Ədəbiyyatda belə bir düşüncə var ki, evlilik yaradıcılığa mane olur. Amma ədəbiyyat tarixində elə cütlüklər var ki, onların münasibətləri nəinki bir-birinə əngəl törədib, əksinə onlar bir-birlərinə dəstək veriblər, yazıb-yaratmağa həvəsləndiriblər.
Kulis.az ədəbiyyat tarixinin uğurlu cütlüklərini təqdim edir.
1. Vladimir Nabokov və Vera Nabokov:
“Lolita” pornoqrafik əsər kimi tanınsa da Vladimir Nabokov şəxsi həyatında xeyli mühafizəkar idi. Vera Nabokov ilə 50 il müddətində evli olub. Cütlük camaat arasına həmişə birlikdə çıxarmış. Son dərəcə ağıllı bir qadın kimi xarakterizə edilən Veranın Vladimir Nabokovun yaradıcılığına böyük təsir göstərdiyi göstərdiyi deyilir. Vladimir Kornell Universitetindəki dərslərinə gedə bilməyəndə mühazirələri Vera oxuyurmuş. “Lolita” əsərini çapa etdirməkdə tərəddüd edən Nabokova cəsarətli olmağı üçün Vera xanım dəstək verib.
2. Corc Eliot və Corc Henri Lyuis.
Corc Eliot dühasının ortaya çıxması müəyyən vaxt alsa da, partnyoru Corc Lyuis ona əvvəldən inanırdı. Özü də yazıçı olan Lyuis həmçinin filosof və tənqidçi idi. Qadınların karyera qurmasının, yaradıcılıq imkanlarının məhdud olduğu zamanlarda sevgilisinə dəstək verirdi Henri Lyuis. Onlar ömürlərinin sonunacan birlikdə yaşamışdılar.
3. F.Skott Fitserald və Zelda Sayre Fitserald
Onlar qısqan idi, hərdən dalaşırdılar da, amma Zeldanın varlığı Skotun yazma qabiliyyətinə yalnız və yalnız müsbət təsir edib. Hətta Skott Zeldanın gündəliklərindən “çırpışdırdığı” bəzi şeyləri öz romanlarında istifadə edib. Əslində Zeldanın ona olan qəzəbinin bir səbəbi də bu imiş. Buna baxmayaraq ölümündən sonra Skotun mirasına sahib çıxdı. Ərinin məşhur romanına “Böyük Getsbi” adının verilməsində çox inad edib.
4. Virciniya Vulf və Leonard Vulf
Corc Henri Lyuis kimi Leonard Vulf da həyat yoldaşındakı misilsiz istedadın fərqinə varmış və ona dəstək vermişdi. “Renessans kişisi” kimi tanınan Leonard Vulfun sənətdən də, yazmaqdan da, siyasətdən də başı çıxırdı. Virciniyanın istedadı isə tək bir sahəyə doğru istiqamətlənmişdi. Depressiyada olan və psixoloji problemlər yaşayan Virciniyanın işləməsi üçün Leonard lazımi şəraiti yaradırdı. İntihar məktubunda Virciniya ərinin onun üzərində olan əməyini xüsusilə qeyd etmişdi...
5. Simona de Bovuar və Jan Pol Sartr
Yazı dünyasının nəhəngləri arasında olan bu cütlüyün qeyri-adi münasibətləri uzun müddət davam etmişdi. Axıra yaxın münasibətləri seksual xarakter daşımırdı və ikisi də başqaları ilə cinsi əlaqədə olurdular. Amma intellektuallıq və səmimiyyətdən yoğurulmuş romantik bağlılıqlarını sonacan saxlaya bilmişdilər... Bovuar bəzən tələbələrindən bəzilərinin ağlını başından alıb Sartra yönəldirdi. Şəxsi həyatlarında baş verənləri kənara qoysaq, hər ikisi mühüm əsərlər yaratmışlar və bir-birlərinə intellektual baxımdan ilham vermişlər.
6. Allen Qinsberq və Peter Orlovski
“Beat” nəslinin əsas nümayəndələrindən biri olan Allen Qinsberq Peter Orlovski ilə 1954-cü ildə tanış olmuşdu. Onlar bir-birlərinə aşiq oldular və bu münasibət Qinsberqin ölümünə-1997-ci ilə qədər davam etdi. Orlovski, Qinsberq qədər uğur qazanmasa da “Beat” nəslinin mühüm imzalarından biri oldu. Hər ikisi bir-birlərindən gizli olmamaq şərti ilə digər qadınlarla və kişilərlə əlaqədə olublar zaman-zaman. Münasibətləri bəzən böhran yaşayıb, amma buna baxmayaraq 40 il davam etdirə biliblər. Bu münasibəti onlar “evlilik” adlandırırdı.
7. Samuel Klemens (Mark Tven) və Oliviya Klemens
Mark Tven və Oliviya Klemens 1867-ci ildə tanış oldular. Oliviya ərinin redaktoru idi. Ərinə kitablarını və məqalələrini başa çatdırmaqda kömək edirdi. Markın əsərlərinə qadın baxış aspektini gətirən də o idi.