Azərbaycanda belə yazıçı yoxdu

Azərbaycanda belə yazıçı yoxdu
13 avqust 2013
# 10:07

Hərdən öz-özümə düşünürəm: həyatda elə şeylər olur ki, onu yazmaq mümkün deyil. O, heç bir yazıya sığmır. Həmin anın ancaq şəklini çəkmək olar, dağın, zirvənin, bulağın şəklini çəkirmiş kimi. Ancaq yazıçı Şərif Ağayarın “Xanım T” kitabını oxuduqdan sonra bu fikirdə yanıldığımı anladım. Sən demə, hər şeyi yazmaq mümkündür. Sadəcə, yaza biləsən. Nala-mıxa vurmaq yox e, yazmaq!

Kitabdakı 39 hekayətin hamısı oxucunun alnına güllə kimi dəyir. Uzatmaq lazım deyil, mənə elə gəlir ki, bu hekayətlərin heç birinin təhlilə ehtiyacı yoxdur. Çünki elə bu yazıların özü insanı və həyatı təhlil edir. Bu cəhət Şərif Ağayarın təkcə son kitabına aid deyil, “Kərpickəsən kişinin dastanı” povesti, “Haramı” romanı, “Xürrəm”, “Şeqlov üsulu” və başqa hekayələri də belədir, hamısı həyatın bağrından qopub gəlir və ən əsası da odur ki, bu mətnlərdə istedad peşəkarlığa mane olmur.

“Ulduz” jurnalının 2012-ci il noyabr sayına məsul mən olmuşdum. Hazırladığım həmin sayda görkəmli yazıçı Kamal Abdulla ilə geniş bir müsahibə çap olundu. Müsahibənin kiçik bir hissəsini xatırlatmaq istəyirəm.

- Kamal müəllim, Azərbaycanda qiymətləndirdiyiniz gənc yazarlardan kimlər var?

- Bayaq adını çəkdiyim Salam Sarvan, Etimad Başkeçid, Aqşin, Fərid Hüseyn... Təbii ki, oxuduqlarım içində rəhmətlik Rafiq Tağı var. Nahaqdan biz öz “Məqamlar” kitabımızı - Salam, Etimad və mən - Rafiq Tağının xatirəsinə həsr eləməmişik. Şərif Ağayar var. Murad Köhnəqala var. Orxan Fikrətoğlu, Zahir Əzəmət, Qan Turalı var. Aysel Əlizadə, Mövlud, Qismət var. Əlimə keçdikcə oxuyuram. Ancaq gənclərin arasında biri var ki, onu xüsusilə ayırmaq istərdim. Mənim üçün onun xüsusi çəkisi var...

- Adını çəkdiklərinizin çoxu Slavyan Universitetinin əməkdaşları oldu. Rafiq Tağı isə dünyasını dəyişib. Bu heç... O bir nəfərin isə adını çəkmədiniz. Demədiniz, qocadı, cavandı, hansı janrda yazır.

- Kifayət qədər cavandı. Və kifayət qədər cavanlıqdan uzaqlaşmaqda olan bir adamdı. Ona baxıb deyə bilmirsən ki, bu cavandı, ya yaşlıdı. Yazıçının yaşı olmur. Bax, o adam da yaşsızdı. Çox qəribə bir istedaddı. Adını çəkməyəcəyəm. Amma onda həqiqi istedad, parlaq bir nasir istedadı, nasir nəfəsi və potensialı var. Dağ çayıdı, seldi, nədi, axıb gəlir, yolundakı maneələri dağıdır.

- Bəs niyə demirsiniz, kimdi o?

- Nəsə ürəyim belə istədi. Ad heç nəyi dəyişmir. Amma, həqiqətən, o adamın əsl Azərbaycan nasirləri arasında yeri var.

- Bu qədər işdən-gücdən necə vaxt ayırıb yaza bilirsiniz? Həm də əsərləriniz irihəcimlidir.

- Sənə bir sirr açım. Mənim sağ çiynimdə bir, sol çiynimdə isə iki gözəgörünməz mələk əyləşib. Mənim əvəzimə onlar yazır. İrihəcmliləri soldakı mələklər yazır. Hərdən mübahisə edirik. Amma heç kimə demə.

- Mən də inandım. Yenə qayıdaq həmin o gənc yazarın adına.

- Yox, qayıtmayaq. Deməyəcəm. Amma, həqiqətən də, istedad külçəsidi. Bəlkə heç özü də bilmir nə dərəcədə böyük bir yazıçıdır.

- Roman da yazır?

- Dərinə getmə. Nəsr yazır, belə deyək. (gülüş). Bəlkə şeir də yazıb nə vaxtsa... Yaxşı nasirlər həmişə zəif şerlər yazıb.

- Bu, mistikaya meylli Kamal Abdullanın ənənəvi sirr konsepsiyasının tərkib hissəsi, ya da posmodernist bir yazıçının növbəti oyunu deyil ki?

- Onu sən bilərsən. Bəlkə də oyundur. Ola bilər. Burda oyun elementləri var. Amma bəlkə də oyun deyil.

Yəqin, xatırladınız bu müsahibəni? Müsahibə xeyli mübahisələrə səbəb oldu. Uzun müddət söhbətlər getdi ki, Kamal Abdullanın haqqında danışdığı gənc yazıçı kimdir? Ümumiyyətlə, Azərbaycanda belə bir yazıçı varmı? Əlbəttə, yoxdur! Amma, var. Varsa, kimdi? Mən deyim? Şərif Ağayar. İnanmırsınızsa, gedin Kamal Abdulladan soruşun.

# 3560 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər