“Molla Nəsrəddin”in bitmiş missiyası

“Molla Nəsrəddin”in bitmiş missiyası
20 dekabr 2012
# 16:00

Böyük ədəbiyyatın zaman və xalq qarşısında dəyişməz mənəvi vəzifəsi maarifçilikdən ibarətdir. Şərqdə bu işığı ilkin yandıranlardan biri Mirə Fətəli Axundov oldu. Bu gün Şərqin bədii və demokratik fikir tarixində Axundovun imzası və ünvanı açıq-aydın görünür. Məlum həqiqəti yenidən təkrarlamağa hacət olmasa da yazıçı dostum Qan Turalının “Əsrin tələbi və mollanəsrəddinçilik epiqonizmi” məqaləsiylə bağlı fikirlərimi yazmaq barədə düşünəndə Axundovun bu böyük tarixi xidmətini bir daha xatırladım və yazıma da elə bu xatırlatmayla başlamağı lazım bildim.

Azərbaycanda bədii tərəqqinin Axundov mərhələsi maarifçiliyin və inqilabi yenilikçiliyin əsaslarını yaratdı. Böyük maarifçi Həsən bəy Zərdabinin atdığı toxumlar cücərdi, maarifin əhəmiyyətini dərk edən və bunun üçün maddi dəstəyini əsirgəməyən milli burjuaziyanın varlığı reallığa çevrildi. Eyni zamanda mövcud ehtiyaca cavab verməsə də xalqın maariflənməsi yolunda hər cür məhrumiyyətə sinə gərən maarifpərvər, savadlı milli pedaqoji kadrlar yetişdi. Bu əsaslar Mirzə Cəlil kimi dahini yetişdirdi. O Mirzə Cəlili ki bu gün də bir çox suallara dəqiq, dürüst cavabı onun əsərlərində tapırıq. Sözsüz, Mirzə Cəlil təlimi aktuallığını itirməyib. Yazıçının böyüklüyü də ondadır ki, zaman keçsə də öz aktuallığını qoruyub saxlayır.

Amma hər bir yazıçının uğuru həm də ondan ibarətdir ki, onun ideyaları nə vaxtsa həyata keçir. Mirzə Cəlil özü deyirdi ki, “Molla Nəsrəddin”i zəmanə yaratdı”. Zaman bunu tələb edirdi. Amma bu gün zaman yazıçının qarşısında başqa tələblər qoyur.

Qan Turalı yazır: “Molla Nəsrəddin” ideyalarını dəstəkləmək adına epiqonçuluq meyllərini inkişaf etdirmə cəhdləri ikrah doğurur”. Bax, bu fikirlə razılaşmamaq mümkün deyil. “Molla Nəsrəddin” ideyalarını dəstəkləməklə bu ideyaları amansızcasına istismar etmək tamam fərqli anlayışlardır. Bir qrup adamlar məhz psevdomollanəsrəddinçiliklə, o ideyaları sözün əsl mənasında istismar etməklə məşğuldurlar. Təsəvvür edin ki, Azərbaycanda günün bu günündə “Molla Nəsrəddin” jurnalı çıxarıb “reketçilik”lə məşğul olan adamlar var. Bu, epiqonçuluq da deyil, Mirzə Cəlil ideyalarına tüpürmək deməkdir. Məhz belə adamlar həmişə hər yerdə “Molla Nəsrəddin” ideyalarıyla manipulyasiya etməklə məşğul olublar və bu proses bu gün də davam edir.

Mirzə Cəlil heç vaxt hansısa məmurun karikaturasını jurnalda dərc edib sonra ondan pul almazdı.

Biz hamımız zaman-zaman yazılarımızda cəhalətə, fanatizmə qarşı çıxmışıq. Elə Qan Turalının özü də bu gün maarifçilik missiyasını yerinə yetirir. Amma zaman bizim qarşımızda başqa tələblər qoyur. Bu gün ən ucqar dağ kəndində yaşayan, kitab-dəftər üzü açmayan insanlar da Mirzə Cəlilin Novruzəlisindən yüz qat məlumatlıdır. Biz o vaxt Mirzə Cəlil səviyyəsinə qalxa bilərik ki, onun qəhrəmanlarının yaxasını buraxıb indiki dövrün qəhrəmanlarını ədəbiyyata gətirək. Yüz il sonra bizim nəslin yazdıqlarını oxuyanlar məhz bu dövrün insanını görə bilsinlər. Yeni ədəbi məktəb yaratmağın yolu burdan başlayır. Yeni nəsil öz ənənələrini, öz ideyalarını yaratmalıdır.

İnsanlığın mənəvi yüksəlişi dövründə, qloballaşmanın sərhədləri aşıb dünyanı bürüdüyü bir zamanda dünya vətəndaşı ola bilmiriksə, Azərbaycan ədəbiyyatı hələ də sərhəddə ilişib qalırsa, bunun əsas səbəbi məhz psevdomollanəsrəddinçiliyimizdir.

Cəlil Cavanşir öz yazısında israrla Mirzə Cəlil ideyalarının gerçəkləşənə qədər inkişaf etdirilməsinə və təbliğinə ehtiyac olduğunu yazır. Mirzə Cəlil ideyaları öz bəhrəsini çoxdan verib, bu missiya artıq bitib. Bu xalq daha “Danabaş kəndinin əhvalatları”ndakı avam xalq deyil. Biz indi yeni ideyaların peşində olmalıyıq.

Maarifçilik missiyası estafet kimi nəsildən-nəslə ötürülür. Bu günün fəal ziyalısı bu missiyanın daşıyıcısı olmalıdır. Xüsusən də yeni ədəbiyyatı yaradanlar!

# 2745 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #