Cəhənnəmin xoşbəxt sakinləri

Cəhənnəmin xoşbəxt sakinləri
30 dekabr 2012
# 13:49

Hava xeyli tutqun, bir az yorğun, bir az da əsəbi görünürdü adam kimi. Yayın oğlan çağında belə havadan təkcə adam yox, elə təbiətin özü də çaşıb qalmışdı. Beləcə, Mərdan bu çaşqınlığın içində donmuş əlləriylə sırıqlısının yaxasını qucaqlayaraq kənd doğum evinin kandarında oturub dünyaya gələcək körpəsinin oğlan ya qız olacağı xəbərini gözləyirdi...

Hər iki xəbərə özünü hazırlamışdı Mərdan. Bilirdi ki, qız olsa adəti üzrə toxtaqlıq xətrinə hamı deyəcək ki, əşi ürəyini sıxma, qız da allahın payıdı, hələ nə yaşın var, inşallah oğlun da olar. Amma oğlu olsa, mütləq qonşusu Bahadura deyəcəkdi ki, kişi olsaydın sənin də oğlun olardı. Bəlkə də Mərdan daha çox bu sözü demək üçün oğlan xəbərinə hamilə idi.

Çünki, cəmisi bir saat əvvəl qızı doğulan Bahadur, bir ay əvvəl, kəli onun inəyinin eşqi ilə çəpərini uçurmuş Mərdana demişdi ki, vaxt gələcək mənim oğlum qızına görə sənin çəpərini yaracaq. Buna görə də biri arzusuna çatmaqdan yana, digəri bu sözün xofundan bir ay idi ki, oğlan xahişi ilə allahı üzdən-gözdən salmışdı.

Mərdan Bahadurun qızının olması xəbərini içində böyük bir biabırçılıqdan qurtuluş kimi qəbul edirdi. Oğlu olsaydı, ikiqat sevincin təsiri Mərdandan ötrü Bahadurun sonu demək idi.
Hava bərk soyuq idi. Təbiət Bahadur kimi bir az tutqun, bir az yorğun, bir az da əsəbi görünürdü. Arvadına yemək gətirən Bahadur, əlindəki bağlamanı tibb bacısına elə sifətdə verdi ki, sanki -apar ver zəhərlənsin-deyirdi. Bu mənzərənin fonunda başqa bir tibb bacısı Mərdandan oğul xəbərinin muştuluğunu istəyirdi. Beləcə, elə o vaxtdan Mərdanın kəlinin Bahadurun inəyinə şüursuz istəyi gələcəyin böyük bir faciəsinin təməlini qoydu...

Bahadurun nə vaxtsa arzusunu gerçəkləşdirəcək oğlu olmayacaqdı. Elə bil Mərdanın qarğışı tutmuşdu onu. Qızının dünyaya gəlişindən və Bahadurun tənələrinin startından cəmi üc ay keçmişdi ki, arvadı Sona allaha pənah aparmışlar kimi başını götürüb getdi o dünyaya. Yolüstü də Bahadura dedi ki, sənlə mənimki qalsın qiyamətə. Qara gününü qablayan Bahadur zülmətdən qorxduğu üçün, Bəyaz adlı biri ilə evləndi. Amma ya zəlzələdən, ya Bahadurdan uşaq olmadı...

Bahadur qızının adını Sonanın təkidi ilə Fidan qoymuşdu, könlündən Qızqayıt keçsə də. ”Döyüş”dən qalib çıxmış Mərdansa oğluna Fateh dedi.

Bu iki qonşu kinlərini artırmaqda olsun sizə kimdən deyim, kimdən danışım, Fidanla Fatehdən. Fateh elə fateh idi. Kəndin yeniyetmə qızlarının ürəyi gedirdi ondan ötrü. Fatehi görmək bəhanəsi ilə bulaqdan su daşımaqdan çiyinlərinin qabığı getmişdi qızların. Fidansa “günəşə sən çıxma, mən çıxım” əvəzinə "çıx da gəl, hamı görsün hansımız gözəlik" - deyib qürrələnirdi...

Fidan doğulduğuna peşman idi. Analığı Bəyaz fidan Fidanı o qədər də sevmirdi. Bu soyuqluğun kökündə Fidanı Bəyazın özünün doğmamasından tutmuş atasının qızına olan nifrətinə qədər hər cür səbəb dayana bilərdi... Belə yad münasibət, asılılıq, şiş ucunda verilən çörək, təhqirlər Fidanı dəfələrlə intihara səsləmişdi.

Sadəcə iki səbəb qızı bu yoldan çəkindirirdi. Bir dəfə təsadüfən ana nənəsindən eşitmişdi ki, Allah intihar edənləri sevmir və onları sorğu-sualsız cəhənnəmə göndərir. Fidan qorxmuşdu. Ona görə yox ki, cəhənnəmə gedəcəkdi, sadəcə allahın sevgisindən məhrum olmaq istəməmişdi. Onu intihardan çəkindirən ikinci səbəb də sevgi idi. İllər idi Fatehə olan gizli sevgisi yaranmışdı. Fateh də qıza biganə deyildi. Amma ağlı kəsəndən atasının Bahadurun ailəsinə qarşı alçaldıcı münasibəti şüuraltı olaraq ona sevdasının uğursuzluğunu təlqin etmişdi.

Elə əzəli düşmən olan atalar da belə bir sevdanın yaranmasından qorxduqları üçün ciddi cəhdlə bütün ehtimalların qarşısına sipərlər çəkmişdilər. Kənddə hamı Mərdanla Bahadurun düşmənçiliyindən xəbərdar idi. Hətta o səviyyədə ki, birinin dəvət olunduğu mərasimə digəri çağırılmırdı. Artıq çoxdan idi ki, kənddə kimsənin kəli, qonşunun inəyinə gözünün ucuyla belə baxmırdı.

Hava tutqun, bir az yorğun, bir az da əsəbi görünürdü adam kimi. Bahadurla Mərdanınsa adamlıqdan xəbərləri yox idi. Payız yarpaqları Fidanla Fatehdən utanırmış kimi getdikcə daha çox qızarırdılar. Qız payızı sevmirdi, çünki həyatı payız kimi hüznlü keçirdi. Quruyub budağından qopan yarpaqlar sanki onun mənasız və acılı keçən günləri idi. Payız yarpağı tək o da qopub düşmək, anası kimi torpağa qarışmaq istəyirdi. Elə bil anasına qarışacaqdı.

On üç yaşına kimi Fidanı ana nənəsi saxlamışdı. Az-çox şirin günləri də nənəsinin yanında görmüşdü. Artıq qızın yetkin və gözəgəlimli olduğunu yəqin edən ata, onu böyük bir nəvazişdən məhrum edərək öz himayəsinə, analığının yanına gətirmişdi. Bu hadisədən çox keçməmiş nənə, ömrünü nəvəsinə bağışlayıb köçdü qızının yanına. Elə o vaxtdan anası tez-tez Fidanın yuxusuna girirdi. Xoşbəxt olurdu, başını anasının dizinə qoyub, saçlarını tumarladırdı... Amma bu “xoşbəxtliyi” ona çıx görürdü anası, deyirdi nə badə bura gələsən....

İllər sürətlə bir-birini qovurdu. Qovulmuş illərinin Fidan üçün bir aylıq belə dəyəri yox idi. Bu illər ərzində Fidanın yaşanmış günləri Fatehi uzaqdan-uzağa gördüyü dəqiqələrin cəmi idi. O da ki, üst üstə götürsə heç bir ay da etmirdi...

Payızın qaranlıq gecəsində Bəyaz, qaranlıq fikirləri ilə Bahadurun olmayan ağlını başından çıxarmışdı. Kişinin başını doldurmuşdu ki, bəs qızının gözü qalıb Mərdanın çəpərində. Bu Bahadurdan ötəri dünyanın ən bəd xəbəri idi. Elə bil kənd uçmuşdu, qalmışdı altında. Əslində bu işdə bir həqiqət də var idi...

Qapı bir qonşuları Sənəmin qızı gəlin köçəcəkdi. Toyun səhəri gün axşam xınayaxdısı idi. Sənəm həddən artıq kasıb və kasıb olduğu qədər də ləyaqətli dul bir qadın idi. Buna görə hamı ona ürək yandırır, şad günündə ailəlikcə yanında olmağa çalışırdı. Elə bil hamı bəhsə girmişdi. Bahadur da bu işdə camaatdan geri qalmaq istəməzdi. Ona görə də fərqinə varmadan illərlə qapıdan çölə buraxmadığı qızının şənliyə getməsinə göz yummuşdu. Amma iki daşın arasında Bəyaza demişdi ki, gözün üstündə olsun...

Mərdanın tapşırığı ilə Fateh də canfəşanlıq eləyirdi. Tay-tuşları ilə birgə toydan tutmuş xınayaxdıyadək bütün ağırlığı öz üzərinə götürüb, yorğun düşmüşdü. Amma bu yorğunluğun ömrü uzun olmadı.

Qonşu olmalarına baxmayaraq, Fateh də Fidanı çox az görmüşdü. Sanki heç görməmişdi bu qonşu qızını. Qız analığı ilə Sənəmim həyətinə girəndə Fateh dincini almaq üçün qapının ağzında oturub dizlərini ovuşdururdu. Başını qaldıranda elə bil ki, onu ildırım vurdu, dizlərinin ağrısı gözlərinə çökdü. Gözlərini ovuşdurub bir də baxdı. Çiyinlərinə tökülmüş qap-qara saçları arabir üzünə düşüb Fidanın günəş kimi parıldayan gözlərini qısqanırmış kimi örtürdü.

Tünlüyə adət etməyən qız özünü itirmiş və çaşqın halda həyətə girəndə Fatehi də çaşdırmışdı. Heç özü də bilmədən cəld ayağa qalxıb ona sarı getmək istədi, amma ani olaraq qəfil hərəkətindən qızardı. Ona elə gəldi ki, hamı bunu gördü. Amma mərasimdə hamının başı özünə qarışmışdı. Bircə analığa söz-söhbət üçün əsas lazım idi, o da oldu. Buna görə şad idi...

Qız-gəlinlər oynayır, nişanlılar bir-birinə naz atırdı. Gözünü qızdan çəkməyən, daha doğrusu çəkə bilməyən Fatehsə yıxılacağından qorxurmuş kimi, arabir yerə baxırdı. Sanki göyün yeddinci qatında idi. Fidan həyasına sığınıb yer gəzirdi girməyə. Məclisin sahibi Sənəm arvad cənnəti satın almışdı. Zamansa hər zamankı kimi insafsızcasına harasa tələsirdi...

Mərasim bitmiş, hamı dağılıb evinə getmişdi. Fatehsə hələdə Fidanına baxırdı. Sənəm xalanın qəfil səsi (əslində çoxdan çağırırdı) onu göyün yeddinci qatından yerə saldı. Nə Fidan vardı, nə də taqəti... Səhərə qədər yatmadı. Göylərdən enən Fatehə Mərdanın evi dar gəlirdi. Fidan da yatmadı. Bahadur həmin gecə qızına toy tutdu. Bəyaz aləmi bir-birinə qatmışdı. Olanın üstünə beş-on dənə də olmayanı qoyub Bahaduru mindirmişdi cinin atına.

Qızın susması, deyilənləri nə təsdiq, nə də inkar etməsi onun özünü də artıq cinləndirmişdi. Fidan öz aləmində idi. Qız hələ də Fatehi ilə xınayaxdıda idi. Atasının kötəklərini belə hiss etməyən Fidan gözü pəncərədə səhəri gözləyirdi. Bir az əvvəl, qonşunun həyətində harasa tələsən zaman indi onların evində insafsızcasına dayanıb durmuşdu.

Sonanın ruhu çox narahat idi. Yuxusuna girmək, dərdinə şərik çıxıb toxtaqlıq vermək üçün qızının yatmasını gözləyirdi. Səhərə yaxın mürgüləyən qızının başını dizlərinin üstünə qoyub saçlarını tumarlayan Sona, Fidana yalvarırdı ki, bu sevdasından əl çəksin. Həm də Sona ərini yaxşı tanıyırdı, bu işin sonu yox, yalnız əvvəli var idi. O əvvəl ki, Mərdanın kəli inəyindən ötəri Bahadurun çəpərini uçurmuşdu...

Qızı yuxudan Bəyazın cingiltili səsi oyatdı. İlk dəfə idi ki, onu yuxusundan eləyən bu səsə ürəyində hirslənmədi, əksinə gec oyandığına heyfsiləndi də. Amma bilmirdi ki, qonşu otaqda onu hələ də cini atsız qoyan atası gözləyir. Bahadur ürəyi gedənə qədər döydüyü qızına arvadının vasitəsilə sonuncu xəbərdarlığını elədi. Nə badə Mərdanın gədəsinə könlünü verə. Versə, tək özü yox, ömrü də bada gedəcək. Üstəlik Bəyaza da birini çəkdi ki, gözü qızın üstündə olsun...

Mərdangildə də ayrı bir mərəkə qopmuşdu. Fateh azarlamışdı. Sübh tezdən Mərdanın gətirdiyi kənd feldşeri çox çək-çevirdən sonra etiraf elədi ki, onluq deyil, rayondan həkim çağırsınlar. Rayon mərkəzindən gətirilən yaşlı həkimsə əlli illik təcrübəsində belə şeyə rast gəlmədiyini deyib çıxıb getdi. Qıya gələn qonum-qonşunun da hərəsi bir söz deyirdi. Biri bu işin mollalıq, başqası türkəçarəlik olduğuna inandırırdı.

Fateh heç kimin başa düşməyəcəyi tərzdə sayıqlayırdı. Axşama yaxın vəziyyəti bir az da pisləşmişdi. Mərdan qapısında nə varsa hamısını qurban deyib əlini açmışdı göyə. O göyə ki, Fateh ondan gizlı Fidanını axtarırdı. Birdən otağa sükut çökdü. Səssizliyin aydın fonunda Fateh açıq-açığına Fidan deyirdi.

Əvvəlcə çox adam başa düşmədi. Amma sonradan başa düşməyənləri də başa saldılar və beləliklə xəbər ildırım sürəti ilə kəndə yayıldı ki, bəs Mərdanın gədəsi Bahadurun qızından ötəri dəli olub. Bunu eşidəndə Bahadur da dəli oldu. Cin atında evinə gəlib qızını öz otağına salıb qapını bağladı. O qapı gün ərzində cəmisi bir neçə dəfə-yalnız zəruri şeylərdən yana açılırdı.

Mərdanın halı çox pərişan idi. Gözünün qabağında aman-zaman yeganə övladı şam kimi əriyib gedirdi. Məsələ gün kimi aydın idi. Kəndin bir-iki başbiləni yığılıb Mərdanı başa saldı ki, çıxış yolu yoxdu, düşməni də olsa balasının xətrinə Bahadurun qapısını döyməlidi.

Nəhayət çarəsiz qalan Mərdan bir neçə ağsaqqal götürüb Bahadurun qapısına getdi ki, allahın əmri, peyğəmbərin izni ilə qızını oğluna istəsin. Qapını Bəyaz açmışdı, Mərdanın üzünə elə baxırdı ki, sanki Bahadurun deyəcəklərini bəri başdan o deyirdi. Bəyaza şükür, evin “kişi”si gözünü yumub ağzını açdı....

Bu hadisədən beş gün keçmişdi ki, dilinin altından bir qurtum su belə keçməyən Fateh, səhərə yaxın, günəş doğmadan dünyasını dəyişdi. Bütün kənd Mərdanın həyətində idi. Mərdansa heç kimi görmürdü...

Axşam Sona Fidanın yuxusuna girmişdi. Elə qəmgin, elə kefsiz görünürdü ki, hətta anasının nəvazişli sığalından belə imtina etmişdi. Zavallı qız gördü ki, anası, yası düşmüş analar kimi qara geyinib allaha yalvarır, hələ həyatda heç nə görməmiş balasını bu tezliyinə onun yanına gətirməsin deyə dua edir.

Soyuq tər içində yataqdan dik atılan Fidan, heç nə olmamış kimi yenə yuxuya getdi. Səhər yuxudan Fatehgildən gələn fəryad səslərinə oyandı. Əvvəl elə bildi ki, yenə yuxu görür, amma get-gedə daha aydın eşidilən səslər zəhərli ox kimi ürəyinə sancıldı.

Qapıya sarı qaçdı, bağlı idi. Ev dustağı olduğunu bir anlığa unutmuşdu. Qonşu otaqdan səs gəlirdi - “Allah şükür sənə, haqqı nahaqqa vermədin. Adil allah qisasımı aldın”. Bahadurun səsi idi. Kiçik bir otaqda dəli kimi çırpınan qızın gözləri az qalırdı hədəqəsindən çıxsın. Əlinə toxunmadığı, nəfəsini duymadığı sevgilisini itirmişdi. Fidan heç vaxt əyilmədiyi analığından, anasının qatili hesab etdiyi atasından mərhəmət diləyirdi. Onu dərdi sığmayan bu balaca otaqdan buraxmalarını istəyirdi. Bahadurunsa vicdanı çoxdan susmuşdu...

Fatehin cənazəsini götürməyə hazırlaşırdılar ki, Bahadurun evində şivən qopdu. Fidan anasının qoxusunu aldığı və xatirə kimi saxladığı yaylıqla özünü asmışdı...

Kənd heç vaxt belə müsibətin şahidi olmamışdı. Vəziyyət Mərdanla Bahadurun nəzarətindən çıxmışdı. Dəhşətli bir mənzərə idi-nakam sevgililər bəylə gəlin kimi gül-çiçəyin içində qəzəblənmiş insanların çiynində axirət evinə gedirdilər. Amma elə xoşbəxt görünürdülər ki. Nəhayət onların da bir evi olacaqdı. Ətrafı düşmənçilikdən uzaq olan qonşulardan ibarət bir ev...

Qəbiristanlığın havası bir az tutqun, bir az yorğun, bir az da əsəbi görünürdü adamlar kimi. Günəş buludların arxasına çəkilmişdi. Bəlkə də adamların belə qaranlıq olmalarından acıqlanmışdı...

# 2710 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #