Personajları yaratdıqdan sonra onlar öz müstəqil həyatlarını yaşayırlar, sən daha onlarla istədiyin kimi davrana bilmərsən. Bu doğrudan da adamı heyrətləndirir. Heyrətləndirir ona görə ki, sən artıq yazdığın həyata hörmət eləməyə məcbursan.
Bu yaxınlarda əlimə adı mənə heç nə deməyən, tanımadığım bir müəllifin əsəri keçdi.
Söhbət ispaniyalı yazıçısı Enrike Vila-Matasın “Bartlbi və kompaniya” romanından gedir. Bu balaca kitabı yarıya qədər güclə oxudum. Publisistikanı, esseni roman adıyla təqdim edib. Bəlkə də kitabın axırında indeks – ad göstəricisi olsaydı heç təəccüblənməzdim. Oxucu haqlı olaraq XXI əsrdə belə kitabların da yaşamasına haqq qazandıra bilər. Bildiyim qədərilə bu barselonalı yazıçı Fransada çox populyardır (gənclik illərini Parisdə keçirib), adı Nobelə namizədlər siyahısında yuxarı yerlərdə dayanır. Ümumi yaradıcılığından bir o qədər xəbərdar deyiləm. Sözümün canı odur ki, mən sadəcə maraqsız əsərə qarşıyam, çünki arada vaxt itir. Bu “roman”dansa, onu kitabxanama qoyub başqa bir kitabı, məsələn “Bartlbi və kompaniya”dan 27 il əvvəl, elə Vila-Matasın vətəni İspaniyanın paytaxtında yazılmış (bu vaxt Vila-Matasın 25 yaşı olardı), özü də peşəkarlıqla yazılmış, yumor dolu bir əsəri – Mario Varqas Lyosanın “Kapitan Pantaleon və xeyirxah xidmətlər bölüyü” romanını götürüb oxudum.
Roman Lyosanın sayca dördüncü, mənimsə onun yaradıcılığından oxuduğum ilk romandır. Buna qədər Lyosanın “Küçüklər” povestini dilimizdə oxumuşdum. Lyosa dilimizə demək olar tərcümə edilmədiyinə görə az tanınır. Buralarda Latın Amerikası yazarlarından hələlik sehrbaz Markes ağalıq edir.
Çili şairi Pablo Neruda memuarında ( “Mən də yaşamışam...”) Lyosanın adını Markes, Rulfo, Sabato, Kortasar, Fuentes və Donosonun adları ilə yanaşı çəkir, onların hamısı ilə tanış olduğunu yazırdı. Neruda sonra deyirdi ki, “onlar öz vətənlərini tərk etməliydilər ki, siyasi çəkişmələrdən, qaynayıb daşan paxıllıqdan uzaqlarda sakitcə işləyə bilsinlər”. Lyosa Madrid, Paris, London və başqa şəhərlərdə uzun illər yaşayıb. Ən uğurlu əsərləri “Şəhər və itlər”, “Yaşıl ev”, “Kilsədə söhbət”, ən uğursuz əsəri isə “Yaramaz qızın sərgüzəştləri” sayılır. Tənqidçilər “Kapitan Pantaleon və xeyirxah xidmətlər bölüyü” romanını Lyosanın əvvəlki əsərinə – “Yaşıl ev”ə parodiya (postmodernizm) olduğunu qeyd edirlər. “Yaşıl ev”i oxumamışam. Əgər həqiqətən belədirsə, bunun özü yazıçının geniş diapazona malik istedadından xəbər verir.
Romanın forması haqda bir qədər danışaq. Flober yazırdı: Forma elə ədəbiyyat deməkdir. Lyosa Floberdən təsirləndiyi, onun nümunəsindən çox şey öyrəndiyini həmişə qeyd edib, hətta onun haqda ayrıca əsəri də var. Lyosanın özünəməxsus stili olan yazıçılardandır. İndən belə mətndə bir mürəkkəb cümlədə iki eyni mübtəda görsəm imza artıq mənə məlum olacaq. Lyosa təsirləndiyi müəlliflər arasında Folknerin də adını çəkmişdi. O, bir müsahibəsində belə deyirdi: "Folkner ilk yazıçı idi ki, onu bir əlimdə qələm oxuyurdum, onun texnikası məni valeh etmişdi". Çoxsəslilik, fleşbeklər oxucuda belə bir təəssürat oyadır ki, elə bil ayrı-ayrı epizodları, dialoqları götürüb alt-alta düzüblər. Sanki filmin epizodlarını kəsib montaj ediblər. Bir səhifə boyu kamera tez-tez yerini dəyişir, oxucu eyni zamanda üç-dörd yerə səyahət edib ayrı-ayrı söhbətlərin şahidi olur. Bu da təhkiyəyə xüsusi çalar qatır.
Sonra Markesdə gördüyümüz nöqtə vergüllü uzun cümlə yazmaq azarı Lyosada da hərdən qarşımıza çıxır. Ola bilər yazıçının bu cür cümlələri yazmağında sözə necə ustalıqla sahibləndiyini, professionallığını nümayiş etdirmək istəyi var. Nədənsə bizim dilimizə bu cür cümlələr doğranmış şəkildə tərcümə olunur. Məsələn, “Yüz ilin tənhalığı”nda bir cümlə var ki, haradasa iki səhifə boydadır. Onu dilimizə 29 cümlə şəklində tərcümə ediblər. Hoqqabaz Markes belə cümlələri sevirdi. “Patriarxın payızı”nın ilk cümləsini də yada salmaq yerinə düşərdi. Bu uzunluqda cümlə kimə lazımdır? Digər tərəfdən belə qiqant uzun cümlələri tərcümədə xırdalamaqla yazıçının üslubu pozulmuş olurmu? Bilmirəm. Bunun nə dərəcədə doğru olduğuna gərək peşəkar tərcüməçilər qərar versin.
“Kapitan Pantaleon və xeyirxah xidmətlər bölüyü” romanı nədən bəhs edir?
Təzəlikcə kapitan rütbəsi almış gənc, prinsipli zabit Pantaleon Pantoxa bir gün paytaxt Limaya çağırılır. Generallar Pantaleonun yüksək idarəçilik bacarığının olduğunu, nizam-intizama riayət elədiyini, onun məxsusi olaraq səksənə yaxın namizəd sırasından seçilərək çağırıldığını açıqlayırlar. Sonra generallar Amazoniya selvalarında (meşələrində) baş vermiş bədbəxt hadisələrdən danışırlar. Amazoniyada xidmət edən ordu hissələrinin şəxsi heyəti həftə sonları buraxılış alıb yaxın kəndlərə qaçır, qarşılarına keçən qadın cinsindən olan hamını tutub zorlayırlar. Vəhşilər qadın tapa bilməyəndə heyvanlara keçirlər. Bu azğınlaşmanın dəqiq səbəbi bilinməsə də iqlimdən və qidadan olduğu şübhəsi ortada var. Kənd əhli bu yaramazların əlindən bilmir nə eləsin.
Şikayətlər sel kimi axır. Zabit heyəti bunun qarşısını almaqda acizdir. Heç bir nikah, cəza ilə aclıqdan qudurmuş əsgərləri saxlamaq olmur. Odur ki, paytaxtda oturan generallar bu işi əvvəl-axır qaydasına qoymağın yolunu axtarıb tapırlar. Onlar Pantoxaya yeni bir vəzifə tapşırırlar. Tapşırıq çox qəribə və həm də gülməli bir işdən ibarətdir. Belə ki, Peru ordusunun Amazoniyada qulluq edən hissələrində əsgər və çavuşlarının cinsi tələbatını ödəmək üçün yüngül əxlaqlı qadınlardan ibarət məxfi bölük təsis etmək işini ona həvalə edirlər.
Kapitan anasını və arvadını götürüb Amazoniyaya gəlir, burada məlum olur ki, yerli hərbi idarəçilik onun bu rəzil işi görməsindən narazıdır. Pantoxa mülki formada gəzməli, bütün işlər məxfi aparılmalıdır. O, rəsmi aktlarda, paradlarda, andiçmələrdə iştirakdan azad edilir. Yerli əhali (Pantoxanın anası və qısqanc arvadı da) onun tutduğu işdən bixəbər qalmalıdır. Oxucu sonra nələrin olduğunu ayrı-ayrı məxfi məruzə, raport, məktub, əmr, statistik hesabat, təlimat, sərəncam, şifrli radioqram, qərarlar, qəzet materialları və radio proqramını oxumaqla öyrənir. Lyosanın hərbi məktəbdə bir müddət xidmət eləməsi, xidməti buraxıb jurnalist kimi işləməsi, Parisdə diktor kimi çalışması ədəbiyyatda işinə yarayıb. Mətndə belə priyom onu oxunaqlı, cəlbedici, maraqlı edir.
Pantoxa qısa vaxt içində əsgər və çavuşların orta statistik tələbatı siyahısını hazırlayır, göndərildiyi şəhərin bütün bordellərini, barlarını gəzir, sutenyor və fahişələrdən özünə şəxsi heyət toplayır, onlar can-başla bu işə qol qoyurlar, komanda məntəqəsi, lagerlər və postlar təşkil olunur. Seçilmiş yerlərdə təmizlik və dezinfeksiya işi aparılır, orada romantik ab-hava təşkil edilir. Bölüyə əvvəl 4 işçi qadın cəlb olunur, tezliklə bu rəqəm 10, 20, 30 bir-iki ildən sonra 50-yə çatır. Gülməli çıxacaq – hətta bölüyün himni də yazılır.
Nəqliyyat-daşıma aparmaq məqsədilə hərbi hava qüvvələrinin artıq tarixi relikviya sayılan bir hidroplanı və hərbi dəniz qüvvələrinin bir gəmisi işə cəlb olunur. Sanitar yoxlama da təşkil edilir. Pantoxanın təklifi ilə bölüyün yaşıl və qırmızı rənglərdən ibarət xüsusi emblemi yaradılır, xidməti kartoçkalar hazırlanır. Əsgər heyəti nəhayət ilk operativ qrupun gəldiyini görəndə sevincdən papaqlarını göyə atır. Kim atmaz ki? Kef özü sənin ayağına gəlib.
Adlar haqqında. Qadınlar Pantaleon Pantoxanı qısaca Pan-Pan çağırırlar. Yadıma Knut Hamsunun “Pan” əsəri düşdü. Pan yunan mifologiyasında meşə, tarla, sürü allahıdır. O, çaxır içməyi, əylənməyi və qadınları sevir. Bundan başqa, gəminin adı “Həvva”, hidroplanın adı isə “Dalila”dır. Dalila Bibliya mifologiyasında yumşaq desək, xəyanətkar qadın obrazıdır.
Beləliklə, aylar keçdikcə bölüyün şöhrəti ölkənin hüdudlarını aşır, hər yerdə “Pantilyandiya” adlı möcüzəli bölük haqqında şişirdilmiş söhbətlər, şayiələr yayılır. Bu arada tələbat da çoxaldığına görə kapitan bölüyün heyətini yavaş-yavaş artırmaq haqda yuxarılardan razılıq qopara bilir. Yuxarılar bu işdən çox razıdırlar, çünki departamentdə insident hallarının kəskin şəkildə azalması onları tam qane edir.
Amma Pantaleonun işi heç də həmişə yaxşı gətirmir. Şəhər demaqoq kimi tanınan, “Amazoniya radiosu”nun diktoru reket jurnalist Sinçi kapitanı şantaj eləməyə, proqramlar hazırlamağa başlayır. Axırı əsəbdən bu zırrama, farisey jurnalistin şəklini bölüyün qapılarına vururlar, girən-çıxan şəklə tüpürür. Şəhərdə söz-söhbət get-gedə artır və gəlib kapitanın arvadına çatır. Nəhayət, bölüyün bir işçisinin öldürülməsi onun gələcək taleyini sual altına qoyur.
Amazoniyada hərbiçiləri narahat edən başqa bir problem də var. Özünü müqəddəs elan etmiş oyunbaz bir keşiş ölkəni qarış-qarış gəzərək hər yerə xaç basdırır. "Dünyanın axırı gəlib çatıb, məhşər günü yaxınlaşır, tövbə edin, günahlardan təmizlənin" deyərək müxtəlif heyvanları (bəzən adamları) çarmıxa çəkir. Avam əhali qarışqa kimi bu fırıldaqçının başına yığışır. Onların ayrıca təşkilatı da var – Xaç qardaşları. Yazıçı bunu real həyatdan götürmüşdü.
Lyosa romanın fakta əsaslandığını deyirdi. Ümumiyyətlə, Latın Amerikasında xəyal ilə gerçəklik arasında sərhədin haradan keçməsi özü problematik mövzudur. Məsələn, deyirlər bir latın dövlətinin hökuməti ölkədə yayılmış epidemiyanın kökünü kəsmək məqsədilə xüsusi dekret veribmiş. Yaxud salvadorlu bir diktator var imiş. Bu diktator xüsusi bir cihaz – kəfkir icad edibmiş, hər dəfə xörək yeyəndə, onun zəhərli olub-olmamasını yoxlamaq üçün kəfkiri yeməyə yaxınlaşdırırmış, kəfkir sola getsə o xörəyi yeməzmiş. Bu barədə daha ətraflı Lyosa ilə Markesin açıq söhbətində oxumaq olar.
Əsəri vaxtında yekunlaşdırmaq, onu məharətlə qıfıllamaq, nöqtəni qoya bilmək yazıçıdan yüksək sənətkarlıq tələb edən məsələdir. Romanın sonunda bölük də, xaç qardaşları da tarixə çevrilir; yuxarılar bu iki problemdən xilas olduqlarına görə, kapitan isə heç bir cəza almadığına görə sevinir və yeni xidməti hissəyə yola düşür.
Sovet dövründə bu romanı oxucuya hərbi bürokratiyanı, dini, kapitalist dünyasını tənqid edən sosial satira kimi təqdim edirdilər. Sovet dövləti dağılıb, yazıçının özü də daha marksist deyil. Amma əsər indi də oxucuya zövq verə, onu güldürə (qara yumor olsa belə), düşündürə bilir. Ədəbiyyat da, məncə, belə olmalıdır.
Avanqard.net