Vera Vasliyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

Vera Vasliyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif
29 aprel 2026
# 12:00

Kulis.az Mübariz Örənin "Cümə gününə hazırlıq" hekayəsi haqqında Ulucay Akifin "Vera Vasliyevnanın budlarını unuda bilməyən gənc" yazısını təqdim edir.

Mübariz Örənin "Cümə gününə hazırlıq" hekayəsini oxudum. Bir cümlə ilə fikirlərimi ifadə eləməli olsam, belə deyə bilərəm: xoşuma gəldi, gözəl hekayədir.

Ancaq istəyirəm bu hekayəni cərrah skalpeli altına salıb daxilinə baxaq, ruhunu ortaya çıxarmağa çalışaq. Hər halda, hər dəfə gündəm köşələri yazıb azərbaycanlılara əsəbiləşmək mənim özümü də bezdirir.

Birinci hekayənin adı haqqında fikrimi deyim.

“Cümə gününə hazırlıq” – çox əla, maraqlı, adama nəsə deyən, intriqa yaradan addır. Fikir vermişəm, Mübariz Örən həmişə yaxşı adlar seçir hekayələrinə. Bu, mənim üçün çox vacibdir. Necə ki, insanın adı vacibdir, mətnin adı da o cür. Təəssüf ki, bir çox müəlliflərimiz mətnlərinə, nəinki mətnlərinə, heç kitablarına da düz-əməlli ad qoya bilmir. İndi İlham Əziz içində fikirləşir: “Bu Ulucay yüz faiz mənim “Qəvvas” romanıma söz atır”. Burdan ona da demək istəyirəm ki, xeyr.

İşin zarafatı bir yana: “Balıq gülüşü”, “Minotavrın ölümü”, “Qum adası”, “Qar tanrısı”, “Çinar yazıları” – bunlar Mübarizin digər hekayələrindən bəzilərinin adlarıdır. Diqqətçəkən, maraq yaradan adlardır. “Cümə gününə hazırlıq” da həmçinin.

Keçək hekayənin məğzinə. Bu hekayə ilk baxışda zahirən sadə bir səfər təsviri, səfər əhvalatı kimi görünə bilər.

Kimsə soruşsa ki, bu hekayə nə haqqındadır, bir cümlə ilə belə deyə bilərik:

"Bir adam şimala getmək istəyir, təyyarə alınmır, qatara minir, yol boyu müxtəlif adamlarla qarşılaşır və sonda istiqamətini dəyişir".

Ancaq bilirik ki, əsl hekayəni, mətni heç vaxt bir cümlə ilə ifadə etmək olmaz.

Bu mətnin də dərinliyinə enəndə aydın olur ki, “Cümə gününə hazırlıq”, əslində, səfər haqqında yox, yaddaş, kimlik və insanın öz keçmişi ilə münasibəti haqqında yazılmış çoxqatlı bir hekayədir.

Hekayənin ən vacib predmeti obrazın səfər etdiyi qatardır yəqin ki. Ən azından, mənə belə gəldi. Bu hekayədə qatar sadəcə nəqliyyat vasitəsi deyil, zamanın içində hərəkət edən bir yaddaş mexanizmidir.

Qəhrəmanın fiziki hərəkəti onun daxili hərəkəti ilə üst-üstə düşür. O, sadəcə coğrafi olaraq məkan dəyişmir, eyni zamanda illər əvvəl yaşadığı həyatın, xüsusilə də 90-cı illərin çətinliklərinin içinə qayıdır. Bu səbəbdən, hekayədə iki zaman xətti paralel şəkildə irəliləyir: biri indiki zamandakı uğurlu, statuslu, artıq “cənab sədr” olan insan, digəri isə kasıb, qeyri-müəyyən gələcək içində yaşayan gənc. Bu iki obraz, əslində, eyni adamdır, amma aralarında gizli bir gərginlik var. İndiki qəhrəman keçmişini xatırlayır, amma onu qəbul etmir, o həyat ona aid deyilmiş kimi davranır.

Qatarın özü də bu daxili prosesin əsas simvoluna çevrilir.

Onu deməliyəm ki, qatar mənim üçün digər nəqliyyat vasitələrindən həmişə fərqlənib. Təkcə mənim üçün yox, qatar hamımızın şüuraltında digər nəqliyyat vasitələrindən fərqli yerdədir.

Azərbaycan dilində “qatar” obrazı çox vaxt əldən buraxılmış fürsət, zaman və qaçırılmış imkan mənasında işlənir.

Ona görə “filankəsin qatarı getdi”, “o qatarın dalınca baxma” kimi ifadələr hələ də dilimizin əzbəridir.

Qatar həm də dönüşü olmayan, dayandırılması çətin olan bir hərəkəti ifadə edir. İnsan istəsə də, istəməsə də, relslərin istiqamətinə tabedir.

Yaddaşımız da qatar kimidir. Biz xatirələr selinin ardıcıllığını, istiqamətini müəyyənləşdirməkdə iqtidar sahibi deyilik, yəni yaddaşımızı dayandıra bilmirik, yalnız onun içində hərəkət edirik.

Hekayənin mərkəzində dayanan ən güclü simvollardan biri “Vera Vasilyevnanın budları” ifadəsidir. İlk baxışda bu ifadə kasıb tələbə həyatının bir detalı kimi görünür: ucuz toyuq əti, sağ qalmaq üçün bişirilən yemək. Amma sonradan bu obraz tamam başqa məna qazanır. Qəhrəmanın yaddaşında qalan o gecəyə, qadının alçaldılmasına seksual, psixoloji və eyni zamanda travmatik bir məna yüklənir.

Bu travma təkcə şəxsi deyil, həm də kollektiv xarakter daşıyır.

Hekayənin bu dramatik hissəsi yadıma “qatar”la bağlı digər məşhur ifadəni saldı. Təkcə bizim dildə yox, digər xalqların dilində də (dolayısıyla şüuraltında!) qatar fərqli yer tutur. Vera Vasilyevna ilə bağlı həmin səhnədə ağlıma rusların tez-tez işlətdiyi “filankəs o qatarın sərnişini deyil” ifadəsi gəldi. Həmin məqamda azərbaycanlı gənc oğlanın keçirdiyi hisslərdən bəlli olur ki, o, bu qatarın sərnişini deyil və əgər qatarda başına ona bu qədər yad olan hadisə gəlirsə, getdiyi və yaşayacağı, ayaq üstdə qalmağa çalışacağı uzaq şimalda başına gələcək şeylərin də ona necə təsir edəcəyi böyük suallar yaradır.

Müəllif bunu şüurlu şəkildə göstərir və mətn boyu müxtəlif yerlərdə milli kimlik və postsovet məkanının gərginliyini hiss etdirir. Hekayənin lap əvvəlində taksi sürücüsü Lyova ilə qarşılaşma səhnəsində azərbaycanca danışan, amma erməni olduğu hiss edilən bir insanla qurulan ehtiyatlı münasibət açıq düşmənçilik deyil, amma dərin bir etimadsızlığı göstərir.

“Azərbaycan dilində danışsa da, erməni olduğunu baxışlarının ani toqquşub yayınmasından bildi”, “gözlərindəki soyuq parlaqlıq hər ikisini ələ verdi” – hansısa xarici ölkədə bir erməniylə rastlaşmış bütün azərbaycanlılar, məncə, bu hissləri eynilə belə yaşayıb.

Həmçinin Qafqaz millətindən olan şəxs ifadəsinin işlənməsi də qəhrəmanın özünü getdiyi yerdə kənar, damğalanmış adam kimi hiss etməsini deyir. Bu, onun daxili kompleksllərini daha da gücləndirir.

Mübariz Örən qatarın keçdiyi şimal şəhərlərinin, şimal çoğrafiyasının təsvirini elə ustalıqla yazıb ki, həmin geniş yazıçı nəfəsi adamı rahatlıqla atmosferə salır.

“...qar altında mürgüləyən əkin sahələri, səsli-küylü şəhərlər, sıx-sağlam meşəliklər... get-gedə, dərin buzlaşmanın məngənəsində can verən tayqalıqlarla, – yayı üfunət saçan bataqlıqlar, mığmığalı gölməçələrlə, – dılğır-tösmərək şam ağacları ilə əvəzlənəcək. Yaşayıb fərqinə varmadığımız torpağımız – “böyük torpaq!” – getdikcə bizdən uzaqlaşacaq, materikləşəcək; dəqiqəbədəqiqə, saatbasaat qopub ayrılacağıq kökümüzdən, havamızdan, yuvamızdan... Doğmalığı yadlıq, daimiliyi müvəqqətilik əvəz edəcək. Bu, adamların susqunluğunda, dalğınlığında, donuq baxışlarında özünü göstərəcək. Hər şey başqalaşacaq”.

Bu təsvirlər bizə Şimalı sadəcə coğrafiya deyil, müvəqqətilik və köksüzlük məkanı kimi göstərir.

“Xantı-Mansiyskin – Yuqranın köksünə “fakel-fakel” səpələnmiş kiçik şəhərlərin, qəsəbələrin, platformaların, kustların... da taleyi, divin canı şüşədə olduğu kimi, neftdən asılı olacaq; neft tükəndisə, məşəllər sönəcək, nasoslar dayanacaq, iş yerləri bağlanacaq, şəhərlər, qəsəbələr boşalıb gedəcək öz işinə... Bu müvəqqətilik duyğusu, “fanilik türbülansı” şimal qatarında gedən hər kəsi haqlayacaq, – qərarsızlaşdıracaq, darıxdıracaq... “Aralıq halı”nı adlayandan sonra isə, bəli, vecsizləşdirəcək”.


Neftlə yaşayan şəhərlər, neft bitəndə yox olan həyatlar insan taleyinin metaforasına çevrilir. Qəhrəman bu məkanı yaxşı tanıyır və bilir ki, ora qayıtmaq yalnız fiziki deyil, həm də psixoloji olaraq ağır bir prosesdir.

Bəyənmədiyim məqamları da deməliyəm. Hekayənin sonlarına doğru müharibə motivinin daxil olması mətnə yeni mövzu əlavə edir, amma mən Mübariz Örənin bu mövzunun üstündən ötəri, çaparaq keçməyini bəyənmədim. Daha doğrusu, oralarda müharibə haqqında tutarlı, heç olmasa, bir cümlə gəzdim, amma görmədim. Bəlkə də, var idi, mən hiss eləmədim. Təbii ki, uzaq, soyuq Şimalda gedən müharibənin bizə çox təsir etmədiyi də açıq və normaldır.

Ya da, bəlkə də, müəllif bununla bizə bir daha obrazın öz xatirələrinə aludə olmağına işarə edir və müharibəni də “qatar”ın hansısa “vaqon”una yüklənən yaralılar kimi göstərməklə kifayətlənir.

Mətndə çox ciddi qüsur isə... Dəmir obrazının dilindən danışılan qatar xatirəsinin (həmin travmatik səhnə) onun yox, əsas obrazın dilindən verildiyini düşündüm. Bu keçid düzgün edilmədiyi üçün mənim fikrimdə qarışıqlıq yaratdı və yalnız müəlliflə danışandan sonra bildim ki, sən demə, bunu əsas obraz yox, Dəmir danışır. Düşünürəm ki, mən qarışdırdımsa, yəqin digər oxucuları da bu aqibət gözləyir. Mübariz Örən hekayənin növbəti redaktəsində mütləq bunu nəzərə almalıdır.

Hekayənin sonluğu haqqında... “Bəyənmədim” deyə bilmərəm. Düzdür, mən həmişə daha kəskin, mətnin qapısını tamamilə bağlayan, ipini bir yerə yığan sonluqların tərəfdarıyam və bu hekayədə də onu gözləyirdim, amma bu sonluq da hekayənin ümumi atmosferini tamamlayan təəssürat yaratdı məndə.

Hər halda, yaşa-başa dolmuş, həyatını qurmuş bir kişinin çətin gənclik illərindən qaçmağı, keçmişə qayıtmaq fikrindən qəfil yayınmağını heç qəribsəmədim.

Yekunda isə onu deyə bilərəm ki, belə gözəl hekayənin yazılmağına sevindim. Müəllifi təbrik edirəm.


# 187 dəfə oxunub

Oxşar xəbərlər

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Bu hekayə oxunub bitmir, insanın içində davam edir" - Sevil Hidayət

"Bu hekayə oxunub bitmir, insanın içində davam edir" - Sevil Hidayət

11:00 28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər