Sənin nəyinəm? – Arzu Murad yazır...

Sənin nəyinəm? – Arzu Murad yazır...
23 may 2019
# 15:30

Kulis.az Arzu Muradın “Şəkildəki sual” hekayəsini təqdim edir.

Bu dəfə Allah onun üzünə baxmadı. Deyəsən, can çəkişirdi. Əvvəllər onu itirmək qorxusu başımın üzərindən çəkilmirdi. Bu qorxu hər gün bir az daha artıq şiddətlənərək məni addımbaaddım təqib edirdi. Lakin günlərin birində onun varlığı mənimçün adiləşdi, heç bilmirəm bu nə zaman baş verdi. Lakin buna baxmayaraq bu xəbər məni bərk sarsıtdı. Axı onunla az-çox üst-üstə qalaqlanmış xatirələrim vardı. Deyəsən, məsələ təkcə xatirələrdə deyildi, baxmayaraq ki, aramızda son baş verənlər qürurumu alçaltmışdı, mən onu hələ də sevirdim.

İşə bax, onu unutduğumu düşündüyüm halda hələ də sevdiyimi anladım. Lənət olsun, axı mən ona dönük çıxmamışdım. Sadəcə o hədsiz laqeydliyi, soyuq münasibəti, ötəri nəzərləri ilə məni özündən soyutdu. Ona bir addım atanda on addım geri çəkilirdim. Onunçün hər şeyin günahkarı mən idim. Günəş onu yandıranda da, yağış isladanda da tək müqəssir və mühakimə olunması gərəkən mən idim. Buna daş da dözməzdi, amma mən dözürdüm.

Hə, eşitdim, yaxşı sualdır. Niyə məcbur idim, hə? Heç özüm də bilmirəm. Əslində onu niyə sevdiyimi heç vaxt bilmədim, günü indisinə kimi. Bir dəfə bir yerdən oxumuşdum ki, bir insanı səbəbsiz sevirsənsə, heç bir səbəb olmadan ona nifrət də edə bilərsən. Bu fikir oxuduğum an beynimə kilidlənmişdi, çox düşündürürdü məni. Bu düşüncələrin içinə qərq ola-ola bir də baxdım ki, o artıq mənimçün öz həyati əhəmiyyətini itirib, qum dənəciklərinin torpağa qarışdığı kimi cəmiyyətə qarışıb və onlardan biri olub mənimçün. Daha onun adı gələndə həyəcanlanmırdım, onu görməkçün dalanlardan boylanmırdım, gözlərində azmırdım. Yəqin bütün sevgilər bu cür sonlanır. İşə bax, mən hətta ayrılığımızın da qeyri-adi olacağını zənn edirdim, amma sonra anladım ki, hər kəs necə, mən də elə.


Yaxşı xatirimdədir, o həmişə insanları aşağılamağa çalışırdı. Onların uğursuzluqlarında özlərini günahkar sayırdı, uğurlarında isə başqalarının payı olduğunu düşünürdü. Bu ədalətsizliyi məni çox zaman qıcıq edirdi, onunla dava edirdim. Hər dəfə də eyni sözü deyirdi mənə:


- Tanımadığın adamlara görə mənimlə dava etmə.


Onu başa sala bilmirdim ki, mənim onunla davamın səbəbi tanımadığı insanlara qarşı olan münasibəti yox, bütöv bir insanlığa qarşı olan kini idi. Çox zaman da ayağımın tozu olmayan adamlarla məni qısqandırmağa çalışırdı. Bəli, nə zamansa buna nail olurdu, amma sonra dərk etməyə başladım ki, mən, əslində, qısqanmırdım, onun havasına oynayırdım.

Qırtlağında ömrünün son akkordları çalınanda adımı zümzümə etmişdi. Qarşısında ağlamayım deyə, bayırda içimi o ki var boşaltdım, sonra yanına getdim. Ona qarşı içimdə aşırı qürurum vardı, məni çox incitmişdi, amma yenə də özümə güc gələ bilmədim. İllər sonra yenə yenildim qarşısında. Nə də olmasa, bir zamanlar sevirdim axı onu. Sevmək belə olmur, mən dəli kimi aşiq olmuşdum ona. Onun olmadığı bir dünyanı istəmirdim, amma bundan belə dünyam onsuz olacaqdı. Xəstə yatağında olsa da, əzəmətini hələ də qoruyub saxlaya bilmişdi. Bu qədər zamandan sonra gözləri hələ də mənimçün əhəmiyyətini itirməmişdi. Yenidən o illərin həyəcanı doldu qəlbimə, yenə gözlərimi qaçırdım gözlərindən.


O gecədəki kimi yenə susur, yenə heç nə demir, məni narahat edən qaranlıqları aydınlatmaq istəmir sanki. Əl atıb yaxasından tutub var gücümlə silkələmək, mənə düzünü deməsi üçün üzərinə basqı etmək istədim. Birdən ayıldım, o sadəcə baxırdı, məni süzürdü. Bacısı dedi ki, huşu özündə deyil, heç nəyi xatırlamır.


- Heç dəyişilməmisən, bir az arıqlamısan, yəqin mənsizlik ağır gəlib...- uzun zamandan sonra aramla, çətinliklə dediyi sözlər məni heyrətləndirdi. Sanki bacısını yalançı çıxarmağa çalışırdı. Bu halıyla da mənə söz çatdırmaqçün özündə güc tapmışdı. Son nəfəsində də özünü inandırmağa çalışırdı ki, onsuz əziyyət çəkmişəm. Bacısı gözlənilməz vəziyyətin təəccübünü yaşayaraq, onun uzun zamandır ağzını açıb danışmadığını, heç su belə istəmədiyini dedi və bizi tək buraxdı. Heç nəyi xatırlamayan adam məni necə xatırlayır axı? Hələ bir xarici görkəmimdəki dəyişiklik də diqqətindən qaçmadı.


- Nədir? Nə süzürsən məni? Niyə gəlmisən? Sualların var? – zarıltılı, ah-uhların içindən bu sözləri zorla seçib çıxarırdım.


- Məni sən çağırmısan bura. Sənə qarşı dürüst olacam. İçimdə sənin adına heç bir hissim yoxdur, sadəcə çağırdın deyə gəldim. Suallarım isə bir zamanlar vardı, cavablandırmadın. İndi də mənə lazım deyil.


- Ay yazıq... Yaşının üstünə yaş gəlib, amma hələ də yalan danışmağı öyrənməmisən. Gözlərinin qarası böyüyür məni görəndə. Hələ də o illərin...


- Kəs... O illərdən danışma mənə. Mən səhvlərini sənin üzünə vurmuram ki... Sən də mənim səhvlərimi üzümə vurma. Eşidirəm...


- Səndən sonra həyatımda saysız-hesabsız münasibətlərim oldu, yataqda bitəni də oldu, o tərəfə keçəni də, amma heç biri sənin yerini vermədi. Görürsən, mən də sənə qarşı dürüstəm. Səndə necə oldu bilmirəm, amma məndə çox ağır oldu bu xiffət. Hər kəsdə səndən bir parça axtarırdım. İş ondadır ki, tapırdım da, amma məni qane etmirdi. Ayrı-ayrı adamlardakı sənə bənzərliklərin hamısını bir arada bir tək səndə istəyirdim. Hələ biri vardı, sənin kimi o da pivəni duzla içirdi. Biri də vardı, eynən sənin kimi qısqanc idi, amma səni qısqandırmaqdan aldığım həzzi ondan almırdım. Ümumiyyətlə, heç biri məni həyəcanlandırmağı bacarmadı...


- Axı sən niyə elə düşünürsən ki, bütün bunlar mənə maraqlıdır? Bir az sus mənimçün, sadəcə sus və bax...

- Yox, az qalıb vaxta, onsuz da həmişəlik susacam. Heç olmasa, son dəfə gözümün içinə bax, baxışını qaçırmadan bax və nə demək istəyirsənsə, de... lap elə söy, amma gözümün içinə baxaraq et...

- Mənim demək istədiyim şeylər sənin boğazında düyünlənər, həzm edə bilməzsən. Buna görə də xahiş edirəm, dindirmə məni.

- ...

- Əslində, mən bir tək səndən yıxıldım, sadəcə sən anlamadın. Bəzən mənə elə gəlirdi ki, sən olmasan, yaşaya bilmərəm, amma sonra elə oldu ki, anladım, yoxluğunda yaşaya bilməyəcəyim kimsə varsa da, onun sən olmadığını.

- Buna yaşamaq deyirsən?

- Tərəddüdlərim boğur içimi. Allah xatirinə, mənə bir ümid işığı ver, tutum o işıqdan və səni yenidən ucalara qaldırım.

- Soruş... amma əllərimdən əvvəlki tək tut, soruş, onlar sənə doğrunu deyəcək.

Əllərini birləşdirib ovuclarımın içinə aldım və nəfəsimə yaxınlaşdırdım. Gözlərində məmnunluq duydum. Onun təbəssümü yenə də məni xoşbəxt edirdi. Sualımı gözləyirdi, mən isə artıq soruşum, ya soruşmayım deyə bir tərəddüd qarşısında acizanə boynumu bükmüşdüm.

- Qu-z-um, susma, sor-uş, düzünü deyəcəm.

- O şəkildəki sən idin?

- Hə...

- Mənə bunu etməməli idin. Mən sənə sitayiş edirdim e... kirlənərsən deyə sənə əlimlə toxunmağa qorxduğum halda, sən başqalarıyla yatağı bölüşmüşdün. Bir dəfə məndən soruşdular ki, sənin nəyinəm? Bilirsən nə cavab vermişdim? Cavab vermişdim ki, heç hələ özüm də bilmirəm onun nəyiyəm. Bilmək də istəmirdim, elə zənn edirdim ki, bunu biləndə bitəcək hər şey. İstəmirdim bitsin...

Mən sözlərimin hələ hamısını deyib bitirməmiş nəfəsi kəsildi, əlləri ovuclarımda soldu, canını tapşırdı. Bitməsini istəmədiyim bir hekayə nəhayət bitdi.

# 3374 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #