Bu yazıya giriş etmək üçün təsirli cümlələr seçməyəcəm. Sadəcə sizə 7-8 yaşım olanda başıma gəlmiş, peşmançılığını hələ də çəkdiyim bir hadisəni danışmaq istəyirəm.
Günlərin bir günü anam evə əlində böyük bir oyuncaq araba ilə gəldi. Böyük təkərləri, qırmızı rəngli, içində kiçik bir oyuncaq adamın da olduğu bir araba... Sevincimdən yerimdən atlayıb anama tərəf qaçdım. Oyuncağı götürmək istəyəndə anam soyuqqanlı şəkildə məni əli ilə saxladı və onu mənə almadığını dedi. Arabanı xalamın oğlu üçün aldığını dediyində donub qaldım. Ağlamağa başladım. Bütün uşaqlar kimi qışqırdım, bağırdım, zəhlətökən ağlamağım dayanmaq bilmirdi. Anamdan xahiş edirdim ki, bu arabanı mənə versin və xalamın oğluna, Cəmilə, başqasını alsın. Amma anam fikrindən daşınmadı. Arabanı hündür şkafın üstünə qoymuşdu. Balaca olduğumdan onu oradan götürə də bilmirdim.
Süfrədə yemək yeyəndə anama ağız əyirdim. Mümkün olduğu qədər anamla danışmırdım. Oyuncağı həsrətlə seyr etməkdən başqa əlimdən heç nə gəlmirdi. Bir-iki gün keçdikdən sonra süfrədə ikən atam anama dedi ki, oyuncağı yiyəsinə verənə kimi mənim onunla oynamağıma mane olmasın. Anam buna razı oldu. Oyuncağı mənə verəndə məni çox tənbeh elədilər ki, oyuncaqla ehtiyatlı davranım. Oyuncaqlarımla səliqəli davranmağı bacaran bir uşaq deyildim, ona görə də onların ömrü çox uzun olmazdı. Ehtiyatlı olmağımı dönə-dönə tapşırdılar. Çox sevincli idim. Bütün günümü onunla oynayaraq keçirirdim, hətta yatarkən belə yanıma qoyurdum və onu seyr edərək yatırdım. Səhərdən axşama kimi vaxtımı onunla oynayaraq keçirirdim. Artıq oyuncağın mənim olduğunu düşünməyə başlamışdım. Amma...
Bir gün evimizə zəng gəldi. Zəng edən xalam idi. Anamla bir xeyli danışdılar, mən araba ilə oynayırdım. Anam dəstəyi yerə qoyduqdan sonra mənə sabah Cəmilin ad günü olduğunu və bir yerdə ora gedəcəyimizi dedi.
Xoşbəxtliyimi üstələyən bir hiss yarandı. Buruq sevincin səbəb olduğu yarımçıq xoşbəxtlik... Hər nə qədər bu oyuncaqla oynasamda bir gerçək var idi : “O mənim deyil”. Bu sevdiyin qızın başqasının sevgilisi olması kimi bir şey idi amma bununla barışmaq istəmirdim.
Bir gün sonra Cəmilin ad günü olacaqdı və yəqin anam arabanı həmin gün hədiyyə edəcəkdi ona. Beynimdə planlar qurmağa başlamışdım. Yemək yeyərkən arabanı stolun üzərinə qoyub onu seyr edərək yeyirdim yeməyimi. Qaşqabaqla ora-bura gəzişib hey düşünürdüm. Sabaha kimi nəsə etməsəm artıq oyuncaqla vidalaşacaqdım. Qara-qara düşünürdüm. Həmin gün heç arabaya toxunmamışdım da. Otağın bir küncündən sanki mənə baxıb nəsə etməyimi gözləyirdi, o da mənimlə çox xoşbəxt idi və məndən ayrılmaq istəmədiyini hiss edirdim. Ağlımda sadəcə bir fikir var idi. Arabanı öz əllərimlə qıracaqdım. O oyuncaq ya mənim olmalı idi, ya da heç kimin!
Artıq gecə düşmüşdü. Yerimin içində uzanıb ona baxırdım. O da qatili olacaq mənə kədərlə baxırdı. Sanki mənə nəsə demək istəyirdi. Dərindən nəfəs alaraq tavana baxdım və doğru edib etmədiyimi anlamağa çalışdım. Son qərarı verib yorğanı üstümdən açdım və ayağa qalxdım. Otağın küncünə sığınmış arabanın gözlərindən qorxu yox başqa hisslər sezilirdi. Qərarımı vermişdim və fikrimdən dönməməli idim. Onu əlimə aldım. Son dəfə qucaqladım. Oynamaq istəyirdim, amma artıq ayrılıq vaxtı idi. Gözlərimi yumaraq onu parçalamağa başladım. İlk öncə təkərlərini qırdım, sonra qapılarını. Bu bəs deyilmiş kimi içindəki oyuncaq adamı da pəncərədən çölə tulladım. Parçalarına ayırdığım arabanın hissələrini ayağımın altına atıb tapdalamağa başladım. Bütün bunları gözlərim dolaraq etmişdim. Arabanın qırıqlarını bir sellofana yığıb hədiyyə paketinə geri qoydum. Çox rahatlamışdım və gözlərimi yumub yuxuya getdim.
Səhər anam məni tez oyadıb süfrəyə çağırdı.
- Ulucay, gəl tez yeməyini ye, gedək.
Əl-üzümü yuyub süfrəyə gəldiyimdə stolun üstündə paketlənmiş arabanı gördüm. Həmin oyuncaq araba. Gözlərimi ovuşduraraq yenidən baxdım. O idi və tək parça halında sağ-salmat idi. Dünənki gecə etdiklərimi yuxuda gördüyümü düşünməyə başlamışdım. Tez otağıma qaçıb yatağımın altına baxdım, qırıq oyuncaq sellofanda idi. Heç nə anlamayaraq mətbəxə qayıdıb anamdan soruşdum:
- Ana, bu araba nədi?
Anam gülərək cavab verdi :
- Mən ondan 2 dənə almışdım, birini sənə, birini Cəmilə. Sənə özüm elə demişdim ki, oyuncaqla ehtiyatlı davranıb qırmayasan.
Bütün dünyam alt-üst oldu. Dizlərimin üstünə çöküb köhnə türk filmlərindəki kimi “Haaaaaayır! Tanrım neden ben?!” deyə qışqırmaq keçdi içimdən. Hələ də yadıma düşəndə içim yanır.
Bu yazıma giriş zamanı təsiredici, mənalı cümlələr seçmədim deyə yazının sonunda da öyüd verən cümlələr, ya da atalar sözü işlətməyəcəm. Özünüz nəticə çıxarın, əgər nəticə çıxarılacaq bir şey varsa. Ancaq yəqin ki, “Son peşmanlıq fayda verməz” misalı tam yerinə düşərdi. Eh-eh.