Qəbiristanlıqdakı səməni

Qəbiristanlıqdakı səməni
21 mart 2013
# 09:15

Yaqut Sabirqızı

Yazın gəlişi havadan duyulmasa da hamı bayram təlaşında idi. Evlərdə təmizlik işləri aparılır, səməni göyərdilir, bayram şirniyyatları bişirmək üçün tədarük görülürdü. Şəhərdə küçələr, dükan, bazar adamlarla dolu idi. Alıcılar ailə büdcəsinə qısınaraq, satıcılar bu bayram fürsətindən istifadə edərək alış-veriş edirdilər. Amma hamının üzündə bir fərəh hissi dolaşırdı.

Sanki insanlar keçən bayramdan bu bayrama sağ-salamat çıxmalarına sevinirdilər, bundan fərəhlənirdilər. Bu bayramın ən xoşa gələn cəhəti isə o idi ki, insanlar bu əziz günlərində dünyadan köçənlərini yaddan çıxarmırdılar. Həmişə də bunun üstündə mübahisə edirdilər. Dünyasını dəyişmiş əzizlərinin ruhunu xoş etmək üçün onlar bu ayini dəqiqliklə yerinə yetirmək istəyirdilər. Bəziləri bayramdan bir həftə əvvəl, bəziləri bayrama qalan axırıncı cümə axşamı, bəziləri isə martın 19-u ziyarətin düzgün olduğunu iddia edirdi. Ana ilə qızı arasında bu barədə telefon danışığı oldu. Ümumiyyətlə, onlar hər gün telefonla danışırdılar. Hətta iş, ev qayğılarından qurtaran kimi qızı cumurdu telefona:

- Mama, necəsən?

- Yaxşıyam.

- Nə var, nə yox?

- Salamatçılıqdır.

- Qohumlarda nə var, nə yox?

- Heç nə, hər şey köhnə qaydasındadır.

Bu səfər ana soruşdu:

- O tərəfə nə vaxt getmək fikrin var?

Qız cavab verdi:

- Biz bazar günü rayona gedəcəyik, hamımız. Qəbir üstünə çıxacağıq. Keçən il də uşaqlar əsgərlikdə olduqları üçün bayram ziyarətinə getməmişdik. İndi uşaqlar da istəyirlər nənə, babalarının ziyarətinə getsinlər. Səhər gedib, axşama qayıdacağıq.

Ana təlaşlandı:

- Ay bala, bayram günləridi. Yollar indi basırıxdı. Ehtiyatlı olun !..

Sonra: - Onda bəs bu tərəfə nə vaxt gedək?

Qız:

- Ana, ayın 29-u həftənin birinci günüdür. Bu il fevral 29 gün olduğundan il 20-si təhvil olacaq. 19-da bayram axşamı olur. Gözdə, qayıdaq 19-u bir yerdə gedərik.

Anası telefonla danışmağa elə də həvəsli deyildi. Onun da öz qayğıları vardı. Həyat yoldaşını itirəndən sonra oğlunun ailəsi ilə bir yerdə yaşayırdı. Başını onların gündəlik qayğıları ilə qarışdırırdı. Televizor, qəzet və bir də rəhmətə getmiş həyat yoldaşının çap olunmamış əsərlərini onun iş otağındakı kompüterdə səliqəyə salırdı. Bu bəhanə idi. O öz keçmiş müəllimi, həyat yoldaşı, həyat müəllimi ilə belə ünsiyyət saxlayırdı.

Qız ananın biş-düşü ilə maraqlanırdı. Çünki hər bir qız kimi onun da anası onun gözündə etalon idi. Ən dadlı bişmiş onun anasının əlindən çıxırdı. Özü yaşa dolsa da bişmişdən söz düşəndə - “Mənim mamam onu belə eləyir”-deyirdi. Müəllimə ona bütün davranışı və evdarlığı, xarakterindəki dözüm və səbirli olmağı ilə nümunə idi.

Bir neçə gün əvvəl oğlanları ilə işdən qayıdanda nənəyə baş çəkdilər ki, görsünlər nənə bayramqabağı nə edir. Həmişəki kimi hamı işində-gücündə, nənə evdə idi. Onun sevdiyi guşəsi olan mətbəxə keçdilər. Nənəni görmək istəyən bura gəlməli idi. Nəvələr səbirsizliklə nənədən : - Hə nənə, yeməyə hazır nəyin var? – deyə soruşdular.

Nənə tövrünü dəyişmədən – Var- dedi. Amma əvvəlcə qaz pilətəsinin yanındakı qazanı ehmalca stolun üstünə qoydu. Oğlanlar qazanın içindəkinin nə olduğunu bilmək üçün qazana sarı boylandılar.

Nənə :

- Ay bala, başqa şeydi. Yemək burdadır. İndi verirəm.

Nəvələr ( nəvələr deyəndə nənənin qızının iki oğlu var, hər ikisinin də 22-23 yaşları . Amma onlar nənəni görəndə elə özlərini 5-6 yaşındakı uşaq kimi aparırdılar) yenə də qazanın içindəkinin nə olduğu marağıyla qapağı qaldırdılar : - Bu nədi, ay nənə?

Nənə yenə də tövrünü dəyişmədən: - Buğdadı – deyə cavab verdi: – Səməni qoyacam...

Ana dildə qızı ilə razılaşmışdı. Amma qız öz qayınanası və qayınatasının qəbirlərini ziyarət etmək üçün rayona tərpənən kimi, ana da tərpənmişdi o tərəfə. Onlar o tərəf deyəndə əzizlərinin, canlarının parası olan, müharibədə şəhid düşmüş ananın gözəl oğlunun uyuduğu şəhidlər qəbiristanlığını nəzərdə tuturdular. Dillərinə gətirə bilmirdilər. Düz 18 ildir ki, onlar ora o tərəf deyirdilər. Ananı, atanı yaralamamaq, oranın reallığını unutdurmaq üçün.

Qız o tərəfə anasız getməli oldu, öz ailəsi ilə. Xiyabanda adamlar seyrəlmişdi. Qız ürəyində fikirləşdi ki, elə günortadan az keçmiş bura gəlmək yaxşıdı. Tünlük olmur. Xiyabana qədər ağır-ağır gəlirdilər. Çünki bu o qədər ağır görüş idi ki, onun ağırlığı gələnlərin elə bil addımlarından asılırdı. Bura gələnlərin hamısı, onların bütün qohumları, ailə üzvləri başlarına gələn bu fəlakətdə elə bil özlərini suçlu bilirdilər...

Yaxınlaşdılar. Sinə daşının üstündəki qərənfillər və bir də ananın özünün cücərtdiyi səmənidən ananın gəldiyi duyulurdu. Qız həmişəki kimi ayaq tərəfdə dayandı. Əvvəlcə baş daşının üstündəki qardaşının qınayıcı nəzərlərinə gözü dikildi, sonra sinəsi üstündəki səməniyə baxdı. Ürəyi parçalandı səmənini görəndə. Səməni elə bil evdən yox, bir gözəl dağın döşündən ayrılıb gözə görünməz bir qüvvə tərəfindən gətirilmişdi bura. Sıxlığı, rəngi, boyu göz oxşayırdı. O qədər gözəl idi ki, elə bil insan əli dəyməmişdi. İlahi nəfəsdən yaranmışdı:

- Ay ana, sən nə qədər güclü, ürəkli, qüvvəli, iradəli bir insansan. Sənin dözümünə heyranam. Sən gör bu buğdanı alanda, onu evə gətirib artlayanda, cücərdəndə ürəyindən nələri keçirmisən? 18 ildir sən bu gözəl oğlanın üstünə öz cücərtdiyin səməniləri gətirirsən. Bu illər ərzində hər onun ad günündə, hər onsuz keçən bayramlarda sən nələr çəkirsən, onları düşünməyə belə adamın ürəyi gəlmir.

Xiyabanda həmişə gözünün yaşını ürəyində qurudan qız bu dəfə özü ilə bacarmadı. Ruhani Yasin surəsini oxuyub qurtardı. Gəldikləri kimi ayaqlarını sürüyə-sürüyə, ağır-ağır şəhid oğlanın bayramını təbrik edib çıxdılar...

Həmin səməni tək deyildi. O bir cüt idi. O birisi isə Binəqədi qəbiristanlığında bir igid kişinin sinəsində özünə məskən salmışdı.

# 3310 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #