Bu şəkillər heç zaman unudulmayacaq

Bu şəkillər heç zaman unudulmayacaq
13 iyun 2016
# 11:48

Mətbuatda ilk dəfə görünən, tez-tez yazılarında rastımıza çıxan yazarların şəkilləri onların özləri qədər məşhurdur. Bu şəkillər bəlkə də onların yaradıcılığının bir parçasıdır.

Yazarlarımızın ilk dəfə görünən və eyni zamanda məşhur şəkilləri bir xatirəni, sözü öz arxası ilə dartıb gətirir.

Murad Köhnəqalanı lap balaca vaxtımdan tanıyıram. Həmişə bizim evimizə gəlib atamla uzun-uzun söhbətləşərdi. O illər Murad əmi bizə qoşulub uşaq kimi oynayırdı. Sonralar Murad Köhnəqalanın kitabını oxuyub heyrətlənmişdim. O zaman yazmağa təzə-təzə başlamışdım və hər maraqlı bədii nümunə məndə heyrət hissi oyadırdı. Bu şəklini “Yeni Müsavat” qəzetində görmüşdüm ilk dəfə. Sonralar Murad həmişə “kepkalı kişi” kimi yaddaşımda qaldı. Bir həkim dostum demişdi ki, Murad Köhnəqalanın “Yeni Müsavat”da çıxan yazılarını yığıb saxlayıram. Həqiqətən də “Yeni Müsavat” çox vaxt Murad Köhnəqalaya görə alınırdı. Metroda gedərkən qəzetdə iki imzanı oxuyurdum: Murad Köhnəqala və Zamin Hacı. Sonralar bu şəkil Muradın hər oxuduğum yazısında görünməyə başladı. Yazının yanında başqa şəkli vardı, ancaq nədənsə bu foto gözümün qabağına gəlirdi. Muradın bu məşhur fotosunu fotoqraf dostumuz Şahin Yüksəl çəkib. Deyib ki, Murad bir dayan, şəklini çəkim. O an Muradın əlini sallayıb, “sən Allah tez elə” deməyini ağlımdan keçirtdim. Yüz faiz elə deyib. Alınan bu şəkil isə indi Muradın ən çox yayılan şəklidir və bu şəkil onun yazıları qədər qiymətlidir. Məndən olsa bu şəklə ayrıca qonorar vermək olar. Şəklin adı belə olsun: “Kepkalı Murad”.

Aqşin Yeniseyin ilk dəfə şeirlərini “Alatoran” jurnalında oxumuşdum. Elə bu şəkildə yaddaşımdadır Aqşin. Ancaq onu da deyim ki, Aqşinin üzü fotogenik olduğundan bu fotosu çoxdan tarixin bir tərəfinə atılıb. Onun indi bir-birindən gözəl şəkilləri var. Hətta özü demiş, adam o şəkillərə çəkilmək istəyir. Bu şəkildə isə Aqşin bəlkə də mənim yaşımdadır. Kənddən gələn və hər kəndçi balası kimi şəhərə böyük ümidlər bəsləyən bir adam boylanır bu şəkildə. Sonradan Aqşin məşhur olanda, şeirləri eninə-uzununa oxunanda bu şəkilin süqutu başladı. Ancaq mən həmişə Aqşinin şeirlərində bu şəklin təzədən boy atdığını görürəm. Öz şeirindəki misranı bir az dəyişdirib belə deyə bilərik: “Mən Aqşinin bu şəklinə şair deyib böyümüşəm”. Şəklin adı belə olsun: “Unutmaq sözünün şəkli”.

Həmid Herisçi indi bəlkə də bu şəkildə özünü tanımaz. Şəklə baxanda bir misrası yadıma düşdü: “Mənə heç nə mane olmur,
gözümə düşən saçımdan başqa”. Bu şəkillə yanaşı Həmid bəyin şeirləri, romanları çap olundu. Sonra bu şəkildəki qara saç az-maz ağardı. İndi bilirəm Həmid bəyin saçı gözünə düşüb ona mane olur, ya yox. Şəklin adı belə olsun: “Mənə bənzəyən adam”.

Seymur Baycanın mətbuatda gördüyüm ilk şəklidir. Sonra Seymurla şəxsən tanış olanda şəkildəkindən xeyli fərqli bir adamı qarşımda gördüm. Saç getmişdi. Üstündən illər keçəndən sonra üzü də tüklənmişdi. Onun “Keçəllər” yazısı yadıma düşür. Saçının olmaması narahat eləmir Seymuru. Seymuru narahat edən başqa şeylərdi. Bu şəkildəki Seymur nə düşünür, onu bilmirəm. Bildiyim odur ki, Seymur bu şəkildəki adamın görünüşünü həyatda dəyişib: qarışqa kimi zəhmət çəkə-çəkə oxuduğu kitablar, yazdığı yazılar saçını töküb, gözləri zəifləyib, eynək və saqqal əlavə olunub üzünə. Seymur bu şəkillə ilk dəfə yola çıxdığı bu uzun və enişli-yoxuşlu yolda sona qədər getməyi bacarıb. Şəklin adı belə olsun: “Bu oğlan mənə tanış gəlir”.

Doktor Rafiq Tağı. Onun hekayələrini ilk dəfə bu şəklin altında oxumuşam. Moskvadan qayıtmış, yorğun, eyni zamanda işıqlı bir adam var bu şəkildə. Bir az Çexovu xatırladır bu şəkil: ikisi də həkim olub axı. Uşaq vaxtı həmişə elə düşünürdüm ki, qalstuku ancaq oxumuş və varlı adamlar geyinə bilər. Rafiq Tağının da necə savadlı biri olduğuna bu şəklə baxanda qərar vermişdim. Geniş alnına baxın! Nənəm demiş, elə bil Rafiq Tağının alnında üçüncü göz var. O göz saf, təmiz, günahsız bir adamı canlandırır qarşımızda. Bəlkə də bu şəkli Rafiq Tağının qatilinə versək, onu öldürməkdən boyun qaçırardı... Bu şəklin adı bəllidir: “İşıq adam”.

Şeir kimi şəkildir. Qara fonda, qara paltarda işıqlı bir adam. Rasim Qaracanın şeirləri kimi. Bu şəkli hansı sənətə oxşada bilərik deyə bir sorğu keçirilsə, yüz faiz şair cavabı alarıq. Rasim Qaracanın bu şəkli onun işıqlı yolunun başlanğıcı idi. Alatoranlıqdan işığa doğru uzun bir yol... Şəklin adı: “Şeir kimi...”

Şıltaq bir qız görünür bu şəkildə. Elə bil dərsdən qaçıb parkda dostları ilə görüşüb gözəl gün keçirən bu qızı özündən xəbərsiz çəkiblər. Sevinc o vaxt Pərvanə imzası ilə yazırdı. Bu imza və bu şəkillə gedirdi şeirləri. Şəklə baxanda bu misrasını xatırladım: “Güləndə dişlərimin mırığın unuduram, ağlayanda yadıma düşmür”. Şəklin adını belə qoyaq: “Gülmək üçün yaradılmış”.

Anarın bu şəklində siqaret əvəzinə qəlyan olsa onun portretini daha dəqiq ifadə edərdi. Qalstuk, kostyum da yerində. Tam AYB sədri. Yerinə heç kimi qoymaq istəməyən, ədəbiyyatda artıq sözünü deyən biri var bu şəkildə. Bir az da “Təhminə və Zaur”, “Otel otağı”, “Ağ liman” görünür fotoda. Şəklin adı: “Mən, mən və yenə mən”.

Vaqif Bayatlı sanki bu şəkildə Allahla danışır. “Göylərdən enmiş mələyik biz” deyir Vaqif Bayatlı. Hətta əlavə edərdim: “Qanadlarımız da var”. Sadəcə siz onu görə bilməzsiniz. Təpədən-dırnağa şair kimidir bu şəkildə Vaqif bəy. Allah onu başımızdan əksik eləməsin. Şəklin adını da gəlin belə qoyaq: “Dünya boyda adam”.

# 1844 dəfə oxunub

Oxşar xəbərlər

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

21:00 25 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #