Afaq Məsudun “Seçilmiş əsərləri”

Afaq Məsudun “Seçilmiş əsərləri”
10 dekabr 2012
# 16:39

Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yazıçı Afaq Məsudun ikicildlik seçilmiş əsərləri işıq üzü görüb. Bu kitablarda yazıçının oxucular tərəfindən sevilən ən məşhur əsərləri yer alıb.

Külliyyatın ilk cildi müəllifin maraqlı müsahibəsi ilə açılıb. “Yazarkən mən can üstə oluram” adlı yazıda sanki yazıçı əsərlərini təqdim etməzdən qabaq oxucusu ilə canlı ünsiyyətə girir. Yazıçının təsirli sözünün qüdrəti elə ilk səhifədəncə, hələ yazdıqlarına keçməmiş müsahibəsindəcə oxucunu tilsimləyir. Afaq Məsudun sözügedən müsahibəsi kitaba əlbəttə ki, ön söz əvəzi olaraq təsadüfi daxil edilməyib. Bu, Afaq Məsudun ağıllı, ağrılı, bəzən də sıradan bir qəlbin, beynin götürməyə gücü çatmayacaq qədər ağır yaradıcılığına oxucunun müsahibə ilə hazırlaşdırılması priyomudur. Bu müsahibə də onun ən sevilən əsəri kimi sevimlidir, bütün sevimlilər kimi əzabvericidir: “Həyatımda baş verən bir neçə ağrılı və bir neçə sevincli hadisələr var ki, onlar mənim bioqrafiyama daxil olub. Bu, mənim əsərlərim və itkilərimdir. O ki qaldı ötən yaşantılara, mən hər gün, hər saat, hər dəqiqə özüm özümdən, həyatdan yox, məhz özüm-özümdən o qədər informasiya alıram ki, ötüb keçmişlərə burda yer qalmır. Hər anım mənim üçün həm informasiya, həm də kəşfdir. Bu məşğuliyyət deyil. Bu, mənim həyat tərzimdir”. Bu müsahibədən sonra yazıçının ilk cilddə yer alan “Generalın ölümü”, “Alman kilsəsi”, “Can üstə”, “Müvəkkil Vaysman”, “Dahi”, “S.V.A.C.O”, “Prezident”, “Aysun” və “İkinci İohan” hekayələri oxuculara təqdim olunub.

Oxucuların ixtiyarına verilən yaradıcılıq nümunələrindən əvvəl Afaq Məsudun müxtəlif dövrlərdə mətbuat orqanlarında çap edlimiş müsahibələrinin təqdimatı maraqlı bir ənənə kimi kitabı sonadək izləyib. Yazıçının “Erkən hekayələr” bölümündə “Gecə”, “Sərçələr”, “O”, “Dovşanın ölümü”, “Qəza”, “Qu quşu”, “Şənbə gecəsi”, “Tutuquşu”, “Uydurma”, “Bekar”, “Öldürdülər”, “Mədəd”, “Tək” və “Yataqxana” prozalarından əvvəl təqdim olunan müsahibəsi də əsərləri qədər diqqəti çəkir. “ “Azadlıq”-insan bərabərliyinin və azadlığının olmadığı yuxu ərazilərində baş verənlərdi” adlı yazıda da bir-birindən maraqlı, ziddiyyətli fikirlər adamı alıb aparır: “...Bu, insanlıq üçün bir növ “icad edilmiş” cəmiyyət normaları darısqallığında vurnuxan, çərçivələrə sığmayan, sosial və məişət qəliblərindən və məngənələrindən darılıb üzülən İnsan sıxıntılarıdır. Əsərlərimdəki obrazların əksəriyyəti qadın olduğundan ilk baxışda adama elə gəlir ki, onları sıxan mətbəx və məişətdi.. Kişi olacaqları təqdirdə ola bilsin ki, bu məngənə maşın sükanı, yaxud dar düyünlü, tarım qalstuk olacaqdı”.

Birinci cilddə yazıçının “Suiti”, “İzdiham” və “Üzü işığa” romanları yer alıb. Ənənə isə kitabı boyunca təkrarlanır. Romanlardan əvvəl A. Məsudun “Mənim üçün ədəbiyyat ərazidir. Bu ərazidə ierarxiya qanunları işləmir” başlıqlı müsahibəsi verilib. Bu müsahibələr sanki oxucunu dərin sulara daxil olmamış ehmalca dənizin dərinliyinə, hətta baş verə biləcək burulğanlara, qalxacaq dalğalara hazırlıq məqsədi daşıyır: “Düzü, heç vaxt məxsusi bir yenilik yaratmaq iddiam olmayıb. Əsərlərimdə sizə yeni görünənlər, olsun ki, milli ədəbiyyatımızın qəbul olunmuş normalarından, millilik ənənələrindən bir qədər kənar baxışlar, bir qədər çılpaq, daha doğrusu burxulmuş fikir və duyğulardır. Ədəbi qəhrəmanlarımı dediyiniz psixoloji labirintlərdə dolandırmağıma gəlincə, bilirsiniz ki, psixoloji nəsr yazıram. Bu üslub geniş oxucu kütləsi üçün rahat həzm olunan əsərlər yetirmir və ola bilsin, qəhrəmanlarıyla bir, yarıqaranlıq labirintlərlə, mistik dəhlizlərlə dolaşan müəllif kənardan qorxu və iztirablar içində qovrulan insan təsiri bağışlayır. Lakin bu, heç də belə deyil. Dediyiniz o dərinliklər, yarıqaranlıq, qapalı məxfiliklər mənim çoxdandan bəri temperaturuna öyrəşdiyim doğma yerlərdi”.

Kitabın ilk cildində “Qatarın altına atılan qadın” və “Kərbəla” pyesləri təqdim edilib. Pyeslərdən əvvəl isə A. Məsud yaradıcılıq əzablarını əks etdirən, həmçinin pyesinin təqdimatından sonrakı düşüncələri öz əksini tapan “Mən sözlə, dərzi iynəylə işləyən kimi işləyirəm” yazısı verilib: “Bizim teatr, elə ədəbiyyatımız da uzun illər sənət əsəri üçün hədsiz vacib olan əsaslı bir şeydən məhrum olub-səmimiyyətdən. Ağrılar da oynanılıb. Axı ağrını necə oynamaq olar? O yaşanmalıdır. İstər yazıçı qələmində, istər aktyor ifasında. Burda həyatı oyunlar içrə keçmiş aktrisa tamaşaçısıyla oynamır. O həqiqi yaralarını açır və ordan sızan qanını nümayiş etdirir. Tamaşa zalını da məhz bununla ələ alır, gizli yaraların közünü qoparır”.

Yazıçının ilk kitabı “Duyğular imperiyası” ilə yekunlaşır. Yəqin ki, bu əsər təsadüfi olaraq ilk kitabın sonluğu kimi seçilməyib. Bəlkə də yazılma ardıcıllığı belə tələb edib, yaxud müəllif qəsdən ustalıqla “Duyğular imperiyası”nı sona saxlayıb-oxucusunu ikinci kitaba ekstrim, eyni zamanda təhlükəli bir körpüdən keçirmək niyyəti ilə.

Amma hələ bundan da əvvəl “Duyğular imperiyası”na “Bütün əzabları mənə öz içimdə veriblər” yazısı ilə daxil oluruq: “Öz ali “MƏN”ini kütlə psixologiyasının xırda qanunlar çərçivəsindən mühakimə etmək- Allaha meydan oxumaq qədər günah bir işdi”. Müsahibədə verilən “Yazılarınızı oxuyanda, bir şey daha hasil olur ki, Siz həddən ziyadə narahat insansınız. Daim nəyinsə axtarışındasınız. Nəyi axtarırsınız? Maraqlıdır” sualını yazıçı “Desəm ki, həqiqəti, çeynənmiş alınacaq. Amma sözün əsl mənasında, həqiqəti. Mən daim onu axtarmışam” kimi cavablandırıb.

Müəllif özü “Duyğular imperiyası”nı “...dünyanın qızıl damarının –ecazkar və nəhayətsiz Duyğu Kanalının adda-budda görüntüləri” kimi xarakterizə edib.

Kitabın ikinci cildində isə yazıçının “Azadlıq”, “Dəfn”, romanları, “Can üstə”, “O məni sevir”, “Yol üstə” pyesləri, eləcə də esse və məqalələri, müsahibələri təqdim olunub.

Afaq Məsud bütün əsərlərində öz Daxilində –MƏNində yaşayır, orada yaradır, orada əzab çəkir, orada katarsis keçirir. Bizim üçün ən maraqlısı budur- yazıçı şəxsi, eyni zamanda bəşəri iztirabları elə yazır ki, istər-istəməz oxucu da bu prosesə qoşulur.

525.az

# 2471 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #