Məhlədə qızla görüşməzlər, ay brat!

Məhlədə qızla görüşməzlər, ay brat!
2 sentyabr 2013
# 11:43

Kulis.Az Samir Sarının “Pul üstündə telefon nömrəsi” hekayəsini təqdim edir.

Üç həmkar idik, çayçıda oturub ordan-burdan danışırdıq. Söhbətin leytmotivi yox idi, gah siyasətə dalırdıq, gah da cari, həyati məsələlərdən bəhs edirdik – sosial şəbəkə söz-həkətlərindən, pis maşın sürənlərdən, telefonla anqıra-anqıra danışanlardan, zəng edib səhv düşənlərdən və sair və ilaxır.

Bu yazıya mövzu olacaq söhbətin motivi də məhz telefonla bağlı oldu. Həmkarım Azay dedi ki, səhvən başqasının telefon nömrəsinə zəng etmək xətalı şeydir, Allah qorusun, kiminsə xanımına, qızına yanlışlıqla zəng edərsən, ya mesaj yazarsan, gəlib adamı yortarlar.

Tərs kimi, bu söhbətin olduğu günlərdə bu cür yanlış zənglərə görə iki hadisə olmuşdu – bir gənci yortub, xəstəxanalıq etmişdilər, bir gəlini isə yortmamışdılarsa da, danlaya-danlaya intihara vadar etmişdilər.

Həmkarımız Ağasəid məhz bu yerdə 7-8 il əvvəl öz başına gəlmiş hadisəni nağıl eləməyi vacib saydı.

Onun hekayətini burada yazmazdan öncə onu da deyim ki, Ağasəid olduqca səmimi, saf bir adamdır, heç vaxt yalan danışmaz, adi şişirtməyə yol verməz, nəyisə ixtisar etməz. Başına gələn hadisələri birəbir dəqiqliklə danışar. Onun yerində kim olsa, hətta etiraf edirəm ki, mən özüm də baş verən hadisənin bəzi epizodlarının üstündən keçərəm, fikirləşərəm ki, bu reputasiyaya xələl gətirə bilər, amma Ağada belə şey yoxdur, onun söhbətləri redaktəsiz olur.

İndi mən də çalışacağam ki, həmkarımın söhbətini olduğu kimi yazım. Bu üzdən onun hekayətini dırnaq işarələri arasında verəcəyəm, çünki arada özümün də əlavə və haşiyələrim olacaq, qoy dəyişik düşməsin.

Ağasəid söhbətə belə başladı: “Yuxarı kurs tələbəsiyəm, subay və ac vaxtımdır”.

Ağa “ac vaxtımdır” deyərkən yemək-içmək sarıdan korluq çəkdiyini nəzərdə tutmur, daimi və ya müvəqqəti sevgilisinin, daha dəqiqi, cinsi partnyorunun olmamağını qəsd edir.

Ağasəidin söhbəti: “Bir gün metroda jeton almaq üçün pul xırdaladanda mənə bir onluq, bir beşlik, dörd dənə bir manatlıq və dəmir pul qaytardılar. Pulları cibimə qoyanda gözüm onluğun üstündəki telefon nömrəsinə sataşdı. Altı rəqəmliydi, yəni ev telefonuydu. O vaxt ev telefonlarının nömrəsi hələ bu cür yeddi rəqəmli deyildi. Gördüm ki, nömrənin qarşısına aydın xətlə “Afa” yazılıb. Dedim, hə, necə deyərlər, Allah qismətimi yetirib. Açığı, Afanı, məhlə uşaqları demişkən, “quş” hesab elədim və fikirləşdim ki, qiyməti də elə pul üstünədir, uzağı iki o qədər olar. Metrodan çıxanda elə tuneldəki avtomat telefondan Afagilə zəng vurdum. Telefonu bir qız götürdü. Gənc qız səsiydi, amma hər ehtimala qarşı soruşdum: “Afadır?” Qız şən və istiqanlı şəkildə, bir az da nazlı-nazlı “bəli” dedi. Salam, dedim. Əleyküm-salam, dedi. Soruşdum, necəsən, dedi, sağ ol, yaxşıyam. Soruşdu, bəs sən necəsən, dedim, mən də yaxşıyam. Dedim, sənin telefon nömrəni onluğun üstündə gördüm, zəng elədim, dedi, yaxşı eləmisən. Bir az da bu cür mehriban-mehriban danışdıq. Axırda dedim, səninlə yaxından tanış olmaq istəyirəm, dedi, problem yoxdur, tanış olarıq. Ürəyimdə fikirləşirəm ki, ta nə problem olacaq, bir şey ki, adını pulun üstünə yazıb şəhərə dağıtmısan, demək, problem yalnız qəbula düşməklə, növbəylə bağlı ola bilər. Nəysə, vədələşdik ki, sabah görüşək. Qız dedi, 8-ci kilometr qəsəbəsində, bazarın yaxınlığındakı binada olur, ən yaxşısı odur, mən sabah saat 11-də gəlim binanın qabağına. Razılaşdıq”.

Əlbəttə, 25 yaşlı subay və ac tələbəylə 33 yaşlı evli-eşikli və hər baxımdan tox kişi eyni düşüncənin yiyəsi deyillər, indiki ağlı olsa, Ağasəid belə asanlıqla düzələn epizodik eşq macərasından şübhələnərdi, görüşü başqa vaxta, başqa yerə təyin edər, yerli şəraitlə əvvəlcədən tanış olardı. İntəhası, aclığın pis şey olduğu hər kəsə məlumdur. Əbəs yerə deməyiblər ki, ac qılınca çapar.

Ona görə də o, həmin o iyun günündə səhər-səhər həvəsli-həvəsli yerindən qalxıb, üzünü təraş edib, ağ köynəyini geyinib, qırmızı qalstukunu boynuna asıb və metroyla üz qoyub 8-ci kilometr qəsəbəsindəki məşhur bazarın həndəvərinə.

Ağasəidin söhbəti: “Vaxtında çatdım, amma hər ehtimala qarşı “Neftçilər” metrostansiyasındakı avtomat telefondan bir də Afaya zəng etdim ki, on dəqiqəyə aşağı düşsün. Ona öz nəm-nişanımı da dedim. Dedim, məni görən kimi boynumdakı qırmızı qalstukdan tanıyacaqsan. Dedi, problem deyil, sən də binanın qabağında məni görən kimi tanıyacaqsan. Avtobusa minib bir dayanacaq getdim, düşdüm və aram-aram Afanın nişan verdiyi binaya yaxınlaşmağa başladım. Binaya çatmağa təxminən əlli metr qalmış gördüm ki, binanın qarşısında doğrudan da gənc və gözəl bir qız durub. O, məni, daha dəqiqi, qırmızı qalstukumu görəndə hiss etdim ki, o da məni tanıdı və əli ilə işarə etdi ki, ona yaxınlaşım. Qaçaraq nədi, az qala uçaraq Afaya tərəf cumdum”.

Bu yerdə mən, əlbəttə, artıq hiss eləmişəm ki, bu görüşdə nəsə bir zibil çıxacaq, ona görə də Ağanın söhbətinə bir az ara verərək soruşdum: “Bəs heç fikirləşmirsən ki, hansı qız öz binasının qarşısında oğlanla görüş təyin edər?”

Ağasəidin cavabı və söhbətinin mabədi: “Heç ağlıma da gəlmədi. Fikirləşdim ki, yəqin evdə tək olur, qohumu kimi qarşılayacaq, çıxacağıq evə. Nəysə, qıza yaxınlaşdım. Elə salam vermək istəyirdim ki, blokdan üç oğlan çıxdı. Dalağım sancdı. Baxdım ki, arxa tərəfdən, ağacların arxasından da iki oğlan çıxdı. Gördüm biri də binanın baş tərəfindən gəlir. Başa düşdüm ki, burda qaçış imkanı yoxdur. İstədim deyəm, mənim bu qıza qarşı pis niyyətim yoxdur, saf sevgi-filan, köpəyuşağı imkan vermədi. Qız bircə kəlmə “budur” deyən kimi, tökülüşdülər üstümə. Qulağımın dibindən iki şapalaq birdən açıldı. Mən də yalnız əldən bir yumruq ən yaxınımda olana vurdum. Vəssalam. Tappatarap, şappaşap başladı. Hərəsi bir tərəfdən çırpır, yumruq, təpik, şillə dalbadal gəlir. Başımı qaldıra, gözümü aça bilmirəm. Arada yerə yıxıldım. Yerdə də əl çəkmədilər. Zalım uşağı məni elə döyürlər, elə bil, Afanı bədbəxt eləmişəm. Hiss edirəm ki, ağız-burnum dağılıb, üst-başım cırıq-cırıq olub. Nə özləri bir söz deyir, nə də imkan verirlər, mən nəsə deyim. Hey çırpırlar. Axırda bəlkə də “öldü” bildilər deyə, əl çəkdilər və qaçıb getdilər. Nə qədər döşəli qalmışam, bilmirəm. Ayağa qalxmağa incarım yox idi. Axırda bazara gedən göysatan arvadlar görər ki, al qanın içində döşəli qalmışam asfaltın üstündə, yaxınlaşıb məni qaldırdılar, özləri ilə gətirdilər bazara. Üz-gözümün qanını göyərtiyə çiləmək üçün qapağı on yerdən deşilmiş plastik su qabından tökdükləri su ilə yudum, yaxınlıqda bir sınıq güzgü vardı, ona baxdım, özümü tanımadın. Qaş, dodaq partlayıb, gözün altı qaralıb, üfürülüb, bir yanaq çərtilib, o biri sıyrılıb. Saçımda qan laxtası, şalvar tozun-torpağın içində. Bir də baxıram ki, əynimdəki ağ köynəyin üçdə biri qalıb, qalanı cırılıb əllərdə gedib, amma qırmızı qalstuk eləcə yalın boynumda asılı qalıb. Kəsəsi, Buhenvald əsirindən pis gündəydim. Bütün bazar mənə baxırdı. Bir-ikisi soruşdu ki, səni nə üstdə bu günə qoyublar. Dedim ki, xuliqan gədələr idi, cibimdən pul çıxaranda gördülər, pul istədilər, vermədim, döyüb qaçdılar. Yaxşı ki, bazardakılar boynumdakı qalstuka görə məni avara adam hesab etmədilər. Hardansa bir köhnə əsgər köynəklərinə oxşayan, üstündə kiri işıldayan bir köynək gətirdilər. Variant yox idi, geyindim, amma qalstuku açıb cibimə qoydum ki, yaraşmaz. İndi fikirləşirəm ki, bu görkəmdə metroya, avtobusa necə minəcəm, camaatın qabağına necə çıxacam. Birdən yadıma düşdü ki, yaxınlıqda ofisi olan bir əmoğlu var, onun yanına gedim, bir az özümə gəlim, o, məni evə aparar”.

Bazlıq əməliyyatı iflasa uğrayan, daha sonra özü yerlə bir olan Ağa əmisioğlunun yanına gedərkən, 500 metrlik məsafədə “səni bu günə kim qoyub” sualına çox gözəl, dövrlə səsləşən, tutarlı bir cavab fikirləşib tapıb. Əlbəttə ki, o əsl səbəbi, bir qızın fitnə-felinə uyub qara tuluğa döndərilməsinin əsl səbəbini deyə bilməzdi. Arada xarizma məsələsi var axı.

Ağasəidin hekayətinin mabədi: “Əmioğlu məni görən kimi dedi, boooy, ə, səni bu günə kimlər qoyub? O da başa düşdü ki, bu, tək adamın işi deyil. Bir adam başqa adamı təkbətəkdə bu şəkildə döyə bilməz. Dedim, bilmədim, 6-7 adam idilər, döyüb qaçdılar. Dedi, nə üstdə. Dedim, bazarın qabağında tələbə yoldaşımla söhbət edirdik, hakimiyyətin əleyhinə danışdım, üstümüzə töküldülər, o qaçıb aradan çıxdı, məni tutub bu hala saldılar. Əmioğlu siyasi baxımdan fəal adam idi, dərhal dedi, dayan, bu saat bunu jurnalistlərə xəbər verim, gəlib şəklini çəksinlər, material hazırlasınlar. Artıq o, məqalənin başlığını da fikirləşmişdi: “Gənc siyasi fəal küçədə vəhşicəsinə döyüldü”. O, məni özüylə götürüb redaksiyaya aparmaq istəyirdi. Gördüm, söhbət tamam yanlış istiqamətə gedir, dedim, yox, yox, qəti lazım deyil, axırıncı kursdayam, rektorumuz da itin biridir, məni universitetdən qovar, əziyyətim əlimdə qalar. Arqument əmioğlunun ağlına batdı, bir az hökumətin qarasına söydü-söyləndi, asdı-kəsdi, hakimiyyətə gələndə mənə və digər fəallara xəsarət yetirənlərin mütləq tapılıb cəzalandırılacağına and içdi, sonra bir taksi tutub məni Yasamala yola saldı. Evdə də həmin nağılı danışdım. Atam bir neçə il az qala hər gün mən evdən çıxanda deyirdi ki, bax, küçədə-bayırda dilini dinc saxla, hökuməti pisləmə, görürsən ki, qorxulu zəmanədir”.

Xülasə, Ağasəid ağır xəsarətlərlə olsa da ev telefonunun nömrəsi pul üstünə yazılmış Afa adlı qızın qurduğu və özünün də ac qurd kimi düşdüyü tələdən yaxşı qurtarıb. Sonralar o, bu sayaq bəsit bir tələyə necə düşdüyü üzərində çox fikirləşib və tapıb ki, onu bu tələyə aşıb-daşan enerjisi və cinsi tərəf-müqabil tapmaq həvəsi salıb. Bir də o, pulun üzərindəki telefon nömrəsinin sirrini çözüb.

Ağasəidin rezümesi: “Sonradan çox fikirləşdim ki, yaxşı, bu qız ona zəng edənə belə hirslənəcəkdisə, öz adını, nömrəsini pulun üstünə nəyə görə yazıb. Mənim kimi cavanları tovlayıb döydürmək üçünmü? Axırda başa düşdüm ki, bunu qız özü etməyib. Onu hər kim edibsə, o qızda gözü olan və onun tərəfindən “get, anqır tayını tap” cavabı alan bir gədə edib, fikirləşib ki, bu yolla Afanı bütün şəhərdə biabır-dəsgah edəcək. Ta demir ki, Afa qohum-qardaşlarından ibarət cəza dəstəsi düzəldəcək, o banda da mənim kimi ürəyindən eşq-məhəbbət macərası keçən cavanları toza, qana bulaq eləyəcəklər. Allah bilir, o binanın qabağında, ya başqa yerlərdə nə qədər adamı mənim günümə qoymuşdular. İndi yadıma düşür ki, məni döyənlər çox sərbəst və arxayın idilər, elə bil, hər gün gördükləri işi görürdülər”.

Bu vaqiənin Ağasəidə bircə xeyri olub ki, o, bir də avtomat telefondan heç bir qadına, qıza zəng eləməyib və bir daha heç bir xanımla tanımaza-bilməzə, xüsusilə də qırmızı qalstuk bağlayaraq görüşə getməyib.

Ona görə də qoy enerjili cavanlar pulun, partanın, avtobus oturacağının, kafe masasının, hasarın üstündə qız adının qarşısında yazılmış telefon nömrəsi görəndə dərhal əllərini ciblərinə atmasınlar, fikirləşsinlər ki, bunu oralara hansısa yanıq, həvəsi köksündə qalmış biri yaza bilər. Amma yox, könlünüzdən macəra keçirsə, ta özünüz bilərsiniz, Afa binanın qabağında gözləyir.

# 3386 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #