Kulis.Az Azad Yaşarın tərcüməsində Qoderdzi Çoxelinin “Sevginin məğzi ilə bağlı doqquz sual” hekayəsini təqdim edir.
1.
- Bağışla, adın nədir?
- Qoça.
- Bəs soyadın?
- Çopikaşvili.
- Neçə yaşın var, Qoça?
- On altı.
- Sevdiyin qız varmı? Niyə gülürsən?
- Gülürəm də…
- Onun adı nədir?
- Kimin?
- Sevdiyin qızın?
- Nə bilim nədir…
- Sevdiyin qızın adını da bilmirsən ki?
- Yox. Onu cəmi bircə kərə görmüşəm, onda da ki, uzaqdan.
- Necə düşünürsən: bu sevgi necə duyğudur?
- Haradan bilim ey?.. Yəqin o – əlçatmaz bir arzudur da…
2.
- Mən Marta Pirveliyəm.
- Aha! Adınız və soyadınız əcəb gözəl səslənir!
- Doğru sözünüzdür?
- Əlbəttə, onlar yamanca döşümə yatdı.
- Elə isə sizə böyük təşəkkür düşür.
- Marta, sevgi ilə bağlı sizə bir neçə sual verə bilərəm? Bundan cırnamazsınız ki?
- Niyə cırnamalıymışam, axı? Mən bu mövzuda danışmağa bayılıram.
- Əgər elədirsə, etiraf eləyin: siz kimi isə sevirsiniz?
- Yox, çünki ərdəyəm!
3.
- Adınız nədir?
- Mənim? Kolya, ya da Nikoloz. Əslinə qalanda gerçək adım Nikiforedir.
- Bəs bu adlardan hansı öz könlünüzcədir?
- Mənim? Niko.
- Bəs soyadınız necədir?
- Çukurtmişvili. Mən – Nikifore Çukurtmişviliyəm.
- Arvadınız və uşaqlarınız necə, varmı?
- Birinci arvaddan bir oğlum var, indi əsgərlikdədir, bu günlərdə ondan ilk məktub gəlməlidir. İkinci arvaddan bir qızım və bir oğlum var. Oğlan səkkizinci, qız isə onuncu sinifdə oxuyur indi. Qızım çox dərrakəlidir, oğlum isə fırıldağın biridir, hamını və hər şeydə aldatmağa çalışır. Ancaq bunda qorxulacaq bir şey yoxdur. Oğlan uşağı elə belə də olmalıdır, onda həyatda başını saxlamağı bacaracaq. Guya mən özüm elə olmamışam ki?!
Üçüncü arvadım isə qısır çıxdı, ancaq əlimdən nə gələr, buna görə onu evdən qovmayacaqdım ki… Həm də onun elə qardaşları var, adamı doğrayarlar, heç uf da deməzlər.
- Sizcə, sevgi nədir?
- Deyəsən, sən eşitməmisən ki, sevgini yaradan – qorxu hissidir. Bunun belə olduğundan şəxsən mən yüz faiz əminəm. Bəyəm onun qısırlığının günahkarı mənəm? Bəs qardaşlarının başkəsən olmasının baisi kimdir görəsən? Bax, elə buna görə də mən arvadımı sevməyə məcburam və cızığımdan çıxa bilmərəm.
- Bəs övladlarınıza sevgi barədə nə deyərdiniz?
- O-o, bu – məndən ötrü ən müqəddəs hissdir.
- Onlarla tez-tez görüşürsünüz?
- Yox, ancaq alimentlərini əsla gecikdirmirəm.
4.
- Lado, neçənci sinifdə oxuyursan?
- Dördüncü sinifə keçmişəm.
- Necə oxuyursan?
- Belə də…
- Sinfinizdən bir qız dedi ki, sən həmişə "iki" alırsan. Düz deyir?
- "İki" alırmışam? Goplayır o!
- Yaxşı, bəs onda neçə alırsan?
- "Beş", "dörd", hərdənbir isə "üç".
- Soyadın necədir?
- Çiklauri.
- Xoşuna gələn qız var?
- Xoşuma gələn qızmı? Bircə o çatmırdı…
- Ancaq mənə deyiblər ki, var.
- Goplayırlar.
- O, səninlə eyni sinifdə oxuyur?
- Kim?
- Sevdiyin o qız?
- Mən heç kimi sevmirəm!
- Mənə elə demədilər.
- Bəs nə dedilər?
- Dedilər ki, Lado özündən arxadakı partada oturan qızı sevir.
Lado özünü saxlaya bilməyib:
- Arxada yox ey, ön partada oturan qızı, – deyir və o ara pörtdüyü üçün başını aşağı salır.
5.
- Mən sevgi barədə nə deyə bilərəm, axı? Yaşım o yaş deyil.
- Bundan ötrü hansı yaşda olmalıydınız ki?
- O yaşda ki, insan sevginin həqiqiliyinə hələ şübhə bəsləmir.
- Yəni demək istəyirsiniz ki…
- Hə, hə, əvvəllər mən də buna şübhə bəsləmirdim, ancaq sonralar bunun bir uşaq nağılı olduğunu anladım.
- Bəs sevginin puçluğunu necə anladınız?
- Çox asan. Məktəbi bitirəndə onunla ayrıldıq. Mən instituta girdim, onu isə əsgər apardılar.
- Bəs sonra nə oldu?
- Sonra mən tələbə yoldaşlarımdan birinə ərə getdim.
- Bəs o əsgər oğlanı niyə atdınız?
- Siz də lap mənim ərim kimi düşünürsünüz ha!
- Yenə də olsun…
- Sən sevirsən və ya sevmirsən, o sevir və ya sevmir… Bütün bu sözlərin nə əhəmiyyəti var ki görəsən? Bəyəm əsas məsələ – insanların ilk növbədə bir-biriylə ortaq dil tapması deyil ki?!
- Nədə ortaq dil tapmaqdır ki?
- Hər şeydə. Ən əsas şərt də hər şeyə görə bir-birini sorğu-suala çəkməməkdir: məsələn, haradaydın, niyə gecikdin və sair. Axı, bunlar xırdaçı məqamlardır. Bəlkə elə deyil?
- O baxır vəziyyətə.
- Siz də elə düşünürmüşsünüz!
- Necə düşünürmüşəm ki?
- Eynilə mənim keçmiş ərim kimi.
- Onunla barışmaq istəməzdiniz?
- Kimlə? Ərimlə?
- Üzr istəyirəm.
- Üzrxahlığa dəyməz.
- Daha bir sual: sevdiyiniz ilk oğlanla rastlaşsaydınız və o, sizi əvvəlki məhrəmliyə dəvət eləsəydi, necə davranardınız?
- Kimi nəzərdə tutursunuz?
- Sinif yoldaşınız olan o oğlanı. Yəqin indi o, əsgərlikdən dönüb artıq.
- Hə-ə, siz Qoçanı deyirsiniz. Biz onunla rastlaşmışıq, ərimdən boşandığımı öyrənincə, o əvvəlki məhrəmliyə dönməyi mənə təklif də eləyib. Deyib ki, sənsiz bu həyatın dadı-duzu yoxudur, filan.
- Bəs siz nə dediniz?
- Dedim ki, bu barədə düşünərəm. Bu görüş yanvarın 29-da baş tutmuşdu və biz bir ay sonra, yəni fevralın 29-da görüşmək barədə vədələşmişdik. Cavabımı da onda deyəcəkdim. Bilərəkdən öz adresimi ona vermədim və ortaq tanışlarımızın da hamısına əvvəlcədən tapşırdım ki, yeni ünvanımı ona deməsinlər.
- Niyə ki?
- Çünki onu gerçəkdən sevib-sevmədiyimi özüm üçün dəqiqləşdirmək istəyirdim. Cavab müsbət olsaydı, biz düz bir ay sonra, vədələşdiyimiz gün və heç şübhəsiz həminki yerdə görüşəcəkdik. Daha erkən olmamaq şərtiylə, anladınız? Bu yolla mən özümü sınayacaqdım.
- Bəs nəticə necə oldu?
- Məlum oldu ki, fevral ayında cəmi 28 gün var imiş.
- Və siz görüşmədiniz, eləmi?
- Görüş yerinə mən həm fevralın 28-də, həm də martın 1-də getdim.
- O, necə, gəlmədi ki?
- Bu yaxınlarda onunla təsadüfən rastlaşanda heç bilirsiniz mənə nə dedi? Dedi ki, bağışla, fevralın 29-da vacib bir işim olduğu üçün heç cür görüşə gələ bilmədim. Həmin an anladım ki, bütün bunlar uşaq əyləncəsi imiş.
- Və daha sevgiyə inamınız qalmadı?
- Zərrə qədər də.
- Hər şeyə rəğmən, siz necə bir sevginin həsrətindəsiniz?
- Əlbəttə ki, qarşılıqlı anlaşmaya söykənən sevginin.
6.
- Nənəsi?
- Nədir, bala?
- Sizcə, sevgi nədir?
- Sevgi – sənsən, qadası. Başqa nə olacaq ki?!
7.
- Adım Apollondur.
- Bəs soyadın?
- Mqebrişvili.
- Harada işləyirsən?
- Orada.
- Ora haradır?
- Əşi, bunun nə əhəmiyyəti var axı?!
- Sevgin uğrunda canından heç keçərdin?
- Kim? Mən? Qadından ötrü? Hansısa sevgidən, sevgilidən ötrü hansı kişi canından keçər?!
8.
- İndiki cavanları deyirsiniz? Onların nə abrı var, nə də vicdanı. Deyirlər ki, bir-birimizi sevirik, bitdi-getdi! Bir-birlərinə sarmaşıb-dolaşıb-yalaşırlar! Sənin varlığına isə zərrəcə məhəl qoymurlar, dünya-aləm gözlərinə görünmür, deyirlər ki, aşiqdirlər, vəssalam! Bunlara nə deyəsən indi?
Hətta ərlə arvad da küçədə elə açıq-saçıq yeriyir ki, biz belə şeyi özümüzə əsla rəva görməzdik. Bəyəm biz bir-birimizi sevmirdik ki?! Bəlkə bunlar çoxbilmiş çıxıblar, ona görə sevgiləri bizimkindən bu qədər fərqlənir? Cavan vaxtımızda ərimə hər baxanda mənim də canımı bir gizilti hissi bürüyərdi. Ancaq bunu əsla büruzə verməzdim. Hətta mən adam arasında onu adıyla çağırmağa da çəkinərdim, həya eləyərdim. Ta qara torpağın altına gedənə qədər ərimin gözlərinin içinə dik baxmadım mən. İndikilər neyləyir? Bunlar az qalırlar baxışlarıyla bir-birlərini yeyələr! Yox, şəxsən mən buna sevgi-zad demərəm. Qoy məni vurub öldürsünlər: bu – sevgi deyil, vəssəlam!
9.
Doqquzuncu və sonuncu sual. Yaxşı, bəs niyə sonuncu sual? Bəyəm əvvəlki suallar məsələnin məğzini gün işığına çıxartmadı ki? Axı, sevginin məğzi barədə sorğu-sualı sonsuzluğa qədər uzatmaq olar. Yəqin elədə "Sevgi nədir?" sualına verilən bütün cavablar gerçəyə uyğun olacaq, çünki bu məsələni hərə öz bildiyi kimi anlayır. Sonucda isə bu fenomeni dəyərləndirmək heç kəsə müyəssər olmayacaq, çünki öz təbiəti etibariylə sevgi – dəyişkən və dərkolunmazdır. Bəlkə yanılıram, əziz oxucular? Qoyulan suala siz də öz cavabınızı verməyə cəhd göstərin: Hər şeyə rəğmən, bu sevgi nə olan şeydir? Onun məğzində nə dayanır? Onu dadmadan ömür sürməyə razı olardınızmı heç?
Belə etsəniz, mənim başladığım bu hekayət sonsuzluğa qədər uzanıb, gedəcək, çünki sevginin məğzini dərk eləmək mümkün deyildir.
Əgər kimsə qoyulan bu suala etiraz eləməyə qalxar və sizə: "Sevginin var olduğunu isbatlayın!" – deyərsə, onda ona verəcəyiniz cavab bəri başdan da bəllidir: "Sevgi insanın ömrünə gözgörəsi gəldiyindən onun varlığını isbatlamağa hər hansı gərək qalmır".