Saxta sənədlə cəbhədən yayınan dahi

Saxta sənədlə cəbhədən yayınan dahi
19 avqust 2016
# 12:15

Dünya ədəbiyyatının ən görkəmli simalarından biri, Nobel mükafatı laureatı Haynrix Teodor Böll 1917-ci il dekabrın 21-də Reyn çayı sahilində yerləşən Köln şəhərində dünyaya gəlmişdi.

1928-ci ildə Köln şəhərindəki Kayzer Vilhelm gimnaziyasına gedən Böll riyaziyyat fənnindən əlaçı şagird olmuşdu. O, hətta bir müddət riyaziyyat fənnindən geri qalan uşaqlara əlavə dərslər deməklə müharibədən sonrakı çətin dönəmlərdə özünə çörəkpulu qazanırdı.

Qatı katolik ailəsində böyüyən gələcək yazıçı yeniyetməlik illərində bir müddət katolik mərasimlərdə iştirak etmiş, keşişlərin seminarlarına getmiş, ancaq sonradan bütün bunlardan imtina etmişdi. Uşaqlıq illərində Haynrixin ailəsi onun gələcəkdə kim olacağını tam müəyyən edə bilməsələr də, dəqiq bilirdilər ki, həyatı kitablara bağlanacaq. Məktəbi bitirdikdən sonra o, bir müddət kitab mağazalarının birində köməkçi işləmiş, daha sonra kilsə üçün mehrablar düzəldən atasının emalatxanasında ona köməklik göstərmişdi.

1939-cu ildə Haynrix Köln Universitetinin filologiya fakültəsində təhsil almağa başlayır. Elə həmin il başlayan İkinci Dünya müharibəsi onun bütün işlərini yarımçıq qoyur.

Hərbi xidmətə çağırılan Böll əvvəlcə Polşa, sonra Fransa cəbhələrində olur. Sonralar ağır yaralandığı üçün təxminən bir il Almaniya hospitallarında yatıb müalicə alır. Sağaldıqdan sonra Rusiya cəbhəsinə göndərilir. Krımda, Odessiyada, Rumıniyada gedən döyüşlərdə iştirak edir və təkrar yaralanıb hospitala düşür.

Sağaldıqdan sonra saxta sənət düzəldib cəbhədən yayınsa da, 1945-ci ilin mayında amerikanlara əsir düşüb əsirlik həyatı yaşayır.

Yaradıcılığı

Böll bədii yaradıcılığa romanla başlayıb. “Məhəbbətsiz xaç”, “Mələk susdu”, “Vəsiyyət” romanları onun ilk irihəcmli bədii əsərləridir. Yazıçıya ilk uğur gətirən əsərlərindən biri “Qatar vaxtında gəldi” 1949-cu ildə çap olunub.

Böllə ən çox uğur gətirən romanlarından biri də “Bir təlxəyin düşüncələri”dir. Romanın qəhrəmanı təlxək Hans Şnirin son beş-altı ildəki həyatını müxtəlif vəziyyətlərlə, müxtəlif insanlarla bağlı xatırlaması, onun mövcud sosial münasibətlərə, mənəvi-əxlaqi dəyərlərə münasibətini ifadə etməklə yanaşı, həm də 1950-ci illər Qərbi Almaniya gerçəkliyi haqqında müəyyən fikir yaradır. Əsərin qəhrəmanı Şniri yaşadığı cəmiyyətdən qoparan orda sürən saxtakarlıq, katolisizm pərdəsi altında yayılmağa başlayan əxlaqi dəyərlərdir.

Haynrix Böllün məşhur romanlarından biri “Xanımla kollektiv portret”dir. Bu romanın 1971-ildə işıq üzü görməsi ilə yazıçının Nobel mükafatına layiq görülməsi üs-üstə düşmüşdü. Əsərdə yazıçı özünün “ailə tarixçələri çərçivəsində” ən sanballı əsərini yaratmışdır. Romanın baş qəhrəmanı Leni nasistlərin hakimiyyəti dövründə bir tikinti şirkəti sahibinin qızı olur. O, əvvəlcə monastr məktəbində təhsil alır. Sonralar atasının israrı ilə nasional-sosialist yönümlü qızlar təşkilatında işləyir. Müharibə başlandıqdan sonra Leninin qardaşı güllələnir, həyat yoldaşı cəbhədə həlak olur. Atasının ömürlük həbsə məhkum olunması isə onun həyatını tamam başqa istiqamətə yönəldir.

Haynrix Böll bədii yaradıcılıqla yanaşı ictimai-siyasi fəaliyyətlə də fəal məşğul olmuşdur. O, dəfələrlə “siyasət mənlik deyil”, “siyasət sənətkarın işi deyil” kimi fikirlər səsləndirsə də, həmişə siyasətin ən odlu yerlərində olmub. Müharibədən sonra yaranan neofaşizmə, silahlanmya, terrorizmə qarşı aparılan mübarizələrdə, nümayişlərdə ön cərgədə durub, haqqı pozulan insanları ən çox da yazıçıları müdafiə edib. Haynrix Böll uzun müddət yazıçıların beynəlxalq təşkilatı olan PEN-klubun prezidenti olmuş, rejimlərin təzyiqlərinə məruz qalan yazıçılara hüquqlarının qorunması sahəsində gördüyü işlərə fəal şəkildə yardım etmişdir.

Son illəri

1974-cü ildə SSRİ-dən sürgün olunan kommunist Aleksandr Soljenitsına xeyli yardım etmiş, uzun müddət onu evində qonaq saxlamışdır.

1972-ci ildə Nobel mükafatına layiq görülən yazıçı mərasimdə iştirak edərkən öz yaradıcılığını belə səciyyələndirib: “Məni buralara gətirən yol, yolumun davamıdır. O yolun ki, onunla mən milyonların arasında, yazmaq tamahıyla qovrulan əllərim çantamda müharibədən evə qayıtmışam. Məni buralara yazı gətirib!”

1979-cu ildə ürəyindən və sol qılçasından əməliyyat olunan şəkər xəstəsi Böll həkimlərin məsləhəti ilə siqareti tərgitməli olur. O, qıçını qanqrenadan xilas etmək üçün bir il sərasər hər gün iki kilometr piyada gəzmək məcburiyyətində qalır. Bir neçə il sağlam həyat tərzi keçirən yazıçının səhhəti 1985-ci ilin yay ayında yenidən pisləşir.

1985-ci ilin iyun ayında yazıçının qarnında qəfil ağrılar baş qaldırır. Xəstəxanaya qaldırılan Böll elə həmin gün əməliyyat olunur. İyulun 15-də arvadı və uzun illərdən bəri onun katibəsi olan Renate Qütsbax onu xəstəxanadan evə gətirirlər.

İyulun 16-ı, səhər saat səkkizdə Haynrix Böll gözlənilmədən vəfat edir.

Böllün ölüm xəbərinin yayılması ilə Kölndə olan bütün bayraqlar endirilir. Əvəzinə matəm bayraqları dalğalanır. Böyük yazıçı 19 iyul Bonhaym Merten məzarlığında torpağa tapşırılır.

# 1899 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #