"Şəbnəm Tovuzlu tələbatı ödəyir" - Bəlkə, Parisdəki həqiqətən "yekə bir vışka"dır?

"Şəbnəm Tovuzlu tələbatı ödəyir" - Bəlkə, Parisdəki həqiqətən "yekə bir vışka"dır?
23 oktyabr 2026
# 12:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Qustav Eyfel XIX əsrin axırlarında Fransanın mühəndislik möcüzəsini layihələndirəndə, yəqin ki, hər cür ssenarini nəzərə almışdı: metalın genişlənməsini, Paris yağışlarının korroziyasını, hətta intihar etmək fikrinə düşən romantik fransızların çəkisini də... Amma qəti əminəm ki, fransız mühəndisi 300 metrlik döymə dəmir konstruksiyanın bir gün Tovuzdan Parisə gedən bir müğənninin leksikonunda cəmi üç kəlməyə sığışacağını yuxusunda belə görə bilməzdi: “Parisdəki o yekə vışka”.

Bəli, nəhayət ki, dünya memarlıq tarixi Şəbnəm Tovuzlunun şəxsində özünün ən lakonik, ən fundamental və ən unikal təfəkkürlü tənqidçisini tapdı. Fransızların iki yüz ildir boğaz yırtıb “La Tour Eiffel”, dünya ədəbiyyatının “romantizmin paytaxtının polad simvolu”, Viktor Hüqonun “qotik şəhərin yad cismi” adlandırdığı o nəhəng abidənin pasportunu Şəbnəm xanım efirdə cəmi bircə saniyədə, gülə-gülə gözlərini süzdürərək cırdı atdı. Vışkadır da, qardaş, nə şişirdirsiniz? Hündürdür, dəmir-dümürdür, başında da siqnal lampası yanıb-sönür, gecə də işıqları yanır... Rayonda transformatorun yanındakı rabitə qülləsindən fərqi nədir ki? Sadəcə bir az arxitekturalı "vışka"dır, vəssalam...

"Yol əhvalatı"ndakı Səyavuşun sözü olmasın, bütün bunlardan sonra məni bir gic gülmək tutur...

Sonra ikinci mərhələ gəlir: sosial şəbəkələrin "ziyalı" təbəqəsi dərhal klaviatura arxasına keçib Şəbnəmi savadsızlıqda, cahillikdə, dünya görüşünün "Xırdalan dairəsi"ndən o tərəfə keçməməsində ittiham edir.

Amma gəlin, əlimizi vicdanımıza qoyub danışaq: Doğrudanmı Şəbnəm Tovuzlu bu qədər sadəlövh, dünyadan bixəbər, qəflət yuxusunda yatan biridir? Mən artıq düşünürəm ki, xanım Tovuzlu bütöv bir xalqı, media məkanını, reytinq xəstəsi telekanalları və ən əsası, özünü hamıdan ağıllı sayan sosial media cameəsini də illərdir ələ salır, bəlkə də bizə gülür... Mən artıq ciddi-ciddi düşünməyə başlamışam ki, biz böyük bir tamaşanı bilet almadan məcburi izləyirik.

Gəlin, hadisəyə bir neçə prizmadan, heç bir demaqogiyaya yuvarlanmadan, birbaşa gözümüzün qabağındakı acı gerçəkliklərlə baxaq.

Birincisi, "bilərəkdən trollama" nəzəriyyəsi deyə bir anlayış var. Dünyada PR (ictimaiyyətlə əlaqələr) mütəxəssisləri milyonlar xərcləyirlər ki, hansısa məşhurun adını "trend"ə salsınlar. Şirkətlər xüsusi alqoritmlər qurur, böhran menecmenti hazırlayır. Şəbnəm xanıma isə heç bir PR meneceri lazım deyil. O, xalqın psixologiyasını o qədər mükəmməl öyrənib ki, sanki laboratoriyada reaksiyaları əvvəlcədən ölçüb-biçir. O yaxşı bilir ki, efirə çıxıb Eyfel qülləsinin 1889-cu il Ümumdünya Sərgisi üçün tikildiyini desə, yaxud Luvr muzeyindəki Mona Lizanın fırça vuruşlarından danışsa, verilişin o hissəsinə heç aparıcının özü də qulaq asmayacaq, tamaşaçı kanalı dəyişəcək, Yutubda cəmi 40 baxış yığılacaq, onların da 30-u təsadüfən klikləyənlər olacaq.

Amma "o yekə vışka" dediyin an... Bismillah! Xəbər saytları manşet atır, "İnstaqram" səhifələri kəsib "reels" edir, TikTokda səsinə minlərlə parodiya çəkilir, hələ mən də oturub ərinməz- ərinməz buna dair köşə yazıram, bir sözlə, elliklə Şəbnəmin "cahilliyini" müzakirə edirik. Nəticə? Şəbnəm yenə gündəmdədir, yenə hamı ondan danışır, toylara qiyməti bir qədər də qalxır, verilişlərin qonorarlı qonağına çevrilir. İndi deyin görüm, burada kim kimi dolayır? Parisdəki abidəyə "vışka" deyib kassanı dolduran Şəbnəm, yoxsa oturub ona əsəbiləşən, əsəbiləşdikcə də onun baxış sayını qaldıran biz "başıdolu, cibiboş intilligentlər?"

İkincisi, efirimizin zövqümüzün güzgüsü olması məsələsinə yenə qayıdırıq. Televiziya rəhbərləri hər dəfə bu cür müğənniləri efirə çağıranda guya onları "ifşa" etmək, xalqın qınağına hədəf etmək istəyirmiş kimi görünürlər. Aparıcı kinayəli təbəssümlə sual verir, cavab alanda guya heyrətlə gözlərini bərəldir, arxadan montajla gülüş effekti qoyurlar. Əslində isə bu, qarşılıqlı maraqlar üzərində qurulmuş səssiz bir "mədəni cinayət ortaqlığı"dır. Efirə alim, yazıçı, filosof çıxaranda reytinq cihazları sıfır göstərir, reklamverənlər qaçır. Amma Şəbnəm "vışka" deyən kimi sponsorlar növbəyə durur: kolbasa şirkəti, mebel salonu, plastik cərrah... Şəbnəm sadəcə tələbatı ödəyir. O, kütlənin ona biçdiyi "sadəlövh, amma pullu kənd qızı" rolunu o qədər dahiyanə oynayır ki, Oskarlı aktrisalar onun yanında ancaq Tədris Teatrında epizodik rola çıxa bilərlər.

Üçüncüsü isə məsələnin dil və düşüncə estetikasıdır. Bizi ya əsəbdən, ya hər nədənsə güldürən həm də bu təfəkkürün əslafcasına səmimi olmasıdır. Bizim məişətimizdə hər şey utilitardır, hər şeyin birbaşa təyinatı olmalıdır. Əgər bir dəmir parçasının üstündə samovar qaynatmaq, ona qoyun bağlamaq, yaxud heç olmasa qonşunun həyətinə baxıb Wi-Fi tutmaq olmursa, ona heykəl, abidə deməyin nə mənası var? Bizim mental arxitekturada hündür dəmir yalnız iki şey ola bilər: ya neft buruğu, ya da rabitə qülləsi, yəni vışka! Şəbnəm Tovuzlu fransız modernizmini özünün daxili təsərrüfat təfəkkürünə elə gözəl uyğunlaşdırıb ki, Jan-Pol Sartr dirilib baxsaydı, özünün "varoluşçuluq" nəzəriyyəsini cırıb atardı...

Sözügedən müğənni efirdəki savadsız çıxışlarına görə dəfələrlə tənqid edilib, dəfələrlə linç olunub, amma dincəlmir. Dincələ də bilməz. Çünki dincəlsə, unudular. Sistem belə qurulub: bu coğrafiyanın şou-biznesində qalmaq üçün ya gərək doğrudan dünya səviyyəli sənətkar olasan (bu variant həm çətindir, həm də gəlir gətirmir), ya da cəmiyyətin əsəb tellərində kamança çalmalısan... Şəbnəm xanım ikincini seçib və bu "simfoniya"nı virtuozcasına ifa edir.

Gülməyinə gülürəm, amma dərhal yadıma düşür ki, oxuduğum fransız klassiklərinin əsərlərini yığmağa düz-əməlli bir kitab şkafı sifariş etmək üçün növbəti maaşı gözləyirəm, Edit Piafı, Mirey Matyeni, İndilanı qırıq qulaqlıqla dinləyirəm, amma bayağı bir müğənni əzəmətli Eyfel qülləsinin altında rəngarəng fotolar çəkdirir, sonra da gəlib səfər təəssüratlarını bu cür bölüşür... Bu səfər başlayıram özümə gülməyə... Bəlkə həqiqətən biz bilmirik, Parisdəki sadəcə yekə bir "vışka"dır?

# 176 dəfə oxunub

Oxşar xəbərlər

Şuşanın qardaşı Kayseridə şeir kimi üç gün - Yazarların Talas görüşləri barədə qısa təəssürat

Şuşanın qardaşı Kayseridə şeir kimi üç gün - Yazarların Talas görüşləri barədə qısa təəssürat

13:00 23 oktyabr 2026
Naibə Allahverdiyeva  xəstəxanaya yerləşdirildi

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

12:50 23 oktyabr 2026
Prezident İlham Əliyev  Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi

12:43 23 oktyabr 2026
Tanınmış aktrisanın baş rolu canlandırdığı film "Qızıl Portağal"da yarışacaq

Tanınmış aktrisanın baş rolu canlandırdığı film "Qızıl Portağal"da yarışacaq

12:40 23 oktyabr 2026
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib - SƏRƏNCAM

12:38 23 oktyabr 2026
"Recep İvedik" ekranlara qayıdır - Təfərrüatlar

"Recep İvedik" ekranlara qayıdır - Təfərrüatlar

12:20 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər