Sumqayıta gedən qəribə taksi şoferi

Sumqayıta gedən qəribə taksi şoferi
1 avqust 2013
# 07:45

Kulis.Az Elməddin Süleymanovun "Barselona kafe" hekayəsini təqdim edir.

10 saatlıq ağır iş rejimindən sonra kresloma sərilib televizorun qabağında mürgüləməyə başlamışdım. Yarımçıq qalan yuxularımın istiqamətini televizordan yayımlanan filmlər, musiqilər və verilişlərin səs-küyü dəyişdirirdi. Bəzən səslər üst-üstə çıxır, bəzən isə hansısa ərazidə partlayan bombanı beynimdə hiss edirdim.

Bu gecə isə zənci qadınla sevişirdim. O yuxu və gecə üçün dəyişən tək şey Oqtayın vaxtsız telefon zəngi oldu. Zənci qadının birinci dərisi, sonra ayaq dırnaqları, sonra üz cizgiləri, onurğa sütunu və bədəni sıranı pozmadan yox olmağa başladı.

Gözlərimi açıb televizorda davam edən Wimbledon-un final matçına, sonra ayaq üstə dayanan orqanıma və ən son telefonun ekranına baxdım. Bütün çəkiciliyinə baxmayaraq Mariya Şarapova bu gecə uduzurdu. Üst-üstə ikinci qadın dramına şahidlik etməmək üçün telefonu qulağıma tərəf apardım. Oqtayın dəyişilməzliyini qoruyan estetik səs tonu və sualı monotonluğumuzu bir az daha bərkidirdi...

- Hardasan?

- Evdə

- Dur gəl Sumqayıta.

Fikrim tennis kortuna sabitlənmişdi. Mariyanın bu gecə Allaha, Allahdan daha çox kuboka ehtiyacı var idi. Yəqin Allahın sarışınlara qarşı fobiyası yaranmışdı. Mariya uduzurdu. Hakimin isə evdə gözləyən sadiq arvadı olmalı idi. Bella Ciao Maria! Bella Ciao!

- Səbəb?

- Mən sənə dedim dur gəl! Uşaqlara da xəbər vermişəm. Yığışıb bir-iki stəkan çay içib söhbətləşək. Olmaz Malışı göndərərəm Smirnofu əridərik. Dur görək.

- Oqtay...

Oqtay böyüdükcə kiçilirdi. Yaşının üstünə yaş əlavə olunduqca emosiyaları ilə rəftarını itirmişdi. 17-21 yaş aralığını yaşaya bilməmiş bütün kişilərin aqibəti Oqtayın həyatına oxşayırdı. Amma Oqtay bunu qavrayacaq qədər böyüyə bilməmişdi. Və bir gün böyüyə bilsəydi, mütləq uşaqlığına qayıtmalı olacaqdı.

Oqtay əsəbi bir formada sözümü kəsdi:

- Sən Allah beynimin ətini .ikib eləmə, onsuz da dilxorçuluqdu. Kataniya-Empoli oyununda yandırmışam.

- Nə yazmışdın?

- Menşe.

Oqtayın dediyinə insansaq, onun alın yazısı iri şriftlərdən ibarət bədbəxt sözüylə sərhədlənirdi. Oqtay bütün futbol qumarbazları kimi bir oyunda uduzurdu. Uduzmağı öyrənmiş insanların emosiyalarına fikir verməmək lazım idi. Fikir vermədim.

- Yaxşı gəlirəm. Harda yığışırsız?

- Ala bu Kamal var e..

Qısa sükut.

- Hansı Kamal?

- Ala futbolist yoxi idi Kamal Quliyev? Yığmada oynayan?

- Hə nə olub? Futbolu buraxıb?

- Ala çoxdan. İndi Sumqayıtda toçka götürüb. Barselona kafe. Ora gəl.

- Kabinetdi?

- Yox ala dəlisən? Çistniy yerdi. Stafka zad qoyuruq özümüz üçün. Ala mənə bax, məndə kontur qurtarır. Kredit götürmüşəm. Sən Kimyaçılar tərəfə çatanda vzv at mənə. Vızovlıq konturun olmasa, birindən bir təhər əlaqə saxla.

- Oqtay...

- Hə?

- Bolşesinə neçə verirdi?

- 1.90

- Çıxıram.

Digital dünyada özümü analoq kimi hiss edirdim. Prinsiplərim yaşımın üstünə çıxmışdı. Və bu səbəblərə görə yerimdən qalxaraq televizoru altından söndürdüm. Qazı, işığı bağlayıb əynimi geyindim. Evimin içini qadınsızlıq bürümüşdü. Ütülənməmiş kişi köynəyi qadınsızlığın birinci əlaməti sayılırdı. Qapının qırağında dayanmış zibil sellofanları isə ikinci. Güzgüdə dağınıq saçlarımı barmaqlarımla geriyə itələyib evdən çıxdım. Bakı küləklər şəhəri ampluasında Neapolu təqlid etməyə başlamışdı...

Əslində Bakıya təşrif buyuran gecənin diaqnozu coğrafi və ya italyansayağı romantikayla qoyulmur. Metro çıxışlarından kəsilən serial musiqiləri, sürətini 60-dan 120-yə qaldıran avtobus şoferləri, 28 may fahişələrinin qiymət danışıqları və sürətlənən qadın ayaqları, gecənin çökdüyünə ən yaxşı işarə sayılırdı.

Qutuda təkliyimə oxşayan son Camel-ı yandıraraq, “20 yanvar” metrosundan “Şamaxinka”ya qədər piyada getdim.

Nəsli tükənməyə başlayanların xatırlayacağı kimi, əvvələr “Şamaxinka”nın qarşısında rayon avtobusları toplaşırdı. İndi toplaşmasınlar. Sonra o avtobusları yenicə tikilib istifadəyə verilmiş avtovağzala transfer etdilər. İlleqal dayanacağın son avtobusları bir qadının əzəmətli gedişi kimi yerini taksistlərə buraxmışdı.

Yerli dildə o taksilər “papıtnı” adlandırılırdı. Bəlkə də o taksilər “Şamaxinka”nın məşuqəsinə çevirilmişdilər. Mənim üçün fərq etmirdi. Mən London taksilərinə qarşıydım. Və bir də indi kartof daşıyıcısına çevrilmiş, nostaljik, sarı taksilər üçün darıxırdım.

Camel-dan son qullabı alıb kötüyünü ənənəvi vətəndaşlar kimi yerə tulladım.

İndi taksiylə qiymət danışmaq olardı. Metallik bir taksiyə yaxınlaşdım. Şüşəsini endirdi.

-Sumqayıta neçəyə apararsız?

Sifətimdən çox, əllərinə baxıb cavab verdi.

-5 manat.

-Müəllim, gəl bunu 3 manat edək

-5 manat

-Bəlkə 4 edək bunu?

-5 manat!

-Yaxşı.

Arxa qapını açıb oturdum.

İnsanın bədbəxtliyini ölçən ölçü vahidi bəzən anlıq verilmiş qərarlarla məhdudlaşdırırdı. Bakı, şosenin əsasən sağ istiqamətini istifadə edən faşist şoferlərin siqnallarıyla baş-başa qalmışdı. Belə zaman aralıqları üçün tez qərar verməli və mümkünsə 5 manatı rahatlıqla cibindən çıxartmalı idi insan. Uzaqlaşmaq çox vaxt bu qədər ucuz başa gəlmirdi. Uzaqlaşdıq.

Qısa bir müddət sonra şofer bir disk çıxardıb mahnı qoymaq qərarına gəldi. Mütləq səssizliyimi pozmağa davam edən küləyin yanına bir də hansısa ara musiqinin əlavə olunması əsəblərimlə oynayacaqdı. Başımı şoferə tərəf uzadıb siqaret istədim. Şofer cibindən “Classic”i çıxardıb mənə tərəf uzatdı. Siqareti yandırıb sakitləşməyi seçdim. Qutunu şoferə uzatdım. Birini də özü yandırdı.

Tom Waits “Drunk on the moon”. İnanması çətin idi. Primitivliyi təmsil edən 5 manatlıq metallik taksidə, Tom Waits ifa etməyə başlamışdı.

Tərpənməyərək qaşlarımı itiləşdirmişdim. Heç nə başa düşə bilmirdim. DYP-nin qarşısından ilk dəfədir ki, bu notların ağırlığıyla keçirdim...

“Classic” yarılanmışdı. Siqaretin külü küləyin itiliyi ilə “Şamaxinka”ya tərəf uzaqlaşdırıldı. Alnımın qırışlarından tərimi təmizləyib başımı təzədən şoferə tərəf uzatdım.

-Bağışlayın...

-Üzr istəmə. Sualını ver.

-Siz Tom Waits dinləyirsiniz?

-Olmaz?

Susdum. Cavab tapmadım. Taksi Sumqayıt yoluna girməyə hazırlaşırdı..

Şofer öz sualına özü cavab verərək davam etdi.

-Olar. Bu Abşeron qəbiristanlığını keçim, aran varsa John Coltrane açaram. 1-2 həftədi adam kimi caza qulaq asa bilmirəm.

Sürücü ölən insanların ruhuna hörmət əlaməti olaraq mahnını yarımçıq saxladı. Maşının sürətinin artması onun Sumqayıtdan çox, John Coltrane-ə tərəf tələskənliyini büruzə verirdi..

John Coltrane – Blue Train. Albomdakı bütün mahnılar sıraya düzülmüşdü. Mən hansının səmimiyyətinə inanmalıydım? İllərdir müdafiə etdiyim realizməmi? Yoxsa cazın ilahi ədalətinəmi? Heç nə bilmirdim. Hər şeyi xronoloji sıralamaya görə hesablamağa başladım: kapitalizm, fast-food, 10 saatlıq iş, metro, ”Qaqaş, ala bu 20 qəpiyi, məni də keçirt”, ev, ilıq duş, televizor, xəbərlər, NATO-nun qərarı, böyük səkkizlik, yuxu, zənci qadın, Oqtay, Kataniya-Empoli, menşe, “Şamaxinka”, 5 manat, classic, Tom Waits, Blue train, caz, Sumqayıt, Barselona Kafe. Bir “Classic” daha istədim...

-Siz bu musiqiçiləri necə tanıya bilərsiniz axı? -dedim.

-Taksist və dəlləklərin hər şeydən xəbərləri var.

-Başqa kimləri tanıyırsınız?

-Kimi istəsən. Mütaliəli taksistin varlığına inanmırsan?

Bu sualın üstündə bir az fikirləşdim.

Oturacağının bir hissəsindən diskləri götürərək mənə tərəf uzatdı.

Janis Joplin - Pearl (1971), Buddy Guy - Damn Right, I've Got The Blues, Leonard Cohen - Songs of Love and Hate (1971), L.A. Woman - The Doors albomları əlimin içinə birtəhər yerləşmişdi.

Masazır. Həyat davam edirdi. Yandan sürətlə keçən taksiyə verilən reaksiya buna ən incə sübut sayılacaqdı...

-Ağzının ətini .ikim!

Digər taksi qarşılıq verməkdə gecikməmişdi.

-Os... ala burdan! Yol mənim idi!

Ağızın əti və Coltrane. Sumqayıta tərəf məsafə kiçilirdi. Diskləri yanıma qoyub dərindən nəfəs aldım.

Şofer uzun monoloqa başladı.

-Yeniyetmələr kimi həyəcanlanıb eləmə. Mən bu işi çarəsizlikdən görürəm. Amma çarəsizliyimdən zövq alacaq qədər yaşlı sayıram özümü. Həmişə mənimlə qiymət danışanda əllərimə baxıram. Məsafə mənim bir yerimə də deyil. Bu əllərə baxıb fikirləşirəm ki, 20 il əvvəl onlar nə idilər və indi nəyə çevrildilər...

Uşaqlığım Sumqayıtda keçib. Ata şilləsindən tut, butulka satmağına qədər, ara küçələrdə məhlə uşağının damarını tutmağa qədər hamısını eləmişəm. Anam kitabxana direktoruydu. Evdə ətdən çox kitab görən uşaq məcburdu Çarlz Dikkens vərəqləsin...

Siqaretlərimizi təzələdik.

-Sumqayıtda klassikləri oxumağın adı inqılab sayılırdı. ”Qumarbaz”ı barmaq qədər olanda oxumuşdum. Tolstoyu, Turgenevi, Puşkini, Çexovu, ürəyim sənə desin, Şoloxovu oxumuşdum. 14 yaşından bu günə kimi Çexovun bir nömrəli xəstəsiyəm. Bu taksiyə də 6 nömrəli palata adını vermişəm. Atam da babat filmə baxan idi. Sovet kinosundan tut, italyan kinosuna, ordan, skandinavlara qədər hamısına bir yerdə baxardıq...

Bir az sükut yarandı.

-Ən favorit rejissorunuz kimdir? - soruşdum.

-10 il əvvəl Berqman. Bu gün arvadım.

Qeyri ixtiyari gülümsədim.

-Berqmanı mən də sevirəm.

-Niyə?

-Filmlərinə görə -dedim.

-O, əslində zəif rejissordu.

-Hm? Bunu nə ilə izah edirsiniz?

-Yazıçı olmalıydı Berqman.

-Dialoqları çox təbii və həyatın içindədir.

-Arvadımda da elə alınır. Məncə arvadım Berqmanın qadın versiyasıdır. Biri Uppsalada, o biri Yevlaxda doğulub. Amma üçümüz də Sumqayıtda birləşmişik.

-İllərdən sonra həyəcanlana bildim. Yəni, necə deyirlər...Belə bir şey ağlıma heç vaxt gəlməzdi- dedim.

-20 il əvvəl həm yazırdım, həm də rejissor olmaq istəyirdim.

-Və?

-Çox oxuyurdum, çox izləyirdim, həddindən çox musiqi, tarix, mümkün olan və qarşılaşdığım bir çox şey haqqında məlumatlanmışdım. İnsan bütün bunlardan sonra yaradıcı insana çevrilmək istəyir. Amma alınmayanda alınmır. Yaxşı film savadımın olması məndən yaxşı rejissor edə bilmirsə, mən elə yaxşı film izləyicisi olaraq qalmalıydım. Bu reallığı 6 il sonra qəbul edə bildim. 6 ili ancaq yazmaqla keçirtdim. Belə səni də söhbətə tutdum. Girmişik Sumqayıta.

-Aha. Burdan sağa dönək

-Yaxşı.

Telefonu cibimdən çıxardım Oqtaya zəng vurdum. Adresi dəqiq öyrənmək üçün telefonu şoferə verdim.

-Hə, hə, hə. Tanıyıram, tanıyıram. Narahat olma. Hardasa 5-6 dəqiqəyə ordayıq.

Hər şey 23 dəqiqə içində baş vermişdi. Sumqayıtın mistikası hiss edilirdi. Barselona kafenin qabağında dayandıq. 5 manatı verdim. Mahnını söndürdü.

Şofer kafeyə baxdı.

-Bilirsən, insan böyük işlərin memarı halına gəlməyə də bilər. Amma gərək kiçik xoşbəxtliklərinin təqvimini tutsun. Və mümkündürsə, kiçik uğurlarının ustasına çevirilsin. Bu kafeyə Santander adını verərdim.

Qısacıq gülümsədi. Maşından düşdüm. Oqtay kafenin girişində saçını qaşıya-qaşıya məni gözləyirdi. Qucaqlaşdıq.

“Gərək bolşe yazardım”...dedi.

# 3817 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #