Poeziyanın ateizmi və Allahı

Poeziyanın ateizmi və Allahı
3 iyul 2015
# 17:00

Kulis Elnarə Akimovanın “Çağdaş Azərbaycan postmodern şeirində Tanrıya münasibət” məqaləsinin birinci hissəsini təqdim edir.

Keçid dövrü kimi xarakterizə olunan 90-cı illərin bizə milli-mənəvi, psixoloji cəhətdən vurduğu zərbələrin ağırlığı bu gün daha aydın və dərin müşahidələrlə təsvirə gəlir. Bu dövrdə cəmiyyətimizdə sosial-siyasi, mənəvi-psixoloji baxımdan çox şey dəyişdi. Üstündən iyirmi beş ildən çox zaman kəsiminin keçməsinə baxmayaraq o dövrə xas olan xüsusiyyətlər - cəmiyyətə, varlığa pessimist baxış dəyişməyib, bədbin ruh poeziyamızda yenə də üstünlük təşkil edir. Ədəbiyyatın obrazları, qəhrəmanları dəyişir, daha çox zəmanəyə bənzəyən insanların dili ilə müraciətin tonu, deklamasiyanın səciyyəsi başqalaşır.

Bu dəyişikliyin içindən Tanrı obrazına münasibətin özündə də müəyyən təbəddülatların olması nəzərdən qaçmır. Bu gün o qədər də işlək olmayan bu tendensiya 90-cı illər poeziyasından əsas məqam kimi keçir. İlk baxışda, insan idrakı sanki qəbullanmaq istəmir, gedən dəyişikliklərin içərisindən Tanrı mövzusunun da qabarması, daha doğrusu, ona inkarçı münasibət ağlasığmaz görünür. Axı adətən, daha çox sınağa çəkilən ruhun, fəci durumlara mübtəla olmuş toplumun ehtiyacı olur Tanrıya. 90-cı illər də bu baxımdan, ədəbiyyatımızın sınaq dövrləri idi. Halbuki Karrelə görə “İnsan oğlu Allaha bütün dövrlərdə hava-su kimi ehtiyac duyubdur”. Bu həqiqətən belədirmi? O zaman 90-cı illərdən başlayaraq, poeziyada özünü göstərən Allahın ilahi başlanğıc olmasından imtinanı necə xarakterizə edək?

90-cı illərin postmodernist dalğasında meydana çıxan revanşist mövqelər Tanrı mövzusu ilə bağlı məqamları da çevrələyirdi, bu məsələdə ədəbiyyatımızın naqis təcrübəsindən çıxış edirdilər. Bildiyimiz kimi, sovet ideologiyasının hökmfərma olduğu illərdə, özəlliklə 20-30-cu illərdə Tanrıya, dinə, müqəddəs kitaba münasibətdə nihilist mövqe sərgiləyən mətnlər, yanaşmalar ortaya qoyulurdu. Dünya kontekstindən yanaşanda bu, Qərb düşüncəsində mövcud, getdikcə möhkəmlənən Tanrısızlıq, insanın fərdi duyğularının önə çəkilməsi, yalnız özünə istinad etmə dalğasının bir təzahürü olaraq qabarırdı. Lakin 20-30-cu illərdə Tanrıya qarşı çıxma ədaları yalnız bununla bağlı deyildi, proletkulçuluğun yarıtmaz tələblərindən biri idi. Dinin qadağasına başlanmışdı və proses yalnız islam dini ilə bağlı aparılmırdı, Rusiya dövlətinin özünün dini dünyagörüşünə də qarşı çevrilmişdi. Sovet rejimi Allahı, dini ironiya, inkar predmetinə çevirməklə guya ki, mövhumatın kökünü kəsməyə cəhd edir, maarifləndirici təbliğat aparırdılar. Əslində, səbəb başqa idi. Deyək ki, Şərq insanı üçün Allah məfhumu möhkəm özüllü istinadgahlardan biri sayılırdı və ona qarşı çıxmaq tələbi xalqın milli-mənəvi dəyərlərinə, “Quran”ına, “Kitabi-Dədə Qorqud”una, əlifbasına, milli kimlik və keçmişinə atılan daş qədər vacib sayılırdı. Tanrısından, müqəddəs kitabından və keçmişindən qoparılan xalqı və milləti isə diz çökdürmək asan idi. Amma məlumdur ki, bu tendensiya çox da uzun çəkməmiş, yazarlarımız sosial bərəbərlik, qardaşlıq şüarını bədiiyyatın leytmotivinə çevirməklə ateist düşüncədən uzaqlamağa çalışmışlar. Artıq bu mövzuda yazmaq cəsarətli olmağı tələb edir, müəyyən qorxu, çəkingənlik hissi doğurur, sənətkarları ehtiyatlı davranmağa sövq etdirirdi. Milli poeziyada həmin tendensiyanın əlamətləri 40-cı illərə qədər davam etdi. Düzdür, o zamana qədər də müəyyən istisnalar nəzərə çarpırdı. Deyək ki, 1937-ci ildə yazdığı “Səadət nəğməsi” şeirində “Xəbərdar eyləyin Ərəbistanı / Ocaqda yandırdı anam Quranı”, yaxud “Ayrilmış qoca Şərq təvəkkülündən...”, - yazan Səməd Vurğun eyni ildə yazdığı “Vaqif” dramında Vidadinin dili ilə Allaha səslənir, insanlığın düçar olduğu fəlakətlərdən qurtuluş üçün ona üz tuturdu: “Xudaya! İnsanın halı yamandır/ Nələr çəkdiyimiz sənə əyandır!”

Qırıq-qırıq gözə dəyən belə münasibətlər 40-cı illərin sonlarından başlayaraq poeziyada daha çox nəzərə çarpmağa başladı. Bu qorxunun aradan çıxmasında müharibə amilinin böyük rolu oldu. Müharibəyə yaxınını yola salan, yaxud onun itkisi ilə üzləşən insan Allaha ümidini, duasını, yalvarışını ünvanlayır, onda ovunur, təsəllisini tapırdı. Artıq ümumxalq etiqad səciyyəsi daşıdığından dövlət bu münasibətə o qədər də dərindən nüfuz edə bilmirdi. Amma bu insanla Tanrı arasında fərdi hisslərin önə keçdiyi zaman deyildi. Şairlərin Tanrı ilə münasibətlərinin məhrəm müstəviyə adlaması prosesi sonrakı onilliklərdə - 60-80-ci illər poeziyasında mümkün oldu. Bunun üçün bircə səmimi müraciət kifayət etdi: “Mən burdayam, İlahi!”

60-80-ci illər şeirində Tanrı son məqam, son “şans” səciyyəsi daşıyırdı. Talelərindən şikayət edən, həyatın faniliyi, dünyanın işləklərindən ümidsizliyə yuvarlanan şairlər son sığınacaq kimi Tanrıya üz tuturdular. Bu şeirlərdə Tanrı hələ də ümid, istinadgah, dua, yalvarış mənbəyi statusundadır. Şairlər onlara yazılan yazıdan, qəzavü-qədərdən bezir, əzablardan təngə gəlir, belə bəxt yazan Tanrıya etiraz ünvanlayır, amma onu inkar etmirdilər. Bu şeirlərdə Tanrı ən ali obraz kimi görünə bilirdi. Odur ki, “uzun illər poeziyamızın aparıcı ideyasına çevrilən “yer üzünün əşrəfi İnsandır!” – nidası bu poeziyaya yaddır. Əksinə, dünyada bütün eybəcərliklər və haqsızlıqlar üçün günahkar İnsandır! – ittihamı ilə qarşılaşırıq (İ.Musayeva)”.

Məsələn, V.Səmədoğlu şeirində Allaha inam insana inamdan öndədir. İki nümunənin timsalında diqqət edək:

Biz yox,

Allah inanmır bizə...

İnanmır

əlimiz qana batanda,

insan insana daş atanda

yaxud:

durub pəncərə qabağında, baxıram,

baxıram yağış və yağış səsi altda

ayağı yalın, başı açıq qalmış

bir insan taleyinə,

və bu tale yiyəsi

bu allahsız dünyada da

inanır, inanır, inanır Sənə...

60-cı illərdə şair Allaha münasibətdə müəyyən distansiyadan çıxış edirdi. Bu şeirlərdə müəllifin Allaha yanaşmasında nə qədər cəsarət və doğmalıq, ərk və məhrəmlik nəzərə çarpsa belə, yenə də onu öz dəyərində, ali və mütləq mənasında qəbul etdiyi məlum olurdu. Şair öz taleyindən narazı idisə, bu taleyi dəyişmək, ona yeni qəzavü-qədər yaşatmaq gücünə qadir olan yeganə varlıq yenə də Allahı görürdü:

Ay Allah,

al bu qələm,

bu da alnım!

Fikirləş,

tələsmə,

yaxşı bir şey yaz.

Vaqif Səmədoğlunun 1969-cu ildə yazdığı bu misralar Allaha münasibətdə sanki bir oyun simvolikası üzərində qurulub. Şair Tanrıyla öz yoldaşı, sirdaşı kimi ərklə davranır, onu özündən bir addım öndə görməyi unutmurdu. Bununla da, şeirimizin istər orta əsr ədəbiyyatında, istərsə də sovet ideologiyasının diktəsi ilə Tanrıya münasibətdə sərgilədiyi müraciət, məzmun-forma vəhdəti modifikasiyaya məruz qalırdı. Orta əsr ədəbiyyatında Tanrı eşqinə yazılan minacatlar – onun qüdrətini vəsf və tərənnüm etmələr, sovet ədəbiyyatının xüsusilə, 20-30-cu illərində Tanrıdan imtinaya gətirən zərərli meyllər bu obrazın ədəbiyyatdakı mövqeyinə müəyyən çalarlıq qazandırmışdı. 70-ci illərdə sərgilənən yeni yanaşmalarda isə şairlər Tanrını yerə endirəcək qədər sərbəst davranış nümayiş etdirdilər. Ramiz Rövşənin “Oyun” şeiri dediklərimizə əyani sübutdur:

Bir qış günü yatdım, ancaq

Durub gördüm, payızdı.

Bu kartları dəyiş, Allah,

Mən bu ömrü uduzdum.

Gecəsini, gündüzünü

Götür, bir də qarışdır.

Düş, gözümün qabağında

Burda, yerdə qarışdır.

Qara günlər arxasından

Bəlkə bir ağ gün çıxa.

Ya çıxa qətlimə fərman,

Ya ölüm hökmün çıxa.

Amma çığallıq eləmə,

Düz oyna, təmiz oyna.

Mən gedirəm cəhənnəmə,

İlahi, mənsiz oyna.

70-ci illər poeziyasında Allahı yalnız göylərin deyil, həm də yer üzünün əşrəfi saymaq meylləri heç də onu insanlaşdırmaq, insan kimi görmək məqsədindən yaranmırdı. Bu şeirlərdə Allah əzəmətli güc və qüvvət daşıyıcısıydı. Sadəcə, Tanrıya insani hisslər aşılanır, şairlər obrazlarının yaşantılarını təsvir predmetinə çevirdikləri kimi, Tanrının belə hisslərini, yaşantılarını göstərmək cəsarətində bulunurdular. Hələ 60-cı illərdə Əli Kərimin “Şəhidliyin zirvəsi” şeirində müraciət necə idi? “Tanrı dəhşətə gəlmiş, qaçmış yaratdığından”... Bu Nəsimi dözümü qarşısında şair heyranlığının Tanrı səviyyəsində təqdimi idi. Əli Kərim “Məşəqqətli ölümün Nəsimi zirvəsinə” Tanrının belə heyran kəsildiyini göstərməklə şeirin poetik siqlətini uğurla qüvvətləndirmişdir:

Şəhidi görməməkçin,

İlahi də görünmür! –

Onun qorxusu nədi?

Niyə azad eləmiş

hər ağrıdan şəhidi?

Şəkki-şübhə başını

qaldırdı,

dedi,

“Ay aman,

Tanrı dəhşətə gəlmiş,

qaçmış yaratdığından!” (Ə.Kərim. s. 105-106)

Bu həm də Allaha münasibətdə şeirin yalnız forma deyil, məzmun dəyişimi idi. Ramiz Rövşənin “Qapı” şeirindəki Tanrı obrazı da bizə Ə. Kərim şeirindən həmən tanış statusdadır.

Utandı, sıxıldı Allah,

Qaldı göyün üzündə.

Ziba nənədən gizlicə

Yazıq uzatdı əlini,

Ziba nənənin oğlunun

Yumdu açıq gözlərini,-

Göz yaşından islandı barmaqları.

Sürtdü ətəyinə barmaqlarını,

Barmaqları yenə yaşıydı ancaq.

Yenə sürtdü ətəyinə barmaqlarını,

Ancaq barmaqları yenə yaşıydı.

80-ci illərin əvvəllərində B.Vahabzadənin yazdığı “Fəryad” pyesində Allaha müraciətin xəfif qatına keçilir, Tanrı ilə bağlı hər cür sakral düşüncələr praqmatik müstəviyə adlayır, öz motivasiyasını şairin “insanlıq” fəlsəfəsində tapırdı. Vaxtilə S.Rüstəm yazırdı ki, “Səməd Vurğunun "Vaqif" dramından sonra "Fəryad" pyesi dramaturgiyamızda olan böyük bir boşluğu doldurdu". Hər iki pyesi birləşdirən və ayıran ümumi məqam müəlliflərin həm də Tanrı mövzusuna baxışında, münasibətində üzə çıxırdı. S.Vurğunun hər şeyə görə nicatını Yaradanda arayan qəhrəmanı Vahabzadənin əsərində modifikasiyaya uğrayır, daha çox özünə güvənmək, Tanrını özündə tapmaq, vicdanında aramaq kimi Platon ideyalarının davamçısına çevrilirdi:

İdrakda yol açmış gecədən gündüzə ALLAH!
Güldürməsən öz könlünü gülməz üzə ALLAH!
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş.
Qəlbin gözü yanmazsa görünməz gözə ALLAH!

90-cı illər poeziyasında Allah mövzusunu qabardan şairlər Qulu Ağsəs, Salam, Əlizadə Nuri, Səhər, Pərviz və b. sələfləri V.Səmədoğlu, R.Rövşən, və V.B.Odər idealına sadiq qalaraq mövzuya metafizik müstəvidən yanaşırdılar. Bu şairlərin şeirlərində həyat oyunlarından çıxış yolu ölümdür, ölümlə doğmalıqdır, onunla ironik şəkildə də olsa məhrəmləşməkdir, eyni zamanda burada Tanrı üz tutulası ən son ünvandır.

Kimsən, nəçisən, Ay Allah-

Heç səndən baş açammadıq.

Özün qurduğun dünyada

Sənə bir iş tapammadıq. (Qulu Ağsəs)

Yaxud:

Ya özün çox yuxarı qalx,

ya mən düşüm “aşağı” –

qoy belə bir az da səndən

uzaq qalım, ilahi. (Salam)

Burada Tanrıya münasibət hələ bir qədər yumşaq formadadır, inkar olunmur, müəyyən suallar doğursa belə hər halda varlığına inam görünür, şairlərin düşüncələrində, mənəvi-ruhsal dünyalarında yenə də ali məqamın daşıyıcısıdır. Ustad şair Şəhriyar “Behcətabad xatirələri” şeirində Tanrıya müraciətin ən münis formasını yaradaraq yazırdı ki, “Yatmış hamı, bir Allah oyaqdır, daha bir mən/ Məndən aşağı kimsə yox, ondan da yuxarı”... Salamın şeirində də əslində, Allah elə həmin məqamındadır. Bu məqamı qoruduğuna görə Tanrıya münasibətdə Salam şeiri bəlkə R.Rövşəndən bir addım daha öndədir. R.Rövşəndə ehtimal vardı, Tanrının yerə enməsinə, insanın yanında dayanmasına inam ehtimalı:

Kimdi o göydən şığıyan?!

Dünya dolub işığıynan.

Bəlkə də, göy qurşağıynan

Düşüb Allah özü gəlir...

Salamın şeirində isə müəllif Tanrını yuxarılara səsləsə də, bu aşağıdan yuxarı, yəni yerdən göyə deyil, elə göyün qatından daha ənginliyə çağırışa hesablanır. “Ya özün çox yuxarı qalx,/ya mən düşüm “aşağı”... Bu qənaətin əsası kimi şairin “aşağı” ifadəsini xüsusi ayrıntı ilə nəzərə çarpdırmasıdır. Əslində, şeirdə yeni bir məna çaları yaradılmır... Tanrı onsuz da yuxarıda, insan aşağıdadı. Burada qovuşma, mənəvi vəhdət yalnız sufilərin düşüncəsi ilə desək, qəlbin gözü, səsi ilə mümkündür. Şeirdə isə, göründüyü kimi, müəllifin belə bir fikri olmadığı məlum olur, o, ilahi tarazlığın arzusundadır. Bu mənada, Salam, Qulu Ağsəs şeirlərindəki ilahi tarazlıq 60-80-ci illər şeirlərindəki Tanrını bir addım öndə görmək, ona istinad etmək məramının İnsanın xeyrinə hesablanmış dalğasının təzahürü idi, bir növ 80-ci illər poeziyasında Tanrıya ifrat sevgi ilə 90-cı illərin sonlarından pərvəriş tapacaq Tanrını inkar mövqeli şeirlər arasında körpü səciyyəsi daşıyırdı.

# 1545 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #