Kulis.az Nəriman Əbdülrəhmanlının “Zahid Sarıtorpağın “səssiz-səmirsiz” 60-ı” adlı yazısını təqdim edir.
80-cilər ədəbi nəslinin bənzərsiz sıra nəfərlərindən biri – şair, nasir, tərcüməçi Zahid Sarıtorpaq da səssiz-səmirsiz 60-ı yaxaladı…
Ona görə “səssiz-səmirsiz” deyirəm ki, nə gurultulu təqdimatlar keçirdi, nə yubiley tədbiri düzənlədi, nə də yubiley nəşrləri nəşr etdirdi…
Zahid Sarıtorpaq 60 yaşını oxucunun yaddaşındakı obrazı və əsərlərilə qarşıladı…
Şəxsən mənim yaddaşımda bir insan, üçü qələm adamı olmaqla DÖRD ZAHİD SARITORPAQ var…
İNSAN ZAHİD SARITORPAĞI səksəninci illərdə əvvəlcə uzaqdan-uzağa, şeirlərindən tanış olmuşam, doxsanıncı illərdə, demək olar, rastlaşmamışıq, ikimininci illərdə ara-sıra görüşlərimiz olub, son onillikdəsə gözlənilmədən həm də Azərbaycan Tərcümə Mərkəzində çiyin-çiyinə çalışmalı olmuşuq. Ətrafdan qoruna-qoruna səbirlə, inadla, heyrətamiz nizam-intizamla şeirlərini, romanlarını qələmə alan, tərcümələrini eləyən, ədəbi boğanaqdan kənar qaçmağa çalışan Zahid Sarıtorpağı elə bu son üç-dörd ildə yetərincə tanımışam…
***
BİRİNCİ QƏLƏM ADAMI ZAHİD SARITORPAQ mənim səksəninci illərdə uzaqdan-uzağa tanıdığım şair Zahiddi. Oxuduğum şeirləri təbiət kimi dumduruydu, oxuyanın ruhuna işləyirdi. Onda Zahid M.Qorki adına Ədəbiyyat İnstitutunu (Moskva) bitirmişdi, Şamaxıda yaşayırdı, rayon qəzetindən gəlirdi, sonra “Ədalət” qəzetinin zona müxbiri oldu. Bilmirəm, bu şeirləri o vaxtlar yazıb, yay ox, mənə elə gəlir, yalnız Bakının basırığından uzaqlarda bu cür yazmaq olardı:
Qapandı gözlərim. Ölməmişəm. Yox.
Kimdisə nahaqdan çırpır dizinə.
Yox… Ağlayan yoxdu. Yağışdı yağır
Açın pəncərəmi yağış səsinə…
Yaxud ruhun yaşantılarını bu cür pafosdan uzaq, olmuşları və olacaqları dərk eləmiş biçimdə ancaq o mühitdə ifadə eləmək olardı:
Qapını döydülər qalxdım,
xoş bir qaranlığa çıxdım.
Bir səs gəldi: “tərpən, vaxtdı…”
Getdim… daha görünmədim.
İKİNCİ QƏLƏM ADAMI ZAHİD SARITORPAQ şair kimi qalmışdı, amma hansı sarsıntılardansa daxilən başqalaşan kəslərə oxşayırdı, düşüncələri də, dünyaya baxışı da, şeirlərinin biçimi də dəyişmişdi. İndi o, öz həqiqətlərini aləmə pıçıldayan sufiləri andırırdı. Nədənsə mənə elə gəlir, Zahid bu cür şeirləri ancaq 40 yaşını – daxili yetkinlik həddini keçəndən sonra, şəhərin qələbəliyində (sonra bildim ki, artıq Bakıda məskunlaşıb, “Avrasiya” Mətbuat Fondunda və “Şərq-Qərb” nəşriyyatında işləyib) boğula-boğula yaza bilərdi:
quş tutmaq sevdasıyla
çardağa dırmaşmış uşağın yalın ürəyinə
bir göyərçin ölüsünün qurumuş sükutu sancıldı qəfil
bir-bir nərdivandan geriyə yıxıldı
bir andaca gələcəyin
qanadları möhürlənmiş bayqın günləri
Yaxud, qürbət ağrıları çəkən qəribin halını ancaq öz içindən keçirəndən sonra bu cür təsvir eləmək olar:
adının böyründə pas tutmuş suçların üstüylə
qəribin bir axsaq günü də yeriyib keçdi -
yeridi yenə bir ayağı yalın
bir ayağındasa əsgər çəkməsinə oxşayan ürək
Şair Zahid Sarıtorpaq oxucusunun səbrini zorlaya-zorlaya cəmi iki poetik toplu (“Üfürülmüş çırağın ruhu” və “Tək işığın haləsi”) üzə çıxardı, bundan sonra kitab nəşr etdirib-etdirməyəcəyini ancaq özü bilir…
***
Qəfildən də ÜÇÜNCÜ QƏLƏM ADAMI ZAHİD SARITORPAĞI – nasir Zahidi gördü. Bir dəfə də yazmışdım, boynuma alıram, qəbul elədiyim şairin nəsr yazması, yaxud, nasirin nəzmə keçməsi həmişə məndə qəribə narahatlıq doğurub. Ola bilsin, onuın uğursuz nəsr, ya da nəzm əsəri ortaya çıxaracağından, bununla da haqqında formalaşmış təsəvvürlərimi insafsızcasına dağıdacağından ehtiyatlanmışam. Bədbəxtlikdən müstəqillik dövrümüzdə bu, az qala yaradıcılıq normasına çevrilib, əksər qələm adamlarının şair, yoxsa nasir olduqlarını ayırd eləmək çətindi. Bəlkə elə Zahidin “Əlifba bayramında qətl” romanını bu hissin təsiri altında oxumamışdım, ya da rastıma çıxmamışdı. Bir neçə il əvvəl qəfildən dünyada hər şeyi sarı rəngdə görməyə başlamış bir adamım yaşantılarını çatdıran “Dərdin sarı çəpkəni” romanınısa da əvvəl bu hisslərlə oxumuşdum, amma xoşbəxtlikdən narahatlığım dərhal sovuşmuşdu: əmin olmuşdum ki, əsərdə nağıl elədiyi əhvalat nəzmə çəkə bilmədiyi daha böyük ağrılardı, Zahid o yaşantıları ancaq nəsrlə, həm də qələminə xəyanət eləmədən o səviyyədə qələmə ala bilərdi.
Ardınca oxuduğum “Kül” romanı də məndə eyni hissləri doğurdu, gördüm Zahid üslub seçməyi, süjet xəttini axıracan rəvan tərzdə aparmağı, obrazları fərdiləşdirməyi bacarır. Dilin qatlarına enmək onun daha bir xarakterik cizgisidir. Zahid Sarıtorpaq bu romanını da xüsusiləşdirmə axarında qurub; hər hadisəni, hər hərəkəti, hər sözü o qədər xüsusiləşdirir, fərdiləşdirir, xırdalayır ki, oxucuların gözləri qarşısında ağlagəlməz mozaik panno yaranır. Şəxsən mən nəsrdə ümumiləşdirməyə daha çox meylli olduğuma görə, belə üslubu çətin sinirirəm, amma bu üslubun da yaşamaq haqqı olduğunu qəbul eləyirəm.
Şübhəsiz, romanın yaşanmış, müəllifin təkcə ömründən yox, həm də içindən keçmiş həyat təcrübəsinə əsaslandığı bütün müsbət məziyyətlərinin məhz burdan qaynaqlandığı açıq-aşkar duyulur. O təcrübə qəhrəmanın saçlarını kül rənginə boyayır, özünə alqışı da bu olur: külün mübarək, başım, külün mübarək! Bu məhz dünyanı dərk eləməyin etirafıdı.
Yenə də əminəm ki, Zahid Sarıtorpaq “Kül” romanını yazmaya bilməzdi. Ola bilsin, sonrakı illərdə daha bir roman üzə çıxaracaq, çünki hələ illərlə yığılmış ehtiyatını tamam tükətmədiyi hiss olunur. Üstəlik, nəsri poetik nəfəsilə daha da dolğunlaşdırdığına görə, Zahin Sarıtorpağı yalnız alqışlamaq olar…
***
Bir də QƏLƏM ADAMI KİMİ BAŞQA BİR ZAHİD SARITORPAQ – tərcüməçi Zahid Sarıtorpaq var. O Zahid neçə illərdi ki, Moskvada oxuduğu illərdə bələd olduğu, get-gedə cilaladığı rus dilindən dünya və rus ədəbiyyatı klassiklərinin əsərlərini dilimizə çevirir.
Tərcüməçi Zahid Sarıtorpaq Mixail Prişvin, Sergey Mixalkov, Aqniya Bartonun, Yuri Trifonovun seçilmiş əsərlərini, Nobel mükafatı laureatı Aleksandr Soljenitsının QULAQ arxipelağı”, ingilis klassik mütəfəkkiri Con Miltonun “İtirilmiş cənnət” və “Qaytarılmış cənnət” epopeyalarını dilimizə çevirib, yəqin ki, bundan sonra da tərcümə həyarının bir parçası olacaq.
Bir də ona əminəm ki, ömrünün 60 həddini keçməklə Zahid Sarıtorpağın həyatında çox şeylər dəyişməyəcək, yenə ÖZ İÇİnin sakitliyinə çəkilib, yazmaq istədiyi SÖZü qələmə alacaq…
Bəlkə də nə vaxtsa yazdığı misraları arabir öz-özünə pıçıldayacaq:
divara yazmağa bircə kəlmə Söz qalıb
kömürün tozuna bulaşar deyə yazan yoxdu onu
odur ki qamışın çərtməsindən havalanır sirr olan gerçək
suyun üzündə – gül tozu
astarında – yosun
durula bilmir vurulanda bayraqqarışıq yıxılan adamın eşqi
yoxsa yazdır deyə quşların ən ürkəyi
yuva qurmaqdan ötrü
isgəndərin buynuzları arasına çöp daşıyardı qorxmadan
8 may 2017