Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə Kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verib. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.
Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Tərcümə mətnlərinin müqayisəli təhlili”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri” “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Artıq “Türk dilindən tərcümə lazımdırmı?” və “İkinci dildən tərcümə problemi”, “Tərcümə mətinlərinin müqayisəli təhlili”, “Poetik tərcümənin çətinlikləri”mövzularının müzakirəsi ilə tanış olmusuz.
Budəfəki müzakirə “Fəlsəfi mətnlərin tərcümə problemi”dir. Bu panelin məruzəçiləri Qan Turalı, Əlisa Nicat, Qardaşxan Əzizxanlı və Nadir Qocabəylidir. İlk məruzəçi 100 cildlik “Fikir antologiyası” seriyasının baş redaktoru Qardaşxan Əzizxanlıdır.
İnsanın özünüdərk üçün verdiyi suallara fəlsəfə cavablar axtarır. Fəlsəfəni öyrənərkən inkişaf, azadlıq elmini öyrənirsən. Buna görə də biz dünya fəlsəfəsi korifeylərinin düşüncələrini “özümüzünküləşdirmək” uğrunda işə başlayaraq, fəlsəfi əsərlərin dilimizə tərcüməsini; insanlarımızın fəlsəfi düşüncəyə malik olub, fəlsəfə ilə çulğaşmasını taleyüklü məsələ saydıq,-. dünya fəlsəfəsini milli sərvətə çevirək!
Başlanğıcda qərb fəlsəfəsinə müraciət etməyi qərarlaşdırdıq. Tanınmış fəlsəfəsevər insanlar bu işə dəstək verdi və dünya fəlsəfəsi korifeylərinin 100 cildlik “Fikir antologiyası” seriyasının nəşri başladı. İlk tərcümə kitabımız fransız filosofu, sosioloqu və psixoloqu G.le Bonun “Kütlə psixologiyası” əsəri oldu. Fikirlərinin möhtəşəmliyi ilə insanı heyran edən bu dahinin gəldiyi elmi qənaətlər, apardığı fəlsəfi, sosioloji ümumiləşdirmələr, o cümlədən, dərin elmi müşahidələrə əsaslanan deyimləri Azərbaycan üçün də misilsiz əhəmiyyətə malik idi.
İşə miladi 2005-ci ildə başladıq, indi isə 2015-ci ildir. Necə deyərlər, daxili imkanlar hesabına, ya allah, ya mədəd,- başqa sözlə, dostum, tərcümə, redaktə bizdən, nəşr xərci səndən deyə, cüzi maliyyə ilə bir neçə dünya filosofunun - Nitsşenin, Yaspersin, Kantın və başqalarının ən dəyərli əsərlərini Azərbaycan oxucusunun ixtiyarına verdik.
Uill Dürantın “Fəlsəfi hekayətlər” və Oldos Hakslinin “Cəsur yeni dünya” (çap olunmayıb) əsərlərini çıxmaq şərti ilə “Fikir antologiyası” seriyasının digər kitabları rus dilindən tərcümə edilib. Orijinaldan deyil, rus dilindən olsa da, daha yaxşı tərcüməyə nail olmağa çalışmışıq. Belə hallar da olmuşdur ki, tərcümə olunmuş əsər yenidən işlənmişdir. Tərcüməsi mürəkkəb olan, birinci tərcüməsində qüsurlar aşkar edilən bəzi fəlsəfi mətnlərin ikinci variantını hazırladığımız vaxtlar da olub. Bütün bu cəhdlər Azərbaycan oxucusuna daha keyfiyyətli tərcümə təqdim etmək istəyindən irəli gəlmişdir. Bəzən rus dilindəki əsərin özünün tərcüməsində qüsurlara-dolaşıq fikirlərə, rabitəsiz cümlələrə, dil-üslub xətalarına rast gəlinib və əsəri çevirərkən həmin nöqsanlardan yaxa qurtarmağa çalışmışıq. Məsələn, Güstav le Bonun “Kütlə psixologiyası” belə əsərlərdəndir.
F.Nitsşenin “Zərdüşt belə dedi” əsəri rus dilindən çevrilsə də, ekspert tərəfindən, həm də, alman dilindəki orijinalı ilə müqayisə edilmiş, müəyyən uyğunsuzluqlar olduğundan nəşri saxlanılmışdır (Bu ayrı məsələ ki, həmin əsəri başqa bir nəşriyyat çap etmişdir).
O ki, qaldı bizim əksər hallarda orijinal dilə yox, rus dilinə müraciət etməyimizə… Bunun nədəni məlum,- maliyyə və digər dildən peşəkar (eyni zamanda fədakar) tərcüməçi kasadlığı.
Nəhayət, təəssüflə qeyd edim ki, son tərcümə kitabımız 2011-ci ildə nəşr edilmişdir. Ancaq imkan yaranan kimi başladığımız işi davam etdirmək niyyətindəyik.
Sifarişimizlə tərcümə edilmiş, lakin maliyyəmiz olmadığı üçün başqa nəşriyyatlarda çap edilən, habelə üzərində tərcümə işi yarımçıq qalmış fəlsəfi əsərlərdən danışmayacağıq. Toxunacağımız mövzu fəlsəfi mətnlərin tərcüməsi zamanı ortaya çıxan problemlərdir ki, bu məsələ ilə əlaqədar çətinlikləri, necə deyərlər, fəlsəfi terminlə desək, aposteriori olaraq, əsasən iki qısa tezislə ümumiləşdirmək olar: a)Filosoflarımız yaxşı tərcüməçi deyillər (yaxud, yaxşı tərcümə edə biləcək filosoflarımız bu işlə məşğul olmurlar); b) Tərcüməçilərimizin fəlsəfi bilikləri kifayət etmir. Bu qənaətə filosof olan tərcüməçilərimizlə və tərcümə işində müəyyən təcrübəyə malik olanlarla işləyən zaman gəlmişik. Biz yaxşı tərcüməçilər, yaxşı tərcümələr axtarışı zamanı nələrlə üzləşdik? Tərcümə prosesində nələrə şahid olduq?
M.Engelqardtın “Tərəqqi qəddarlığın təkamülü kimi”əsərinin redaktəsi prosesində aşkar etdiyimiz neçə-neçə qüsurlu tərcümə cümlələrindən biri ilə, nəhayət, mətləbə bir qədər də yaxınlaşaq: “Cəmiyyətin podonki deyil, ingilis intelegensiyası general Kitçeneri salamlayır, yaraqsızların və yaralıların qırıcısına bənövşə dəstələri təqdim edirdilər...” və s. Yenidən işləməkdən ötrü mətn tərcüməçiyə qaytarılsa da, sonunda yenə əsəri orijinalla tutuşdurub,“abıra salmaq” gərək olmuşdur: “General Kitçeneri salamlayan cəmiyyətin tör-töküntüləri deyil, ingilis ziyalıları idi ki, yaraqsızları və yaralıları qıranlara bənövşə dəstələri təqdim edirdilər…” və i.a.
Tərcümə işinə ilk dəfədən məsuliyyətlə yanaşan adamı çıraqla axtarırsan. Kimlərsə özünü tərcüməçi sayır, amma tərcüməni də hansısa dərəcəli iş hesab edir. Məhsulu sənə təqdim edərkən təxminən belə fikirləşir: “bəlkə elə mənin kimi o da özünə zəhmət vermədi...” Elə olmasaydı, məsələn, Q.Skirbek və N.Gilyenin “Fəlsəfə tarixi” kitabının ilk variantı bu səviyyədə olan cümlələrlə nəşriyyata təqdim olunmazdı: “Bütün bu deyilənlər belə bir mənaya işarə vurur ki, mühakimələr bu məna daxilində əsaslandırılmış hesab edilir və bu məna özünə fəlsəfi (bizim mənada etik) məsələləri ehtiva edə bilir”.
Filosof-tərcüməçinin hazır çap məhsulu kimi təqdim etdiyi U.Dürantın “Fəlsəfi hekayətləri”ndə “Biz Platonun dəyişdirici həvəsini itiririk”, “O sanki öz dinləyicilərinə danışmırdı, onlar üçün danışırdı” kimi nə məna daşıdığı bilinməyən cümlələr az olmamışdır.
Biz ilkin misallarda tərcümənin rus dilindəki orijinalını qeyd etmədik. Çünki bu misallardan məqsəd nəşriyyata təqdim olunan tərcümə əsərlərində fikrin, sadəcə, necə qeyri-səlis, bəzən pozuq verildiyinə diqqəti çəkmək idi.
Redaktə prosesi zamanı rastlaşdığımız qüsurlu tərcümələrin rus dilindəki orijinalını da verməklə fikrimizi davam etdirək:
“No tut voznikayet sleduyuşiy vopros. Bıla bı rasovaya diskriminatsiya yuridiçeski zakonnoy i obyazatelnoy...”
Tərcümə: “Elə bu andaca növbəti sual yaranır. Əgər irsi diskriminasiya hüquqi olaraq qanuni və məcburi olsaydı...”.
“İrqi” sözünün “irsi” kimi verilməsini hərf səhvi tək yozsaq da, ikinci sözün “ayrı-seçkilik” kimi yazılmayıb, eynən saxlanmasına bir “ad qoya” bilmədik.
Əlimizdə A.Şopenhauerin “Dünya iradə və təsəvvür kimi” əsərinin iki tərcüməsi var. Hər iki tərcümədən ikicə cümləni nəzərdən keçirək.
Rus dilində mətn: “...yesli kakaya-nibud istina mojet bıt vıskazana a priori, to imenno eta, ibo ona-vırajeniye toy formı vsyakoqo vozmojnoqo i mıslimoqo opıta, kotoroya obşeye vsex druqix, obşeye vremeni, prostranstva i priçinnosti: ved vse oni uje predpolaqayut yeye, i esli kajdaya iz etix form, v kotorıx mı priznali otdelnıye vidı zakona osnovaniya, imeyet znaçeniye liş dlya otdelnoqo klassa predstavleniy, to, naoborot, raspadeniye na obyekt i subyekt slujit obşey formoy dlya vsex etix klassov, toy formoy, v kotoroy odnoy voobşe tolko vozmojno i mıslimo vsyakoy predstavleniye, kakoqo bı ono roda ni bılo-otvleçennoye ili intiutivnoye, çistoye ili empiriçeskoye”.
1-ci tərcümə: “...əgər hansısa həqiqət a priori olaraq söylənilərsə, o halda məhz budur, zira o, bütün fikirlərini zamana, məkana və səbəbiyyətə nisbətən daha ümumi xarakterə malik hər növ mümkün və ağlabatan formanın ifadəsidir; axı onların hamısı onu nəzərdə tutur və əgər bizim əsas qanununun ayrı-ayrı növləri kimi qəbul etdiyimiz bu formalardan hər biri yalnız ayrıca təsəvvür növü üçün əhəmiyyət kəsb edirsə, əksinə, obyektə və subyektə parçalanma bu dərəcələrin hər biri üçün ümumi forma xidmətini görür, elə bir forma ki, tək bir burada hansı növ olursa-olsun, - mücərrəd və ya intuitiv, təmiz və ya empirik – hər hansı bir təsəvvürə malikdir və ağlabatandır”.
2-ci tərcümə: “...hansısa bir həqiqət a priori deyilə bilərsə, o elə məhz budur, zira o–təcrübənin bütün başqalarından, zamandan, məkan və səbəbiyyətdən daha ümumi xarakterə malik olan hər cür mümkün və düşünülə bilən formasının ifadəsidir, axı onların hamısı onu artıq nəzərdə tuturlar və onlarda əsas qanununun ayrı-ayrı növlərini qəbul etdiyimiz bu formalardan hər biri yalnız təsəvvürlərin ayrıca bir sinfi üçün əhəmiyyət kəsb edirsə, əksinə, obyektə və subyektə parçalanma bütün siniflər üçün ümumi forma olur, elə bir forma ki, ümumiyyətlə, hansı qəbildən–mücərrəd və ya intuitiv, xalis və ya empirik olmasından asılı olmayaraq, yalnız onda hər cür təsəvvür mümkün olan və düşünülə biləndir”.
Mətnin davamı: “İtak, net istinı bolyeye nesomnennoy, bolyeye nezavisimoy ot vsex druqix, menyeye nujdayuşeysya v dokazatelstve, çem ta, çto vse suşestvuyuşeye dlya poznaniya, t.e. ves etot mir, yavlyayetsya tolko obyektom po otnoşeniyu k subyektu, vozzreniyem dlya vzirayuşeqo-koroçe qovorya, predstavleniyem”.
1-ci tərcümə: “Beləliklə, idrak üçün mövcud olmayan, daha çox şübhə doğurmayan, bütün fikirlərindən daha müstəqil, sübuta az ehtiyacı olan həqiqət yoxdur, yəni bütün bu aləm subyektə münasibətdə obyekt, seyr edən üçün tamaşa, qısası desək, təsəvvürdür”.
2-ci tərcümə: “Beləliklə, idrak üçün mövcud olan hər şeyin, yəni bütün bu dünyanın yalnız subyektə münasibətdə obyekt, seyr edən üçün seyr, qısa desək, təsəvvür olduğu barədə həqiqətdən daha şəksiz, digərlərindən daha müstəqil, sübuta daha az ehtiyac duyan həqiqət yoxdur”.
Tərcümələrdə, hətta“poznaniya” (idrak) ilə “soznaniye”ni (şüuru) qarışıq salma halları vardır...
J.F.Liotarın “Postmodern durum” əsərinin bir abzasını iki müxtəlif tərcümədə təqdim edək.
Rus dilində mətn: “Uproşaya do kraynosti, mı sçitayem “postmodernom” ne doveriye v otnoşeniya metarasskazov. Ono yavlyayetsya, koneçno, rezultatom proqressa nauki; no i proqress v svoyu oçered predpolaqayet eto ne doveriye. S vıxodom iz upotrebleniya metanarrativnoqo mexanizma leqitimaçii svyazan, v çastnosti, krizis metafiziçeskoy filosofii, a takje krizis zavisyaşey ot neye universitetskoy instituçii. Narrativnaya funkçiya teryayet svoi funktorı: velikoqo qeroya, velikiye opasnosti, velikiye kruqosvetnıye plavaniya i velikuyu çel”.
1-ci tərcümə: “Son dərəcə sadələşdirməklə, biz “postmodern”i metahekayətlərə münasibətdə etibarsız hesab edirik. Əlbəttə, o, elmi tərəqqinin nəticəsidir; ancaq tərəqqi də öz növbəsində bu etibarsızlığı tələb edir. Metanarrativ mexanizmin istifadəsindən çıxış edən legitimləşmə, xüsusi ilə, metafiziki fəlsəfənin, həmçinin, ondan asılı olan universitet təsisatlarının böhranı ilə əlaqədardır. Narrativ funksiya böyük qəhrəman, böyük təhlükələr, böyük dünya səyahəti və böyük məqsəd funktorlarını itirir”.
2-ci tərcümə: “İfrat dərəcə sadələşdirərək biz metahekayətlər barədə inamsızlığı “postmodern”sayırıq. O, əlbəttə, elmi tərəqqinin nəticəsidir; lakin tərəqqi də öz növbəsində bu inamsızlığı təxmin edir. Legitimləşdirmənin metanarrativ mexanizmin istifadədən çıxarılması ilə, o cümlədən, metafizik fəlsəfənin böhranı, eləcə də, ondan asılı olan universitet institutusiyasının böhranı ilə bağlıdır. Narrativ funksiya funktorlarını: böyük qəhrəmanını, böyük təhlükələri, böyük dövr-aləm dəniz səyahətlərini və böyük məqsədi itirir”.
Hansı tərcümə daha dəqiqdir, yaxud hər iki tərcümədə hansı düzəlişlərə ehtiyac var? Bu məsələnin məsuliyyəti tərcümə mətnlərini bütünlüklə orijinalla müqayisə əsasında yoxlayan redaktorun üzərinə düşür.
Tərcümə zamanı, əsasən, təyini, frazeoloji söz birləşmələrinin, xüsusən də, fəlsəfi mətnlərdə geniş işlənməsə də, idiomatik ifadələrin, bəzən adi hallarda adların tərcüməsində yanlışlıqlara yol verilir. Çoxlu sayda sözlərin semantikası, semiotikası təhrifə məruz qalır. Yamaq təyinlər, epitetlər “ixtira edilir”, ironiyaya səbəb olacaq qədər gülməli cümlələr meydana çıxır.
Bəzi tərcüməçilərimiz “Sposobax mışleniya”nı “təfəkkür üslubları” (əslində, “təfəkkür tərzləri”), “predmetov potrebleniya”nı “ehtiyac predmetləri” (burada: “istehlak şeyləri”), “osevoye vremya”nı “təməl dövrü” (əslində, “mehvər zaman”), “vımirayuşiye narodı”nı “ölümə məhkum xalqlar” (əslində, “nəsli kəsilməkdə olan xalqlar”), “do istoriya”nı “tarixə qədər” (daha dəqiqi: “tarix önü”) kimi (və s. və i.a.) tərcümə etmişlər.
Məsələ burasındadır ki, təkcə mürəkkəb fəlsəfi fikirlərin tərcüməsində deyil, sadə cümlələri dilimizə çevirərkən belə yanlışlıqlara yol verildiyinin şahidi olmuşuq. Bəzən tərcüməçilər, həm də redaktə məsuliyyətini boynuna götürmüş, nəticə isə... nəticəsizlik olmuşdur. Aşağıda gətirdiyimiz misaldakı kimi:
Rus dilində: “Aristotel rodilsya v ioniyskom polise Staqira, raspolojennom na makedonckom poberejye”. (Q.Skirbek və N.Gilyenin “Fəlsəfə tarixi” əsərindən)
Tərcümə: “Aristotel İoniyanın Makedoniya sahillərində yerləşən Stagir adlı bir polisində anadan olmuşdur (Tərcümə və ilkin redaktə eyni adam tərəfindən edilmişdir)”.
Tərcüməçi məsuliyyətsizliyi, qeyri-peşəkarlığı ucbatından redaktə prosesi bizim üçün həmişə çox ağrılı keçib. Bunu K.Yaspersin “Tarixin mənası və təyinatı” əsərinin nəşrdən qabaqkı nüsxəsindən gətirəcəyimiz bir neçə misalla sərgiləməyə çalışacağıq:
Rus dilində: “Lyuboye soprikosnoveniye s nim v posledstviye nosit xarakter novoqo posvyaşeniya”
Tərcümə: “Onunla hər hansı təması nəticədə yeni xəbərdar olunmuşlar xarakteri daşıyırdı”.
Aydındır ki, öz-özlüyündə “posvyaşeniya” sözü yerinə görə beş-altı məna daşıyır. Burada isə, əslində, “tanışlıq” mənasında işlənmişdir.
Yaxud:
“Etoy toçke zreniya protivostoit druqaya”.
Tərcümə: “Bu nöqteyi-nəzərə başqa bir şey qarşı durur”.
“Bu nəzər nöqtəsinə qarşı başqası mövcuddur” kimi tərcümə edilməli olan sadə bir cümlə tərcüməçinin “interpretasiyasında” əcaib şəklə düşmüşdür.
Başqa misal:
“Na zapade filosofiya istoriya voznikla na osnove xristianskoqo verouçeniya.
Tərcümə: “Qərbdə tarixin fəlsəfəsi xristian dini ənənələrinin əsasları üzərində bərqərar olmuşdur (Əslində: Qərbdə tarixin fəlsəfəsi xristian dini əsasında yaranmışdır /meydana gəlmişdir/)”.
Daha bir misal:
“Momentı bojestvennoqo otkroveniya znameniyut soboy reşitelnıye povorotı v potoke sobıtiy”.
Tərcümə: ”Dövrün hadisələr selində ilahi ixtiralar özündə bir çox çevrilişlərin həlledici anlarını əks etdirməklə əlamətdardır (Əslində: İlahi vəhy anları özündə hadisələr axınındakı qəti dönüşlərin əlamətlərini daşıyır)”.
Yenə orada “Kto je klassifiçiruyet klassifikatorov” (“Təsnifatçıları təsnif edən kimlərdir?”) kimi sadə bir cümlə tərcüməçi tərəfindən “Klassifikatorları klassifikasiya edən kimlərdir?” tək verilmişdir.
Bəzi tərcümələri səsləndirmək belə utanc gətirir Məsələn, “Sleduyet otmetit, çto s etoy otsenkoy soqlasyatsya daleko ne vse” (Q.Skirbek, N.Gilye “Fəlsəfə tarixi” əsərinin tərcüməsindən) cümləsini (“Qeyd etmək lazımdır ki, heç də hamı bu qiymətləndirmə ilə razılaşmaz”) dilimizə gör necə “çevirib” bizə təqdim etmişdilər: “Qeyd etmək lazımdır ki, ilə bu qiymətlə razılaşarlar hamı olmaqdan çox uzaqdır”(??!!). Aydındır ki, cümlə niyə bu haldadır, çünki bu adam olan bəndənin etdiyi tərcümə deyil. Yenə fəlsəfi terminlə desək, yəqin tərcüməçi a priori düşünüb: mümkündür ki, redaktor işə elə onun kimi başdansovdu yanaşsın. Bu cür “tərcüməçilərlə” (və “tərcümələrlə”) işləmək, təbii ki, heç də asan olmamış, xeyli əsəb və vaxt tələb etmişdir.
Beləliklə, yuxarıda söylədiyimiz kimi, fəlsəfə ilə məşğul olub, tərcüməçilik edənlər Azərbaycan dilinin (və tərcümə etdikləri dilin) incəliklərini yaxşı bilmirlər, hər iki dilə yaxşı bələd olan tərcüməçilərimizin isə fəlsəfi bilikləri yetərli deyil.
Tərcümə üçün əsər seçildiyi kimi əsərə görə də tərcüməçi seçilməlidir; tərcümə ediləcək əsərin nəmənəliyinə, onun müəllifinin kimliyinə bələd tərcüməçi.
Sözün sonunda
Biz bu bir neçə səhifəlik yazı ilə nəşr etdiyimiz əsərlərin tərcüməsi və redaktəsi zamanı ortaya çıxan problemlərdən söz açmağa, nəzər nöqtəmizi izah etməyə çalışdıq. Göründüyü kimi, fəlsəfi mətnlərin yaxşı tərcüməsinə nail olmaq üçün fəlsəfi bilik, tərcümə etdiyin və tərcümə edilən dilin incəliklərinə dərindən bələd olmaq gərəkir. Bu keyfiyyətlər bir adamda cəmlənməlidir ki, məqsədə çatmaq mümkün olsun. Bundan ötrü isə aidiyyəti üzrə redaktorlar, ekspert səviyyəsində peşəkar tərcüməçilər kontingenti yetişdirmək lazım. Bu məsələnin müsbət həllinə doğru addım Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılmasıdır və artıq ilk təşəbbüslər ortadadır.
Heydər Hüseynov “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” əsərində yazırdı: “Ən böyük arzum şərq və qərb filosoflarının əsərlərini Azərbaycan dilində görməkdir”. Biz bu arzunun bir zərrəciyini də olsa həyata keçirmək amacında bulunmuşlarıq.