“İndi hansı kitabları oxumaq gərəklidir və qaçılmazdır“ sualına hər kəs bir cürə cavab verə bilər və əslində bizim şəraitimizdə bu kitabları zövq məsələsindən çox yuxarıda xatırlanan “gərəklilik” baxımından sıralamaq lazımdır. Niyə?
İndi haqqında danışacağım kitabda bunun ən müxtəlif cavabları var.
Söhbət tanınmış şərqşünas Məsiağa Məhəmmədinin ”Güney Azərbaycan məsələləri” kitabından gedir. Xatırladaq ki, müəllifin baş redaktorluğu ilə nəşr edilən “Bakı-Təbriz” dərgisi bir neçə sayı ilə diqqəti cəlb etmiş, ancaq təbii ki, maliyyə kasadlığı səbəbindən jurnalın nəşri qeyri-müəyyən müddətə dayandırıldı.
Adı çəkilən kitabdakı yazıların bir qismi həmin dərgidə dərc edilmiş, vaxtında gərəkli rezonans doğurmuşdu. Bir vacib cəhəti qeyd edək ki, kitabdakı yazılarda problemlə bağlı ümumi-nəzəri mülahizələr yox, məhz yaranın ağrıyan yerini nişan verən nöqtələr vurğulanmış və bu məsələlər çox sadə və anlaşıqlı dillə təqdim edilmişdir. Məqalələrdə heç bir hay-küy, adətən bu tipli yazılara daha çox xas olan “yersiz coşma” halları yoxdur. Sakitlik və təmkin, bir də problemlərin ağırlığını duyub düşünmək xahişi, ya ... tələbi var. Nə qədər qəribə səslənsə də, biz çox zaman düşünmək lazım gəldikdə qışqırır və əksinə, haray salmaq istəndikdə susuruq. Bu kitabı əlinə alıb oxuyan hər bir kəs məsələnin çox fərqli bir qoyuluşu ilə rastlaşacaq və ümumən Güney Azərbaycan məsələsini az bildiyinə təəssüf edəcəkdir. Ancaq kitab nəşr edilibsə, bundan sonra daha nikbin nəticələrə inam bəsləmək qalır.
Kitab üç hissədən ibarətdir: Məqalələr, müsahibələr və tərcümələr. Bu hissələrin hamısı üçün bir əsas mövzu – Güney Azərbaycan mövzusu bütün incəliklərinə qədər, bəlkə belə deyək, indi az toxunulan və müzakirələr zamanı bir qayda olaraq yaddan çıxan problemlər baxımından xarakterikdir. Kitabın oxunması və gündəmə gəlməsi ona görə vacibdir ki, burada əsasən ölkəmiz müstəqillik qazandıqdan sonra dünyada yaranan yeni nizam və şərtlər daxilində bizim qayğılarımız təhlil edilir. Elə bir nizam ki, onun “qaydaları sərt, şərtləri ağırdır. Bir çoxlarına çatmasa da. Biz bu yeni düzəndə yerimizi tapmalıyıq. Biz-azərbaycanlılar. Güneydə, Quzeydə, Avropada, Amerikada yaşamasından asılı olmayaraq. Bunun üçün daxilimizdə və ətrafımızda nə baş verdiyini yaxşıca təhlil etməli, dərindən anlamalıyıq. Tarixin ibrət dərsləri də öz yerində...”.
Daha sonra: “... on-on beş il bundan qabaq bu gün hamımıza adi görünən, mətbuatda və danışıqda geninə-boluna işlənən “dünya azərbaycanlıları” ifadəsi yox idi. Bu, dünyada gedən qlobal proseslərin, yeni geosiyasi reallıqların bizə bəxş etdiyi məfhumlardan biridir. Müstəqillik kimi... ”.
Dünya, düzən və şərtlər nə qədər dəyişsə də, Azərbaycanın problemi illər boyu dəyişmir: Güney Azərbaycan və Qarabağ... Bu iki problem bir-biri ilə o qədər yaxın və əlaqəlidir ki, birindən bəhs etdikdən o birini unutmaq özünü tanımamağa bərabərdir. Məsiağa Məhəmmədinin kitabda təqdim etdiyi bütün yazıların məğzi, fikrimizcə elə bundan ibarətdir. Bizim bütün problemlərimizin mərkəzində Azərbaycana və ana dilimizə münasibət dayanır. Eyni dalğa, eyni koordinatlar... Oxuyuruq: “... Bədnam “İran” qəzetində verilmiş təhqiramiz karikaturaya etiraz formasında başlanan kütləvi hərəkat islam rejimini əməlli-başlı silkələdi və onun gücü haqqında mifi dağıtdı.” Söhbət, oxucunun yaxşı bildiyi, ancaq bəzən fərqinə varmadığı bir hadisədən – İranda “İranın başı və fəxri” hesab edilən azərbaycanlıların karikatura səviyyəsində təhqir edilməsindən gedir. Tehran İranda yaşayan bir ovuc erməniyə ölkənin paytaxtında antitürk mitinqi keçirməyə icazə versə də, öz haqlarını müdafiə edən xalqın qarşısına zorla çıxır. Məsələnin ciddiləşdiyini gördükdə isə dini və siyasi liderlərinin ağzı ilə “Azərbaycan İranın fəxridir” dedizdirir. Müəllif bütün bu məsələlərə düyün vurulan yeri dəqiq nişan verir: “... hələ türk Qazar sülaləsinin son nümayəndəsi Əhməd şah taxtdan salınarkən böyük Mirzə Cəlil indi yüz yaşlı “Molla Nəsrəddin”də özünəməxsus ironiya ilə yazmışdı: “Biz Əhməd şahı ona görə taxtdan endirmədik ki, şahlığı dost tutmuruq. Xeyr, ondan ötrü endirdik ki, Qacarlar türk nəslindəndirlər. Əhməd şahı yıxmaqdan məqsədimiz ölkədə cümhuri üsuli-idarəsini yıxmaqdan deyildi, bəlkə quldursifət Qacarları pak, nəcib fars Pəhləvi sülaləsi ilə əvəz etmək idi... ”. Mirzə Cəlilin dəqiq müəyyənləşdirdiyi kimi, əsas hədəf kimi Türk dili seçildi. O dövrün “demokrat şairi” Arif Qəzvini bu məqsədi belə vəsf edirdi:
Ey səhər yeli, qalx,
Təbriz əhlinə de ki,
Türk dilinin ayağını məmləkətdən kəsmək
Və fars dili ilə Arazı sürətlə adlamaq məsləhətdir.
Çünki Zərdüştün xəlvəti
Çingizin söhbətinin yeri deyil (sətri tərcümə M.Məhəmmədinindir).
“...Nəhayət, bütün bu istəkləri elmi əsaslar üzərində sistemləşdirib bütöv bir strategiya halına salmağı bacaran da tapıldı. Bu, fars millətçiliyinin nəzəriyyəçisi, Paniranizmin banilərindən biri Mahmud Əfşar idi. Rza şahın mason baş naziri Fürüğinin direktivlərindən ilham alan, dostu Əhməd Kəsrəvi ilə səs-səsə verən Əfşarın təklifləri konkret və radikal idi: türk dili qadağan olunsun, onun müstəqil dil olmadığı və Azərbaycanda əvvəllər işlənmədiyi “elmi şəkildə” sübut edilsin...”
Bu kitabda fars şovinizminin antitürk və antiazərbaycan təbliğatının çeşid-çeşid nümunələri sərgilənir, ciddi sənədlər, məxəz və elmi dəlillər əsasında oxuculara təqdim edilir. Başqa bir məqaləsində müəllif müasir mərhələdə fars şovinizminin türklüyə qarşı yönəlmiş təbliğatının əsas mövzularını açıqlayır. Hədəflər bunlardır: “Azərbaycan Respublikasının ərazisi tarixən “Azərbaycan” yox, “Aran” adlanmış, yalnız 1918-ci ildə Məmmədəmin Rəsulzadə, özü də xarici qüvvələrin tövsiyəsi ilə bu adı yeni yaranmış cümhuriyyətə şamil etmişdir. Quzey Azərbaycan tarixən İran ərazisi olub və Rusiya-İran müharibələri nəticəsində Gülüstan və Türkmənçay müqavilələri əsasında işğal edilib. Azərbaycanın dövlət quruluşu və əlifbası şiə məzhəbli əhalinin iradəsini əks etdirmir...”
“Tərcümələr” bölməsindəki yazılar güney Azərbaycan məsələsinin ən müxtəlif və insanı düşündürən cəhətlərinə həsr edilib. Bunlardan bir neçəsinin adını xatırlatmaq kifayətdir: “Turxan Gəncəyi. İsfahandakı Səfəvi sarayında türk dilinin mövqeyi”. Bu məqalə təkcə sıravi oxucular üçün deyil, eyni zamanda mütəxəssis iranşünas və türkoloqlar üçün də faydalı olardı. Turxan Gəncəyi azərbaycanlıdır. Uzun müddət İngiltərədə yaşamış və filologiya, xüsusən türkologiya sahəsində böyük şöhrət qazanmışdı. Nəzərə alsaq ki, bu böyük alim bu gün Azərbaycanda çox az tanınır, onda bu tərcümənin nə qədər böyük önəm daşıması aydın olar. Belə bir deyim var ki, dəqiq elmlər sahəsində Lütfizadənin gördüyü işi Turxan Gəncəyi türkologiya sahəsində həyata keçirmiş və Azərbaycanın başını uca etmişdir. Heyf ki, bu çox böyük alimin irsi bizdə nəşr edilməyib, halbuki iranşünaslıq və türkologiya sahələrinin inkişafı həm də xaricdə yaranan bu tipli mətnlərin tərcüməsi ilə bilavasitə bağlıdır. Məlumat üçün deyək ki, o, 1925-ci ildə Təbrizdə dünyaya gəlib. 19 yaşımda İstanbul Universitetində fars və türk dili bölümünə daxil olub, İtaliya, Almaniya və İngiltərə kimi ölkələrdə geniş elmi və pedaqoji fəaliyyətlə məşğul olub. Bir çox xarici dilləri yüksək səviyyədə bilmiş və məqalələrinin əksəriyyətini bu dillərdə qələmə almışdır. Bizim tariximizlə bağlı bir çox məsələlərin çözümü soydaşımızın ingilis, ispan, fransız və alman dillərində yazdığı dərin filoloji səviyyəli məqalələrində hifz edilir. Sonra: “Hüseyn Feyzullahi Vəhid. Qaramanlılar – Orta Şərqdə türk dilinə rəsmi status vermiş ilk sülalə”, Stanislav Tarasov. “Kürd layihəsi. Güney Azərbaycan ərazisinin bölünməsi təqvimi....”
Göründüyü kimi, haqqında danışdığımız kitabda ölkəmiz, onun tarixi, əbədi və dərin, dərin olduğu qədər də ciddi problemləri haqqında bir sıra məqalə və tərcümələr mövcuddur. Onların hər biri haqqında danışmaqdansa, fürsəti oxucuya vermək daha münasib olardı. Beləliklə, kitabı almağa tələsin...