“Tərcümə problemlərinin aktuallaşdırılması”-LAYİHƏ
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə Kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.
Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Artıq “Türk dilindən tərcümə lazımdırmı?” və “İkinci dildən tərcümə problemi”, “Tərcümə mətinlərinin müqayisəli təhlili” mövzularının müzakirəsi ilə tanış olmusuz.
Bu dəfə “Poeziya nümunələrinin tərcümə çətinlikləri” mövzusu müzakirə olunub.
Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professoru Şəhla Nağıyevanın məruzəsini təqdim edirik.
Bədii tərcümə tarixinin konkret nə vaxtdan başladığı barədə dəqiq məlumat yoxdur. Müxtəlif mütəxəssislər ayrı-ayrı əsərlərin tərcüməsini nümunə gətirməklə bu tarixi dəqiqləşdirməyə cəhd etsələr də, yekdil fikrə gəlmək mümkün olmayıb. Amma bir həqiqəti hamı qəbul edib ki, bədii tərcümənin yaşı elə bədii ədəbiyyatın yaşı qədərdir.
Bədii tərcüməni iki qola ayırırlar – nəsr tərcüməsi, poeziya tərcüməsi. Və hamı, demək olar ki, nəsr tərcüməsini qəbul edir, tərcümənin bu növünün vacibliyini etiraf edir. Amma poetik tərcümə barədə fikir birmənalı deyil. Çünki poetik tərcümədə məzmunla yanaşı forma problemi də ortaya çıxır və bu məsələ sual doğurur: Tərcümədə məzmun formaya, yoxsa forma məzmuna qurban getməlidir?
Şərq poeziyasının Qərb dillərinə tərcüməsi zamanı bu suallar daha tez-tez meydana gəlir. Çünki hələ lap qədim dövrlərdən Şərq şairləri məna və məzmun yetkinliyi ilə yanaşı, forma kamilliyinə də xüsusi əhəmiyyət veriblər, daha doğrusu, məna dərinliyi və forma mükəmməlliyi arasında dialektik vəhdət axtarıblar, öz əsərlərində bu vəhdəti göstərməyə çalışıblar. Onların qənaətinə görə, dərin məna, fəlsəfi-poetik məzmun kamil poetik forma ilə tamamlananda əsərin dəyəri daha yüksək, təsir gücü daha böyük olur.
Şərq poeziyasında, o cümlədən Azərbaycan poeziyasında poetik forma gözəlliyi indinin özündə də mühüm əhəmiyyət kəsb edir və bu cəhət poetik nümunələrimizin xarici dillərə tərcüməsində müəyyən problemlər yaradır. Çünki nəsr əsərindən fərqli olaraq şeirdə məzmun və məna yükü ilə yanaşı forma, qafiyə, ritm və s. kimi özəllikərin yaratdığı çətinlikləri təkcə dil bilməklə aradan qaldırmaq mümkün olmur. Nəticədə orijinalda əks edilən milli çalar, gözəl ritmik forma, bütün bunların təsiri ilə yaranan poetik məzmun çox vaxt yoxa çıxır. Belə olan halda isə əbədi bir sual meydana çıxır: poeziya tərcüməsinə ehtiyac varmı?
Tanınmış tərcüməçi və pedaqoq Hamlet İsaxanlı “Poetik tərcümə. Məhdud çərçivə içində xoş ahəng və gözəllik axtarışı” adlı sanballı məqaləsində bu problemlərə geniş yer verərək şeir tərcüməsinin əleyhinə olanların rəyini belə ümumiləşdirir: “Şeir tərcüməsinin əvvəlcədən uğursuzluğa məhkum olunduğunu, şeirin tərcümə deyil, yenidən yazıldığını iddia edən belə mütəxəssislərin qənaətinə görə şeir də musiqi kimi tərcümə edilməməlidir”.
Gəlin etiraf edək ki, poeziya tərcüməsinə belə birmənalı və kəskin tənqidi baxışın tərəfdarları o qədər də çox deyil. Elə qədim dövrlərdə də, indinin özündə də poeziya tərcüməsinin vacibliyini eyni uğurla əsaslandıran mütəxəssislər olub və indi də var. Və fikrimizcə, poeziya tərcüməsinin tərəfdarları əleyhdarlarından daha çoxdur. Bu nisbətin təsdiqi üçün bir həqiqəti qəbul etmək kifayətdir ki, yüz illərdir müxtəlif dillərdə yazılan şeirlər müxtəlif dillərə tərcümə olunur və bundan sonra da yəqin ki, yüz illər boyu tərcümə olunacaq. Məsələn, Şekspir poeziyasından Azərbaycan oxucusunun xəbərsiz qalmasını necə təsəvvür eləmək olar? Yaxud Puşkinin, Bayronun şeirləri ilə tanış olmayan ali təhsilli adamı ziyalı hesab etmək mümkündürmü?
Deməli, poeziya tərcüməsi qəbul edilir, müzakirə və ya mübahisə necə tərcümə etmək barədə ola bilər. Bəziləri hesab edir ki, şeiri tərcümə etmək yeni şeir yazmaqdan çətindir, çünki yeni şeir yazarkən şair ideya seçimində sərbəstdir. Başqaları isə şeir tərcüməsində forma və məzmuna sadiq qalmağı tələb edir. Tərcümədə orta mövqe – şeirdəki fikrin çatdırılması, formanın qurban verilməsi – variantının tərəfdarları var. Hətta poetik nümunələrin nəsrlə tərcüməsini vacib sayanlar da olub. Və bu fərqli mövqelər kifayət qədər bədii-elmi dəlillərlə ustalıqla əsaslandırılıb. Bütün bunlar isə deməyə əsas verir ki, poeziya tərcüməsi zamanı konkret yol göstərmək, necə deyərlər, hazır resept vermək mümkün deyil. Hər bir poetik nümunənin tərcümə olunduğu dilin imkanlarına uyğun çevrilməsi, lakin bu zaman orijinaldakı poetikanın qorunması, bəşəri ideyanın saxlanması vacibdir.
Bu sahədə az-çox təcrübəsi olan və müəyyən nəzəri biliklərlə yanaşı Amerika Birləşmiş Ştatlarının iki universitetində - Şimali Karolina Universitetində və Corc Meyson Universitetində tədqiqat aparmış adam kimi deyə bilərəm ki, poeziya tərcüməsi sadəcə bir mətnin başqa dilə çevrilməsi deyil. Bu işdə nəzərə alınması vacib olan çoxlu amillər var. Öz təcrübəmdən bir nümunə ilə fikrimi izah etməyə çalışacağam. ABŞ-da elmi ezamiyyətdə olarkən Bəxtiyar Vahabzadənin “Qızıma” adlı şeirini ingilis dilinə çevirmişdim. Bu şeirdə şair təzə ailə quran qızın ata evinə qonaq gələndə bir az fərqli davranmasından, utanıb-çəkinməsindən bəhs edir. Bu fikirlər tərcümədə olduğu kimi saxlanmışdı. Lakin şeiri səsləndirəndə ingilisdilli həmkarlarım arasında bir anlaşılmazlıq hiss etdim. Və məlum oldu ki, ailə quran qızın ata evinə qonaq gələndə sıxılması bizdə bir mentalitet məsələsi, abır-həya nümunəsidir və şair bu incəliyi gözəl təsvir edib. Amma qızın ata evində özünü narahat hiss etməsi Amerikalı oxucu üçün qətiyyən anlaşılmır… Doğrudur, biz Amerikalı tərəfdaşlarla uzun müzakirələrdən sonra bu şeirin uğurlu tərcümə variantını tapdıq ki, mövzu həm də Amerikalı oxucuya aydın olsun. Bununla onu vurğulamaq istəyirəm ki, şeir tərcüməsində təkcə dili bilmək kifayət eləmir, burda hər iki dilin daşıyıcısı olan xalqın adət-ənənəsindən tutmuş, dilin spesifik xüsusiyyətlərinə qədər hər şeyin bu və ya digər dərəcədə rolu və əhəmiyyəti olur.
Azərbaycan poeziya nümunələrinin ingilis dilinə tərcüməsində yuxarıda qeyd olunan əsas problem – formanın tərcümədə saxlanması çətinlik törədir. Tutaq ki, bizdə geniş yayılmış qoşmanın hər bəndində təkrar olunan rədifin ingilis dilində qarşılığını tapmaq heç də həmişə mümkün olmur. Mən hələ təcnisi demirəm… Ən qəribəsi isə odur ki, hətta bu cür qafiyə tapılsa belə müasir ingilis dili oxucu və mütəxəssislər bu qafiyəli düzümü şeir kimi qəbul etmir. Ona görə də ingilis dilinə müasir tərcümədə formanın saxlanması vacib sayılmır. Bu baxımdan sərbəst vəzndə yazılan şeirlərin tərcüməsi daha uğurlu və anlaşıqlı olur. Məsələn, Rəsul Rzanın şeirlərinin ingilis dilinə tərcüməsi zamanı poetik forma məhdudiyyət və çətinlik yaratmır.
Ramiz Rövşənin aşağıdakı məşhur
Biz ki, yol nədi bilməzdik,
Biz ki, öl nədi bilməzdik.
Bilsək, dünyaya gəlməzdik,
Analar aldatdı bizi…-
bəndindəki ilk baxışda sadə görünən qafiyə sistemini ingilis dilində saxlamaq mümkün deyil. Həmin parça amerikalı mütəxəssislərlə birlikdə aşağıdakı kimi səsləndirilib:
We didn't know which way to head
We never knew about death
Had we known, we wouldn't have been born
Of mothers who deceived us…
Burda orijinalda olan qafiyə quruluşu olmasa da, daxili qafiyə, daxili ritm mətndəki poetik ovqatı çatdıra bilir.
Yeri gələndə qafiyəli tərcümə də mükündür. Məsələn,
Ələ qələm alan kimi
Sətirlər qaralan kimi…-
misralarını ingilis dilində aşağıdakı kimi səsləndirmək olar:
As İ take my pen,
As the lines blacken.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək əminliklə demək olar ki, poeziya tərcüməsi nəinki mümkün, hətta vacibdir. Sadəcə tərcümənin yaradıcı iş olduğunu və bu işə ürək yanğısı ilə yanaşmağın vacibliyini unutmamaq şərtilə…