“İraqda baş verənlər məni ağlatdı”

“İraqda baş verənlər məni ağlatdı”
19 oktyabr 2013
# 09:00

Kulis.az əsərlərini fransızca yazan məşhur ərəb yazıçısı Amin Malufun “Avronyus” telekanalına müsahibəsini təqdim edir.

Əslən livanlı olan Amin Maluf 1949-cu ildə Beyrutda doğulub. Ali Təhsilini iqtisadçı ixtisası üzrə bitirdikdən sonra bir müddət jurnalistika ilə məşğul olub.

1975-ci ilə vətəndaş müharibəsi başlayana kimi Livanda jurnalistlik edib. 2011-ci ildə Parisə köçüb.

Bir çox nəşriyyatlara rəhbərlik edən yazıçı qəzetlərdə publisistik yazılar yazmaqla bərabər, vaxtının əksər hissəsini öz kitablarını yazmağa ayırıb.

1983-cü ildə çap edilən ilk kitabı-“Ərəblərin gözüylə səlib yürüşləri” onun dünyada tanınmasına səbəb olub. Bu kitab çevrildiyi başqa dillərdə də böyük uğur qazanıb.

1986-cı ildə çap edilən ikinci kitabı və eyni zamanda ilk romanı olan “Afrikalı Leo” əsəri “Fransız - Ərəb dostluq mükafatı”na layiq görülüb.

Amin Malufun 1988-ci ildə çap edilən ikinci romanı “Səmərqənd” də oxucular tərəfindən maraqla qarşılanıb və dünyanın bir çox dillərinə çevrilib. Bu kitab Amin Malufa böyük şöhrət gətirən əsərlərdən biridir.

1991-ci ildə “İşıq bağçaları”, 1992-ci ildə isə “Bitrisdən sonra birinci 100 il” kitabları çap edilib.

Amin Maluf 1993-cü ildə çap edilən “Tanios qayası” romanına görə Fransanın məşhur “Qonkur Akademiyası ədəbiyyat mükafatı”na layiq görülüb.

1996-cı ildə “Şərqin limanları” adlı romanı, 1998-ci ildə isə “Ölümcül şəxsiyyətlər” adlı esselər kitabı satışa çıxıb.

Amin Maluf 2000-ci ildə “Yüzüncü ad – Baldasarın səyahəti", 2004-cü ildə isə “Yolların başlanğıcı” adlı romanını oxuculara təqdim edib.

Məşhur yazıçı oxunaqlı romanlar müəllifi olmaqla yanaşı, bir neçə librettonun da müəllifidir. Amin Malufun 2001-ci ildə opera üçün yazdığı “Uzaqdan eşq”, 2004-cü ildə “Adriana Mater”, 2006-cı ildə “Simonun həvəsi”, 2010-cu ildə isə “Emili” adlı librettoları finlandiyalı bəstəkar Kaiya Saariaho tərəfindən bəstələnib.

Amin Malufun kitabları zaman-zaman dünyanın bir sıra dillərinə çevrilərək yüksək tirajlarla çap edilib və bu kitablara görə o, dünyanın bir çox mükafatlarına layiq görülüb.

Bir-birindən gözəl tarixi romanlar yazan məşhur yazıçı hazırda Parisdə yaşayır.

- Cənab Maluf, siz yaxın günlərdə İspaniyanın ən məşhur mükafatlarından biri olan “2010 Asturias şahzadəsi mükafatı”na layiq görülmüsünüz. Bundan əvvəl də əsərlərinizə görə bir neçə dəfə müxtəlif mükafatlar almısınız. Bu mükafatın sizin üçün hansısa bir özünəməxsusluğu varmı? Ümumiyyətlə, bu mükafatı necə dəyərləndirirsiniz?

- Bəli, bu mənim üçün xüsusi bir mükafatdır. İspaniya ilə mənim aramda qədim zamanlara qədər gedib çıxan çox möhkəm bağlar var. İlk yazdığım romanın, yəni “Afrikalı Leo”nun hekayəsi İspaniyadan, Əndəlüsdən başlayır. Ümumiyyətlə, Əndəlüsün insanlıq tarixində çox mühüm yeri var. Bu tarixi mərhələdə mədəniyyətlərin – ərəb–İslam mədəniyyəti, xristian–İspaniya–Avropa mədəniyyəti və Musəvi mədəniyyətinin qovuşması baş verib. Elə bu səbəbdən də biz o mühüm dövrü unutmamalıyıq.

- Siz mədəniyyətlərin toqquşmasından deyil, mədəniyyətlərin qovuşmasından bəhs edirsiniz, elə deyilmi?

- Mədəniyyətlərin toqquşmasının baş verməsinə dair deyilənlərlə razı deyiləm. Mədəniyyətlərin toqquşması inkar edilə bilməz. Ancaq bunun öhdəsindən gəlməyə çalışmalıyıq. Cəmiyyətlər arasındakı əlaqənin təbii olaraq bu şəkildə olduğuna inanmamalıyıq və bunun bizim qədərimiz olduğu qənaətinə gəlməməliyik. Bu vəziyyət olduqca anormaldır. Biz bu maneəni aşmağa çalışmalıyıq. İnsanlıq tarixi vaxtilə buna nail olmuşdur, indi isə növbə bizimdir. Dünyada ixtilafsız yaşamaqda davam etmək bu problemin öhdəsindən gəlməklə, yəni mədəniyyətlərin və insanların qovuşması ilə mümkün olacaq.

- Sizcə, Avropa Birliyi tərkibində olan çox mədəniyyətli insanlar və dövlətlər bu vəziyyətin öhdəsindən gələ biləcəklərmi?

- Avropa buna təşəbbüs göstərməlidir. Avropa Birliyi bu problemi həll edə bilər. Ancaq məndən soruşsanız, cavabında belə deyə bilərəm ki, biz hələ bu mərhələyə gəlib çıxmamışıq. İnsanlar, əsasən də gənclər bunu çox yaxşı anlamalıdırlar ki, birlikdə yaşamağı həyatımız boyunca öyrənməyə çalışmalıyıq.

- İndiyə qədər 14 əsəriniz çap edilib. Əsərlərinizin əksəriyyətində qaynarlıq və tolerant anlayışlar var. İnsanları “dünya vətəndaşı” kimi görürsünüz; bu, yeni dünya üçün bir az xəyalpərəstlik deyilmi?

- Bu, utopiya kimi görünə bilər. Ancaq həyata bu şəkildə baxmağa ehtiyacımız var. İçində yaşadığımız dünya maddi baxımdan çox dəyişib. Amma düşüncə olaraq dəyişən bir şey olmayıb. VII əsrdə yaşamış bir ərəb şairi “Kaş dünya kimi torpaqdan yaradılmış olaydım və bütün insanlar yaxınlarım olaydı” demişdi. Məncə, bu düşüncəni günümüzdə də tətbiq etməliyik. Dünyanın gələcəyi hamımızı maraqlandırır və hamımızın taleyi birdir.

- Amma siz Qərb ölkələrini kəskin şəkildə tənqid edirsiniz və onların digər ölkələrlə münasibətdə əxlaqdan kənar əlaqələr yürütdüyünü söyləyirsiniz.

- Bəli, mən belə düşünürəm. Qərb ölkələri bəzi prinsiplərlə bağlı hərəkət edir. Ancaq bu prinsipləri başqa ölkələrlə olan əlaqələrində tətbiq etmirlər. Bu o deməkdir ki, Böyük Britaniya Hindistanda İngiltərədə olduğundan fərqli qəbul edilir. Həmçinin Fransa da: Madaqaskar və Əlcəzairdəki Fransa deyil. Belçika da Konqoda fərqli gözlə görülür. Amerika Birləşmiş Ştatları özünə görə bir super güc və demokratiya ölkəsi ola bilər. Ancaq Cənubi Amerika ABŞ-ı belə görmür.

- İraqda olduğu kimi?

- Hər yerdə olduğu kimi. Prinsipial insanlar hər yerdə bu prinsipləri tətbiq etməli və mətanətli olmalıdırlar. Yalnız öz ölkələrində deyil, digər ölkələrlə olan əlaqələrində də bu prinsiplərə riayət etməlidirlər.

- İraqda hökumət devrildiyi zaman həqiqətən də ağlamısınız?

- Məni ağladan əsl səbəbin o yox, dini qarşıdurmanın başlanğıcı oldu. Bu məni çox kədərləndirdi və təbii ki, İraqda son zamanlar baş verən hadisələr məni ağlatdı.

- Dünyanı qatıb-qarışdıran qlobal iqtisadi böhranın ardından kapitalizm sisteminə qarşı “od püskürdünüz”. “Vəhşi kapitalizm” deyə adlandırdığınız sistemi baş verən bütün problemlərin səbəbi kimi görürsünüz. Bunları deyən sosialist Amin Malufdurmu?

- Berlin divarı ilə birlikdə yıxılan rəhbərlik sistemini tarixin bizə verdiyi bir dərs kimi unutmamalıyıq. Bu rəhbərlik sistemi həll yolu deyil. Həll yolu kapitalizm olsa da, ancaq kapitalizmin hər hansı sistemi də deyil. Mən sizə iqtisadiyyatı böyük bir qumarxana kimi görən və milyonlarca, milyardlarca insanın gələcəyi ilə oynayan bir kapitalizmdən bəhs etmirəm. Ehtiyacımız olan insanlığın, ehtiramın və dəyərlərin də içində var olduğu bir həyat tərzidir.

- Siz livanəsilli bir xristiansınız. Eyni zamanda ərəb, fransız və avropalısınız… Bunlardan ən çox hansı Amin Malufu təmsil edir?

- Keçmiş zamanlarda bir kəndlidən soruşublar ki, oğullarından hansını daha çox istəyirsən? Kəndli də belə cavab verib ki, sağalana qədər ən çox xəstə olanını, evə qayıdana qədər də yoxluğunu hiss etdiyim oğlumu. Mən də çoxvətəndaşlı olduğum üçün eyni şeyi söyləyirəm. Livanda problem yaşandığı zaman livanlı olduğumu xatırlayıram və narahat oluram. Avropaya qarşı da eyni şəkildə hisslər bəsləyirəm.

Söhbətləşdi: Riad Muasses

Tərcümə etdi: Seyid Ramin

# 2339 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #