Kulis.az yazar Telman Dəmirin Əli Kərimə həsr etdiyi yazını təqdim edir.
20-ci əsrin 60-cı illərində tapdım və tanıdım onu! “İki sevgi”, “Qızıl qanad” şerləri və poemaları, “Pillələr” romanı, “Mavi nəğmənin sahilində” povesti məni sehrlədi. Aradım, axtardım və tapdım onu.
Baxımsızlıq olan yerdə,
Söz özü də baxmır sözə! - deyən şairi tapdım.
Aradan neçə illər ötüb. Dünyasını dəyişib. Ancaq hər dəqiqə, hər an yada düşdükcə, xatırlandıqca, xatirələr baş qaldırır, kövrəlirəm, yenidən o günlər yada düşür. Əli Kərimli anlar, onunla görüşdüyüm dəqiqələr... Mən özümü xoşbəxt hesab edirəm ki, belə bir şairlə - əsl insanla tanış olmuşam. Onun təbəssümünü, onun yumşaq məxməri səsini görmüşəm, dinləmişəm. Qarabəniz arıq, enlikürək bir insan idi. Lap siftə onunla gənclik dostu olmuş Fikrət Qocanın köməkliyi ilə tanış oldum. Eşitmişdim ki, Göyüş əmi atamla dost idi. Atamla dost olduğuna bizə gəlmişdi. O, zaman mən Azərbaycan jurnalında Ə.Kərimin “Pillələr” romanını oxuyurdum. Göyüş əmi jurnalı məndən alıb baxdı və dedi: oğlum Fikrətin dostudur. Gözəl şairdir. Çox yaxın ürək dostu idilər. Onunla necə görüşə bilərəm? - soruşduqda Fikrət Qoca dedi:
- Bu asan işdir. Hər gün saat 10-dan sonra Yazıçılar ittifaqına gəl, orada görüşərsən.
Nəhayət günlərin bir günü yazdığım şerləri qovluğa yığıb “Azərbaycan yazıçıları birliyinə” getdim. 1-ci mərtəbədə yerləşən “Ulduz” jurnalının böyük bir otağında yeddi-səkkiz nəfər oturub söhbət edirdilər. Onlardan bəzilərini tanıdım. Məmməd Araz, Qabil, Əliağa Kürçaylı otağın baş tərəfində əyləşmişdilər. İcazə istəyib şeirlərimi oxumaq istədim.
Məmməd Araz yazılı vərəqlərə baxıb. “Oxu” – dedi. Dəstə ilə sancaqlanmış şerlərdən səkkiz şer oxudum. Hamısının diqqətini cəlb etdiyimi görüb ürəklənirdim. Ancaq Hüseyn Arif (əvvəllər o, Hüseynzadə idi) sözümü kəsdi: O sərbəstdə yazdıqlarını yandır, heç nədir. Qabil “Salam meşəbəyi” şerin də bəzi ifadələrin xoşuna gəldiyini söylədi. Əli Kərim susdu. Qalan şairlər hamısı söylədilər ki, bunlar şeir deyil, söz yığnağıdır. Adını bilmədiyim biri isə dedi: - a, bala get, özünə sənət qazan! Şeirdən-zaddan bir şey çıxmaz!
Kor-peşman otaqdan çıxdım. Yazıçılar Birliyi ilə üzbəüz olan bağdakı heykəllərə baxa-baxa boş oturacaqların birində başımı iki əllərim arasına alıb oturdum. Bu 1967-ci ilin yay fəsli idi. Fikirləşirdim ki, necə edim?! Birdən çiynimə bir əl toxundu, bu Əli Kərimin kövrək təbəssümü ilə mənə uzanmış əli idi. Ayağa durmağa çalışdım. O yanımda oturdu.
- Əli müəllim doğrudanmı mənim yazıların yaramır? – dedim.
O, üzümə diqqətlə baxıb: - Ümidsiz olmaq lazım deyil dedi. Sənin yazılarında fikirlər var. Ancaq sözlərin körpə quş qanadları kimi bir-birinə yaxın gəlmir. Ayrı-ayrı təşbehlərin də yaxşıdır. – söylədi. Sonra dedi: - Yaxşı şeir yazmaqdan ötrü, çoxlu oxumaq, çoxlu mütaliə etmək lazımdır. Yazılarını ver mənə oxuyub, bir söz deyərəm.
Əli Kərimlə ilk görüşüm, ilk yaxın münasibətim belə oldu. Ona necə təşəkkür edəcəyimi bilmirdim. Taksi saxlatmaq istədim. Razı olmadı. Bakı Sovetinə qədər dənizkənarı bulvarla piyada gəldik.
- Vaxtın olanda gələrsən, görüşərik! – dedi.
Bərk külək əsirdi. Küləklə bərabər yağışda ara-bir səpirdi.
Nə isə fikirləşirmiş kimi birdən dedi:
- Gedək, evi də sənə göstərim. Gör harda yaşayıram.
Etiraz etmədim. Vaqif küçəsi 30 mənzil 1-də dayandıq. Köhnə nimdaş taxta qapını döydü. Qapı açıldı. Həyat yoldaşına məni təqdim etdi: - Telman bizim tərəfdəndir, tələbə şairdir. – dedi.
Sağ tərəfdəki otağa keçdik. Otaq (mənzil) yarı-zirzəmidə idi. Elektrik lampasını yandırmasaydı qaranlıq olardı. Bir tərəfdə çarpayı, üzbəüz yazı masası və küncdə kitab rəfi var idi. Dünya ədəbiyyatının görkəmli nümayəndələri – L.Tolstoyun, Dobrolyubovun, Çernışevskinin, Lermontovun, Puşkinin, Götenin, Hemunqueyin, Esxilin əsərləri kitab rəfində səliqə ilə düzülmüşdü. Hemunqueyin portreti şüşə arxasından bizə boylanırdı. Elza xanım mürəbbəli çay gətirdi. Çay içib durmaq istədim. O, məni ötürəndə təkrar etdi: - Çox oxumaq lazımdır xüsusən klassikləri oxumadan yeni söz demək çətindir. – dedi.
Elə həmin vaxtdan o, böyük şairin isti nəfəsi məni ədəbiyyat aləminə bağladı. Onun fikirlərini tez-tez öyrənir, “təkrar qafiyələrdən qaçmaq lazımdır, söz bağacın azdır: - fikirlərindən incimirdim. Əli Kərim tənqidi fikirlərini təbəssümə büküb deyirdi. Ona verdiyim şerlər qovluğunu nə o qaytarır, nə də mən istəmirdim.
1968-ci ilin aprelin 19-da tələbə dostum (indi rəhmətə getmiş) Rza məni qarşılayıb dedi: - Təbrik edirəm!
O gün təzə ayaqqabı almışdım. Güman etdim ki o buna işarə edir.
- Yenə böyüklərlə oturub, durursan. – dedi, Rza. – Heç deməmisən, Əli Kərim sənin haqqında yazıb.
- Bu nə sözdür? Xəbərim yoxdur, - dedim.
Az sonra “Azərbaycan gəncləri” qəzetində “Yolun əvvəlində söhbət” məqaləsini və iki şerimin çap edildiyini gördüm. Bədənim həyəcandan titrədi. Belə yazının məsuliyyəti məni dərindən düşünməyə vadar etdi. Əli Kərimin böyük sənətkar qayğısı belə oldu. O yazırdı: “Telman Dəmirovun şerlərini oxuyanda bir qədər narahat oldum. Bir-birilə uyuşmayan misralara, ifadələrə, kəlmələrə rast gəldim. Yaxın olduqca bu misralarda da poetik, işıqlı bir həzinlik, lirik ruhda olan təmkinli bir həmsöhbət gördüm”. Onun həssaslığı, həm də tələbkarlığı məni uzun illər düşündürdü...
Bir gün uşaqlıq və orta məktəb yoldaşım Mövsümlə Sabir bağında görüşməli idik. Amma Mövsüm gəlmədi. Narahatlıq keçirirdim. Birdən Nizami muzeyi tərəfdən başı açıq boz kostyumda Əli Kərimin irəlilədiyini gördüm. Sevincimdən ona tərəf yüyürdüm. Az qala maşın altına düşmüşdüm, Əli Kərim məni gördü və səsləndi: Yaallah! Nə olub? Niyə təngənəfəssən? – soruşdu.
Danışdım. - Yaxşı qurtardın! Sürücülərin çoxu piyadalıları gözləmir.
Axundov adına üçbucaq bağa gəldik. Boş oturacaqda oturub bir-birimizə baxdıq.
- Sizə necə sağ olun! – deyim bilmirəm, dedim.
- Nə üçün?
- Mənim haqqımda yazdığınıza.
- Boş şeydir. İki şeirində - “Ədəbiyyat və İncəsənət” qəzetinə vermişəm. – dedi.
- Xoşunuza gəlib?
- Çap olunanların çoxundan yaxşıdır.
O gün Əli Kərim mənə çoxlu xatirələr danışdı.
Moskvadakı tələbəlik illərindən söylədi.
Mən onlara ikinci dəfə gəldim. Qayınatası Süleyman kişi ilə tanış oldum. Öyrəndim ki, Süleyman kişi Montində yaşamağına baxmayaraq, hər gün işdən çıxıb onlara baş çəkir. Çətinliklə korluqda yaşayan Əli Kərimin ailəsinə nə lazımsa alıb gətirir. Nəvələrinin qeydinə qalır. Rəhbər vəzifələrdə çalışan Süleyman kişi tibb işçisi olmuş, təqaüdə çıxmasına baxmayaraq, yenə əczaçılıq işlərində çalışırdı. Süleyman kişi özü də ədəbiyyatın, şeirin vurğunu idi. Əli Kərimin “Bir santimetr haqqında ballada” poemasının sensasiya doğurduğundan, bir çox paxıl insanların – “tənqidçilərin” ona bədnam münasibətindən söz-söhbət saldı.
Süleyman kişinin sözlərinin Əli Kərim rəhmətə gədəndən sonra da doğru olduğuna inandım. Əli Kərim dünya ədəbiyyatına yaxşı bilən şair idi. Axı, o M.Qorki adına Moskva Dövlət dil və Ədəbiyyat İnstitutunu bitirmişdi.
Bir gün ondan soruşdum ki, Fadeyevi, S.Vurğunu görübmü, onları tanıyırmı?
Gülümsədi və dedi:
- Moskvada Fadeyevlə qonşuluqda olurduq. Hər gün salamlaşırdıq. İnstituta da tez-tez gəlib biz azərbaycanlılarla maraqlanırdı. Səməd Vurğun da, Rəsul Rzada Moskvaya gələrkən gəlib Azərbaycanlı tələbələrlə görüşür və bizə qayğıkeşlik göstərirdilər. Həssas və qayğıkeş insan idi. S.Vurğun da Fadeyevdə unudulmaz şairlərimizdir...
Əli Kərimin Moskva ilə bağlı bir kədərli xatirəsini də eşitdim: - “Təyyarə ilə Bakıya gəlirdik. Hüseyn Qağa da bizimlə idi. Təyyarəyə minməmişdən yeyib-içmişdik. Bir şüşə konyak da qalmışdı. Təyyarədə Hüseyn Qağa yaxın gəlib dedi: - Əli, çıxart o konyakı içək!
Dedim: - Nə olub ki?
- Dedi: - Heç nə. Gəl içək! Onsuz da öləcəyik.
Soruşdum: - Sənə nə olub, birdən-birə?
O cibindən teleqramı çıxarıb mənə verdi. Əlləri titrəyirdi. Artıq bir həftə idi ki, atam rəhmətə getmişdi. İmtahanlar ərəfəsində teleqramı saxlayıb mənə verməmişdi. Artıq gec idi. Qıc olub yerimdə dayanmışdım.
Söhbət zamanı onun üzünə baxırdım. Gözlərindən axan yaş yanağında iz salmışdı. O danışdıqca elə bil cüssəsi balacalanırdı...
... Bir dəfə də onunla Novruz Bayramı ərəfəsində görüşdüm. Bulvarda Kukla Teatrına tərəf gedirdi. Birdən qanrılıb çiyni üstdən baxdıqda mənim ona tərəf gəldiyimi görüb ayaq saxladı. Sağ əlini qaldıraraq, “Yallah”, deyə salam verdi.
- Necəsən, eloğlu?
- Sağ olun! – dedim.
- Gedək bizə! Heç nə demədim. Yeraltı keçiddən keçib dayandı və Caparidzə küçəsinə tərəf xeyli baxdı. Onların evlərinə çatanda soruşdum.
- Əli müəllim, orada niyə çox dayandınız?
- Heç. - dedi.
Gördü ki, əl çəkmirəm, dedi.
- Yaxşı küçədir. Beton döşəyiblər. Amma baxan yoxdur. Dağılıb gedir. Kim necə istəsə elə də edir. Zibilləyirlər. Zibil qutuları var, amma hamı siqareti çəkib ayaq altında atır. Onların mənzilinə (əgər mənzil demək mümkün olsaydı) daxil olduq. Onun iş və yataq otağında əyləşdik. Elza bacı çay və şəkərbura gətirdi.
Xeyli susduq, birdən sükutu pozdu:
- Bilirsən, - dedi, hərdən istəyirəm köçüb gedim Göyçaya. Ev tikməyə imkanım yoxdur. Yoxsa torpaq götürüb ev tikdirərdim, yaşayardım orda. Elə Ağdaşa da, Ağdama da köçmək olar. Bunu elə-belə deyirəm. Paşanı, Azəri oxutmaq məsələsinə gəldikdə onlara şəhər yaxşıdır. Fikirləşdim ki, o burada yaşasa da fikri Göyçaydadır... Mən qulaq asırdım. Üzümə baxıb:
- Sözlərim sənə qəribə gəlmir ki? – deyə soruşdu.
- Yox. – dedim.
- Bilirsən həyətim olsa, neynərəm. Yaxşı bir hovuz tikərəm. Ürəyim istəyən kimi gözəl bir hovuz. Təmiz hava, yaşıllıq, gül-çiçəklik salaram. Heyf ki, imkan yoxdur. İmkan olsa lap uşaqlarla idman da edərəm. Futbol da oynayaram ki, sağlam böyüsünlər!
Bu Göyçaydır, oğlanlarım,
Göy dalğalı.
Bax o dağlar başındakı
Mavi göydən axıb gedir.
Çox çimmişəm bu çayda mən
Sizinlə də gəlin çimim.
Bu misralar Əli Kərimin doğulduğu torpağa qayıtmaq həsrəti idi... Doğrusu biz onu Göyçaya apardıq. Əbədilik onu Göyçaya yetirdik.
Göyçayda bir bağa ona gətirdik,
İtirdik, bitirdik,
Bir şitil kimi.
Üzülən əlimiz Əli itirdi
Qaytardıq ürəkdə bir şəkil kimi...
Pöhrə boylanacaq
Təzə yaz ilə,
Təzə Əli Kərim ağacı kimi.
Dünyaya baxacaq
Yaşıl göz ilə
Baxacaq dünyanın
Ən acı kimi.
Bir dahi Səfərdən
Qaldı bir səhər.
Boz dağ ətəyində
Boz dağa döndü.
Qara bir baş daşı
Sarı bir qəhər,
Torpağı yandırıb,
Cızdağa döndü...
Hərdən söhbət zamanı o, hiss edirdi ki, mən narahatam.
- Bir şey lazımdır? – soruşardı.
- Yox, heyf ki, telefonunuz yoxdur. – dedim.
- Mənim nəyim var ki? Neçə ildir, bu mənzilə əgər buranı mənzil adlandırmaq olsaydı telefon xətti çəkdirmək istəyirəm. Heç kim kömək eləmir. Mənzilimiz də görürsən də yarı zirzəmi, rütübət. Nə edim?
Tutqun kədər pərdəsi bürüdü üzünü.
Əli Kərim çox az danışardı. Danışanda da kədərli gözlərini gizlədərdi. Gözləri parıldayardı. İşıq saçardı ki, onun kədərini başqası hiss etməsin!
Otuzdan çox yaşamışam...
Göyçayda,
Bakıda, Moskvada, Tiflisdə
Arabada
Təyyarədə
Gah qum üstdə
Gah dənizdə...
Yazmışdı o həyatı haqda. Söz yarışını Ölüm sözünün polyar qışına bənzətmişdi. Ötən illəri ailə üzvlərinin özünə bənzədirdi. Yağan yağışları bitirdiyi yaşıllıqları özünün sevinci kimi qiymətləndirirdi, Əli Kərim! Gələcəyə nikbinliklə baxırdı. Amma ötən günləri, ölmüş günlər, mənasız dəqiqələrə çevrildiyini deyirdi. Axı, heç bir iş görülməyibsə o günlər niyə də olmalı idi? - deyərdi. Hər anın, hər dəqiqənin mənasını axtarırdı Əli Kərim!
Danışığı çox yavaş olardı. Bir adam eşidəcəyi tonda olardı səsinin tonu. Çalışırdı ki, müsahibini dəqqətlə dinləsin. Artıq bir söz, bir söhbət etməzdi.
Bir dəfə mənim sevimli müəllimim dilçi alim Ağamusa Axundov haqda söhbət salanda dedi: - Həqiqi alimdir. Sadə, təvazökar insandır, eqoist deyil, ağıllıdır. Onu bir dəfə M.Ə.Sabir bağında bir boz kostyumlu adamla mübahisə etdiyini gördüm. Soruşdum:
- İsgəndərdir. – dedi. Gülümsəmək istədi: İsgəndər həm yerlim, həm də tələbə yoldaşım olub.
- Necə şairdir? – soruşdum.
- Yaxşıdır. Amma qeyri ciddi adamdır. Az işləyir, məsuliyyət daşımaq istəmir. Tənbəl olmasa, əla şair ola bilər.
Əli Kərim öz təvazökarlığı ilə qeyrilərindən seçilirdi, gənclərə qayğı göstərməyi özünə borc bilirdi. Arif Abdullazadənin, Camal Yusifzadənin, xüsusilə Vaqif İbrahimin yaradıcılığını bəyənirdi.
- Vaqifin şerləri xoşuma gəlir, böyük gələcəyi var. – deyirdi.
Mən Əli Kərimlə hər cür mövzuda söhbət edirdik. Elə bilirdim ki, onu yoruram. O isə - nə səni maraqlandırır soruş, cavab verə bilsəm, xoşbəxt olaram. – deyərdi.
Bir dəfə ona dedim: - Əli müəllim, birdən sizi çağırıb yaxşı vəzifə təklif etsələr, nə olar?
- Vəzifə deyirsən? Məni işlədiyim “Azərbaycan” jurnalında işləməyə qoysalar, bəsimdir. Artıq vəzifə lazım deyil. Ümumiyyətlə indi vəzifə çirkin işdir. Yazıçının vəzifəsi elə yazıçı olmaqdır. Yaxşı yazıçıya vəzifə lazım deyil.
- Bəs, Makarenko?
- Qarışdırma! – deyib, gözümün içinə baxdı.
Əli Kərim həmişə işə piyada gedib-gələrdi. Tələsməzdi. Asta-asta yeriyərdi. – Açıq havada gəzmək yaxşıdır. Oksigen dənizi çox xeyirlidir. –
deyərdi. Əli Kərimin xəstələnməyi mənim üçün hələ də bir sirri olaraq qaldı. Vəfatından bir-iki gün əvvəl onun yanında idim. Soruşdum ki, - Əli müəllim bir ağrıyan yeriniz yoxdur ki?
- Yox! - dedi.
Elə təbəssümlə üzümə baxdı ki, sual verməyimə peşiman oldum.
Ertəsi gün Universitetlə üzbəüz qəzet köşkünə çatanda tələbə yoldaşlarımdan biri dedi:
- Əli Kərim ölüb, eşitməmisən ?
Yerimdə donub qaldım. Dünya başıma fərlandı. Sandım ki, dağ üstümə uçub, tərpənə bilmirəm. Bunyad Sərdarov küçəsi ilə Vaqif küçəsinə tərəf qaçmağa başladım. Məndən irəlidə Xalq şairi Rəsul Rza gedirdi. Salam verdim. O başı ilə salamımı aldı və: - Allah səbr versin! – dedi. Beş mərtəbəli binanın həyəti adamla dolu idi. Cənazə əlinin öz yatdığı iş otağında qoyulmuşdu. Tanımadığım yaşlı kişilər Süleyman kişiyə qoşulub əlləri sinəsində göz yaşları içində boğulurdular. Süleyman kişi cənazənin baş tərəfində heykəl kimi dayanmışdı. Rəngi bom-boz idi. Əlləri qurumuş ağac budaqlarını xatırladırdı.
Rəsul Rza həyətdəki adamlara müraciətlə dedi:
- Ay camaat gəlin bir əyləşin, - məsləhətləşək görək neynəyək?!
Adamlar həyətdəki tut ağacının kötüyü yanına çəkildilər. Asfaltın üstünə palaz, onun üstünə stol və stullar qoyuldu. Rəsul Rzanın dövrəsinə toplaşdılar. Həmin gün Anar Bakıda yox idi. Kimsə yerdən dilləndi.
- Rəhmətliyi Volçi Vorota aparacəyik. Arif Zeynallının orada yeri var. Orada dəfn edərik.
Rəsul Rza Əli Kərimin bacısının əri Arifi yanına çağırdı. Nə barədəsə danışdı. Kimsə yenə dilləndi:
- Qardaşımın yanında yer var, lazımsa qəbri qazsınlar.
Şair Əhməd Elbrus Rəsul Rzaya yaxınlaşdı. Elbrus Əi Kərimin qonşusu idi, başa düşən adam idi. Hadisə belə olmuşdu. Gecə Əli Kərim narahat yatır. Səhərə yaxın Elza bacı Əlinin səhhətinin ağırlaşdığını hiss edir. Təcili yardıma zəng vurmaq üçün qonşudakı telefona qaçır. Əhməd Elbrusu köməyə çağırır. Əli Kərimi xəstəxanaya aparırlar. Həkim cərrahiyə əməliyyatına hazırlayır, ancaq artıq gec olur. Qara ciyər üzərindəki ehtiyat qan damarı girəcləndiyindən damar partlayır. Qan axır və ani təsadüfdən böyük şairin ürəyi dayanır.
Vəfatından az əvvəl yazılan “Vəsiyyət” şeri Əhməd Elbrusun artıq əlində idi. Rəsul Rzanın təklifi ilə şeri Əhməd Elbrus matəm iştrakçılarına oxudu:
Tabutuma oğlanlarımı
Yaxın qoymayın!
Təbəssümlərini qoyarlar ora...
Qoymayın onları
Həyətdən bir adam çağıra...
Oyuncaqlarını gətirib
Qoyarlar tabutuma
Birdən-birə qocalarlar.
Hamını qəhər boğurdu. Artıq şerin gerisini heç kim eşitmirdi.
Rəsul Rza ayağa qalxıb olmazın kədər hissilə xırıltı səslə dedi:
- Ay camaat qulaq asın! Mərhumun bir para dostları deyir ki, onu Bakıda dəfn edək. Lakin təkcə xalq şairi Rəsul Rza yaxşı bilirdi ki, Əli Sovet iki üzlü olmadığına onu Fəxri Xiyabanda dəfn etməyə icazə vermirlər. Bəziləri hətta hazır yer də verirlər. Ancaq mərhumun anası xəbər göndərib ki, onu atasının qəbri yanında dəfn edək. Rəhmətlik mənə də demişdi ki, əgər məndən tez rəhmətə getsə onu Göyçay torpağında dəfn edək. Mən də ona demişdim əgər mən ondan əvvəl həyata vida etsəm, məni də çinarlı Göyçayda dəfn etsinlər. İndi nə edək, Allahın qisməti bu imiş?!
Bir necə nəfər yerbəyərdən səsləndilər.
- Siz bilən məsləhətdir.
Kimsə yerində qışqırdı:
- Bilmirsiniz sabah çətin olacaq! Oğlanları atalarını necə axtarıb tapacaqlar?
Rəsul Rza dedi:
- Uşaqlar böyüyər. Qeyrətli uşaqlar nəinki ata, həm də baba yurdunu axtarar, onların qəbirlərini ziyarət edərlər. İndi isə hazırlaşın yola düşək!...
Göyçaya çatmağa 5-6 km qalmış yolda Göyçaylılar bizi qarşıladılar. Hamı kədər içində idi. Elə bil deyirdilər ki, biz sizə sağlam oğul vermişdik, siz isə... Cənazənin yanında mənimlə birlikdə şair Adil Rəsul və Vaqif İbrahim idi. Əlbəttə biz də özümüzü itirmişdik.
Potu çayı kənarında Arifin evi (Ə.Kərimin bacısı evi) yerləşirdi. Cənazəni maşından düşürməmiş mərhumun anası ah çəkdi: “Kaş sənin yerində mən öləydim!” – deyib özündən getdi. Hamı hönkür-hönkür ağlayırdı.
Matəm səhər saat 11-ə təyin olundu. Rayonun rəhbər işçiləri, məktəblilər, qohumlar, dostlar hamı toplaşmışdı. Rayon rəhbərlərinin təklifi ilə və ağsaqqalların razılığı ilə o zamankı Kommunist küçəsinin başlanğıcında boz dazın ətəyin də idman meydançasının yaxındakı mərkəzdə mərhumun qəbri qazıldı. Rəhbərliyin təklifi ilə bu yeri Əli Kərimin xatirəsini əbədiləşdirmək üçün onun adına yaşıl parka çevirsinlər. Xalq şairi Rəsul Rza əvvəlcə söz söylədi, sözləri göz yaşlarına qarışdı. Cabir Novruz şairin “İki sevgi” şerini əzbər söylədi. Məmməd Araz yenicə yazdığı “Qara kitab” şerini oxudu. Şairin ibtidai sinif müəlliməsi və pionerlər ürək sözlərini söylədilər. Məzarın yanında dualar oxundu və Qızıl külləri əkildi. Ə.Kərimin qoca anası baş ağacı yanında heykələ döndü...
Əli Kərim 37 yaşında artıq hamı tərəfindən sevilmiş dahiyə çevrilmişdi. Başqalarının 60-70 ildə yarada bilməzdiyini o yaratmışdı. Azərbaycan gəncləri onu sevə-sevə əsərlərini əzbərləmişdi. Əli Kərimin
paxıllığını çəkənlər, onun yaradıcılığına qibtə edənlər çoxalmışdı. Ancaq onlar indi yoxdur. Çoxdan unudulublar. Əli Kərim yaradıcılığı ilə, tərbiyəsi ilə, şəxsiyyəti ilə həm yaşlı, həm də gənclərə əvəzsiz nümunəvi insana-şairə çevrilmişdi. Bəli, unudulmaz dahi şairimizin əsərləri bütün gənclərin stolüstü kitabına, şerləri gənclərin dodağında əzbərə çevrilmişdir. Əli Kərim məktəbi yaranmış desək, heç də yanılmarıq. Ona həsr olunmuş çoxlu şerlər, poemalar yazılmış, dissertasiya müdafiə edilmiş və bundan sonra da bu yol söz yox ki, davam edəcəkdir! Çünki, o bunu qazanmış və buna layiqdir!
... Boz dağın ətəyində olan bu məzarı nəinki Göyçaylılar, bütün Əli Kərim sevərlər daima ziyarətə gəlir və pıçıltı ilə deyirlər:
Şeirlə mahnının möcüzəsiylə
Ayılmağa dəli bir ümidim var...
Ayb.az