Kulis.az Azad Yaşarın "Xarici adları necə yazmalı?" adlı yazısını təqdim edir.
Bir dəfə Rusiya prezidenti V.Putin Hindistanla bağlı hansısa mədəniyyət obyektinin açılışında, həm də kameralar önündə “Rabindranat Taqor” ad-soyadını səsləndirməyə üç dəfə cəhd eləsə də, uğursuzluğa düçar olmuşdu.
Bütün rus xalqının guya sevib-dəyərləndirdiyi, özünə dost saydığı bu universal istedad sahibinin, ədəbiyyat üzrə Nobel mükafatçısının adını hələ bir cəhdində o, “RObinQranat” şəklində də səsləndirmişdi.
Əslində, Putini buna görə qınamaq olmaz, çünki yazarın adının yazılışı doğma Benqal dilində köklü şəkildə fərqlənir: RObindrOnatH THaKUr.
Deməyim odur ki, özümüzə mənən yaxın saydığımız xarici dostların adını söyləyərkən bizim də dilimizin “sınma”sı normal hal sayıla bilər.
Bəzən bizdə xüsusi adların yazılışında kombinasiyalı üsuldan istifadə olunur: məsələn, OrXan Pamuk (əgər “Pambıq” yazmırıqsa, onda “OrHan”ı da eynən saxlamalıyıq!). Nəticədə “Aziz Nesin” də nədənsə dönüb olur “Əziz NEsin”.
Əgər kombinasiyasız məntiq tətbiq olunarsa, o da “Əziz NƏsin” olmalıydı. Çünki soyad seçərkən mərhum yazar öz kimlik axtarışlarını əsas götürdüyü üçün: “Aziz, sen kimsin, NESİN (kimsən, NƏSƏN, nəçisən – A.Y.)?” yanaşmasına üstünlük verdiyini müsahibələrində dönə-dönə təkrarlamışdı. Yəni sözügedən ad-soyad dilimizə tam tərcümə olunsaydı, ona gərək “Əziz NƏsƏn” variantına üstünlük veriləydi. Şükürlər olsun ki, onun adaşı, nobelçi Aziz Sancarın adı dilimizdə doğru yazılır, yoxsa o da “Əziz SƏncƏr” şəklinə düşəsiydi.
Ünlü soyadlar sırasında ən səngiməz müzakirələrə yol açan isə “Nietzsche” (5 samit ard-arda!) və “Goethe” soyadlarıdır. Bunlar uyğun olaraq, mətnlərimizdə Nitsşe / Niçşe, digəri isə guya ruscasına uyğun olmaqla Göte / Gete / Gote / Hete / Höte şəklində yazılır. Halbuki ikinci yazarın orijinal soyadının (Goethe) ilk səsi "He" deyil. Bunu o vaxt bizimkilər icad edib: ruscadakı “Gyote” yazılışı və tələffüzü dilimizdəki ədəbsiz sözlə çağırışmasın (assosiasiya) deyə, bizim ədəbli, amma başabəla dilçilərimiz bu "H" hərfini soyada calaq edərkən unudublar ki, dilimizdə hansı mənaya gəlməsindən asılı olmayaraq, ORİJİNALA SƏDAQƏT HƏMİŞƏ VACİBDİR.
Dünyaya minlərlə dahi bəxş edən alman xalqı bir “ş” səsini üç hərf (sch) ilə ifadə edirsə, belədə biz əsla karıxıb-qalmamalıyıq. Qəliz məqamlarda, həm də o dilə sən deyən aşina deyiliksə, vikipediyadan adın transkripsiyasına göz atmalı, əgər varsa, “səsləniş” düyməsinə basmalıyıq. Onda görəcəyik ki, “Niçşe” variantı digərlərindən daha ağlabatandır.
Heroqliflərdən istifadə edən Şərq dillərindəki adların yazılışı isə təkcə bizdə yox, aparıcı dillərdə də problemlərə yol açır. İngilis, fransız, alman dilindəki adlar kitab qapaqlarına orijinala uyğun yazılanda (ən azından bildiyimiz xarici dillərə uyğun) hər nə cürsə oxuya bilirik.
Bəs eyni hal heroqliflərlə təkralananda nə edək? Axı ali savadlı hər çinli, koreyalı və yapon da həmin heroqliflərin hamısını əzbərə bilmir.
Hansısa müəllifin ad-soyadını oxumaqdan ötrü isə bu tənbəl canımızla heroqlif-zad öyrənən deyilik. Nəticədə bizə qonşu, tarixən yaxın iki xalqın – rusların ad-soyadını “Dzyunitiro Tanidzaki” şəklində yazdığı müəllif qardaş türk dilində dönüb olur “Cuniçiro Tanizaki”, “Yukio Misima” isə “Yukio Mishima”ya çevrilir. İngiliscə bilənlər də “MiŞima” kimi oxuyur.
200 ildən artıq tarixi-mədəni bağlılıqda (və deməli, asılılıqda!) olduğumuz rus soyadlarından da sonda iki misal çəkməliyəm, çünki 30 illik müstəqillik dövrümüzdə kişili-qadınlı bu rus soyad sonluqlarından hələ də qurtula bilməmişik. “Bəlkə də, qaytardılar” fikrinə dərin köklərlə bağlı olduğumuzdan bu mərət sonluqlardan heç qurtulana da oxşamırıq...
Ana dilimizdəki bir çox ədəbi mənbələrdə, üstəlik, rus dilinin geniş tədris olunduğu, yayıldığı onilliklər ərzində biz görkəmli şair Marina Çvetayevanın soyadını nədənsə yanlışlıqla "Svetayeva" şəklində yazmışıq. Xüsusi vurğulamağa gərək duyuram ki, rusca “svet” sözü “işıq” mənasına gəlir, halbuki şairin soyadı “çvet” və ya “tsvet” (rəng) sözündən törəyibdir.
Türkdilli xalq olmamıza rəğmən, biz Anna Axmatovanın tatar mənşəli ədəbi təxəllüsünü (soyadını) nədənsə heç “Əxmətova” və ya “Əhmədova” şəklində yazmırıq. Xatırladım ki, bu şairin qızlıq soyadı Qorenko, ilk ərindən aldığı soyad Axmatova-Qumilyova, ikinci ərindən aldığı soyad isə Axmatova-Şileyko olub.