Kulis.Az tanınmış yazarlara “Nə yazırsınız?” sualı ilə müraciət edib. Cavabları təqdim edirik.
Səfər Alışarlı
- Bu tipli suallara verdiyim səmimi açıqlamalardan sonra bir qayda olaraq ya əlimdəki yaradıcılıq işlərini yarımçıq buraxmalı oluram, ya da üstündə düşündüyüm ideyalardan birdəfəlik imtina edirəm. Ona görə belə deyim: həmişə nə yazırdımsa, elə onu yazmaqda davam edəcəyəm. Hazır mətnlərim var, amma onları çap eləmək istəmirəm. Yay yaradıcılıq üçün gözəl fəsildir. Oturanda ayaqların üşümür, otağın soyuqluğu səni narahat eləmir, bu yaşda hətta çimərliyə belə getmək istəmirsən. Otur, yaz da...
Nərmin Kamal
- İki fayl açıqdır bu dəqiqə kompüterimdə. Birində Seymur Baycan haqqında bir məqalə yazıram, o birində ayaqqabı haqqında hekayə. Birini sabah, birini iki-üç günə saytlara verəcəm.
Nəriman Əbdülrəhmanlı
- Adətim üzrə yay aylarında bədii yazılar yazmıram, ancaq hazırlıqla məşğul oluram, gəzməyə ehtiyac duyuram. Bir neçə hekayə üçün oturmaq məqamının yetişməsini gözləyirəm. Bir də ki, nə vaxtdan bəri hazırlaşdığım irihəcmli bir romanı güman ki, payız aylarında bitirəcəyəm.
İlqar Fəhmi
- Hələ ki, çoxcildliyin son dörd kitabının redaktəsiylə məşğulam. Səkkiz kitab çıxıb artıq, yayda dördü də çıxacaq... Ondan sonra iki kinoroman var əlimdə, onları yekunlaşdırmalıyam... Ümumiyyətlə, son vaxtlar kinoroman, kinopovest janrları məni çox çəkir. Kino ilə nəsrin qovuşağında maraqlı bir üslubdur, zənnimcə daha aktiv təbliğ eləməyə ehtiyac var bu janrları. Çünki indiki dövr vizuallığı sevir...
Pərviz Cəbrayıl
- Belə demək mümkünsə, heç nə; arabir roman üçün qeydlər, hərdən bir-iki status, dostların inboksuna, düşəndə şeir, qıtlıq olanda xəbər yazıram. Əsasən isə xəbər redaktə edirəm. Bu qədər ürəkaçan mənzərə...
Rəbiqə Nazimqızı
- Şeir yazıram üç-beş gündən bir, esse üçün ilham hiss eləmirəm. Hərçənd, həmişə mənim üçün ən rahatı bu olub, yenə cari işlər və tərcümələrlə məşğulam... Nəsrə keçmək fikrim yoxdur J
Murad Köhnəqala
- Bu dönəmdə əsasən, lent.az saytı üçün araşdırma yazıları və gündəm köşələri yazıram. Araşdırmalar çox vaxt aparır, ağır başa gəlir. Beləcə, sayt yazılarına köklənmişəm. Adətən, irihəcmli bədii yazılarımı sürətlə yazıb canımı qurtarıram. İsti havalarda ləng işlədiyimə görə hazırda böyük janrlara girişmək səbrim yoxdu. Bəzi planlarımı payıza saxlamışam...
Cavid Zeynallı
- 4 hekayənin süjetini özümlə gəzdirirəm. Qeydlərim də var. Hələ ki, heç birinə başlaya bilməmişəm. Bir yarımçıq hekayəm də var, dörd-beş aydır bitmir ki, bitmir. Daha doğrusu, yaza bilmirəm. Ya tənbəllikdən, ya vasvasılıqdandır. Gələn yaza bir hekayə kitabı çıxarıb, nəsrin bir müddət daşını atacağam. Ssenari yazmaq məni daha çox maraqlandırır. Bir qısametrajlı bədii filmin, bir sənədli filmin ssenarisini yazmışam. Növbədə gələcək üçün tammetrajlı film ssenarisi var. Son illərdə çəkilən bəzi filmlərin ssenari problemi məni, belə demək mümkündürsə, daha da həvəsləndirir. Hətta "Günəşi gözləyənlər"i ssenari kimi işləmək istəyirəm. Nə isə, kino ədəbiyyatdan daha maraqlıdır. Ssenari yazmaq hekayə, roman yazmaqdan daha ləzzətli və zövqvericidir. Ədəbiyyatın, nəsrin gələcəyindən ağlım bir şey kəsmir, bir az praqmatik olmaq və özümü kinoda sınamaq istəyirəm. Bu qədər sadə.
Könül Həsənqulu
- Son aylar məktublar yazmağa başlamışam. Müxtəlif mövzulardan ibarət olan məktublar obrazlaşmış real personaja ünvanlanır. Ara-sıra yazdığım yeni şeirlər isə ayrıca bir silsiləyə aiddir. Bu silsilənin adını məşhur bir əsərin adı ilə oxuculara təqdim etməyi düşünürəm. Qeyd edim ki, bu mətnlərimin (məktubların və silsiləyə aid şeirlərin) internet yayılmasından yayınnmağa çalışıram. Onları oxuculara kitab şəklində və ya ədəbiyyat dərgilərində təqdim edəcəyəm.
Qismət
- Asta-asta roman yazıram, sonra "Ədəbi cərəyanlar" adlı kitabın üstündə işləyirəm. İstilərdə yazmaq olmur. Fikrimdə yeni esse silsiləsi var, bu yay onunla bağlı materialları oxuyub bitirmək istəyirəm.
Etimad Başkeçid
- Bir neçə ay əvvəl başladığım kitabı yazıram. Bakıda yaşadığım 14 il ərzində şahidi olduğum situasiyaları ümumiləşdirib, şəxsiyyətini dövrə uyğunlaşdıra bilməyən adamın psixoloji portretini yaratmağa çalışıram. Burada sağ qalmaq, yaşamaq üçün insanların nə qədər əcaib, qeyri-adi yollara baş vurduğunu, modern əlbisədə arxaik varlıqların şabaşı təsvir olunur. Kitabın fəlsəfi zəmini barədə isə hələlik danışmaq istəmirəm. Bundan başqa, əlimdə iki tərcümə işi var, onları sifarişçilərə vaxtında çatdırmaq üçün səy göstərirəm.
Natiq Məmmədli
- Mən absurd teatrı estetikasında bir pyes yazmışam. Hazırda onun redaktəsi ilə məşğulam. Beş pərdəli absurd oyundur. İşçi adı da belədi “ Dumana bürünmüş”
Mübariz Örən
- Hal-hazırda uzun hekayə (povest) üzərində işləyirəm. Qəribə taleyi oldu bu hekayənin. İtmiş bir mətnin bərpası zamanı həcmcə, mahiyyətcə böyüyüb, genişlənib uzandı. Mətnin başına gələn faciə əsərin qəhrəmanının da başına gəldi. Hələ də baş-əl-ayağını yığa bilmirəm, allah axırın saxlasın.
Aqşin Yenisey
- Heç vaxt tətilə getməmişəm, yəqin ki, bu yay da belə olacaq. Məkanı dəyişmək mənə heç bir yenilik vermir, əksinə, əlimi işdən soyudur. Ya da mənim zövq ala biləcəyim tətil üçün çox pul lazımdır. 500 manatla gedib Tiflisdə avaralanmaq mənə görə elə avaralanmaqdır. Bundansa Bakıda qalıb kitabı vasitəsilə bir yazıçı ilə Həmid Herisçi demiş, intertekstual əlaqəyə girmək daha əfzəldir. İki ilə yaxındır ki, vaxt tapdıqca bir neçə yazı üzərində işləyirəm, yəqin ki, elə onları davam etdirəcəyəm.