Kulis.az tənqidçi Vaqif Yusiflinin “Azərbaycan” jurnalının son saylarında çap olunan “Böyük kitab” layihəsinin “Üçüncü məqalə”sini təqdim edir. Layihə “Müasir Azərbaycan romanı haqqında tənqidi-publisistik düşüncələr”dən ibarətdir.
Üçüncü məqalə
I
«Roman axını» və ya yaxşı nədir, pis nədir?
Biz birinci və ikinci yazımızda son iyirmi ildə Azərbaycan romanının mövzu-tematika, forma-struktur və poetika baxımından müəyyən nailiyyətlər əldə etdiyini nəzərə çarpdırmışdıq. Oxuduğumuz, tanış olduğumuz romanlar haqqında qısa və yığcam şəkildə olsa da, fikir və mülahizələrimizi bildirdik... Ancaq bu yazıda söhbətimizi bir qədər başqa aspektdə davam etdirmək istərdik.
Bu gün ədəbi prosesdə «roman axını» deyilən bir ifadə də formalaşmaqdadır. Hesablamamıza görə son yeddi ildə (2007-2013) bizdə 140-dan artıq roman yaranmışdır və belə çıxır ki, hər ilə nə az, nə çox, 20 roman düşür. Bu, əlbəttə, böyük rəqəmdir, hətta Azərbaycan romanının bütün mərhələləri üçün ən yüksək bir nəticədir. Bəli, roman çox yazılır, kimi dindirirsən deyir roman yazmışam və təəssüflə qeyd etməliyik ki, romana bu meylin və həvəsin nəticəsi heç də ürəkaçan olmur. Sanki XX əsrin əvvəllərində – «kiçik romanlar» dövründə baş verən hadisə yenidən, amma daha şiddətlə təkrar olunur. Amma o zaman bu janr ədəbiyyatımızda təzə idi və yazıçılar romanın necə bir əhəmiyyətli janr olduğunu millətə sübut etmək istəyirdilər. Yüz il keçib və bu müddət ərzində Azərbaycan romanı doğrudan da ədəbiyyatımızda böyük bir inkişaf yolu keçib, roman yazmaq məşğuliyyət kimi yox, sənət kimi dərk olunub. İndiki «roman axını» isə o böyük inkişafın davamı kimi yox, bədiyyat xəstəliyi kimi diqqəti cəlb edir və bu da bir çox səbəblərlə bağlıdır. Birincisi; altmış-səksəninci illərin parlaq roman mərhələsindən sonra ədəbiyyatımızda bu janrın enişi başlandı, həm yazılan romanların sayı azaldı, həm də o səviyyədə (60-80-ci illərdə olduğu kimi-V.Y.) romanlar yaranmadı. Deyə bilərik ki, doxsanıncı illəri roman janrının inkişafında müəyyən mənada bir süstlük, ləngimə dövrü kimi səciyyələndirmək olar. Beləliklə, romana yenidən qayıdışa bir ehtiyac duyuldu. Və müxtəlif nəsillərdən olan yazıçılar, xüsusilə, ədəbiyyata yeni gələn cavanlar bu nisbi «sükunəti» aradan qaldırmağa çalışdılar. Təbii ki, qeyri peşəkarlıq, təcrübəsizlik daha çox diqqəti cəlb etdi. İkincisi; səksəninci illərdən başlayaraq dünyada, keçmiş SSRİ məkanında və Azərbaycanda bir çox mühum ictimai-siyasi hadisələr baş verdi ki, yazarlar istər-istəməz bu hadisələri təkcə poeziya və publisistika dili ilə deyil, epik janrla da əks etdirməyə can atdılar. Bu hadisələr insanların mənəvi aləmində də dərin psixoloji izlər buraxdı. Dünya dəyişirdi və bu dəyişən dünyanın ab-havası romanlarda da əks olunmalıydı. Beləliklə, roman yazmağa kəskin tələbat meydana gəldi. Amma «ictimai tələbat» əksərən bədii nailiyyətə çevrilmədi.
Biz «roman axını»nın ədəbiyyatımız üçün nə dərəcədə ziyanlı olduğunu sübut etmək fikrində deyilik. Ədəbi tənqidin bu «axına» qarşı mübarizədə niyə passiv mövqe tutduğunu da izah etməyəcəyik. Çünki həmin «axında» üzüb gedən, bu gün yazılıb sabah nəfis tərtibatla çapdan çıxan, amma elə «sağlığında» unudulan, bir qisim bəsit düşüncəli oxucuların zövqünü oxşayan «romanları» təhlil etməyə, onları kəskin tənqid hədəfinə çevirməyə ehtiyac varmı? Lakin bir sıra romanlar var ki, onlara münasibətsiz keçinə bilmərik və bu romanların müəllifləri də əksərən cavanlardır. Təbii ki, bu roman müəlliflərinə «ağsaqqal öyüdü» vermək niyyətindən uzağıq.
Bu cavan müəlliflərin bir qismi ədəbi fəaliyyətə şeirlə başlamışlar (Həmid Herisçi, Rasim Qaraca, Nisə Bəyim (onlar artıq cavan olmasalar da), Sevinc Pərvanə, Əli Əkbər, Vüsal Nuru, Qan Turalı, Kəramət Böyükçöl, Aqşin Yenisey, Əsəd Qaraqalpan və s.), bir qismi isə nəsrdə müəyyən təcrübə əldə edəndən sonra (maksimum bir və ya iki hekayələr kitabı, ya da mətbuatda beş-altı hekayə çap etdirəndən sonra) roman yazmağa cürət etmişlər (Cavid Zeynallı, Varis, Natiq Məmmədli və s.).
Əlbəttə, cavanların roman janrına meylini müxtəlif səbəblərlə əlaqələndirmək olar. Birincisi; yeni əsrin cavanları dünyaya, gerçək aləmə loru dillə desək, akuşkadan baxmırlar, Avropa və ümumən dünya ədəbiyyatı qapılarını açıb ən müasir roman mədəniyyətinə yiyələnməyə cəhd edirlər. Onların mütaliə dairəsi pis deyil, hətta romanlarında müxtəlif xarici ölkə yazıçılarından, filosoflardan sitatlar da gətirirlər. Qoy cavanlar Kafkanı, Selinceri, Folkneri, Aytmatovu, Umberto Ekonu oxusunlar, öyrənsinlər və mütaliə dairəsi geniş olanda bunun xeyri də olur. İkincisi; XXI əsr özü bunu diqtə edir və bu gün təkcə Azərbaycan ədəbiyyatında deyil, dünyanın əksər xalqlarının ədəbiyyatında «romanlaşma» prosesi gedir. Yeni roman tipləri yaranır, romanın ənənəvi, «klassik» modellərinə nisbətən az müraciət olunur. Eksperimentlərin sayı çoxalır və təbii ki, bu gənc Azərbaycan romançıları da bu prosesidən halidirlər. Ancaq Avropa və ümumən dünya ədəbiyyatı qapılarını açıb roman mədəniyyətinə bələd olmaq ya da çoxlu xarici roman oxumaq hələ bir romançı kimi uğur qazanmağa dəlalət eləmir. Burada ən başlıca şərt ROMAN TƏFƏKKÜRÜNÜN formalaşmasıdır. Bu mürəkkəb və son dərəcə təzadlı həyat onların gözləri qarşısında cərəyan edir. Müşahidə etməyə, romanları üçün material seçməyə, növbənöv insan tiplərini ümumiləşdirməyə, həyat həqiqətini bədii həqiqətə çevirməyə, ən başlıcası isə roman texnikasına yiyələnməyə onların vaxtı və imkanları genişdir. M.Baxtin «Dostayevski poetikasının problemləri» əsərində yazırdı: «Dostayevski polifonik roman yaradıcısıdır. O, tamamilə yeni roman janrı yaratmışdır. Elə ona görə də onun yaradıcılığı heç bir çərçivəyə sığmır». Əlbəttə, biz haqqında söz açacağımız cavan müəlliflərin romanlarına heç də Dostayevski zirvəsindən yanaşmaq niyyətində deyilik, lakin əlinə qələm alıb (indiki romanların bir çoxu heç qələmlə də yazılmır, birbaşa kompüterə diqtə edilir-V.Y.) roman yazmağa can atan müəlliflər bu işin nə qədər məsuliyyətli, necə çətin və ağır proses olduğunu unutmamalıdırlar. Onlar unutmamalıdırlar ki, dünya ədəbiyyatında «Don Kixot», «Madam Bovari», «Səfillər», «Hərb və sülh», «Anna Karenina», «Karamazov qardaşları», «Patriarxın ölümü», «Əsrə bərabər gün» və s. kimi nəhəng romanlar var. Elə Azərbaycan ədəbiyyatında da milli ədəbi fakta çevrilən romanlarımız az deyil.
Roman elə bir cazibə qüvvəsidir ki, o, istedadından asılı olmayaraq hər bir yazarın yaradıcılıq aləmində can atdığı xoh bir arzuya çevrilir. Bu arzunu reallaşdırmaq üçün bəziləri illər boyu düşünür, daşınır və haçansa içində roman həqiqəti doğulanda daha yazmamaq mümkün olmur. Ya da bu arzu elə arzu olaraq qalır . İndi isə konkret misallara keçək.
Sevinc Pərvanənin «Şəhər»i. Gənc bir müəllif - Sevinc Pərvanə ədəbi aləmdə öncə şeirləri ilə tanınıb, onun ilk şeirləri zərif, lirik duyğulardan doğulmuşdu, amma az sonra onun şeirlərinin «sifəti» dəyişir - o zərif duyğuları erotik cizgilər əvəz edir. Mətbuatda bu gənc müəllifin şeirləri barədə gileylər, qınaqlar sıralanır: «Sevinc Pərvanə Azərbaycan qızlarının ləyaqətini, izzət-nəfsini təhqir edir». Əlbəttə, indi çox işlətdiyimiz və bəzən heç fərqinə də varmadığımız «mentalitet» anlayışı ilə yanaşsaq, Sevinc Pərvanəyə haqq qazandırmırıq. Olsun ki, bu, bir gənc şairin yaradıcılığında ötəri hal ola, keçib gedə, hansı bir Avropa şairininsə təsirindən gələ, internet kanallarından süzülə… Axı, poeziyada Azərbaycan qızına, qadınına o qədər də xas olmayan qeyri-etik düşüncə tərzini şeirə gətirməyin bir mənası varmı?- deyə düşünürük. Feminist dalğanı sanki susəpən vasitəsilə Xəzərin, Göygölün, Xanbulançayın sularına səpələmək o deməkdimi guya «kişi yazarların cürət edə bilmədiyi» bir mövzuya girişəsən?
Sevinc xanım bu şeirlərdən sonra «Şəhər» adlı bir roman yazır və bu yazıda da həmin o mövzunu epik müstəvidə həll etməyə çalışır. Ən əvvəl qeyd edək ki, Sevinc Pərvanənin bu romanı onun bilavastə şahidi olduğu hadisələrin təsirindən yaranıb və o, uşaqlığını, ilk gənclik illərini yaşadığı əyalətdə baş verən bu hadisələri naturalistik bir planda qələmə alıb. Məhz naturalistik planda. Gizlətmək lazım deyil ki, bizim bəzi kəndlərdə, qəsəbələrdə Sevincin təsvir etdiyi həyat tərzi ilə nadir hallarda olsa da, qarşılaşırıq. Deməli, romanı yazmaqdan məqsəd aydındır: əyalətdə yaşayan qızların, qadınların cansıxıcı həyat tərzini təsvir etmək. Doğrudan da, mövzu prinsipcə aktualdır. Amma baxır onu necə, hansı aspektdə ümumiləşdirə biləsən. O, bu qadınların tipik bir nümunəsi kimi Almazın taleyini izləyir. Əyalətdə yolunu azdığına görə el-oba, valideynləri tərəfindən qınaq obyektinə çevrilən Almaz şəhərə yollanır ki, xoşbəxtliyini burada arasın. Yəni ərə getsin. Xoşbəxt olurmu? Bəli, «xoşbəxt» olur, özünü «xədim» adlandıran jurnalist Rafiqə ərə gedir…
Amma… Məsələ elə bu «amma»dadır. Birincisi; biz romanın əsas personajı kimi Almazın nə hisslər keçirdiyinin, nələr düşündüyünün şahidi olmuruq. Onun haqqında yalnız təhkiyəçi - İlahə danışır. Təbii ki, kənardan, sanki əl fanarı ilə salınan işıqda biz Almazın daxili dünyasını izləyə bilmirik. Təhkiyəçi isə öz «zövqünə» uyğun Almaz haqqında mühakimələr yürüdür və biz əl fanarı ilə salınan o işıqda Almazın nə ürəyini görürük, nə də daxili aləmini. İkincisi; tənqidçi İradə Musayevanın bir fikrinə tam şərik oluruq: Müəllif «Onların problemlərini, acılarını, bir ömrə bəs edəcək yanlışlıqlarını göstərə bilirsə də, labirintə düşmüş bədbəxt qızların çıxış yolu üçün ip ucu verə bilmir, xilas kodlarının işarələrini gözləyən oxucu müəllifin öz əlilə yaratdığı obrazların əlində aciz qaldığının şahidi olur». Üçüncüsü; «Şəhər» romanı müəllifin bu janrda ilk sınağıdır və təəssüflə deyə bilərik ki, Sevinc Pərvanə bu sınaqdan çıxa bilməyib, uğursuzluğa yuvarlanıb. Hiss olunur ki, gənc müəllif bu əsər üzərində heç bir cilalama işi aparmayıb. Bəzi şeirlərində olduğu kimi, «roman» adlandırdığı bu materialında da «sərbəst» hərəkət edib, onun texnikasına, poetikasına, ən adi elementar qaydalarına əməl etməyib. Dördüncüsü; bu roman kimlər üçün yazılıb? sualını qoyuruq. Təbii ki, çağdaş oxucuların müəyyən bir qismi üçün bu, «həzmedilməli» bir romandır; oxu və çox da düşünmə, oxu və «həzz» al: bu macəra tipli süjet, bu erotik səhnələr, bu da hind filmlərində olduğu kimi «xoşbəxt» final. Amma yaxşı olar ki, az-çox həyatı müşahidə qabiliyyəti olan Sevinc xanım gələcək romanlarında müasirliyi göz qamaşdıran zahiri effektlərdə axtarmasın, qadın-kişi münasibətlərindəki lirizmi parnoqrafiya səviyyəsinə endirməsin, əxlaqi dəyərləri heçə endirməsin, bu, müasirlik deyil.
Qaraqanın «A» romanı. İlk roman müəlliflərindən daha birinin-Qaraqanın «A» romanı haqqında isə biz bir qədər başqa fikirdəyik. Belə ki, gənc müəllif qarşısına konkret bir məqsəd qoyub və bu məqsədi bədii cəhətdən reallaşdırmağa səy göstərmişdir.
«A» romanı bir gəncin cəmiyyət haqqında, bu cəmiyyətdə baş verən hadisələr barədə düşüncələrini əks etdirir. Cəmiyyətdə, insanlar arasında ədalətsizlik, haqsızlıq baş verəndə, mənəvi harmoniya pozulanda buna qarşı müqavimət hissi də güclənir və necə olursa-olsun, cəmiyyəti dəyişmək, yeniləşdirmək ideyası yaranır.Belə bir ideya isə həyata açıq gözlə baxan, mühafizəkar qanunlarla və bu qanunları şövqlə icra edən ixtiyar sahibləri ilə heç cür barışmayan gənclər arasında intişar tapır. Ancaq onların mübarizə üsulları müxtəlif ola bilər, yayğın ola bilər, arzuları reallaşmaya bilər və s. Romanda təsvir olunan bu gənclər HOST (Hava, Su, Od, Torpaq) adlı bir təşkilatda birləşirlər. Onların proqramları bizim düşündüyümüz mənada heç də maarifçi xarakter daşımır. HOSTün proqram mətnində bu sətirlərlə qarşılaşırıq: «Sənə öyrədilən hər şeyi unut. Sən qum dənəciyi qədər kiçiksən. Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan. Ölüm gələndə isə deyirsən «Mən ki heç yaşamadım»… Sənə danışılan heç nəyə inanma… Sən heç vaxt xoşbəxt olmayacaqsan… Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var. Biz Tarixin sınma nöqtəsiyik. Bizim üçün dəyərli heç nə yoxdur… Bizim gücümüz zəifliyimizi anlamağımızdadır. Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri. Bizim döyüşümüz özümüzə qarşıdır»
Mətndən seçdiyimiz bu sətirlərdən də aydın görünür ki, HOST-çuların məqsəd və məramları dəqiq və aydın deyil. Bu mücərrəd, hətta anlaşılmaz «proqram»la nəyəsə nail olmaq mümkünmü? Həm də həmin «proqram»la gördükləri işlər bir-birilə heç uyğunlaşmır. Çünki bir azdan görəcəyik ki, özlərini heç də ədalət döyüşçüləri hesab etməyən bu gənclər mübarizəyə qoşulurlar- rüşvətxor müəllimlərə, fahişələrə, yolunu azmış adamlara qarşı «hücuma» keçirlər. Özü də onların mübarizəsi bir qədər qeyri-real təsir bağışlayır, mifik və nağılvari görünür. HOST-un mübarizəsi sanki cəmiyyəti silkələməkdir, ona qarşıdakı daha qorxulu bəlaların baş verəcəyinə inandırmaqdır. Ancaq bu mübarizə hansı üsulla aparılır? Onlar bu mübarizəyə hazırdırlarmı? Axı cəmiyyətdə baş verən bütün naqisliklər, neqativ hallar haqqında kəskin danışmaq hələ o mənfilikləri aradan qaldırmaq şansı yaratmır. Böyük döyüşə yollanmaq üçün toplarla, tanklarla getmək olar, kiçik çaplı tüfənglərlə yox…
HOST-çuların «kiçik çaplı tüfənglərlə» ilk hücumu fahişəliyə qarşı başlanır. «Niyə biz bütün dinlərdə açıq-aydın qadağan olunan fahişəliyə qarşı heç nə etmirik? Niyə dövlət cəmiyyətin özəyini çürüdən, depressiyalara səbəb olan fahişəliyə qarşı heç nə etmir? Dövlət deyir bu cinayətdir. Allah deyir bu günahdır. İnsanlar deyir bu pisdir. Amma heç kəs heç nə etmir. Bəlkə biz başlayaq? Allah QİDS- si də göndərdi, amma bu insanlara təsir etmədi». Beləliklə, ailələrin xoşbəxtliyi və sağlamlığı üçün düşünülən mübarizə start götürür. HOST-çular onlarla fahişəni tutub gətirir, xüsusi hazırlanmış dəmir möhürlə yanaqlarına A hərfini qızdırıb basırlar. Bu damğadan sonra fahişələr gecələri min oyundan çıxıb səhərlər adam arasında rahat gəzə bilməyəcəklər. Bu «hərəkat» on gün davam edir və təbii ki, cəmiyyətdə müəyyən əks-səda doğurur. Amma sonra A (təşkilatın rəhbəri) bu «fahişə ovu»nu qadağan edir. Səbəbi odur ki, artıq HOSTçular kimi düşünən gənclər də bu işə qoşulurlar, deməli, problemdən çıxış yolu tapılır.
Növbəti «hücum» rüşvətxor müəllimlərə qarşı aparılır. Bu mübarizə də fiziki üsullarla aparılır. «Rüşvətxor müəllimlərin adı divarlarda böyük söyüşlərlə yazılırdı. Onların avtomobillərinin təkərləri boşaldılırdı, qapıları mıxla cızılırdı. Bəzən həmin müəllimləri liftdə öz dərmanımızla keyidib anadangəlmə soyundurub dənizə buraxırdıq. 70 yaşlı qoca kaftar kişilər lüt eybəcər bədənləri ilə bütün tələbələrin qarşısında əlacsız qalırdılar. Hərdən biz uşaqlara bəzi fəndlər öyrədirdik. Məsələn, istənilən sinfin döşəməsindən bir kiçik parketi qaldırıb içinə iki yumurta qoymaq kifayətdir ki, səhəri gün həmin sinifdə dərs keçmək mümkün olmasın». Romanda bu tipli «əməliyyatlar»ın getdikcə çoxaldığını, ölkəni bürüdüyünü öyrənirik. Hətta bütün bunların siyasi motivlə əlaqələndirildiyi də söylənilir. Amma sonra…Sonra məlum olur ki, bütün baş verən hadisələrin yuxumu, qarmaqarışıq xəyallarmı olduğu müəyyənləşmir.
Əlbəttə, romanda sərt, çox çılğın motivlər diqqəti cəlb edir. Məsələn, HOSTçuların qeyri-adi mübarizə üsulları mahiyyəti etibarilə kriminal xarakter daşıyır.Məmləkəti başına almış cinayətlərin, azğınlıqların qarşısını almaq üçün bundan başqa yol, vasitə yox idimi-deyə düşünürsən. Məsələ burasındadır ki, öncə qeyd etdiyimiz kimi, HOSTçuların düşüncə tərzi maarfçilik ideyası üzərində qurulmamışdır, onlar birbaşa cəmiyyəti müzürr ünsürlərdən təmizləmək istəyirlər. Burada bütün inqilablara məxsus bir dağıdıcılıq istəyi reallaşır. Həm də hər bir hərəkətlərinə də bəraət üçün dəlil-sübut tapa bilirlər.Abbasın məhkəməsində onun son sözünü xatırlayaq: «O dükanlar ki, dövlət vergisindən qaçıb camaatı sərxoş eləyən içkilər satır. O fahişələr ki, sərxoş daydayların pullarını öz döşlərinin arasında gizlədir. Murdar adamlarla dolu barlar, cındır jurnalistlərlə dolu televiziyalar xalqın beynini mənasız şeylərlə doldurub yuxusunu daha da dərinləşdirirsiniz. Bakirə qızları yoldan azdırıb onlarla min bir oyundan çıxırsız. Sizin həyatınız təkcə iş və evdən ibarətdir. Striptiz zallarında bacısına müştəri axtaran namussuzlar. Müdirin masasına uzanan katibələr. Uşaq koloniyalarındakı pedofillər. Demokratiyanın dördillik oyuncaqları. Seçkiqabağı kampaniyalarda camaatın qabağına atılan yağlı sümüklər». Kasıb insanlardan tragediya oyuncağı düzəldən verilişlər. Xeyriyyə məqsədi ilə alınan pulların yarısını cibinizə qoymağınız» və s. ittihamlardan sonra məhkəmə zalına sükut çökür.
Biz bir gəncin - Qaraqanın romanı ilə qismən də olsa, sizi tanış etdik. Təbii ki, bu romanda bizi təmin etməyən, narazı salan məqamlar da diqqəti cəlb edir. Nədir bunlar? Birincisi; romanda ciddi mətləblər qoyulduğu halda, onların bədii ifadəsi zəif təsir bağışlayır. Çox ciddi mətləblərin qoyuluşu psixoloji təhlil manerası tələb edir. Bir az macəraçılıq, bir az da kriminal nöqtələrə varmaq romanın psixoloji effektini xeyli zəiflətmişdir. İkincisi; obrazların təqdimində bütövlük və dolğunluq çatışmır. Hətta az-çox əsas obraz kimi diqqəti cəlb edən Anar haqqında da bunu söyləyə bilərik. Gənc müəllif unutmamalıdır ki, onun yazdığı romandırsa, bu romandakı hər bir obraz bitkin təsir bağışlamalıdır. Üçüncüsü; romanda işığa, həqiqətə can atan, amma zülmətdə boğulan insanlar təsvir olunur. Həyat isə təkcə zülmətdən, qaranlıqdan ibarət deyil. Həyat narkomanlardan, fahişələrdən, rüşvətxor müəllimlərdən də ibarət deyil. Həyatda işıqlı insanlar da var və bunları da görmək lazım idi. İndi Don-Kixot əsri deyil, gücsüz qəhrəmanların qorxulu yel dəyirmanları ilə mübarizəsi da artıq arxaik səslənir. Əlbəttə, bütün bunları bir gənc yazarın roman yazmaq təcrübəsinin azlığı ilə də izah etmək olar. Amma bir məsələ var ki, Qaraqanın romanı da özü kimi gəncdir. Lap uşaqdır da deyə bilərik.
Yaşca daha gənc bir müəllifin - Sahilənin «Çevriliş» romanı da cəmiyyətdə baş verən mənəvi aşınmaları, depressiyanı, xüsusilə, bunun qadınların həyatında oynadığı deqradasiyaları əks etdirir. Hiss olunur ki, gənc müəllif ümumən roman üçün tələb olunan bir neçə şərtə əməl etməyə çalışır: birincisi - romanın əsas qəhrəmanının taleyini, onun həyat yolunun ən mühüm mərhələsini-bir insan kimi özünü dərk etməsini və bu dərketmə prosesində necə dəyişməsini izləmişdir. O, təsvir etdiyi qəhrəmanın həm bir qadın kimi faciəsini (namusunun ləkələnməsini), həm də bundan sonra mənəvi dünyasında baş verən çevrilişi izləyir. İkincisi; romanda təsvir olunan hadisələr yaxın tarixi dövrdə-keçən əsrin doxsanıncı illərində baş verir. Romana yazdığı şərhdə istedadlı yazar Qismətin çox doğru olaraq söylədiyi belə bir fikirlə tam razılaşırıq ki: «…roman boyu imperiya buxovundan qurtulub müstəqilliyini yenicə əldə etmiş ölkənin, zorlanıb namusu ləkələnmiş Zərifənin taleyi ilə paralellik təşkil edir, yəni ölkə də qabıq verib dəyişir, başqa mərhələyə keçir, çevrilir, Zərifənin həyatı da…Zərifə çevirici, bir mətni başqa dilə çevirəndi, ölkə bir formasiyadan başqasına keçib çevrilib və ən nəhayət, qəhrəmanın öz həyatında da bir «çevriliş» baş verib». Amma bu «çevriliş» gərgin, əzablı psixoloji stiuasiyalarla müşayiət olunur. İstəmədiyi, sevmədiyi halda bir xariciyə - Brandona ərə gedən Zərifə öz ölkəsində təhqir olunduğu üçün belə bir addım atır. Amma get-gedə hiss olunur ki, bu mühit ona yabançıdır, çünki «yadların yanında güclənmək olmur». Yad ölkədə «karaoke oxumağı, rokdan zövq almağı, skripkada çalmağı, yatmazdan qabaq kitab oxumağı, marka paltar geyməyi, xoşa gəlmək üçün gülümsəməyi, zövqlü sözlər seçib ağıllı cümlələr deməyi, kübar qadın rolunu oynamağı» bacarmaq olar, amma bu çevrilişdimi? Olsa-olsa, qəhrəmanın düşdüyü mühitə alışması, başqa bir məmləkətdə özünü xoşbəxt qadın kimi təsəvvür etməsidir. Bu, sadəcə adaptasiyadır. Əsl çevriliş içəridə, daxili-mənəvi aləmdə baş verir. Roman boyu müəllif Zərifənin yad mühitdə acizliyini, pasivvliyini nəzərə çarpdırsa da, sona doğru artıq özünü dərk etmiş bir qadının oyanma prosesini nəzərə çarpdırır.
Şübhəsiz, gənc müəllifə bu romanla bağlı xeyli iradlar da söyləmək olar. Deyə bilərik ki, romanda publisistik izahlara heç bir ehtiyac yox idi və bunlar bədii mətndə lüzumsuz şəkildə səpələnib, əslində, bunların bədii mətndə nəyə xidmət etməsi də məlum deyil. Deyə bilərik ki, romanın dili, xüsusilə, təhkiyəçinin dili əsasən sadə, anlaşıqlı olsa da, bəzi məqamlarda cümlə kələ-kötürlüyü, anlaşılmazlığı da nəzərdən qaçmır. Məsələn, nə deməkdir «Yeniliklərdən sevinc istehsal edə bilmirdim». Nə deməkdir «Təmkinlə yağış yağırdı» və s. belə misallar gətirmək olar. Deyə bilərik ki, bəzi məqamlarda müəllifin öz təfəkkürü ilə onun qəhrəmanının təfəkkürü, anlaq tərzi eyniləşdirilir və sanki, müəllif öz qəhrəmanına ağıl paylamağıyla qürur duyur, öz bildiklərini onun hesabına keçirir. Amma Sahilənin həyat müşahidələri, roman boyu obrazların səciyyəsi ilə bağlı seçdiyi detallar maraqlı təsir bağışlayır və biz onu roman yazmaqdan, bu ağır və məsuliyyətli işdən yayanmağı yox, yeni romanlar yazmağı tövsiyə edirik.
Hələ ömrünün ədəbi gənclik yaşı ilə vidalaşmayan Natiq Məmmədli də ilk romanını oxuculara təqdim edib..Biz onun hekayələr kitabı haqqında bir resenziya ilə çıxış etmişdik və yazmışdıq ki, Natiqdə həyatı müşahidə qabiliyyəti güclüdür, o, gerçəkliyin reallıqlarını bədii reallığa çevirə bilir, mükəmməl süjet təqdim etmək qabiliyyətinə malikdir, onun təqdim etdiyi obrazlar da bədii ümumiləşdirmə meyarına uyğundur. Onun «Ümid körpüsü» romanında həyati bir problem qoyulub və müəllif bu problemi bədii şəkildə, romanın tələbləri baxımından həll etməyə cəhd göstərmişdir. Romanda günümüzün, çağdaş dövrümüzün gerçək problemləri ilə qarşılaşırıq və Natiq Məmmədli onları ümumiləşdirmə meyarına uyğun olaraq bizə təqdim edir.
Nədir bu problemlər? Siz yəqin ki, böyük ədibimiz Nəriman Nərimanovun «Pir» povestini oxumusunuz. Kütlənin axın-axın, dəstə-dəstə Pirə böyük ümidlə pənah gətirməsi və axırda da onun daşa tutulması süjeti ilə tanışsınız.Bu əsər təbii ki, kütlənin şüurundakı dini fanatizmi məhv etməyə yönəldilmişdi və Nərimanovun bəlkə başqa bir məqsədi də yox idi.
Natiq Məmmədlinin romanında da insanlar Ümidqovan kəndinə-Pirə ziyarətə gəlirlər. O, bu Pirin yaranmasının müxtəlif versiyalarından tutmuş onu idarə edənlərin –icraçıların missiyalarına qədər təfərrüatı ilə nəql edir. Romanın sonunda bu pir də dağılır, amma Nərimanovun əsəri sırf realistik planda yazılmışdısa və məqsəd də o idi ki, beyinlərdəki xurafatı darmadağın etsin…bu romanda isə tamam başqa məqsəd güdülür.
«Ümid körpüsü» fanatizmin ya xurafatın tənqidi və ifşasına həsr olunmayıb və sonda Ümid pirinin dağılması belə buna haqq vermir ki, deyək ki, gənc romançının da məqsədi böyük ədibimizin məqsədiylə eyni idi. Yox! «Ümid körpüsü»nün məqsəd və qayəsi tamam başqadır.
Birincisi; romanda reallıqla fantaziya, şüuraltı ilə şüur elementləri üslubu müəyyənləşdirən vasitələr kimi diqqəti cəlb edir. Amma fərqinə də varmırsan ki, reallıqdı bu, yoxsa fantaziya, gerçəklikdi bu, yoxsa nağıl? Bunlar sinxron halda elə qaynaqlanıblar ki, nə olursa, nə baş verirsə, hamısı reallıqdı deyə düşünürsən.. Uşağın-Ümidin ürəyində danışması və kiminlə danışırsa, onu da dialoqa çəkməsi …əslində, bunun reallığına inanmasan da, baş verən əhvalatların məntiqi səni inandıra bilir. Və fikirləşirsən ki, uşağın Pirdəli, yaxud Telli ilə «ürək dialoqları» deyilən reallıq ola bilməz, amma bu dialoqlarda elə mətləblər çözülür, dünyanın, həyatın, cəmiyyətin elə məsələləri ortalığa çıxır ki, bir anlığa irreallığı unudursan və fantaziya sənə sırf zahiri element kimi görsənir. Natiq Məmmədli bu mənada dünya romanı təcrübəsindən faydalanıb. Yaxud, Ümidin yuxusu..Bu, romanda onun məna və mahiyyəitini aydınlaşdıran uğurlu bir bədii vasitədir. Yuxuda dünənlə bu gün birləşir və keçmiş, qədim əsr müasir Ümidqovan üçün yaddaş funksiyasını yerinə yetirir. Bu mənada romanda başqa bir mətləb çözülməlidir: Ümidqovan adlanan bu kənd nəyin rəmzi və simvoludur? Kənd işğal olunmasın, tapdağ altına düşməsin deyə, adamlar ya Mitridatın, ya da Pompeyin yanına elçi göndərməlidirlər. Bu xüsusda xeyli məsləhətləşmələrdən sonra qərara gəlirlər ki, həm Şərqə tərəf, həm də Qərbə tərəf elçi göndərsinlər, hər iki tərəfə dostluq təklif etsinlər, bayraqlarının altından keçməyə hazır olduğunu bildirsinlər, nə zaman ki, döyüş başa çatdı, kim güclü olsa, o tərəfə də keçsinlər. «Baş əymək üçün səmtin nə fərqi var, təki başımız salamat olsun». Bu düşüncə tərzi əsrlərdən əsrlərə adlayır və bu mənada Ümidqovan kəndinin keçmişi ilə bu günü arasında fərq duyulmur.
İkincisi; roman «müasir cəmiyyətin bədii təhlilidirsə» (Belinski), gəlin, XIX əsrdə söylənilən bu fikirdən yan keçməyək. «Ümid körpüsü»ndə müəllif buna nə dərəcədə nail olub? Buna aid xeyli misallar gətirə bilərik. Ancaq biri ilə kifayətlənmək olar. «Bu adamları dəyişməsən, ovcuna sıxıb canına hopan torpağa «vətən» deyə bilməyəcəksən. Üstündə cahillər gəzən, qanqal bitən düzəngaha vətən deyib əzizləsən də, vətən olmayacaq. Vətən torpaq deyil, vətən onun üstündə gəzən adamlardı, onların sonunu gördüyün üçün hələ imkan varkən uçuruma yuvarlanmamış qollarından tutub saxlamalısan. Bizim kəndin camaatına yazığım gəlir, ürəyimdən qara qanlar axır, əlimin içi kimi bilirəm; axırı yaxşı olmayacaq, nəsə boğanaq, qatmaqarışıqlıq, dava-şava, insanlığın alçalmasını, insafın, mürvətin heç-puç olub getməsini görürəm. Pirin müqəddəsliyi qurtaran kimi qara yellər əsəcək».
Əslində, qara yellər əsməyə başlayıb və ümumən təkcə Ümidqovanda deyil, ondan kənarda, bura pənah gətirən insanların məskənlərində də belə aqibət gözlənilir. Müqəddəslik itən və qurtaran yerdə doğrudan da, dünya, insanlıq sosial, mənəvi bəlaların ağuşuna düşür və əslində, çağdaş dünyamızda baş verən hadisələr də qara yellərin əsdiyindən xəbər verir.
Amma müəllif cəmiyyətdəki kataklizmləri, mənəvi müflisliyi, insanların bir-birinə qənim kəsildiklərini daha sərt və kəskin planda, təbii ki, rəmzə, simvola ehtiyac duymadan da tünd boyalarla təsvir edə bilərdi. İnsanların ədalət axtarışları romanda bir neçə hadisənin timsalında ümumiləşdirilə bilərdi. Ədalət axtarışları varsa, deməli, bu, ədalətsizliklərin geniş masştabından xəbər verir. Amma sonda, məktubların oxunuşu prosesi qismən də olsa, həmin boşluğu aradan qaldırır. Digər tərəfdən Pir «sahibləri»nin-Qırmızı Xudunun, Qələm Bəkirin, Yoğun Minənin bu günkü «xoş taleləri» arxasında o qədər də xoş olmayan tərcümeyi-hallar durur. Və bütün bunlar «Ümid körpüsü»ndə müasir həyatın kataklizmləri, təzadlı olayları öz əksini tapır,-deyə bilərik.
Üçüncüsü; romanda müəllif qayəsinin daşıyıcısı pirə gətirilən lal uşaqdır. «Uşağın boğazında söz qalıb, düz söz, onu deyən kimi dili açılacıq» - bunu pir sahiblərinin dəli sandıqları Pirdəli deyir və tezliklə o da Ümidin-lal uhağın daşıdığı missiyaya şərik olur. Ədəbiyyatdakı «ağıllı dəli»lərdən birinin də sayı artır. Roman boyu Pirdəli ilə Ümidin «ürək söhbətləri» davam edir və bu söhbətlər əslində, romanın ideya-mətləb yönünü, istiqamətini müəyyənləşdirir. Bu söhbətlər bəzən fəlsəfi məzmun da kəsb edir, amma müəllif məsələləri çox da qəlizləşdirmir, reallıqlara daha çox diqqət yetirir. Ümid pirə gələnə qədər həyatın bir sıra amansızlıqları ilə üzləşmişdi. Qonşuları ilə münaqişənin ona necə ağır təsir bağışladığını unutmaq olmaz. Həmçinin atasının vəzifə ehtirasları, səngimək bilməyən başqa təmənnaları haqqında da düşünür. Pirdəli onun boynuna dünyanı dəyişmək vəzifəsini qoyur. Təbii ki, bunu şərti planda anlamaq lazımdır. Bu qəhrəmanlığa nail olmaq üçün Ümid Pirdəlidən həyat dərsi keçir: «Üstündə gəzdiyin torpağı vətən eləmək üçün zamanın səndən gözlədiyi yox, alnına yazılan qəhrəmanlığı eləməlisən. Ehtiyatlı ol, torpaq minnəti götürmür, torpaq həmişə yeməyə qəhrəman axtarır… Vətəndən danışan, xala xətrin qalmasın onun qabağına bir «ana» sözü də artırıb ağzı köpüklənən adamların dərhal ürəyinə boylan, orada qorxaq, hürkək, riyakar, üzə bir, astara iki sifətlər, hazırlanıböz növbəsini gözləyən min cür maskalar görəcəksən. O adamlardan uzaq gəz, o adamlara qarşı çıx, yalanlarını üzlərinə de, qoy qızarsınlar, qoy səndən Qırmızı Xudu yulğun kolundan qorxan kimi qorxsunlar. Dediklərimi eləsən, torpaq da səndən razı qalar, heç olmasa təsəlli tapar ki, üstündə qədir-qiymətini bilən damazlıq adam gəzir»ö
Beləliklə, dili açılmaq üçün pirə gələn uşaq qəhrəmanlığa səfərbər olunur. Burada təbii ki, fantastikanı, irreallığı unuduruq və həmin uşaq Pirin xilaskarına çevrilir. Qalaq-qalaq məktublar, ərizələr məhv edildikcə Pir də müqəddəslik pərdəsini üzərindən götürür: «Ümid Piri ətrafına səpələnmiş qalaq-qalaq kağızların arasında okeanda ləngər vuran gəmiyə bənzəyirdi»
Və «Ümidqovanda təzə gün başlamalıydı».
Ümidin-lal uşağın dili açılır və əslində, burda da bir rəmz var. Dünyanın naqisliklərdən, pisliklərdən təmizlənməsi yeni nəslin öhdəsinə düşür.
Roman başa çatır, amma suallar bitmir. Ümidqovanın axırı necə olacaq? Dünya düzələcəkmi?
«Ümid körpüsü»nün də bir məziyyəti onun sənətkarlıq xüsusiyyəti kimi məxsusi dili ilə seçilməsidir. Natiq Məmmədli hekayələrində olduğu kimi, romanda da Azərbaycan dilinin həm ədəbi, həm də xalqdan gələn danışıq dilini vəhdət halında qovuşdura bilmişdir. Hər obrazın öz fərdi xarakteri cızıldığı kimi, öz danışıq tərzi, nitqi də məxsusidir. Natiq Məmmədliyə yeni romanlar yazmağı arzulayaq!
Cavid Zeynallının «Leyla»sı. Cavan bir nasir- Cavid Zeynallı da artıq iki romanın müəllifidir. O, bir neçə hekayənin müəllifi kimi tanınırdı, deyəsən, arabir şeir də yazırdı. Amma hekayədə kifayət qədər talant nümayiş etdirməmiş o, «Günəşi gözləyənlər» adlı bir roman çap elətdirdi və tənqidçi Əsəd Cahangir həmin romana «İnsan olmaq lazımdır!» adlı kifayət qədər tərifli və tanıdıcı bir məqalə həsr elədi. Əsəd Cahangir məqalənin əvvəlində Cavid Zeynallının hekayələrində nəzərə çarpan «canlı dili, axıcı təhkiyəni, realist müşahidə qabiliyyətini, süjet qurmaq, hansısa məsələ qoyub onun bədii həllini vermək çabasını» xüsusi qeyd edir və onun birdən-birə romana keçməsini sözün yaxşı mənasında təəccüblə qarşılayır. Bu təəccüb tənqidçinin rəğbətini ifadə edir. Yazır ki: «Özü-özünü ötüb keçən müəllifin istər mənəvi, istərsə də yazı texnologiyası baxımından sıçrayışı göz qabağındaydı... Cavid uğursuz eksperiment aparmayıb, fiasko ilə sonuclanan roman məşqi eləməyib, öz yaşı, təcrübəsi, savadının konturları çərçivəsində uğurlu bir çabada bulunub». İlk romanını çap etdirən cavan bir müəllif üçün ədəbi prosesdə öncül tənqidçilərdən biri kimi imic qazanmış bir müəllifin bu sayaq tərifi bizim üçün heç də gözlənilməz deyil. Əsəd Cahangir düzünü desə də, ya səhv mülahizə yürütsə də, fikirlərini isbata yetirməyə özü demişkən, «çaba» göstərir və buna nail olur.. Hətta Cavid Zeynallı o şərəfə layiq görülür ki, «Günəşi gözləyənlər» romanı bir Norveç yazıçısının əsəri ilə müqayisə edilir və Əsəd Cahangir yazır ki, Cavid təqlidçilik yolu tutmur, Norveç kronunu sadəcə Azərbaycan manatına dəyişməklə kifayətlənmir, daha çox psixologizmə köklənən Norveç romanından fərqli olaraq Cavidin romanı sücetin rəngarəngliyi baxımından diqqəti çəkir. Onun qəhrəman və personajları xarakterik milli xüsusiyyətləri ilə seçilirlər.
«Leyla» romanında müəllif mənəvi-əxlaqi bir problem qaldırır və təqdim etdiyi qəhrəmanlarının timsalında bu problemi bədii-estetik səviyyədə ifadə etməyə çalışır. Müəllif bu romanın təqdimatında söyləyib ki: «Leyla bir müğənninin obrazıdır. Onun timsalında mən Azərbaycan şou-biznesinin çağdaş durumunu və şou-biznes mühitində bir insanın faciəsini göstərməyə çalışmışam». Amma biz belə düşünmürük. Çünki şou-biznes aləmi (əslində, Azərbaycan mühitində belə bir aləm hələ tam formalaşmayıb) məhdud bir sahədir və bu məhdudluq özünü o dərəcədə hiss etdirir ki, haqqında mənəvi-əxlaqi prizmada danışmağa haqq vermir. Çünki romanda qaldırılan problem «şou-biznes» problemindən daha üstündür.
Roman bir jurnalistin bir şöhrətli müğənni ilə tanışlığından başlayır, bu tanışlıq getdikcə dərinləşir, qarşılıqlı anlaşma halına da keçir. Qırılan anlar da olur, anlaşılmazlıqlar da yaranır, amma bu tanışlıq, sonra «eşq» münasibətləri, daha sonra müğənniyə görə zorakılıq, döyülmə faktı romanda təfsilatı ilə nəql edilir. Romanın sonluğu heç bir gözlənilməz hadisə ilə diqqəti cəlb eləmir və müəllif, qəhrəmanı olan jurnalistin «Leyla» romanını bitirdiyini söyləyir. Əlbəttə, biz Cavid Zeynallı ilə onun qəhrəmanı-jurnalist Rəcəbi eyniləşdirmək fikrində deyilik. Lakin yazıçı ilə onun qəhrəmanı arasında fikir eyniliyi, hədəf müəyyənliyi nəzərə çarpır və bu mənada Cavid Zeynallının romanında, münasibətini və mövqeyini açıq şəkildə bildirməsə də, müəlliflə onun qəhrəmanı arasında həmrəyliyi hiss edirik.
Cavidin romanına qəhrəman konsepsiyası nöqteyi-nəzərindən yanaşdıqda, ilk növbədə, onun təqdim etdiyi obrazların yaşadığı, fəaliyyət göstərdikləri mühiti də nəzərə almalıyıq. Bu mühit ziyalı mühitidir, lakin orada işıq, müsbət ideal, yəni o dövrdə bizim axtardığımız işıq və ideal nəzərə çarpmır. Sadəcə olaraq bu ziyalı mühitinin işıqlı tərəfləri yox, işıqsızlığı canlandırılır. Diqqət edin: şöhrətli müğənni Leyla başdan-ayağa səhvlər və günahlar içindədir, şöhrət zirvəsinə istedadı ilə yüksəlsə də, şəxsi həyatında xoşbəxt deyil. Yalanlar, riyalar, günahlar onu heç vaxt tərk etmir. Bir tərəfdən biz onu həssas, incə qəlbli bir xanım kimi qəbul ediriksə, digər tərəfdən, onunla bağlı elə hadisələrlə üzləşirik ki, təsəvvürlərimiz dəyişir. Doğrudanmı, cəmiyyətimizdə bu tipli insanlar var və belələri doğrudanmı bizim mənəviyyatımızın göstəriciləridir? Bu mənada Leylanı həyatdan, gerçəklikdən gəlməyən bir obraz kimi qəbul etməyə bilərik. Lakin..məsələ burasındadır ki, Leyla məhz gerçəkliyi ifadə edir. Belə mürəkkəb taleli insanlar əhatəmizdə çoxdur və gənc Azərbaycan yazıçısı Cavid Zeynallı onu təsvir edərkən, hərəkətlərinə, davranışına, əxlaqına qiymət verərkən o qədər də yanlışlığa yol verməmişdir. Leyla jurnalist Rəcəblə söhbətində öz həyatını birər-birər xatırlayır və doğrudan da biz, istedadlı bir insanın son dərəcə mürəkkəb taleyi ilə üzləşirik. Həyat, indiki dünyamız son dərəcə mürəkkəbdir. Cəmiyyətdə, həyatda situasiyalar, əvvəlki normalar, qanunlar dəyişib, təbii ki, bu, özünü ədəbiyyatda da hiss etdirir.
Cavidin Leyla ilə yanaşı, digər obrazlara - Rəcəbə və Əsmərə münasibəti də reallığı əks etdirir. Rəcəb - həyatda gözləniləməz hadisələr arxasınca gedən, qorxmadan, çəkinmədən, heç nəyin fərqinə varmadan cəsarətli bir yazar ömrü yaşayır, özü də Leylanın əhatə olunduğu mühitin hər guşəsinə bələd olmağa çalışır, burada təhqirlərə də tuş olur, başı qəzalardan qurtulmur, amma bütün bunlar onun gerçək həyatıdır, o, bundan zövq alır. Xəyalında hətta «böyük yazıçı» imicini yaşayır
Amma çox təəssüf ki, romandakı hadisələr bəzən öz realist axarını itirir, müəllif özü də sanki macəraçılığa üstünlük verir, qəhrəmanlarını da bu səmtə yönəldir, süni melodrama ünsürləri, bulvar romanlarının bəzi elementləri ilə qarşılaşırıq.
Amma «Leyla» romanında Cavid Zeynallının gələcəkdə yaxşı bir romançı olacağını vəd edən bir məqam diqqəti cəlb edir. Cavid Zeynallının romanında bədii dil öz emosional çalarları ilə diqqəti cəlb edir, əsasən xoş təsir bağışlayır, biz bunu gənc Azərbaycan yazıçısı üçün müsbət bir hadisə hesab edirik.
«Leyla» romanını biz Cavidin gələcək əsərləri üçün yaxşı mənada bir məşq hesab edirik.
Varisin romanları. İkimininci illərin əvvəllərində Azərbaycan oxucuları yeni bir romançı ilə də tanış olmaq imkanı qazandılar. Bu, «Sonuncu ölən ümidlərdir», «Bir ovuc torpaq», «Sənə inanıram» və «Metamorfoz» romanlarının müəllifi Varisdir.
Varisin romanları oxunan romanlardır və o, bunu əyani sübut eləmək üçün hər romanının ilk səhifələrini «Oxucu sözü»nə ayırır. Azərbaycanlı və hətta dünyanın müxtəlif xalqlarına məxsus oxucular birmənalı şəkildə təsdiq edirlər ki, «əsər təsirlidir», «mən bu dərəcədə maraqlı kitab oxumamışdım», «bu həyatda tüğyan edən hadisələri belə gözəl qələmə aldığınız üçün sizə minnətdarlığımı bildirirəm», «əsərdən çox zövq aldım», «romanı çox bəyəndim, əla romandır», «sizin kitabı böyük çətinliklə əldə etdim. Çox maraqlı, ürəyə toxunan əsərdir. İnanın, göz yaşları içində oxudum», «Metroda, avtobusda, işdə, evdə, harada boş vaxtım olurdusa, dərhal açıb sizin kitabınızı oxuyurdum» və s. və i.a. Geniş oxucu marağının (mən Varisin kitablarının ilk səhifələrində öz ürək sözlərini ifadə edən müəllifləri nəzərdə tuturam) sirri nədədir? Fikrimizcə, burada heç bir sirr, müəmma yoxdur. Sadəcə olaraq bir qisim oxucular var ki, onları romanda təsvir olunan gözlənilməz hadisələr, macəralar, bir az sevgi, bir az kriminal olaylar maraqlandırır və bu marağı da Varis layiqincə ödəyə bilir.
Varisin «Bir ovuc torpaq» və «Sənə inanıram» romanları haqqında nə deyə bilərik? Sərt bir tənqidçi ədası ilə bu romanların əyləndirici, yalnız bir zaman kəsiyinin romanları kimi təhlil etmək fikrindən uzağıq. İnsafən, «müasir cəmiyyətin bədii təhlili» bu romanlarda az-çox hiss edilir, duyulur, ancaq hansı aspektdən? Bax, məsələ burasındadır. Sosial problematika var, biz bu romanların əksər səhifələrində yaşadığımız cəmiyyətdə baş verən xaosu, hərc-mərcliyi görürük. İnsanları qətl törətməyə, cinayətə sürükləyən səbəblər də gizli qalmır. Cəmiyyətdə bir-birindən fərqli ayrı-ayrı zümrələrin yaşayış tərzi, dünyabaxışı, müxtəlif nəsillərin bir-birinə münasibəti də romanlarda öz əksini tapır. Və bu romanları oxuduqca, oradakı hadisələrin və insan talelərinin izinə düşdükcə, deyə bilərik ki, «burası Azərbaycandır». Başlıcası odur ki, bütün bu hadisələri biz hər gün mətbuatdan, televiziyadan izləyirik, amma olmuşlar və gerçəklər bədii formada təqdim ediləndə başqa təsir bağışlayır.
Varis öz romanlarında bir qurucu və bədii tikinti ustası kimi pis işləmir. Adi, normal roman poetikası baxımından nəzər yetirdikdə ciddi bir qüsur tapa bilməzsən. Süjet də öz axarı ilə gedir, düzgün qurulub və o, təsvir etdiyi obrazların heç birinin taleyinə etinasız qalmır. Son nöqtə qoyulur və intizarlı anlar da ötüb keçir.
Bayaqkı sualımıza qayıdıram: «baxır hansı aspektdən?». Bax, bu məqamda üzümüzü Varisə tutub deyirik: Sizin romanlarınızda cəmiyyətin, bu cəmiyyəti təşkil edən insanların hərəkətləri, əməlləri, bir-birilə üzdə olan münasibətləri yaxşı təsvir edilib. «Bir ovuc torpaq»dakı Zaur-Nigar-Anar xətti macəravi üsulla diqqəti cəlb etsə də, hər halda, maraqlıdır. Amma…bütün bunlar sadəcə, maraqlıdır, dərinliyinə varanda…nəsə çatışmadığını hiss edirsən. Nədir bu çatışmayan? Cinayətlər, qətllər, xaos, hərc-mərclik, gizli mafiyalar, «burası Azərbaycandır»ın qaranlıq görüntülərü - hər şey varkən, çatışmayan nədir? Dərin, sosioloji, psixoloji bədii təhlillər görmürük. Obrazların daxili dünyası bizdən gizli qalır. Hərəkət, qarşılıqlı münasibətlər fonunda obrazların düşüncə arsenalından təcrid olunmasını seyr edirik... Hər iki romanda hadisəçilik deyilən BƏLA obrazların iç dünyasına gedən yolu bağlayır. Sonluq-final gözlənilməz novellavari epiloq və situasiya xatirinə hesablanır. Zaur ölür (bədii məntiq onun ölməməyini də istisna etmirdi), amma bu ölüm adi bir ölümdür. Saflaşmadan, durulmadan keçməyən adi bir cani ölümü. Həmid həbs olunur, amma hələ də anlamır ki, o, xəyanət qurbanıdır. Və sonda-finalda Əminənin etirafı da göydən düşmədir, çünki xəyanətin «gedişindən» yalnız roman bitəndə xəbər tuturuq. Hadisə qurmaq, bunları bir-birinin ardınca sıralamaq romançı üçün mühüm məziyyətdir, amma o da var ki, bu hadisələrin mahiyyətinə də nüfuz edə biləsən. İstənilən dövrdə macəra romanları maraq doğurur, hamı bu romanları həvəslə oxuyur (nə var ki, romana bir az sevgi «duzu» qat, bir detektiv elementləri səpələ, bir az da oxucunu intizarda saxla), amma bir az keçəndən sonra hər şey unudulur..
Zümrüd Yağmurun «Yağış qadın»ı. Bizim nəsrdə Qarabağ müharibəsinə həsr olunan bir neçə romanımız var və əlbəttə, bu romanların bir-ikisi istisna olmaqla etiraf edək ki, onlar gözlədiyimiz, əsl müharibə romanları deyil. Müharibənin özünün qayda-qanunları olduğu kimi, müharibə haqqında yazılan romanlarda da müəyyən bədii sistem; həyat materialının təsvirində təbiilik və inandırıcılıq, reallıq, obrazların psixoloji aləmi, qələbə yaxud məğlubiyyətin bədii-estetik səviyyədə şərhi diqqəti cəlb etməlidir. İyirmi ildən çoxdur..bu müharibə «Atəşkəs»lə səngisə də, hələ də davam edir. Şüurlardan silinmir, yaddaşdan itmir, ürəkdən çəkilib getmir onun ağrı-acıları... Torpaqlarımızın iyirmi faizinin işğal olunduğu və beynəlxalq aləmin, dünya dövlətlərinin hələ də diplomatik söz oyunu ilə başımızı qatdığı zaman müharibə haqqında əsl həqiqətləri bədii, sənədli və həm də bütün reallığı ilə açıqlamağın vaxtı deyilmi?
Müharibə və onun insanların taleyində silinməz izlər buraxması haqda bizim müasir nəsrimiz də öz sözünü deməkdədir – öncə biz Aqil Abbasın «Dolu» romanını misal gətirdik. Zümrüd Yağmurun «Yağış qadın» romanı da müharibə haqqındadır. Biz bu romanları müqayisə etmək fikrində deyilik, amma deyə bilərik ki, «Dolu» romanı kişilərin – döyüşçülərin romanıdır və bu əsərdə yazıçı müharibənin özündən çox onun fiziki-mənəvi dəhşətlərinə məruz qalmış insanların taleyini izləyir, «Yağış qadın» isə qadınların-müharibə zamanı təhqir olunan, faciələrə sürüklənən bədbəxt insanların romanıdır. Və bu əsərdə də təkcə müharibənin deyil, sosial mühitin, ictimai ədalətsizliyin qurbanı olan insanların həyatı bədii təhlil hədəfinə çevrilir. Roman Leylanın - müharibənmin dəhşətlərini öz taleyində yaşamış bir insanın taleyindən söz açır və səhifələr çevrildikcə onun nənəsinin, anasının, yaxın adamlarının taleləri də bu acılıqlara qarışır. Beləcə, neçə qadının işgəncə, əzabla dolu həyatı romanın süjet xəttini təyin edir.
Romanda retrospektiv ifadə üsulu çox güclüdür və deyərdik ki, ötən günlərin təsviri ilə bu günün reallıqları elə bir-birinə qaynayıb-qovuşur ki, zaman-məkan sərhəddi də bilinmir. «Onun hafizəsi «ağır» dediyi günlərə əsir düşmüş, olanlar, hər şey xatirəsindən, yaddaşından daş kimi asılıb qalmışdı. Amma zaman keçdikcə hər şey adiləşib mənasını itirsə də, bir küncə sıxılıb qalan xatirələri canlı qaldı. Onun xatirələri ölmürdü, keçmişə dönmürdü, canlı, diri qalırdı və Leyla bununla barışmalı olurdu. ..Hərdən ona elə gəlirdi ki, əslində, xatirə dedikləri xatirəlikdən çıxıb elə onun özünə çevrilib». Məsələ burasındadır ki, keçmişlə və bu günlə bağlı hadisələr eyni məzmun daşıyır. Gülsüm də, bacısı Leyla da, nəvəsi Leyla da eyni aqibəti yaşayırlar, əsirliyin onların həyatının, sevgisinin, qadınlığının məhv etdiyinin bəlasını çəkirlər
Romanda didərginlik, qaçqınlıq, sərgərdənlik (bu sözlərin hər biri həm fərqlidir, həm də bir-birilə «qohum»dur) həyatının canlı lövhələri ilə qarşılaşırıq və hiss olunur ki, müəllifin həyat müşahidəsi güclüdür. Roman elə bir janrdır ki, burada təsvir olunan hadisələr, obrazların mühiti və əlbəttə, məkan, zaman dəqiqliyi dürüstlüyülə verilməlidir. Burada yazıçı təxəyyülü necə işləyirsə, dəxli yoxdur, reallığın əksinə getmək olmaz. Xüsusilə bir əsrdən artıq davam edən Azərbaycan-erməni münaqişəsinin konkret detalları təhrifə uğramamalıdır. Və Zümrüdün romanında da məlum münaqişə haqqında yanlış təsəvvürlə rastlaşmırıq. Ancaq biz müharibənin özündən çox, onun ayrı-ayrı fərdlərin həyatında necə qərar tutmasına diqqət kəsilirik. Bu baxımdan həyatında üçüncü didərginliyini yaşayan Gülsümün taleyi bütün roman boyu oxucunu kədərləndirir. Xüsusilə, əsirlik səhnələri, Gülsümün keçirdiyi hisslər oxucunu həyəcanlandırmaya bilməz. Zümrüd Yağmur təsvirlərində sərt boyalarla işləməyi sevir. O, qəlbin dərinliklərinə nüfuz edəndə zərif, incə, akvarel boyalara müraciət edir, sərt boyalar isə ona düşmən vəhşətini canlandırmaq, məkrin, hiylənin, alçaqlığın, duz-çörəyi tapdalamağın erməni obrazında necə əks etdirmək üçün lazımdır. «Uşaqların hamısı qışqırırdı, qadınlar onları sinəsinə sıxıb sakitləşdirməyə çalışırdı, amma olmurdu, əksinə, gələn atlılar ətrafda fırlanıb bağırdıqca daha dəhşətlə çığırıb ağlayır, daha çox analarının ağuşuna sığınırdılar. İndiyə qədər onları hər şeydən, qorxduqları hər nədirsə, kimdirsə, analarının qucağı qorumuşdu, indi də onları analarının qoruyacağını zənn edirdilər. Amma bu dəfə belə olmadı, çünki anaların özünü kimsə qurtara bilməzdi və bir az əvvəl güclü hesab etdiyi atasının yerə yıxıldığını görəndə Gülsüm ağlamağını kəsib dəhşətlə ona baxdı. Atasının başından qan axırdı, o, anasının qolları arasından sıyrılıb çıxdı, atasına doğru qaçıb onun üstünə yıxıldı… Balaca əlləri ilə atasının başından axan qanı təmizləməyə çalışır, amma o təmizlədikcə də qan dayanmır,elə hey axır, axırdı».
«Yağış qadın»da Leyla obrazı daha çox diqqət mərkəzindədir və romanda bu bədbəxt qadının həyatı son dərəcə real cizgilərlə rəsm edilib. Hərdən düşünürsən ki, axı, bütün qaçqın, köçkün qadınların taleyi belə olmayıb, sağ qalanlar, dəhşətdən, vəhşətdən qurtulanlar daha çoxdur. Ancaq onu da fikirləşirsən ki, əsir qadınların başına bundan da dəhşətli hadisələr gəlib və Z.Yağmur bir qadının timsalında bunları ümumiləşdirir, görk edir, bizlərə çatdırır. Leyla doğrudan da talesiz qadındır. O biri Leyla kimi. Başına gələnlər onu sındırıb, məhvə sürükləyib, bircə yolu qalıb-ölüm, intihar. Heç kimi yoxdur, əsrin o başından sonuna soyadından bircə o gəlib çıxıb. İş burasındadır ki, o, heç nə edə bilmir, oğlu öləndə də, özünü yaşadanda da…Gözəl olsa da, insan görkəmində deyil və müəllif boyaları bilə-bilə daha da qatılaşdıraraq sübut edir ki, nə qədər ölkədə biganə, rüşvətxor, insana insan kimi yanaşmayan məmur sürüsü var, o zaman Leylaların normal yaşaması mümkün deyil. Zümrüd Yağmurun romanında sevgi xətti də var və bu xətt süjetdə önəmli rol oynayır. Rəssam Cavidlə Leylanın münasibəti hiss olunmadan sevgiyə çevrilir. Qadının-artıq bütün mənəvm enerjisi tükənməkdə olan bir insanın onu əhatə edən insanlardan fərqli bir adamın istiliyi, qayğısı ilə qəlbən canlanması təbiidir. Ancaq Leyla bu sevgi üçün hazır deyil. Çünki onun içində «ölməyən sevgi» varsa da, bu, onu xilas etməyəcək. Leyla təkcə öz taleyinin, faciəli həyatının qurbanı deyil, həm də müharibə adlı bir vəhşətin qurbanıdır. Müharibə isə insanı təkcə fiziki cəhətdən deyil, mənən də öldürür, sındırır, ürəyini parçalayır. Zümrüd Yağmur bütün roman boyu məhz bu həqiqəti oxucuya çatdırır.
Leyla dərk edir ki, Cavidlə xoşbəxt ola bilməyəcək, çünki xoşbəxt olmaq potensialı bitib. Və roman simvolik bir sonluqla bitir. Leyla evdən çıxır. «Hava soyuqdu. Yağış yağırdı..Qadın soyuqdan büzüşüb ani dayandı, sonra ilk addımını atdı və yağışa qarışdı».
Romanla bağlı iki mühüm qüsuru nəzərə çarpdırmaq istəyirik. Zümrüd xanım bu romanda yığcamlıq deyilən bir xüsusiyyəti sanki unutmuşdur. Təsvirlər və təfsilatlar bəzən həddindən artıq yorucudur, uzunçuluq baş alıb gedir. Halbuki, 408 səhifəlik bir roman yığcamlıq deyilən bədii məziyyətə tabe tutulsaydı, təxminən dörddə biri ixtisar olunardı. İkincisi; roman qəhrəmanlarının içində işıq, həyata sevgi olsa da, müəllifin təsvir etdiyi gerçəklik sanki zülmətə bürünüb. Bu «zülmət ərazisini» təkcə Zümrüd Yağmurun deyil, digər gənc müəlliflərin romanlarında da gördük
Zümrüd Yağmurun və istərsə də, bundan öncə haqqında söz açdığımız romanların əksəriyyətində sevgi xətti ilə də qarşılaşırıq və ümumiyyətlə Azərbaycan romanlarını sevgi, eşq macəraları olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycan nəsrində sırf sevgi romanları lə də az qarşılaşmamışıq və həmin əsərlərin süjetində digər məsələlərdən söz açılsa da, biz o romanları insan münasibətlərinin ən ali, ən müqəddəs duyğusu hesab etdiyimiz sevgiyə həsr olunan romanlar kimi qəbul etmişik. Vaxtilə Salam Qədirzadənin, Əlibala Hacızadənin romanları məhz bu tipli romanlar idi.
İlk baxışda Rasim Qaraca da sanki bu ənənəni davam etdirmək istəyib. Onun «On bir gecə» romanı («Qarabağ Dekameronu») «Qarabağ müharibəsi veteranı Kamil Dadaşovun gündəlikləri əsasında 2013-cü ildə qələmə alınıb». Çox təəssüf ki, müəllifin təsvir etdiyi on bir əhvalat əsl sevgidən, insanı ucaldan, onu mənən saflaşdıran duyğulardan deyil, ötəri, yalnız şəhvani ehtirasların «məhsulu» olan «sevgi»dən bəhs edir. Qızla tanışlıq, sonra onu özünə cəlb etmək, sonra yatağa sürükləmək, «kayf» və sonda…ayrılıq. Budur sonluqlar: «Günorta Zamin qayıdıb gəldi və biz axşam qatarıyla «malları» Çernovtsıya daşıdıq. Lyubanı bir daha görmədim» («Gecəyarı rəqqasəsi»). «Xəyalənisə bir də heç zaman görmədim» («Gənclikdə belə səhvlər olur»). «Çox kədərliydi, sözü varmış kimi görünürdü, ancaq adamların arasında cəsarət edib yaxınlaşa bilmədi…Bilmirəm onu bir daha görmək mənə qismət olacaqmı?» («Poxludərədə öpüşmə»). «Bu hadisə məni çox sarsıtdı. Uzun aylar Adiləni için-için ağladım. Məsum, sözün əsl mənasında dilsiz-ağılsız yada salıb bir qadın idi. Ondan sonra həyatımda heç bir qadın olmayıb. Məktəbi qurtarandan sonra əsgərliyə çağırdılar. Sonra da müharibə başladı» («Nasos stansiyasında işləyən adam»). «Bütün bunlar məni Svetlanadan soyutdu.Özümə başqa bir sevgili axtarmağa başladım» («Başqa bir sevgili»). Əlbəttə, Rasim Qaracanın hekayətlərində əsl sevgiyə dəlalət edən bəzi səhnələr də var, amma bunlar da ötəridir. Sevgi haqqında bəzən maraqlı, hətta orijinal fikirlər də diqqəti cəlb edir, ancaq bu düşüncənin sahibləri sevgiyə yox, öpüşə, kef çəkməyə, dad verib dad almağa meyllidirlər. Başa düşülür ki, müəllif «Dekameron» süjetlərini təqlid etmək istəyib, amma bunun Qarabağ döyüşçülərinin başına gələn əhvalatlar kimi qələmə verilməsi mənasız bir parodiyadır.
Qan Turalının «Mustafa» romanının süjetində də ilk baxışda uğursuz bir sevgi macərasının təsviri durur... Mustafa tələbə yoldaşı Nilufəri sevir və bu sevgi heç cür alınmır. Amma müəllif heç də sevgi romanı yazmamışdır, ona görə də romanda iki xətt bir-birilə çulğaşmır. Birinci xətt: müəllif bir süjet daxilində həyat, ölüm, ölkədə baş verən ictimai-siyasi hadisələr, tarixi həqiqətlər və s. haqqında düşündüklərini oxuculara çatdırmaq istəmişdir. İkinci xətt: əzabla yaşamağın «ləzzəti»ni duyan bir insanın hissləri təsvir olunur.. «Bir insan sevgisiz yaşamaq istəyirsə, burax yaşasın. Ömrünün axırına kimi. Qoy bunun ləzzətini çəksin. Acılarla, əzablarla yaşamağı çoxdan öyrənmisən».Amma biz «acılarla, əzablarla yaşayan» yeni bir sevgi qəhrəmanının, deyək ki, müasir Qeysin yox, sevgidən daha çox dünyanın gedişatı barədə düşünən bir «filosof»u görürük. Bu qəhrəman doğrudan da düşüncə adamıdır, onun ayrı-ayrı fikir və mülahizələri maraqlıdır, hətta öz həmfikirləri ilə ictimai-siyasi bir «təşkilatda» fəaliyyəti də pis təsir bağışlamır. Amma roman poetikasına bələdsizlik, süjetdə dağınıqlıq, pərakəndəlik, lüzumsuz təsvirlər «Mustafa»nı roman kimi yox, bir tələbənin təəssüratları kimi oxudur.
Nisə Bəyimin «Online» romanına gəldikdə isə…biz başqa bir bədii maneranın, tamam fərqli yanaşmanın şahidi oluruq. Roman sırf sevgi süjeti üzərində qurulub, hadisələr də əsasən bu səpgidə davam edir. Xoşbəxt finalla da qarşılaşırıq. Ancaq sona qədər oxucu bir-birini əvəz edən psixoloji gərginliklə, intizar motivləri ilə üzləşir və müəllif doğrudan da bizi hazır xoşbəxt finala məhz bu gərginliklərdən keçirərək aparır. Ancaq romanın özəyi, müəllifin istifadə etdiyi bədii üsul fantastika üzərində qurulub. Belə ki, romanın qəhrəmanı Arzu-həkim qız cərrahiyyə əməliyyatı zamanı qəflətən dünyasını dəyişir. Bu onun rəğbət bəslədiyi həkim Eminin səhvi idi ya Arzunun öz günahı idi, sonra bu məsələ aydınlaşacaq… İnsan ölür, amma onun ruhu yaşayır. Arzunun ruhu «Online» şəklində təcəssüm edir və Eminlə də bu vasitə ilə kompüterdə yazışmalar başlayır. Əlbəttə, bu, fantastikadır, bəlkə insan ağlının, məntiqinin hələ izah edə bilmədiyi irreallıqdır. Eminlə Arzunun yazışmaları iki insanın bir-birini anlamasına gətirib çıxarır və nəticədə, sanki real həyatda gördüyümüz bir sevgi dastanı yazılmış olur. Bundan sonra ikinci bir fantastik hadisə baş verir. Arzunun qardaşı Kərimin uşağı dünyaya gəlməlidir, amma onun sağ qalıb-qalmayacağı sual altındadır və belə məlum olur ki, o ölə bilər. Arzu o doğulacaq uşağın cisminə girir və onu xilas edir. Uşağın adını da elə Arzu qoyurlar və fantastika da burada bitir. Bundan sonrakı hadisələr isə ikinci Arzunun birinci Arzunun həyatını yaşamasıyla davam edir. İkinci Arzu artıq tibb sahəsində böyük uğurlar qazanmış professor Emini sevir. Bu həmin Emindir.
Romanın qısa məzmununu nəql etdik. Fantastika qurtaran yerdən reallıq başlayır və romanın ikinci hissəsi fikrimizcə, o qədər də maraq doğurmamalıydı. Amma ömrü yarımçıq qalmış Arzunun həyatının davamında onun yeni mənəvi keyfiyyətləri, həm elm, tibb sahəsində özünü təsdiq etməsi, həm də sevgi aləmi bizi belə bir qənaətə gətirir ki, doğrudan da, haçansa elmin möcüzəsi bu «köçürmə»ni də reallaşdıracaq və nakam ömürlər təzədən yaşanacaq.
Romanda süjetin hərəkət trayektoriyası sürəklidir, yəni hadisələr tez-tez dəyişir, necə deyərlər, bir döngədən o birisinə keçir. Situasiyalar bir-birini əvəz edir, obrazların keçirdiyi hisslər alt qatdakı «burulğanları» hərəkətə gətirir, romantika realllığa qovuşur.
Əlbəttə, Nisə Bəyimin ilk roman təcrübəsinin tamamilə uğurlu alındığını iddia eləmirik. Romanda yalnız iki personajın dolğun nəzərə çarpması digər personajların natamamlığını unutdura bilməz. Biz demirik ki, müəllif romana «ictimai rəng» qatmaqda xəsislik edib, amma təsvir olunan hadisələrin məkanı, obrazların əhatə olunduğu, fəaliyyət göstərdiyi mühit nisbətən dardır. Uzaqbaşı ev, ailə, xəstəxana. Hadisələrin bir qismi xaricdə cərəyan etsə də, bu, məkan genişliyinə dəlalət etmir. Eminin, adi bir səhvi ucbatından əməliyyatdakı uğursuzluğu bizi inandırırsa, onun şöhrətli bir alim olması, hətta xarici ölkədə belə məşhurlaşması oxucu üçün aydın deyil.
Nisəbəyimin «Online»sini qismən psixoloji roman tipinə aid edirik və burada «psixoloji roman» anlayışı barədə qısaca söz açmaq istərdik. O səbəbdən ki, cavan müəllmiflərin bir çoxu romanlarına məhz «psixoloji» sözünü təyin kimi işlətməkdən çəkinmirlər. Tədqiqatçı Muxtar İmanov yazır: «Psixolocizm gerçəkliyi əks etdirməyin üsul və prinsiplərindən biridir. Bu üsul və prinsip personajın daxili aləminin, hiss-həyəcan, duyğu və düşüncələrinin ifadəsi şərtinə əsaslanır..Bəzi nəsr əsərləri qəhrəmanın hiss-həyəcan, duyğu və düşüncələrini qismən əks etdirməklə psixologizmi yalnız bir ünsür kimi özündə birləşdirir. Bəzi nəsr nümunələrində isə qəhrəmanın hissi-emosional və intellektual aləmi diqqət mərkəzinə çəkilir və bu aləm gerçəkliyi canlandırmağın mühüm vasitəsinə çevrilir».
Elxan Elatlı artıq iyirmi beş romanın müəllifidir və Bakının kitab mağazalarında Xalq yazıçısı Çingiz Abdullayevdən sonra ən çox roman sərgiləyən də məhz odur. Biz onun detektiv romanları haqqında söz açmaq fikrində deyilik. Bu sahədə xeyli dərəcədə ustalaşmış Çingiz Ablullayevin romanlarının şöhrəti müqabilində Elxan Elatlının nəsə uğur qazandığını söyləmək çox tezdir, bəlkə də bu müqayisə absurddur. Amma onun zəhmətini də yerə vurmaq olmaz. Necə deyərlər, yaza-yaza yazıçı da olar. Amma biz onun yalnız bir romanına münasibətimizi bildirəcəyik. O, «Mərtəbələr» əsərini (Bakı, 2014) «psixoloji roman» adlandırmışdır. Amma bu roman həmin anlayışdan bilmərrə uzaqdır. Romanda bir binanın ayrı-ayrı mərtəbələrində yaşayan sakinlərin həyat tərzi, onların bir-birilə qarşılıqlı münasibətləri diqqət mərkəzindədir. Əsas personajlar isə İbrahimin ailəsidir. Diqqəti cəlb edən hadisələrlə də rastlaşırıq. Ancaq bütün bu hadisələr obrazların daxili aləmində heç bir əks-səda yaratmır, onların keçirdiyi hisslər, duyğular, daxili dünyaları bədii tədqiqdən kənarda qalır. Hərəkət var, qarşılıqlı rəğbət, sevgi, müxtəlif yaşayış tərzi, hər bir mərtəbə sakininin öz aləmi var.. hər şey var, amma bütün bunlar sadəcə nəql olunur. Ayrı heç nə! Ona görə də, romanın tipini müəyyənləşdirərkən diqqətli olmaq lazımdır.
Bu yazıda biz təfsilata varmadan daha bir gənc müəllifin romanı barədə də qısaca söz açmaq istərdik. Əli Əkbərin «Amneziya» romanı əsasən psixoloji roman hesab etmək olar. Doğrudan da, bu əsərdə müəllif təsvir etdiyi obrazların daxili dünyasına nüfuz etməyə, o obrazların içindəki müxtəlif emosiyaları, qəzəb və nifrəti, qorxu və vahiməni, yaşamaq ehtirasını üzə çıxarmağa can atır. Bu, bədbəxt insanların taleyindən söz açan romandır. Onlar həm fiziki, həm də mənəvi cəhətdən bədbəxtdirlər. Onların (xüsusilə Muradın) həyatı dərin psixoloji sarsıntılarla müşayiət olunur. Bu əzabkeş obrazlar ya dəlixanaya düşür, ya da səfil həyat tərzi keçirirlər. Sevgilərində də sabit, normal düşüncə sahibi deyillər. Onlar «müxalifətçidirlər» və Avropalaşma ideyasının tərəfdarı kimi çıxış edirlər. Guya Avropa dəyərlərini bizlərə başa salmaq istəyirlər. Milli eyibləri ifrat dərəcədə şişirdirlər. Və bu zavallılar mütləq mənada məğlubiyyətə sürüklənirlər. Bəli, yetərincə psixoloji roman. Amma romanın ideyasına, müəllif qayəsinə gəldikdə, məsələ burasındadır ki, romanda yazıçının mövqeyi ilə onun təsvir etdiyi obrazların mövqeyi birdir. Bunu romanın hər bir səhifəsində hiss etmək olar. Bəs necə olmalıydı? Elə isə izah edək: Ölkədə baş verən hərc-mərcliyə, neqativ hallara qarşı bədii sözün kəsərli ifadə vasitələri var, Əli Əkbər isə obrazlarının dili ilə ya birbaşa, ya da mətn daxilində sadəcə «müxalifətçi» rolunu ifa edir, özü də vulqar publisistika yolu ilə..Məqsəd nədir? Qərb dəyərlərini süni şəkildə millilərimizin şüuruna «köçürmək», məmləkətdə nə varsa, hamısına neqativ münasibətdə bulunmaq. «Azad seks», «təmiz tualet» anlayışları ilə yaşayan, yaşam tərzimizdə ancaq neqativ hallar axtaran bu obrazların (xüsusilə Muradın) qadınlara münasibətində də ali insani duyğular deyil, seksual-patoloji jestlər (romanda həmin o «tualet estetikası»ndan irəli gələn murdar və iyrənc səhnələrə təsadüf edirik) hökm sürür.Vaxtilə böyük rus tənqidçisi N.A.Dobrolyubov yazırdı ki: «Elə müəlliflər var ki, onlar öz istedadlarını şəhvət səhnələrinin və pozğun sərgüzəştlərin tərənnümünə həsr etmişlər; onlar şəhvətpərəstliyi elə təsvir edirlər ki, əgər onlara inansan, guya insan üçün əsil səadət yalnız şəhvətdədir. Belə nəticə, aydındır ki, boş və mənasızdır».
II
Bəs hanı əsrimizin qəhrəmanları?
XXI əsr. Təzadlı, mürəkkəb, hər günü sevincdən çox kədərin, insanlıqdan çox antihumanizmin, qızılgüldən çox qaratikanın, oyuncaqdan çox raketlərin, bombaların əsri. Milli dəyərlərin, mənəvi sərvətlərin «qloballaşma» adı ilə az qala gözdən salındığı bir əsr. Lokal müharibələrin meydan suladığı bir əsr. Gözümüzün önündəcə məmləkətimizin-onun cənnət bir guşəsi olan Qarabağımızın işğal olunduğu bir əsr. Sosializm məngənəsindən qurtulub vaxtilə lənətlədiyimiz kapitalizm burulğanına düşdüyümüz bir əsr- hələ də keçə bilmədiyimiz «keçid dövr»nü yaşadığımız bir əsr. Villaları göz oxşayan sərvət sahiblərinin və qul bazarlarında iş axtaran yoxsulların birgə yaşadıqları əsrimiz..Bədii sözün kəsərinin azaldığı, söz oyunbazlığınınsa şiddətləndiyi əsrimiz.
Əsrimizdə kimi qəhrəman sayırlar? Bax, budur məsələ!
Bəs siz hansı ədəbi qəhrəmanları, sözün əsl mənasında XXI əsr insanını (o insan ki, yaşadığımız bu gerçəkliyin ucalığında dursun. O insan ki, qoy mürəkkəb, çətin bir həyat yolu keçsin, səhvləri də olsun, amma o, bizim həyatımızın ruporuna çevrilsin - çağırışla, direktivlə, qərarla yaradılan «müsbət qəhrəman» yox, bütün ziddiyyətləri ilə İnsan-Qəhrəman olsun!) ədəbiyyata gətirmisiniz? Milli Qəhrəmanımız Mübariz İbrahimovun böyük hünəri, misilsiz şücaəti müqabilində elə bir ədəbi qəhrəman yaratmısınızmı o həyatdan ədəbiyyata gəlsin?
Ey roman yazan gənc ədiblər, kifayətdir öz içində boğulan, dərdini ancaq ürəyində daşıyan, dabanına tikan batanda fəryadı ərşə qalxan zəif, cılız insancıqları, «lümpen proletarlar» cinsinə mənsub hər cür əxlaqsız, mənəviyyatca pozğun adamları təsvir etdiyiniz. Bizə Aqşin Yeniseyin Leş Əlisi, Əli Əkbərin Muradı və Şeylası, Rasim Qaracanın şəhvətçi «qəhrəmanları», Sevinc Pərvanənin Almazı lazımmı? Bu leş sürüsü oxucu zövqünü bəsitliyə yuvarlamırmı? Bəsdir Qərbdən əsən yabançı küləklərin, «izm»lərin təsiri altına düşdüyünüz. Qərb ədəbiyyatından öyrənməyi heç kim sizə qadağan edə bilməz, amma milli dəyərləri yabançı «izm»lərin dəyirmanında da üyütməyin. Siz «yeni ədəbiyyat», «yeni roman» elə bizim yaratdıqlarımızdır» deyirsiniz, hətta bəziləriniz ata-babalarınızın sevə-sevə oxuduğu, tərbiyə və mədəniyyət əxz elədiyi ədəbiyyatı inkar edirsiniz, «bu, tərəkəmə ədəbiyyatıdır» deyə dodaq büzürsünüz. Amma düşünün ki, bu ədəbiyyatın yetirdiyi Nizami, Nəsimi, Füzuli zirvələri dünya ədəbi nəhənglərinin ucaldığı zirvələrlə yanaşı durur.
Əlbəttə, Azərbaycan ədəbiyyatı və Azərbaycan romanı dünya əldəbi prosesindən təcrid olunmamalıdır, amma biz Dünya Ədəbi Qatarına öz milli ədəbi dəyərlərimizlə qoşulmalıyıq.
S O N