Kulis.Az yazıçı Əkrəm Əylislinin “Əylisdən Əylisəcən” memuarından hissələri təqdim edir.
Birinci yazını burdan oxuya bilərsiz.
O GECƏNİ DƏ BİZ ROSTOVDA GECƏLƏDİK.
Rostovdan Şoloxovun yaşadığı Bjoşenskaya stansiyasınacan yəqin ki, maşınla da getmək olardı. Ancaq bizi yenə “öz təyyarəmizə” mindirmişdilər.
Mən bu dəfə təyyarədə Jeji Kşişton adlı polşalı bir nəfərlə yanaşı oturmuşdum. O məndən xeyli yaşlı idi. Özü də - Vasyadan beş betər – “kontranın”, “antisovetsikin” lap yekəsiydi. Üzdən son dərəcə qaraqabaq adama oxşayırdı. Rostovda bir-iki dəfə ayaqüstü söhbət eləyəndən sonra indi biz yavaş-yavaş biri-birimizə isinişməkdə idik.
Jejinin məndən xoşu gəlirdi - bunu hiss eləmək çətin deyildi. Bir də, söz yox ki, onu hər şeydən çox məşğul eləyən bir mövzunu - rus əsarətindən azad olmaq məsələsini Jeji ruslarla müzakirə edə bilməzdi.
Azərbaycanda “rus əsarəti” ilə barışmayan hər hansı bir real qüvvənin olub-olmamağı Jejini bərk maraqlandırırdı. Mənsə, bilə-bilə, bir olanın üstünə beş də olmayanı qoyub, xarici qonağın nəzərində cani-dildən millətin markasını qaldırırdım.
Millətimizin mərdliyi, igidliyi, azadlıqsevərliyi mövzusunda hətta mənim elə o təyyarədəcə “ekspromtom” uydurduğum cürbəcür əhvalatlar da sadədil polşalının yağ kimi canına yayılırdı. Bu isə mənə, söz yox ki, ləzzət verirdi və mən, “paxmelhavasına”, biri-birinin dalınca, biri-birindən daha yağlı süjetlər qurub, rəvayətlər uydurub, qonağın kefini daha da yuxarı qaldırmaqdan ötrü, bir «ev sahibi» kimi, əlimdən gələni əsirgəmirdim. Və bu işdə heç qonaq da ev sahibindən geri qalmırdı. Yaxın zamanda Polşada baş verəcək «zırıltı işlər» barədə hərdən Jeji elə şeylər deyirdi ki, mən qorxumdan tez-tez dönüb yan-yörəmə baxmalı olurdum. Və mən hər dəfə qorxub, yan-yörəmə baxanda gözüm istər-istəməz o pskovlu, uzun və arıq, gənc şairə sataşırdı...
Təyyarə Vyoşenskaya çatana yaxın bizdən çox təkidlə xahiş elədilər ki, kəmərləri bərk bağlayaq, çünki Vjoşenskaya stansiyasında təyyarə meydanı yox idi və təyyarəmiz adicə bir düzəngah sahədə yerə enməli idi.
Mən təyyarədən düşəndə - otu dizdən yuxarı qalxmış o düzəngah yerdə - Şoloxovun başına artıq xeyli adam toplaşmışdı.
Yanımdakılardan kimsə dedi ki, Mixail Aleksandroviç bizi qarşılamağa içib gəlib. Mən buna inanmaq istəmədim, çünki hələ səhər idi - saat on olardı, ya olmazdı və mənim o vaxtkı əqidəmə görə Şoloxov kimi bir adam günün bu vədəsində içki içə bilməzdi.
Ancaq o, ya doğrudan da içmişdi, ya da, necə deyərlər, içməmiş sərxoş idi.
- Aranızda cuhud yoxdu ki? (“Jidov net sredi vas?”) Mənim Şoloxovun dilindən eşitdiyim birinci bu sözlər oldu.
Sonra Şoloxovun gözü – təyyarədən nədənsə lap axırıncı çıxan – Qaqarinə sataşdı.
- Bircə Qaqarinimiz çatışmırdı! - dedi. (“Mne tolko Qaqarina nexvatalo!”)
O gün Şoloxov içmişdi, ya içməmişdi - bunu Allar bilir, ancaq onun bizi o cür sözlərlə qarşılamağı, deyəsən, hamıdan çox Jeyi Kşiştonu hövsələdən çıxarmışdı. Biz ordan maşınlara minib mehmanxanaya gedəndə polşalı qonaq başını aşağı salıb yol boyu dodağının altında nəsə deyirdi və onun o turşumuş sifətinə baxdıqca mənə elə gəlirdi ki, Yeji ürəyində kiminsə ünvanına pis-pis söyüşlər yağdırır.
“Vyoşka”dakı (Şoloxovun yaşadığı qəsəbənin belə bir qısaldılmış adı da vardı) ikimərtəbəli mehmanxanada - başqalarını bilmirəm – mənə təkadamlıq nömrə vermişdilər. Tez yuyunub-rahatlanıb, düz on dəqiqədən sonra (saat 11 tamamda) birinci mərtəbədəki restoranda olmalıydıq. Saat 12-də staniçanın mədəniyyət sarayında Şoloxovla rəsmi görüşümüz olacaqdı.
Və mən restorana girəndə Belovun Rostovda dediyi o sözlərin həqiqət olduğunu özüm üçün bir daha yəqin elədim.
Bilmirəm: biz Rostovda səhər yeməyi yemişdik, ya yeməmişdik. Bir halda, təyyarədə - çaydan, sudan, qəhvədən – yəqin ki, nəsə içmişdik. (Yəni səhər yeməyinə bizim elə bir ehtiyacımız yox idi). İndi Vyoşenskayanın restoranında görəsən biz nə vaxtın yeməyini yeyəcəkdik. Əgər hələ səhərdisə, onda stolların üstündəki o araq, konyak, çaxır şüşələri nəyə lazım idi?.. Üstəlik: Şoloxovla ilk rəsmi görüşdən vur-tut bir saat qabaq!..
Kimsə (deyəsən, staniçanın rəhbər işçilərindən idi) bizdəki çaşqınlığı görüb, gülə-gülə izahat verməli oldu.
- İçin, qorxmayın, - dedi. - Kişinin özü deyib ki, mənnən görüşə gələndə bir az vurub gəlsinlər.
Klubda - uzunasına düzülmüş stolların yuxarı başında əyləşmiş Şoloxovun özünün də o görüşdə ayıq, ya kefli olduğunu deməyə yenə çətinlik çəkirəm. Ancaq o, hiss olunacaq dərəcədə həyəcanlıydı. Həm də olduqca çevik idi, aqressiv idi.
Söhbətinə Xruşşovun ifşasından başladı. O vaxt hələ təzə-təzə ad-san qazanan Soljenitsının “dərsin verməyi” də yaddan çıxarmadı. Üstüörtülü şəkildə Stalini təriflədi. Dedi ki, hələ müharibə vaxtı mən Stalinlə bir gecə səhərəcən konyak, qəhvə içib söhbət eləmişəm - indi o söhbəti yazıb üzə çıxartsam, çox adamların paxırı açılar.
Bizlərdən - birinci, Oljas söz aldı. Və Oljas vətəndaş müharibəsi dövründən tutmuş, kollektivləşmənin və 37-ci ilin repressiyalarınacan, Stalinin törətdiyi cinayətlərdən elə dəhşətli faktlarla, elə təmkinli, elə ağıllı danışdı ki, o danışanda siqareti siqaret dalınca yandıran Şoloxov Oljas sözünü bitirəndən sonra da ona cavab verməyə bir müddət söz tapa bilmədi. Ancaq Şoloxov Şoloxov olmazdı, əgər lap öz əqidə düşməninin də ağlına, cəsarətinə qiymət verməyi bacarmasaydı. Bundan sonra bütün səfər boyu – mən Şolo-xovda Oljasa xüsusi diqqət, xüsusi maraq və hətta az qalıram deyəm ki, xüsusi rəğbət gördüm. Biz harda, hansı tədbirdə, hansı məclisdə olurduqsa, orada Şoloxov ilk növbədə Oljasla maraqlanırdı. “Qde moy kazaxskiy druq?” - deyib, hər yerdə Oljası soruşurdu. Onunla qədəh-qədəhə vurmaqdan açıq-aşkar həzz alırdı.
O gün o klubda saat 6-yacan çəkən o görüşdə çox çıxışlar oldu. Və indi, nədənsə, mənə elə gəlir ki, oradakı ən sadəlövh çıxış mənim çıxışım idi.
Təsadüf elə gətirmişdi ki, o görüşdən bir müddət əvvəl mən (rəhmətlik Cahanbaxışın tərcüməsində) Şoloxovun “Oyanmış torpaq” əsərinin redaktəsi ilə məşğul olmuşdum. Əsər mənə bərk təsir eləmişdi. Və indi müəllifin hüzurunda söylədiklərimin əsas məğzi o idi ki, o əsərdə təsvir olunan ideya və məslək adamları daha real həyatda yoxdur və bu, “qəliz” məsələyə Şoloxovun özü necə baxır... Bununla, öz aləmimdə, mən guya çox ciddi bir məsələyə toxunurdum: Şoloxovun yaratdığı bədii obrazların bir qisminin həyatla əlaqəsi olmadığına dolayısı ilə işarə eləyirdim. Ancaq, özümün də əsla gözləmədiyim halda, mənim çıxışım, məsələn, Belovun, Oljas Süleymanovun, Yeji Kşiştonun yox, Pavlovun, Kojevnikovun, Firsovun xoşuna gəldi. Bu yazıda hələ heç yerdə adını çəkmədiyim Melentyevin o çıxışdan sonra məni qucaqlayıb bağrına basmağı isə “sol cinahda” mənim “reytinqimi” göz-görə xeyli aşağı saldı. Mən bunu aşkar hiss elədim və bütün günü bir qəribə çaşqınlıq içində qaldım.
Şoloxovun evi ilə ilk, ötəri tanışlığımız da, səhv etmirəmsə, elə o gün - axşam tərəfi – təşkil olunmuşdu.
Qəsəbədən bir qədər aralıda – ikimərtəbəli adi daş bina idi. Həyəti hektarın üçdə biri qədərində ya olardı, ya olmazdı. Otu vaxtında biçilməmiş, ağaclarının quru budaqları kəsilib arıtlanmamış – səliqəsiz, baxımsız bir həyət idi. Biz o həyətə girəndə hətta küçə qapısının lap ağzındakı tutun yerə tökülmüş meyvəsini də - elə bil o meyvə yetişəndən bəri - bir dəfə də silib-süpürən olmamışdı.
O evdə bizi Şoloxovun xanımı, gəlini, bir də 3-4 yaşlı bir qız nəvəsi qarşıladı. Evin kişisi, klubdakı görüşdən sonra, ya heç evə gəlməmişdi, ya da gələn kimi yıxılıb yatmışdı.
Şoloxovun xanımı da, gəlini də, hətta balaca nəvəsi də olduqca istiqanlı və mehriban adamlar idilər. Bizi səmimi sevinc və maraqla qarşıladılar. Su istəyənlərə saxsı dolçada sərin su gətirdilər, hamımıza çay, qəhvə, meyvə təklif elədilər. Ancaq biz bu evə bir də gələcəyimizi bilirdik. Tədbirin son günü - Şoloxovla vidalaşma zamanı - ən böyük banketin bizə bu evdə veriləcəyi barədə qabaqcadan məlumatımız vardı.
Evin yan-yörəsini dolaşıb, həyət-bacaya ötəri tamaşa eləyəndən sonra oradan çıxdıq. Axşam, yanılmıramsa, elə mehmanxananın restoranındaca növbəti “ley-pey” əməliyyatı başlandı.
Sonra Vyoşenskayada Donun sahilində bir qəribə - xoş və xudmani - axşam sərini yadıma gəlir.
Biz sahilə - yatmaq qabağı – seyrə çıxmışdıq. Hər kəs özünə bir bab tapıb, gəzə-gəzə, öz marağına, öz ovqatına uyğun söhbət eləyirdi.
Biz yenə Yeji Kşiştonla tapışmışdıq. Və tezliklə imperiya yıxılandan sonra Polşa ilə Azərbaycan arasında bağlanacaq dövlətlərarası sazişin bir neçə bəndini, deyəsən, artıq “imzalamışdıq”. Və birdən haradansa qulağıma Vasya Belovun ürəyi yerindən oynadan naləli səsi gəldi:
- Avaralar, saxtakarlar, siz mənim Rusiyamı məhv edirsiniz!.. (“Poşlyaki, bezdelğniki, vı qubite mayu Rossiyu!”).
Vasyanın şivən qopardığı o yerdə, onun özündən savayı üç nəfər də vardı: Kojevnikov, Pavlov, bir də bayaq adını çəkdiyim – həmin Melentyev. Və Belovu dinə-imana gətirmək üçün yazıq-yazıq yalvaran da elə o Melentyev idi:
Vasya, mənim əzizim, get yat, özünə gəl!.. (“Vasenğka, rodnoy moy, idi otospis!”).
Tüpürüm sizin süni peyklərinizə!.. Bataqlıq Finlandiya Rusiyadan yüz dəfə yaxşı yaşayır. Rusiyanı bu günə siz qoymusunuz!.. (“Ya x... polojil na vaşi sputniki! Bolotnaya Finləndiya jivyot sto raz luçşe Rosii. Eto vı zaqadili Rossiö!”).
Pırtlaşıq saqqalı və arıq vücudu ilə onsuz da qos-qoca şirə bənzəyən Vasya, necə deyərlər, xalis şiri-nərə dönmüşdü.
Özümü Vasyaya yetirdim ki, köhnə tələbəlik dostluğumuzun xatirinə bəlkə mənim sözümə qulaq asa, kefli havasına hətərən-pətərən danışıb, sonra özünü əngələ salmaya. Ancaq mənim bu xeyirxah təşəbbüsümdən heç nə hasil olmadı.
...Gecənin bir aləmində (deyəsən, səhərin açılmağı ərəfəsində) yaxında səs eşidib, gözlərimi açanda gördüm ki, çarpayımın qabağında bir əcaib-qəraib məxluq dayanıb. Vasya idi. Ağappaq sısqa qıçlarının dizdən də bir az aşağısınacan sallanan bircə qara trusikdə Vasili İvanoviç çuxura düşmüş göyümtül-yaşımtıl gözlərilə yazıq-yazıq mənə baxırdı.
Dünən sən də ordaydın? - Az qala ağlaya-ağlaya soruşdu.
Hə, ordaydım. İstəyirdim, səni onlardan aralayam, ancaq tərsliyin tutdu.
Hələ məni də - rusqaydası - yaxşıca yağladın.
ncimə. Bağışla, olan şeydi... Mən onlara nə deyirdim ki?
- Deyirdin də. Ürəyini boşaldırdın. Mən bilən, elə bir qorxulu şey olmadı.
Narahat olma. O biriləri bilmirəm, ancaq o Melentyev pis adama oxşamır.
Vasyanın tamam sönmüş gözlərində bir balaca parıltı peyda oldu.
Onu da söydüm?
Yox, - dedim. – Sən orda heç kəsi söymürdün axı. Eləcə mübahisə eləyirdin. Deyirdin ki, Rusiya kimi böyük və zəngin bir ölkədə xalqın güzəranı niyə Finlandiyanınkından pis olmalıdır... Yaxşı fikirlər söyləyirdin.
Amma, söz yox ki, yalan deyirdim. Məqsədim bu idi ki, Belov tez çıxıb getsin - yatım, özümə gəlim. Bunu Vasya, deyəsən, tez başa düşdü.
- Yaxşı, - dedi. - Bağışla, yuxudan elədim. - Gedib, qapıya çataçatda geri döndü. – Eşitmisən də: deyirlər dünən Qaqarin Pavlovu da, Şoloxovu da möhkəm söyüb, çıxıb Moskvaya gedib.
Ancaq ertəsi gün Don sahilinin asfaltsız, kələ-kötür yollarında bizim maşın karvanının qabağınca gedən (Pavlovun da, Şoloxovun da mihdiyi) üstüaçıq “UAZ”ın sükanı arxasında şəxsən Qaqarinin özü əyləşmişdi.
Donun sahilində maşından düşən kimi, hamıya “plavki” payladılar.
Çayın lap qırağında, çəmənlikdə samovarlar salınmışdı, ocaqlar qalanmışdı, cürbəcür soyuq qəlyanaltılar, araq, çaxır, konyak şüşələri yerdə, otun üstünə açılmış süfrəyə düzülmüşdü.
Yeyib-içmək çayda çiməndən sonra başlanacaqdı. Və mən çayda çimib qayıdanda məclis çoxdan qızışmışdı.
Yuxarı başda – yaşıl otun içində yarı oturmuş, yarı uzanmış Şoloxovun möhkəm kefli olduğuna bu dəfə heç bir şəkk-şübhə ola bilməzdi. Onun lap böyrünəcə Vasili Belov əyləşmişdi. Və nədənsə onların hər ikisi ağlayırdı.
Vasya deyirdi ki:
- ...axı bu, qarətçilik idi, allahsızlıq idi: kütləvi aclığın qarşısını almaq adı ilə evlərə hücum çəkib, kəndlinin son tikəsini əlindən alırdılar. Siz də, Mixail Aleksandroviç, o allahsızlara qoşulub, o cür alçaq işə əl qatırdız, bəs siz Allahdan qorxmurdunuz, Mixail Aleksandroviç?!.
Belovun, sözün hərfi mənasında, ağlaya-ağlaya dediklərini Şoloxov, ya eşitmirdi, ya da eşidib anlaya bilmirdi, ya da bir vaxt kəndlilərin taxıl ehtiyatlarının son qramınacan toplanıb dövlətə verilməsi barədəki zorakı bolşevik tədbirində öz şəxsi iştirakını indi doğrudan da günah saydığına görə, söhbətin mövzusunu bilə-bilə yayındırmağa çalışırdı.
Şoloxov deyirdi:
- Qoy görək, Vasya. Hələ çox qəribə işlər olacaq. Amerikaya getmək istəyirsən? Gəl, səni Amerikaya aparım. Amerika, Vasya, Amerika!.. – Və o boyda kişi də mənim Vasyama qoşulub, şirin-şirin ağlayırdı.
Hər dəfə qədəhləri toqquşduranda Vasya ilə öpüşməyindən də qalmayan Şoloxovu Qaqarinin harda olmağı da indi nədənsə bərk narahat eləyirdi. Bu məsələ Şoloxovdan ötrü sanki bolşeviklərin bütün keçmiş əməllərindən qat-qat maraqlı bir məsələ idi və Şoloxov elə bir hey, ora-bura boylanıb Qaqarini axtarırdı:
- Qde Yura! Qde naş inoplanetyanin?.. – Bəlkə də Vasyanın köntöy suallarından can qurtarmaq üçün Şoloxov hər üç-dörd dəqiqədən bir beləcə Qaqarini xəbər alırdı.
Qaqarin isə (belə nəql edirlər ki...) Donsahili meşələrdəki ağacların ən sıx yerində, o zaman, dəstəmizin cavan bir şairə xanımına Yerin cazibə qüvvəsinin kosmik çəkisizlikdən fərqini (əyani və cismani bir şəkildə) nümayiş etdirirdi...
* * *
Sonra: biri vardı, biri yoxdu, Sakit Donun sahilində varlı bir sovxoz da vardı və o sovxozun direktoru Şoloxovun doğmaca bacısı idi.
Biz oturduğumuz yer o sovxozun klubu idi, idarəsiydi – hansı yeri idi, bilmirəm. Bircə bunu bilirəm ki, o məclisdə bir xeyli çalıb-oxuyan adam da vardı. Və o adamların sifətinin qırmızısı ya içkidən idi, ya istidən idi, ya da Şoloxovun dalbadal oxuduğu – biri-birindən duzlu və istiotlu “blatnoy” çastuşkaların təsirindən idi.
...Sonra Mixail Aleksandroviç hegemon rus dövlətinin şəninə ayaq üstdə sağlıq deyirdi və o sağlığı Şoloxov elə sözlərlə deyirdi ki, o başda (Şoloxovun yanında) Kojevnikovla Pavlovun sifəti qorxudan ağappaq ağarmışdı, bu başda – mənim yanımda əyləşmiş Yeji Kşişton isə, hələ qapqara qaralmağı bir yana dursun, elə bil bir xeyli də balacalaşıb, yupyumru yumağa dönmüşdü.
Şoloxov deyirdi ki: dünyanın gələcəyi rusların əlindədir. Qoy “cuhudlar” çox atılıb düşməsinlər, Amerikanın əli ilə bizə kələk qurmasınlar. Bu polyaklar, çexlər, macarlar da bəri başdan bilsinlər ki, bütün Şərqi Avropa lap yaxın gələcəkdə Rusiyanın əyaləti olacaq...
O çıxışda Şoloxov Soljenitsını yəhudilərin agenti elan elədi. Bir vaxt Stalinə qarşı “axmaqcasına” hücuma keçməklə Xruşşovun rus dövlətinə böyük zərbə vurduğunu söylədi. Hətta Leninin özünün də tarixdə məhz Stalinlə bir yerdə qalacağına inamla zəmanət verdi. Və axırda (sərxoşdakı ayıqlığa bax!) üzünü Oljasa tutub, kinayə ilə dedi ki: “mənim qazaxıstanlı dostumun” bütün bu məsələlər barədə, söz yox ki, öz nöqteyi-nəzəri var...
Əgər Melentyev o anda ərk ilə Oljasa göz vurmasaydı, yəqin Oljas da orda mütləq bir söz deyəcəkdi. Amma Oljas təbiətən nə qədər “buntar” olsa da, yeri düşəndə rəhbərliyə güzəştə getməyi də bacarırdı. Bəlkə buna görə rəhbər işçilər Oljasla hesablaşırdı. Bir də axı Oljasın özü də haradasa o rəhbər işçilərdən biriydi. Hər halda Oljas da (mənzilinin yeri-yurdu və maşınının rəngi qarışıq) həmin adamlarla eyni maddi dünyada yaşayırdı. Onun mənəvi həyatı isə o adamların nəzərində yəqin ki, kifayət qədərində (və hətta bəlkə qibtə doğuracaq dərəcədə) maraqlı bir “xobbi” idi, məşğuliyyət idi.
Şoloxovun bala vətənində neçə gün qonaq olduğumuzu indi heç cür yadıma sala bilmirəm və o səfərdə mənimlə bir yerdə olanlardan hər hansı birinin bunu xatırlaya biləcəyinə əsla inanmağım gəlmir. Şoloxovun öz evindəki böyük vida banketindən sonra isə hətta harda və haçan təyyarəyə minməyim də huşumdan çıxıb.
Bircə bu yadımda qalıb ki, Vjoşenskayadan aralanmazdan qabaq o təyyarə Şoloxovun evinin üstündə bir xeyli dövrə vurub, əməlli-başlı sirk oyunu çıxardı və Şoloxov – xanımı, gəlini və balaca nəvəsi ilə birgə - öz həyətindən bizə uzun müddət əl elədi…
O təyyarənin, Vjoşenskayadan qalxandan sonra, harada-hansı şəhərin aeroportunda yerə endiyini də unutmuşam. Sonrakı əhvalatlardan bir Azov dənizində çimməyim, bir də Taqanroqda, Çexovun dədə-baba ev muzeyinin səpsərin, tərtəmiz həyətində, cəhənnəmdən “bezbilet” qaçmış adam kimi, rahat və asudə gəzib-dolanmağım yadıma gəlir.
Bu, bir neçə günün içində mən sanki insan həyatı üçün qəribsəmişdim və indi, burada, Çexovun ruhu da dadıma çatıb, əsl insan ucalığının, həqiqi əxlaqi və mənəvi dəyərlərin hər cür təntənədən-dəbdəbədən, söz kəndirbazlığından və dil atəşfəşanlığından tamamilə fərqli bir şey olduğunu anlamaqda mənə kömək eləyirdi.
Mən hamının gözündən yayınıb, o həyətin xəlvət bir guşəsində sanki Çexovun ruhu ilə danışırdım. Ürəyimdə, istər-istəməz, Çexovu Şoloxovla müqayisə eləyirdim. Beş-üç günlük o dəlixay meydan tamaşalarına görə mən Şoloxovun adını dünyanın nəhəng yazıçılarının siyahısında, əlbəttə, silmək niyyətində deyildim. Ancaq Çexovun həyatı barəsində, onun yazışdığı, dostluq elədiyi, evinə qonaq çağırdığı adamların – yazıçıların, rəssamların, alimlərin, artistlərin haqqında oxuyub bildiklərim məndə Çexov zəmanəsinə, o dövrün mədəni-mənəvi mühitinə hədsiz hörmət və heyranlıq doğururdu.
Hər halda, o həyətdə mən – bu bir neçə günün içində - ilk dəfəydi ki, qəlbən rahat idim, xoşbəxt idim. Gəzə-gəzə Çexovun bənzərsiz tərcümeyi-halının qüssə və işıq dolu səhifələrini yadıma salırdım. Onun, Yaltadakı, bir il əvvəl gördüyüm evini, o evin xırdaca həyətini və o həyətdə Çexovun öz əli ilə əkdiyi, bəsləyib böyütdüyü ağacları birbəbir xəyalıma gətirməyə çalışırdım. Don sahilinin təzəcə görüb gəldiyim mənzərələri – Vjoşenskayadakı klub, sovxozdakı banket, Oljasın klubdakı nitqi, Yeji Kşiştonun aeroportdakı sifəti, Vasyanın qara darbalağı, sısqa qıçları, özündən böyük görünən pırtlaşıq saqqalı və o saqqalın bir batman tükünün içində itib-batmış xırdaca göy gözləri də xəyalımın bulanıq suyunun içindən arabir balıq kimi baş vurub üzə çıxırdı. O “balıqlara” uzaqdan-uzağa tamaşa eləmək indi mənə, nə gizlədim, hətta bir azca da xoş gəlirdi, ləzzət verirdi. Çünki, sizə zarafat gəlməsin, hər halda mən özüm o boyda həngamənin içindən yüz faiz sağ-salamat çıxmışdım!..
Orada - o klubda Şoloxovun qarşısındakı çıxışıma görə də indi mən qətiyyən narahat-zad deyildim – nə olsun ki, o çıxış dostum Vasyanın yox, tutaq ki, Melentyevin, Pavlovun xoşuna gəlmişdi. Və üstəlik, bunun belə olmağı bəlkə məndən ötrü daha sərfəli idi. Axı dünən o Vasyanın elə özü deyirdi ki, Şoloxov Pavlova möhkəm tapşırıq verib. Deyib ki, “Vjoşka”ya mənimlə görüşə gələnlərin hamısına komsomolun mərkəzi komitəsinin mükafatı verilməlidir. Verirlər, qoy versinlər, bunun mənə nə ziyanı var...
Bəli, 1967-ci ilin o gözəl iyun günü bu dünyanın “Taqanroq” adlı şəhərinin heç vaxt yadımdan çıxmayacaq o “bir həyətlik” yerində, nədənsə, kədərlənməli yox, sevinməli şeylər dalbadal mənim yadıma düşürdü. Daha doğrusu, Çexovun dədə-baba həyəti elə bil bu dünyanın işlərini mənə yalnız sevinc prizmasından göstərirdi.
Bir yandan baxanda elə əslində də o zaman axı mənim nə dərdim vardı ki!..
Ailə yox, bala-bula qayğısı yox – necə gəldi, yaşayırdım.
Dünyanın altıda bir hissəsi olan böyük bir ölkənin sayılan-seçilən gənc yazıçılarından biriydim. Jurnallarda, qəzetlərdə adımı Şukşinin, Belovun, Rasputinin, Oljas Süleymonovun, Hrant Matevosyanın, Çingiz Aytmatovun adı ilə bir sırada çəkirdilər. (Hətta bir dəfə “Pravda” qəzetindəki bir yazıda, Azərbaycan ədəbiyyatının bütün Sovet dövrünü təmsil eləyən iki adamın biri kimi, mənim adımı Səməd Vurğunun adının düz yanına qoymuşdular).
Doğrudur, mən o zaman heç yerdə işləmirdim. (“Azərnəşr”də rəhbərlik dəyişəndən az-maz sonra işdən çıxıb getmişdim). Ancaq, Allaha şükür, başqa işlərim kifayət qədər yaxşı gedirdi.
“Nəğməkar bibim” bir il əvvəl çap olunandan sonra (povest qabaqca Moskvada çıxmışdı) ədəbi ictimaiyyətdə əməlli-başlı əks-səda doğurmuşdu. (hətta Mirzə İbrahimov da mənə - özünəməxsus təbəssümlə - “jivoy klassik” deyirdi). “Tənha narı” da lap təzəlikcə “Ulduz” jurnalına, Cabir Novruza vermişdim. Yəqin ki, çap olunacaqdı. Hətta lap çap olunmasa da, işimi əvvəlcədən ehtiyatlı tutmuşdum. “Tənha narı” qutaran kimi, üç-dörd ay canımı cəfaya basıb, Aytmatovun “Əlvida, Gülsarı” povestini dilimizə çevirmişdim. O vaxt öz yazılarımın çap olunacağına inanmadığıma görə, mən həmişə belə eləyirdim: hər yazıdan sonra bir əsər götürüb tərcümə eləyirdim ki, öz yazım çap olunmasa, ac qalmayım.
Tanış-biliş arasında kifayət qədər hörmətim vardı. Məsələn: Anarın qapısını istədiyim vaxt aça bilərdim. (Hətta bir gecə - kefli havasına – sanballıca bir ağacı dibindən çıxarıb, Anargilə aparmışdım yəqin bu fikirdəymişəm ki, o evdə bir yaşıl ağacın olmağına böyük ehtiyac var!).
Cavanların çoxusu başıma and içirdi. İsa ilə Ələkbər öz təzə şeirlərini birinci mənə oxuyurdular. Elçin öz hekayələrinin barəsində mənim rəyimi bilənəcən bəzən xeyli həyəcan keçirməli olurdu.
Bayaq dedim ki, mən o zaman hələ evlənməmişdim. Yoldaşlarımın da çoxusu hələ evli deyildi. Ancaq o vaxt elə dost-tanışın öz arasında bir qəribə ailəvi ünsiyyət vardı. Fikrətlər (Qoca və Sadiq), İsi, Fərman, Əlisa, Vaqif Nəsib – hamımız elə bil bir evin uşaqlarıydıq. Və o evin ən çox sözü eşidilən uşağı da bəlkə elə mən idim.
İndi mənim Bakıda (şərikli mənzildə olsa da) hər halda daimi yaşayış yerim də vardı. O evin əşyası bir çarpayıdan, bir yazı stolundan (o stol indi də həmin sədaqətlə mənim xidmətimdə durub!) bir – keçmiş ev sahibindən qalma – köhnə paltar şkafından ibarət idi. Ancaq o evə gəlib-getməyi, məncə, bir çoxları özünə şərəf sayırdı.
Bir adamın ki, adı “Pravda” qəzetində Səməd Vurğunun adı ilə bir yerdə şəkilə... (Ehey, gidi dünya!..)
Gərək ki, Dostoyevski deyib ki, dostlar bizim şöhrətimizin işığına gəlir. O işıq çəkiləndə dostlar da çəkilib gedir. Versən, yazıçılığın daşını gərək birdəfəlik atasan...
Deyəsən, biz elə o Taqanroqdan da birbaşa Moskvaya qayıtdıq. Və hələ mehmanxanaya çatar-çatmaz, eşidəndə ki, bir azdan “Yunost” mehmanxanasının banket zalında bizə bir banket də verəcəklər, düzü, bir elə sevinməsəm də, hər halda sən deyən narahat da olmadım. (Adamın öyrəşdiyi şeydən birdən-birə əl çəkməyi, görünür, o qədər də asan məsələ deyilmiş!) və “Lit.qazeta”dan kəsib saxladığım – bu yazının ilkin səhifələrində sözü gedən – o müsahibəni də qəzetin əməkdaşı, səhv etmirəmsə, məndən elə orada, məsələn, belə bir cümlə oxuyuram: “Pered moimi qlazami predstalo istinnoçexovskoe – tixaya krosata i skromnost”. Yəni “mən Taqanroqda (Çexovun ev muzeyində) əsl Çexov ruhunda – zorla gözə soxulmayan sakit bir gözəllik və təvazökarlıq duymuşdum...
O gecə - o son banketdən sonra – elə yatmağa təzəcə hazırlaşdığım yerdə komsomolun mərkəzi komitəsindən zəng vurub dedilər ki, polşalı qonağımız Leninqrada səfər eləməyi arzulayıb və onu bu səfərdə müşayiət etməyi rəhbərlik sənə tapşırmaq istəyir.
...Və üç-dörd gündən sonra mən Yeji Kşiştonu Leninqradın Varşava vağzalından qola salıb, Moskvaya döndüm və oradan da Bakıya qayıtdım.
İndi sizə dəhşətli bir şey deyəcəyəm: mən heç yerdən (hətta Azərbaycanın dağlıq bir rayonundan da) Bakıya heç zaman sevinə-sevinə qayıtmamışam.
Gəlib gördüm ki, Bakı elə həmişəki Bakıdır: istisi, hisi-pası da öz yerində.
Mənim evim Bünyad Sərdarov küçəsinin Vaqif küçəsi ilə kəsişdiyi yerdəydi: yazıçılar üçün tikilmiş təzə binanın yanında.
Şərikli mənzildə bir tərəfimdə bir qoca (milliyyətcə yəhudi) qadın olurdu, o biri tərəfimdə iki balaca otaqda dörd nəfərlik cavan ailə yaşayırdı. Gəlib gördüm ki, qonşularımın arasında ümumi dəhlizi və şərikli unitazı yumağın yenə qızğın davası gedir.
Qonşu evdə (həmin o Vaqif küçəsindəki təzə binada) gedib Anara baş çəkdim. O məni yuxarı dairələrdəki (əslində mənim üçün yox, onun özü üçün maraqlı olan) bəzi məsələlərdən hali elədi. Sonra dedi ki, Cəfər Cəfərov (o vaxt Cəfər müəllimi lap təzəlikcə Mərkəzi Komitənin ideoloji katibi qoymuşdular) səninlə maraqlanır. Rəsul (Anar öz atasına eləcə “Rəsul” deyirdi) iş barəsində (yəni mənim haradasa qulluq işinə düzəlməyim barədə) səninlə söhbət eləmək istəyir. Havaxt deyirsən, bir yerdə gedək yanına... Bir sözlə, məlum oldu ki, Anar da elə həmişəki Anardır: mənim yolumda özünü fəda eləməyə yenə can-başla hazırdır.
Ertəsi gün “Ulduz” jurnalının redaksiyasına getdim. Cabir Novruz “Tənha narın nağılı”nı oxuyub, çox bəyənmişdi. Hətta özünü sığorta eləmək üçün yazını, deyəsən, Mirzə İbrahimova da oxutdurmuşdu. Povest, oktyabr nömrəsindən başlayaraq, jurnalda dərc ediləcəkdi.
Onda mən “Nəğməkar bibi”dən və “Tənha nar”dan sonra o silsilənin üçüncü povesti də olacağını hələ bilmirdim. Əlimdə tərcümə əsəri vardı: Paustovskinin “Qızıl qönçə” əsəri.
O yay mən, deyəsən, bir müddət elə o tərcümə əsəri ilə başımı qatdım. Sonra tərcüməni yarımçıq qoyub, sözü gedən silsilənin üçüncü povestini – “Adamlar və ağaclar”ı yazmağa başladım. Beləcə, 1967-ci il arxada qaldı.
1968-ci ildə məni “Gənclik” nəşriyyatının baş redaktoru təyin elədilər. Bu işdə, mənə elə gəlir ki, rəhmətlik Cəfər Cəfərovun bilavasitə iştirakı olmuşdu.
Və sən demə, Şoloxovun bir il əvvəl Pavlova verdiyi o “tapşırıq” da hələ qüvvədən düşməmişdi. 1968-ci ilin, səhv etmirəmsə, elə iyun ayında (“Vjoşki” əhvalatından düz bir il sonra) Respublika komsomolunun birinci katibi rəhmətlik Elmira Qafarova bu münasibətlə məni yanına çağırdı. Əvvəl Moskvadan gəlmiş bir qırmızı qovluğu mənə təqdim elədi. (UÇİLKGİ MK-nın fəxri fərmanı idi) Sonra dedi ki, biz səni Ümumittifaq Komsomol mükafatına təqdim eləməliyik. Ancaq bu məsələdə bir balaca dolaşıqlıq var. Gərək Teymur Süleymanoviçin yanına gedəsən.
Elmira xanım Teymur Əliyevə zəng elədi və mən elə oradanca Teymur müəllimin yanına getdim.
“Dolaşıqlıq” aydın oldu: bu mükafatı almaq üçün, sən demə, Nəbi Xəzri çoxdan çalışırmış.
Teymur müəllim dedi ki, Nəbi Xəzri bu mükafata bundan qabaq da təqdim olunub, ancaq ala bilməyib, mükafatı başqa adama veriblər.
Dedi: biz də istəyirik ki, bu dəfə mükafatı sən alasan. Moskva da belə istəyir. Və əslində bu saat Nəbi Xəzrinin o mükafata təqdim olunmağa heç yaşı da imkan vermir. Nəbinin yaşı nizamnamədə göstərilən müddəti ötüb. Ancaq (Teymur müəllim mənalı-mənalı gülümsədi) Nəbi Xəzri Axundovla elə dünən görüşüb və Vəli Yusifoviç söz verib ki, Nəbi Xəzrinin o mükafatı almağı üçün Moskva ilə danışıb tezliklə hər şeyi həll eləyəcək.
Teymur müəllim bir qədər fikrə gedib, sonra zorla, eşidiləcək, sakit bir səslə əlavə elədi:
- Bəlkə səni bu il Azərbaycanın mükafatına təqdim eləyək?
Əgər desəm ki, o mükafat (həm Bakınınkı, həm də Moskvanınkı) o gün məni təminən Teymur müəllimin kabinetindəki “oboyun” rəngi qədər maraqlandırır - qorxuram ki, buna heç kəs inanmasın. Həm də bilirdim ki, Azərbaycanın komsomol mükafatına o il Fikrət Qoca təqdim olunub.
- Bəs Fikrət Qoca? - soruşdum.
- Nə olar, gələn ilinkini də Fikrətə verərik. - Teymur müəllim gözlüyünün altından olduqca diqqətlə mənə baxdı.
Mən ayağa qalxdım:
- Yox, - dedim. - Onda gələn ilinkini mən alaram. Xudahafizləşib otaqdan çıxdım. Və indi mənə elə gəlir ki, Teymur müəllimin son sözlərini qapının o tayında – dəhlizdə eşitdim:
- Bəs ikinizə də verək, onda necə?
1968-ci ilin payızı - Komsomolun 50 yaşı tamam olanda - Opera ve Balet teatrında son dərəcə təntənəli bir şəkildə Fikrətə və mənə Komsomolun yubiley mükafatını təqdim etdilər.
Bu, mənim ilk və son mükafatım idi...
Xruşşov “şaxtasındıran” epoxası («Xruşşevskaya ottepel») məndən ötrü belə qurtardı.
Zəruri qeyd: "Əylisdən Əylisəcən" memuarının elektron yayım hüququ Kulis.Az internet dərgisinə məxsusdur.