XX əsrin ən mübahisəli şairi

XX əsrin ən mübahisəli şairi
24 sentyabr 2014
# 12:29

Cummings XX əsrin ən bənzərsiz, novator və mübahisəli şairlərindəndir. Şeirlərində çoxluğun, kütlənin dar düşüncəliliyini rədd edərək, fərdləri, erotizmi təqdir və tərənnüm etmişdir. Kütlə psixologiyası, konformizm və yekəxanalıq onun əsas tənqid hədəfi idi.

Cummings şairliyi ilə yanaşı, həm də tanınan rəssam, kubizm və futurizm kimi sənət cərəyanlarının izləyicisi idi. Cummingsin vizual sənətlərə olan hədsiz marağı, onu qeyri-ənənəvi tipoqrafiya, durğu işarələrini alt-üst etmə, məsəllərlə danışma, misra bölmə, qeyri-konstruktiv cümlə quruluşu, gözlənilməz yerdə böyük hərfdən istifadə etmək kimi texniki eksperimentlərə meylləndirmişdi.

Edvard Estlin Cummings 1894-ci ildə Kembric, Massaçusetsdə dünyaya gəlib. Atası Harvardda sosiologiya professoru və tanınmış Uniterian kilsəsinin rahibi idi. Cummingsin uşaq yaşlarından şeirə və sənətə olan marağına valideynləri dəstək oldular. Xüsusilə anası onun Longfellou kimi bir şair olmasını arzulayırdı. Cummings 1911-15-ci illər arasında Harvardda ədəbiyyat təhsili aldı. Universitet jurnalında aktiv iştirak etdi. S. Foster Damon və John Dos Passosla dost oldu, sonra avanqard sənətlə, modernizm və kubizmlə tanış oldu. Gertrude Stein, Ezra Pound, Amy Lowel və Pablo Pikassolu modernizmə təriflər yazdı. Modernist, kubist metodları şeirlərdə istifadə etdi.

İlk şeirləri 1917-ci ildə “Səkkiz Harvard şeiri” antologiyasında çap edildi. Bu şeirlərdə ilk dəfə “mən” (i) sözünü kiçik hərflə yazdı; bu, təvazökarlığı, həm də fərdin bircəcikliyini təmsil edir.

Cummingsin şeirlərinin oxunması və anlaşılması asan deyil. Tənqidçi Jennifer Sauvey onun şeirləri haqqında belə yazır: “Şeir deyiləndə adamın ağlına imaj, obraz, qafiyə, ölçü və formal dil gəlir. Amma Cummingsdən söhbət gedəndə, bunların hamısını unutmalısız. Cummings bunların hamısından qaçır. Heyf ki, çoxlarının Cummings haqqında bilgisi onunla ancaq bəzi sözləri gözlənilməz şəkildə böyük hərflə yazmağı ilə məhdudlaşır. Halbuki onun şeirlərindəki alt mənalar, həcvləri, dəqiq müşahidələri və usta söz seçimləri həmişə göz ardı edilir.”

Cummings şeir fəlsəfəsini belə izah etmək olar: “Şeir qulaq üçün olduğu qədər, həm də göz üçündür.”

Barbara Vatson onun haqqında belə deyir: “Böyümək və riskə getmək onun anarxist azadlığının əsas prinsipləridir. Mütləqin, mükəmməlin, elmi dəqiqliyin güvənliliyi çox vaxt lazımlı ola bilər, amma yenə də sevilməz... Cummingsin şeirləri də bu nəzəriyyəyə uyğundur. İdeal şəraitdə riskə getməyin örnəkləridir onun şeirləri. Şansını yoxlamaq cəsarətinə sahibdir, üstəlik bunu istəyərək və ləzzətlə, həm də özgəsi üçün yox, yalnız özü üçün edir. Həmişə qələbə qazanmaya bilər, amma bir dəfə qazansa, bu, bütün uğursuzluqlarına bədəldir, gülünc görünmək bahasına...”

Tərcüməçidən

“Lalələr və bacalar” kitabından.

Nəğmələr IV.

Barmaqların hər şeyin tumurcuğunu

cücərdər.

saçların çox vaxt sevgi saatları:

elə hamardı ki

nəğmə oxuyar, deyər

(sevgi bir günlük olsa da)

qorxma, heyrətamizliyimiz davam edəcək.

bəmbəyaz ayaqların gəzişməkdə tak-tukla

Daim –

öpüşmə oyunundadır nəmli gözlərin,

belə ki, əcaibliyi çox şey

söyləyər, cəh-cəh vurar

(sevgi bir günlük olsa da)

sən hansı qıza çiçəklər gətirirsən?

Sənin dodaqların olmaq bir şeydir dadlı

və balaca.

Ölüm, Səni istək ötəsi zənginlik sayıram

budursa tutduğun,

başqasını qaçırarsan.

(sevgi bir günlük olsa da

və həyat heç bir şey, öpüşməyi kəsməməli).

Oriental I

söylədim sənə

bir təbəssümlə və sən

cavablamadın

ağzın sanki

qıpqırmızı musiqi simi

Bura gəl

Ey sən, bir təbəssüm deyilmi həyat?

söylədim sənə bir

nəğməylə və sən

qulaq asmadın heç

gözlərin ilahi sükutun

vazası kimidi

Bura gəl

Ey sən, bir nəğmə deyilmi həyat?

söylədim

sənə ruhumla və

sən maraqlanmadın heç

üzün sanki xəyal qapanıb

təmiz qoxularla

Bura gəl

Ey sən, sevgi deyilmi həyat?

söyləyirəm

sənə bir qılıncla

və sən susqunsan

köksün sanki bir türbə

çiçəklərdən daha yumuşaq

Bura gəl

Ey sən, ölüm deyilmi sevgi?

“Yox, təşəkkür” kitabından.

16.

yoxlaya bilərəmmi dedi kişi

(“qışqıraram dedi qadın

yalnız bircə dəfə dedi kişi)

əyləncəli olar dedi qadın

(toxuna bilərəmmi dedi kişi

nə qədər dedi qadın

bir xeyli dedi kişi)

nədən olmasın dedi qadın

(haydı gedək dedi kişi

çox uzağa yox dedi qadın

çox uzaq nədir ki dedi kişi

olduğun yer dedi qadın)

qala bilərəmmi dedi kişi

(necə yəni dedi qadın

bax belə dedi kişi

öpsən əgər dedi qadın

tərpənə bilərəmmi dedi kişi

sevgi budurmu dedi qadın)

istəyin varsa dedi kişi

(amma cazibədarsan dedi qadın

amma həyat budur dedi kişi

amma arvadın dedi qadın

indi dedi kişi)

ah dedi qadın

zirvədəydim dedi kişi

qəti dayanma dedi qadın

yox xeyr dedi kişi)

yavaşca irəlilə dedi qadın

gəldinmi? dedi kişi

hmmm dedi qadın

ilahisən! dedi kişi

(sən Mənimsən dedi qadın)

# 5325 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #