Hələ səhər yeni açılırdı, amma hava çox bürkü idi. Evin həyətində əl-üzümü yuyub küçəyə çıxdım, sakitlik idi. Bayırda bir-iki nəfər gördüm, onlar da başı aşağı, tələsə-tələsə harasa gedirdi. Adətən o, küçədə az insan gözə dəyirdi. Səhər olduğuna baxmayaraq, məndə elə bir hiss vardı ki, sanki bədbinliklə dolu olan bir günün tezliklə bitməsini gözləyirdim. Küçənin sonunda kiçik bir çayxana var idi, bilirdim ki, ora bir-iki saatdan sonra məhəllənin kişilərilə dolacaq, gecəyə qədər domino, nərd oynayacaqlar. O, çayxanada heç vaxt yad insan olmurdu, həmişə ora küçənin sakinləri gəlirdi, bir də Sənan. Qonşu küçədə yaşayan Sənan.
Nə qədər cansıxıcı olsa da evlərə, həyətlərə boylana-boylana həmin çayxanaya getdim, oturub qonşuların gəlməsini gözlədim. Əslində ora gəlib-gedən heç kimlə tanışlığım yox idi, o çayxana elə idi ki, hər kəs bir-birinin stolunda oturar, söhbət edərdi. Stolların birində əyləşib, küçəyə baxırdım. Sanki kiminsə yolunu gözləyirdim. Bir qədər sonra küçədə əlində kiçik vedrələr götürmüş uşaqlar görünməyə başladı, sonra da anları.
Onlar küçənin lap aşağısında-söyüdlük deyilən yerdə bulaqdan su gətirməyə gedirdilər. Küçədə daimi su olmazdı deyə su qıtlığı yaşananda uşaqlı-böyüklü hər kəs o bulağın başına toplaşardı. Məktəblilər isə dərsə getməzdi, bəzən onlar elə bulağın başında müəllimlərilə də qarşılaşardı. Su qıtlığı tək o küçənin yox, bütün kəndin problemi idi. Elə ki, sular qapılara qədər gəlib çıxardı, o zaman uşaqların əlində vedrələr yox, məktəbli çantaları gözə dəyərdi. Amma uzun zaman o kəndə gedib-gəldiyimdən bilirdim ki, uşaqlar həftənin yarısını məktəbə gedə bilmirdilər. Həmin bulaq mənə çayxananı xatırladırdı-qadınların yığışdığı çayxana. Küçənin sakinləri bulağın ətrafında qadınlar üçün uzun oturacaqlar düzəltmişdilər, qadınlar su daşımaq üçün ora gedəndə oturub, saatlarla söhbət edərdilər. Uşaqlar isə onlara qulaq asardı.
O, azyaşlı, kiçik uşaqların bulağa getməyini izləyirdim ki, bir də gördüm Sənan içəri girdi. Məni görən kimi tez gəlib salamlaşdı. Salamı da əli ilə yox, qolu ilə verərdi həmişə. Çaşıb əlini tutsan, təzədən bir də qolunu uzadardı.
Orda yaşayan insanlar hamısı qonşu küçədən gələn Sənanı tanıyırdı. Sənanı bütün kənd tanıyırdı. Çox mehriban insan idi, məni gec-gec görsə də hər dəfə tez üstümə doğru qaçar, bərk-bərk qucaqlayardı. Hələ uşaqlıqdan əmimgil onu mənim yanıma buraxmazdılar, ondan mənə xələl gələcəyini düşünərdilər, amma mən həmişə onunla dostca söhbətləşməyi bacarırdım. Nə danışdığını anlamasam da onu dinləmək həmişə mənə xoş olurdu. Sənan çox qarışıq söhbətlər edərdi, tez-tez də qoluna baxar və başını qaldırıb, qarşısında olan insandan saatı soruşardı. Mən həmişə ona saatı düz deyərdim, amma bəzən başqa insanlar ya cavab verməzdilər, ya da səhv deyərdilər. Sənan yanında kimsə olanda sanki həmişə harasa tələsərdi, on dəqiqədən bir qoluna baxar, tez başını qaldırıb-aydaaa, aydaaaa ya da ehhh, ehhh – deyib qarşısındakı insandan saatı soruşardı. Siqareti çox çəkərdi həm də siqaret qutusu onun telefonu idi. Arada qulağına tutub, danışa-danışa küçəni dolaşardı. Kimsə alsa pivəni, arağı da çox içərdi.
Sənanın iki şeydən qorxusu vardı. Biri su idi. Əlini heç vaxt suya vurmazdı, sudan çox qorxardı. Əgər kimsə onun üstünə su töksə əsəbiləşib həmin insanı vurardı, hətta cibində, ya yerdə olan daşı, dəmir parçasını, ya da başqa əlinə nə keçsə həmin insanın başına geyindirərdi. Sonra da oturub ağlayardı. Ürəyi yumşaq, amma qorxularına qarşı aqressiv biri idi.
İkinci qorxduğu şey isə kiminsə ona əl qardırmağı idi. Vurmasan da əlini ona qarşı uzadan kimi qorxar, əsəbiləşərdi. Qohumlarımın dediyinə görə valideynləri Sənanı bir neçə dəfə ruhi xəstəxanaya qoyub, amma tez bir zamanda onu ordan götürüblər. Atası uşaqlıqdan onu çox döyərmiş elə onda da döyərdi. Ona görə kimsə onu vuranda qorxardı və əsəbiləşib hərəkətlərini itirərdi. Onun otuz iki yaşı vardı.
Sənan doğulandan ruhi xəstəliklərilə əlaqədar kənddə seçilən bir insan olub. Bütün kənd onu tanıyardı amma o daha çox həmin küçədə olardı.
Sənanla oturan kimi bir çay istədim, həmişəki kimi onun danışdıqlarını dinləmək mənə xoş idi. Çay gələnə qədər Sənan susdu, heç saatı da soruşmurdu.
Çayxana dediyim yer həmin küçədə yaşayan Mircavadın evi idi-evinin bir otağı. Kənddə evlər böyük idi, Mircavadda neçə il idi evinin bir hissəsini çayxana kimi işlədirdi. Elə çayı da özü dəmləyib, özü qulluq edərdi. Bir neçə il əvvəl dünyasını dəyişib, deyəsən öləndən sonra çayxananı heç kim işlətmədi.
Mircavad çayı verəndən sonra Sənanın dili açıldı, xeyli danışdı, bir o qədər də saatı soruşdu məndən. Çox maraqlı idi, onun saatı soruşmağı, ona saatı düz deməyi özümə borc bilirdim, heç vaxt yalan deməmişdim.
Beləcə vaxt keçdi, günorta saatlarında mən çayxananı tərk elədim. Günortalar küçədə lap çox sakitlik olardı, hər kəs iş başında-kimisi mal-qaranı otarmaqda, kimisi başqa işdə, kimisi isə yatmaqda. Amma çayxana həmişə domino oynayan, uzun-uzun söhbətlər edən kişilərlə dolu olardı. Bir də kəndin bulağında qadınlar gecə saatlarına qədər olardı. Elə küçədə də daha çox su daşıyan qadınlar gözə dəyərdi.
Axşama qədər əmimin nəvələri ilə oynadım, onlarla oynamaq xeyli vaxtımı aldı. O kəndin mənim üçün bir dəyəri vardı, uşaqlığımın ən gözəl illəri orada keçmişdi. Ona görə bir günlük də, bir aylıq da getsəm özümü orada çox rahat hiss edirdim. Vaxt necə gəlib keçirdi heç bilmirdim.
Gülnar-əmimin kiçik nəvəsi həyətdə oynayarkən qaçıb zibil qabından nəsə götürdü, sonra elə qaça-qaça mənim yanıma gətirdi. Kukla başı idi, palçıq içində olan, kukla başı. Mənə dedi ki, dünən onu Sənan gətirib, amma babası onu zibil qabına atıb və götürməyə qoymur. Sonra gecə əmim danışdı, Sənan dünən eşidibmiş ki, bir həftə əvvəl Gülnarın ad günü olub, o da zibillikdən tapdığı kukla başını gətirib Gülnara hədiyyə edib. Sənan haqqında bir dəfə də maraqlı hadisə eşitmişdim:
Uzun illər əvvəl Sənan məhəllədə səkkiz mart günü bütün qadınları bir-bir təbrik edibmiş. Kimsə ona deyibmiş ki, bu gün qadınların bayramıdı, onları təbrik etmək lazımdı. Hətta deyilənə görə getdiyi bir qapıda ailədə dava-dalaş var imiş. Kənddə belə şeylərə adi baxırlar, həyətdə Tofiq adlı bir kişi həyat yoldaşını döyürmüş, Sənanı isə təbrik üçün həyətə gedəndə əsəbiləşib bərk vurubmuş.
***
Axşam saatlarında küçədə gəzişirdim, gəzə-gəzə gedib çıxdım yenə küçənin sonundakı çayxananın qarşısına, içəridən həmişəki kimi səs-küy gəlirdi.
Ora toplaşan kişilər domino oynaya-oynaya kənddə baş verənlər haqqında söhbətlər edər, hətta bəzən elə səs-küylü mübahisələri də olardı. Bir dəfə onların söhbətinə diqqətlə qulaq asmışdım, kənddə yaşayan insanların haqqında çox ciddi müzakirələr edirdilər, bəzən başqa şeylərdən də danışırdılar.
Elə ora girməyi düşünürdüm ki, içəridə olan çığırtılar məni təəccübləndirdi. Sənanın səsi idi. Tez içəri daxil oldum. Gördüm iki insan Sənanın üstünə su atır, o da əsəbiləşib qışqırır. Biri Alik idi- əmimgilin qapı qonşusu, o birisini də çox görmüşdüm, amma adını bilmirdim. Əmim də içəridə idi. Sənanı çox incidirdilər, yenə ağlayırdı, gözlərindən gilə-gilə yaş gəlirdi. Əlində isə uzun bir ağac var idi. Onlar su atdıqca o ağacı yerə vurub qışqırırdı.
Kənddə onunla kim belə davranırdısa kənardan müdaxilə edən, qarşı çıxan olmurdu. Demək olar ki, o küçədə yaşayan hər kəs Sənanı belə əsəbiləşdirib, incidərdi. Onun qorxduğu nə varsa, onları təkrar-təkrar edib onu incidərdilər. O insanlar Sənanla zarafat etdiklərini düşünür və onun əsəbiləşməyinə baxıb gülürdülər. Amma Sənan da hərdən çox təhlükəli olurdu, hətta bir neçə dəfə üstünə su atan insanları döydüyünü görmüşəm. Bir dəfə də bir kişinin başına çəkic vurduğunun şahidi olmuşam. Çox əsəbiləşdirən olanda belə şeylər edərdi.
***
Sənan təzəcə sakitləşmişdi ki, həmin kişilərdən biri-əmimlə qapı qonşu olan-onun üstünə yenə su atdı.
İçkili idi, sanki Sənanın əsəbiləşməyindən zövq alırdı, ona baxıb əylənirdi.
Suyu atıb qəhqəhə çəkdi.
Sənan adətən çayxananın girəcəyində yerdən oturub öz-özünə, ya da onu dinləyən birilə söhbət edərdi. Qəfil kimsə onu incitsə coşardı.
Mən düşünürdüm ki, Sənanı stola çağırıb söhbət edəm. Amma elə su Sənana dəyən kimi, o qəfil ayağa durub əlindəki ağacla Aliki vurdu. Bir-iki dəfə vurandan sonra Alik ona sərt bir sillə çəkdi. Özümü saxlaya bilmədim, ayağa durub onlara doğru gedirdim ki, Sənan əlindəki ağacı düz Alikin başına vurdu, sonra əlinə nə keçdisə Alikə atmağa başladı. Onu heç kim saxlaya bilmirdi, hər kəsi vururdu.
Eyni zamanda Sənanın göz yaşları da dayanmırdı. Alikin isə başından qan açılmışdı. Dəmirin haradan çıxdığını görmədim, Sənan onu dayanmadan Alikin başına vururdu. Sənanla Alikin səsi bütün kəndə yayılmışdı, deyəsən Alik gözündən də zədə almışdı deyə sağ gözünü tutub qışqırırdı.
Hadisələr elə oldu ki, içəridə olan heç kim onların qarşısını ala bilmədi. Biz bir də gördük Sənan yerdə çabalayır, boğazı qanın içində idi. Hər kəs birdən donub qaldı, Sənanın qanı üst-başına yayılırdı.
***
Həkimlər Sənanı boğazından aldığı bıçaq zədələrindən xilas edə bilmədi.
O, öldü...
Gecə bütün kənd Sənanın yaşadığı evə yığışmışdı, hər kəs bir-birilə mübahisə edirdi. Onlar sabaha qədər Sənanın ölümünü müzakirə etdilər. Amma qərara gələ bilmədilər ki, bu ölüm işində günah Sənanda olub, yoxsa Alikdə. Ora gələn bütün insanların marağında bu idi.
Evdən ağlaşma səsləri gəlirdi, nədənsə mən Sənan üçün daha çox iki nəfərin üzüldüyünü düşünürdüm. Sanki onlar, Sənanın ölümünə valideynlərindən də çox üzülürdülər. Biri əmim nəvəsi Gülnar idi, o ağlamırdı sakitcə insanlara baxırdı. Biri isə səkkiz mart günü onu təbrik edərkən, həyat yoldaşı Sənanı döyən qadın. Onun gözləri ağlamaqdan şişmişdi.