən bəhrələnmişdi, hərçənd atasının iti gözləri oğlunun düzəltdiyi əşyanın taxta qılınc olmasını çətin ki, müəyyən edə bilərdi.
Plantatorun oğlu qəhrəman irqin nəslinə yaraşan tərzdə taxta qılıncını yelləyir və vaxtaşırı günəş şüalarının bərq vurduğu tarlalarda ayaq saxlayaraq, dava-dava oynayırdı. Döyüş səhnələrinin əks olunduğu şəkillərdən əxz etdiklərini, hücum edən döyüşçülərin və müdafiə olunanların təsvirini şişirdilmiş halda xəyalında canlandırırdı. Onun yolunu kəsmək istəyən görünməz düşmən üzərində qazandığı qələbədən ruhlanaraq, çox geniş yayılmış strateji səhvə yol verdi və təqib həvəsiylə meşənin dərinliklərinə, geniş və dayaz çayın sahilinədək irəlilədi.
Bu çayın sürətli axını ona qorxub qaçan və çayı necə keçməsi mübhəm qalan rəqibini təqib etməyə macal vermirdi. Amma bu, heç nədən qorxub eləməyən qalibi pərt etmədi. Keçmiş əcdadlarının okeanları, dənizləri keçən, buralarda dolaşan ruhları onun kiçik qəlbində sönməz atəş qalayırdı və geriyə yol qoymurdu. Çayın dibində bir-birindən bir addım aralı durmuş iki yekə daş tapdı, bu daşların üzərinə ayaq basıb, digər sahilə adladı və yenə xəyalında canlandırdığı düşmən qoşunun üzərinə şığıyıb, darmadağın etdi.
İndi, döyüşün qazanıldığı vaxt, ehtiyatı əldən verməmək üçün o, ilkin mövqelərinə geri çəkilməliydi. Amma heyhat! Bir çox əzəmətli fatehlər kimi, hətta, fatehlərdən ən qüdrətlisi kimi geriyə çəkilməyi bacarmadı.
Savaş həvəsini ram et, ya anla,
Çünki taleləri döndərir zəfər.
Sonda güclünü də o şövq tərk edər.
Çayı keçib, bir xeyli irəliləyən oğlan qəflətən daha azğın düşmənlə qarşılaşdı. Getdiyi cığırda dovşan uzanmışdı. Dovşanın qulaqları dimdik durmuşdu. Qabaq pəncələrini irəliyə sərmişdi. Uşaq dəhşətdən səksənərək, geriyə çevrilib, qaçmağa başladı, yolları ayırd edə bilmirdi, hönkürüb ağlayıb, dili dolaşa-dolaşa, anlaşılmaz haylamalarla anasını səsləyirdi. Hətta çaqqal gavalısı kollarından keçərkən, dərisi də sıyrıldı. Ürəyi qəfəsdəki quş kimi çırpınır, təngnəfəs olurdu.
Gözləri ağlamaqdan şişmişdi. Meşədə tək-tənhaydı bu uşaq! Bir saata yaxın sıx kolluqların arasında dolaşdı, döyüşdən yorğun halda, çaydan bir qədər aralıda, iki qaya parçasının arasındakı çökəyə sərilib, oyuncaq taxta qılıncını sinəsinə dayadı. O, bu taxta qılıncını artıq silah saymırdı. Onu özünün yeganə dostu sayırdı. Uşaq ağlayıb, sızlayıb yuxuladı. Başı üzərində quşlar civildəşirdilər, sincablar yupyumşaq quyruqlarını yelləyə-yelləyə ağacdan-ağaca atlanırdılar, haradasa uzaqlardan qəribə boğuq cırıltı səsləri gəlirdi, bildirçinlər qanadlarını çırpırdılar, bununla, quşları əbədi əsarətə məhkum edənlərin oğlu üzərində sanki təbiətin qələbəsini mədh edirdilər.
Balaca tarlada isə ağdərili və qaradərili adamlar əl-ayağa düşərək, həyəcan içində sahələri, yaşıl çəpərləri axtarırdılar, anasının qəlbi qubarlanırdı, axı doğma oğlunu itirmişdi. Bir neçə saat ötdü, uşaq oyanıb, ayağa qalxdı. Axşam soyuğu sümüklərini sızladırdı, düşən qaranlıq qarşısındakı qorxu qəlbinin dərinliklərinə işləyirdi.
Ancaq uşaq istirahət etmişdi və daha ağlamırdı. Onu hərəkət etməyə sövq edən instinktlərinə güvənərək, kolluqların arasından açıqlığa çıxdı. Sağ tərəfində çay vardı, sol tərəfində isə nadir ağaclara bürünmüş maili yamac dururdu. Hava daha da qaralırdı. Güclə gözə çarpan xəyali duman suyun üstüylə qalxırdı. Bu duman uşağı qorxudur və nələrdənsə çəkindirirdi. Xeyli əvvəl çayı necə keçmişdisə, eləcə də geri qayıtmaq əvəzinə, o, meşənin daha qaranlıq tərəflərinə çəkildi.
Qəflətən, qarşısında nə olduğu bilinməyən bir şey gördü. Bilmədi donuzdu, ya it. Bəlkə də ayı idi. Oğlan ayıları şəkillərdə görmüşdü və ayılar barəsində pis nələrisə görmədiyindən, meşədə ayıyla qarşılaşmaqdan çəkinmirdi. Ancaq bu hərəkət edən məxluqun cizgilərində və ya irəliyə doğru yerişində nəsə bir yöndəmsizlikmi, yoxsa başqa nəsə oğlana deyirdi ki, bu, ayı deyil və onun uşaq marağını qorxu çulğadı.
Yerində duruxub qaldı. Heyvanın yaxınlaşması uşağa sanki bir cəsarət aşılayırdı. Birdən gördü ki, bu heyvanın hər halda dovşanlardakı kimi uzun qulaqları yoxdur. Ola bilsin, uşaq həssas olduğundan yaxınlaşan canlının yerişində nəsə bir doğmalıq duydu. Arada xeyli məsafə olduğundan uşaq yaxınlaşan canlının nə olmasını hələ də ayırd edə bilmirdi. Onun iziylə daha bir neçə belə canlının gəldiyini gördü. Onlar həm sağ tərəfdən, həm də soldan yaxınlaşırdılar. Meşə bu canlılarla qaynaşırdı, hamısı da çaya doğru istiqamət götürmüşdülər.
Gələn canlılar insanlar idi. Onlar sürünürdülər. İməkləyirdilər, arxalarınсa ayaqlarını sürüyürdülər. Dizləriylə sürünürdülər, əllərini isə bədənləri boyu uzatmışdılar. Qalxmağa çalışırdılar, amma biçilmiş ot kimi yerə sərilirdilər. Hər birində nəsə bir fərqlilik vardı - əlbəttə, əgər hamısının addımbaaddım bir istiqamətdə irəliləməsini nəzərə alınmasa. Bəzən bir nəfər, bəzən iki nəfər, bəzən də qrup halında zülmətdən çıxırdılar. Vaxtaşırı onlardan bəzilər donuq vəziyyətdə qalırdı, digərləri isə həmin anda donuq vəziyyətdə qalanların yanından sivişib keçirdilər.
Sonra isə donuq halda qalanlar da hərəkə edirdilər. Yüzlərlə, minlərlə adam ətrafa səpələnmişdi, zülmət qaranlıqda hesab aparmaq müşkül idi. Bu adamların sonu görünmürdü, arxalarındakı qara meşə sonsuz idi. Sanki torpaq özü çaya tərəf yavaş-yavaş sürünürdü. Birdən durub qalanlardan biri daha yerindən qımıldanmadı, necə sərilmişdisə, eləcə də uzanıb qaldı. O, ölmüşdü. Digərləri dayandıqda, qəribə əl-qol hərəkətləri edirdilər, gah əllərini qaldırır, gah endirir, gah əlləriylə başlarını sıxır, gah da əllərini yuxarı qaldırırdılar, bütün bunlar dua mərasimini xatırladırdı.
Əgər uşağın yerinə daha yaşlı bir adam olsaydı, çox məqamları sezərdi. Uşaq isə bu yaşlı adamların nəyə görəsə uşaq kimi iməklədiklərini görürdü. Amma əgər bu sürünən adamlardırsa, demək, onlardan qorxmaq lazım deyildi, hərçənd bəziləri çox qəribə geyimdəydilər. Uşaq heç nədən qorxub çəkinmədən, bu adamların arasında hərəkət edir, birinin yanından o birinin yanına keçirdi, uşaq marağıyla bu adamların simalarına baxırdı.
Onların üzləri çox solğun idi və qırmızı ləkələrə, xətlərə malik idi. Bu adamların üzləri, ya qəribə hərəkət etdiklərindən idimi, ya görünüşlərindəndimi, ya nədəndisə, uşağa ötən ilin yayında sirkdə gördüyü boyalı təlxəyi xatırladırdı, buna görə də uşaq bərkdən qəhqəhə çəkdi.
Adamlar isə elə hey irəliyə doğru sürünürdülər, bu şikəst edilmiş adamlar, bu qana qərq olmuş adamlar, uşağın sevincdən doğan gülüşləriylə özlərinin düşdükləri bədbəxtliklər arasındakı ziddiyyətin nə qədər faciəvi olduğunu dərk edirdilər. Uşaq üçün isə gördükləri sadəcə və sadəcə məzəli bir mənzərəydi. Uşaq evdə, plantasiyada qaradərililərin onu əyləndirmək üçün dördayaq halda durduqlarını görmüşdü, özü də neçə dəfə onlarla at-at oynayaraq atılıb bellərinə minmişdi.
İndi uşaq bu adamlardan birinə arxadan yaxınlaşdı və qəflətən həmin adamın belinə hoppandı. Adam üzü üstə yerə dəydi və yenə olan-qalan gücünü toplayıb, xam dayça kimi ayağa qalxdı, uşağı belindən yerə tulladı. O, alt çənəsi olmayan üzünü uşağa tutdu, onun üst dişlərindən boğazınadək ət parçaları və parça-parça olmuş sümüklərlə haşiyələnmiş qanlı bir yara vardı.
Qeyri-təbii halda irəli çıxmış burnu, çənəsinin olmaması və gözlərinin alışıb-yanması onu hansısa, sinəsini və boğazını didib-dağıtdığı qurbanının qanına bələnmiş yırtıcı quşa bənzədirdi. Adam dizi üstə qalxdı, oğlan da yerindən dik sıçradı. O, uşağı yumruğuyla hədələdi, nəhayət, qorxusunu dəf edən uşaq isə kənara qaçıb, yaxınlıqdakı ağaclardan birinin arxasında gizləndi. İndi bu gördükləri uşaq üçün əvvəlki tək məzəli deyildi.
Qaşqabaqlı adam yığnağı qorxulu pantomimada olduğu kimi yavaş-yavaş və əzabla aşağıya doğru sürünür, iri qara böcək dəstəsinə bənzəyirdilər. Nə bir xışıltı, nə bir səs-küy vardı, bütün olub-keçənləri unutduran bir ölü sükut hökm sürürdü. Havanın get-gedə qaralmasına baxmayaraq, qəflətən bu xəyalət meşəsi işıqlanmağa başladı. Ağacların arxasında çaya tərəf yolda qəribə bir şəfəq əmələ gəldi. Bunun fonunda ağac gövdələri və budaqları qara qırçın hörmələriylə seçilirdi.
Bu şəfəqin işıltısı sürünən adamların üzərinə düşürdü və nəhəng kölgələr adamların hərəkətlərini təhrif edilmiş halda işıqlanan otun üstündə təkrarlayırdılar. İşıq solğun bənizləri aydınlaşdırır, qırmızı ləkələrlə bəzəyirdi və çoxunun üzünü örtən qırmızılığı daha da qatılaşdırırdı. Adamların geyimindən tökülmüş düymələr və metal toqqalar uşaq üçün oyuncağa çevrilmişdi. Uşaq instinktiv olaraq bu gözqamaşdırıcı şəfəqə doğru döndü və öz müdhiş yol yoldaşlarıyla birgə aşağıya doğru irəliləməyə başladı.
O, bir neçə dəqiqə içində öndə gedən adamları da ötüb keçdi, amma onun sürünən adamlar qarşısındakı üstünlüyü nəzərə alınsa, bu, o qədər də böyük şücaət deyildi. Uşaq taxta qılıncını sinəsinə sıxıb təntənəli sürətdə yürüşə başçılıq edirdi, öz addımlarını isə onun iziylə gələn adamların addımlarına uyğunlaşdırırdı. Axı dostlarını darda qoya bilməzdi. Hərdən geriyə baxırdı, bununla da rəhbərlik etdiyi qoşunun geri qalmamasına əmin olmaq istəyirdi. Belə bir yürüşə uşağın rəhbərlik etməsi şübhəsiz bir ilk idi.
Meşədə hər şey qaydasına düşürdü. Ancaq qorxunc yürüş çaya yaxınlaşırdı, orada yerə səpələnmiş müxtəlif predmetlər uşağın beynində heç bir təəssürat doğurmurdu. Yumrulanıb bərk bükülmüş, qıraqları qayışla bağlanmış yun yorğanlar; bir yerdə çanta, o tərəfdə sınıq tüfəng; kəsəsi, geriyə çəkilən ordu özündən sonra nə qədər əşyalar qoyub gedə bilərsə, orada bütün əşyalar vardı. Bu, təqibdən qaçanların “izləri” idi.
Çayın bataqlıq alçaq sahili neçə-neçə ayaqlar və dırnaqlarla tapdanmışdı, buralar lehməyə çevrilmişdi. Təcrübəli adam o dəqiqə anlayardı ki, yerdəki izlər iki istiqaməti nişan verir. Çayın sahili iki dəfə keçilmişdi - bir dəfə hücum zamanı, bir dəfə isə geriyə çəkilmə zamanı. Bir neçə saat əvvəl bu bədbəxt, yaralı adamlar canlarını sağ-salamat qurtarmış, artıq uzaqda olan bəxti gətirmiş yoldaşlarıyla birlikdə meşələri doldurmuşdular. Onları sayı minlərləydi.
Hücuma keçən batalyonlar qruplara bölünüb, sıraya düzülərək yuxuya getmiş uşağın hər iki tərəfindən, az qala onun üstünə çıxacaqmış kimi ötüb keçmişdilər. Silahların cingiltisi, ayaqların tappıltısı uşağı şirin yuxudan oyatmamışdı. Döyüş onun uzandığı yerdən bir neçə metr aralıda başlamışdı. Di gəl, uşaq nə tüfəng atəşi, nə top gurultusu, nə döyüş hayqırtılarını, nə də döyüşə rəhbərlik edənlərin “İncil”dən sitat gətirdikləri hökmlü ayələri eşitməmişdi.
Bütün bu zaman kəsiyində uşaq mışıl-mışıl yatır, taxta qılıncını da sinəsindən buraxmırdı. Bəlkə də bu taxta oyuncağını sinəsinə sıxmaqla, o, heç özü də bilmədən yanında döyüşən hərbçilərlə həmrəylik nümayiş etdirirdi, bu döyüşdə həlak olmuş əsgərlər kimi döyüşün möhtəşəmliyinə şübhə etmirdi!
Çayın o üzündəki meşə silsiləsinin arxasından qalxan tüstü pərdəsinin üzərindəki şəfəq indi bütün ətrafı işıqlandırırdı. Şəfəq dumanın əyri-üyrü zolağını qızılı buxara çevirmişdi. Suda qırmızı parıltılar sayrışırdı, çayda dikələn daşlar da qırmızı rəngdəydi. Daşlarda qan vardı: yüngül yaralılar digər sahilə keçərkən öz qanlarıyla daşları ləkələmişdilər. Uşaq səbirsizlənərək onların arxasınca qaçıb çayı keçdi.
O, şəfəqə tərəf gedirdi. Çayın o biri sahilinə keçdikdə, o, yürüşün digər iştirakçılarına baxmaq üçün geriyə çevrildi. Yürüş çaya yaxınlaşırdı. Çox zəifləyənlər suda sürünür, üzləri üstə suya dalırdılar. Onlardan üçü, ya dördü suda hərəkətsiz qaldılar, su onların başını görünməz etdi. Gördüyü bu mənzərədən uşağın gözləri bərələ qalmışdı. Hətta onun sadəlövh təxəyyülü hadisələri bu qədər heyrətamiz canlılıqla qavraya bilməzdi. Sudan içib, yanğılarını söndürən bu adamlar nə sudan sürünüb çıxmaq gücündəydilər, nə də başlarını qaldırmağa taqətləri vardı.
Onlar boğulurdular. Ölmüş adamların arxasında, meşə talalarında balaca sərkərdə çoxlu formasız fiqurlar görürdü. Bütün bu fiqurlar uşağın qoşununu təşkil edirdilər. Ancaq bu adamların hamısı irəliyə gedə bilmirdilər. Uşaq razılıq əlaməti olaraq bu adamlara əl yellədi və gülümsünərək, təxəyyülündə canlandırdığı qələbəyə doğru taxta qılıncıyla yol göstərdi.
Öz ordusunun sədaqətinə inanan uşaq meşə zolağına daxil oldu, heç bir çətinlik-filan çəkmədən qırmızı alovdan keçdi, çəpəri aşdı, çəməndən keçdi. O, hərdən geriyə çevrilirdi, sanki sözəbaxan kölgəsiylə oynayırdı və nəhayət, yanan evin xarabalıqlarına yaxınlaşdı. Burada heç adam qalmamışdı! Parlaq işığa baxmayaraq, ətrafda bir nəfər də olsun canlı gözə dəymirdi. Ancaq bu, uşağı narahat etmədi. Gördüyü mənzərədən sevinirdi, alovun rəqs edən dillərini təqlid edərcəsinə rəqs edirdi.
Uşaq tonqalın sönməməsi üçün ətrafda dolaşaraq yanacaq axtarışına çıxdı, ancaq tapdıqları ağır olduğundan, onları tonqala uzaqdan tullamaq mümkün deyildi. Tonqalın istisi də bir yandan ona yaxınlaşmağa imkan vermirdi. Ümidini itirən uşaq öz taxta qılıncını tonqala atdı. Təbiətin gücü qarşısında təslim oldu. Uşağın hərbi karyerası bununla da yekunlaşdı.
Uşaq geriyə dönərkən, gözləri həyət tikililərinə sataşdı. Bu tikililər ona çox tanış gəlirdi. Yuxusunda görmüşdü yəqin. Yerində dondu. O, təəccüblə gözlərini bu tikililərdə gəzdirdi. Birdən həm plantasiya, həm meşə, həm də onu əhatə edən hər nə varsa gözləri önündə fırlandı. Onun uşaq dünyasında nəsə tərpəndi və ətrafda hər nə varsa yeni libasda onun qarşısında durdu. O, bu yanan tikilinin öz evi olduğunu bildi!
Bir anlıq uşaq hərəkətsiz, bu kəşfə heyrətlənmiş halda dayandı. Büdrəyə-büdrəyə xarabalıqların ətrafında qaçdı. Evin digər tərəfində ölmüş qadının meyiti sərilmişdi. Qadının solğun bənizi dala qatlanmışdı, sıxılmış barmaqlarında kökündən qoparılmış otlar vardı, paltarı cırıq-cırıq idi, dolaşıq qara saçlarında qan ləkələri vardı. Alnının çox hissəsi dağılmışdı, yarılmış gicgahından qırmızı-tünd köpüklü kütlə tökülürdü. Bu, mərmi partlayışının işi idi!
Uşaq ümidsiz halda qayğısız-qayğısız jestlər edirdi. Boğazından hıçqırıqlar, anlaşılmaz səslər çıxırdı, bu səslər meymunun mırıldamasını, ya da hind toyuğunun qıqqıldamasını andırırdı. Vəhşi səslər! Qeyri-insani səslər! Şeytanın səsi! Uşaq lal-kar idi.
Sonra o, yerində donub durdu, cəsədə tamaşa etdi. Uşağın dodaqları əsirdi.